Məhkəmə qərarları › İş №2(105)-2832/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2832/2020

26.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2832/2020 26.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağali oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X13 iştirakı ilə açıq məhkəmə iclasında Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-459/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-459/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X24rşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələblərinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********09 reyestr nömrəli, seriya №0010248 olan çıxarışın İddiaçı1 və ailəsinə məxsus 0,57 ha hissədə və İddiaçı2 ailəsinə məxsus 0,57 ha hissədə ləğv edilməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 Cavabdeh1nə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X24rşı dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********09 reyestr nömrəli, ******* seriyalı çıxarışın ona məxsus 0,57 ha hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, JN-307 saylı, kodu 30404018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun, həyat yoldaşı X19 oğlunun, övladları X8, X3 və X9 ümumi birgə mülkiyyətində Şabran rayonu, Gəndov kəndi ərazisində torpaq sahəsi vardır. Bu yaxınlarda xəbər tutmuşdur ki, Cavabdeh1 onların xəbəri və razılığı olmadan X5 məxsus 0,57 ha torpaq sahəsini ələ keçirərək adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Bu məsələni araşdırarkən məlum olmuşdur ki, Cavabdeh1 guya Qusar Rayon Məhkəməsində X5 qarşı iddia qaldırmış və Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli, 2-52a/2007 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən X5 məxsus 0,57 ha torpaq sahəsinin alqı-satqısına dair cavabdehlə bağladığı müqavilənin etibarlı hesab edilməsi və X19 oğluna məxsus JN-307 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı satılmış hissə üzrə ləğv edilmişdir. X11 Cavabdeh1nə torpaq sahəsi satmamış, Cavabdeh1 tərəfindən X5 hər hansı vəsait ödənilməmişdir. Qusar Rayon Məhkəməsində dəqiqləşmə aparılarkən məlum olmuşdur ki, məhkəmənin 2006-cı və 2007-ci illər üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında Cavabdeh1 iddiası üzrə 2-52a/2007 saylı mülki iş mövcud deyildir. Qeyd edilən qətnamə saxtadır. Bu qətnamə əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********09 reyestr nömrəli, ******* seriyalı çıxarış verilmişdir. İddiaçı2 Cavabdeh1nə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X24rşı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********09 reyestr nömrəli, ******* seriyalı çıxarışın ailəsinə məxsus 0,57 ha hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, JN-305 saylı, kodu 30404018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun, həyat yoldaşı X1, övladları X6, İbrahimova İntizar Nurulla qızının və X10 ümumi birgə mülkiyyətində Şabran rayonu, Gəndov kəndi ərazisində torpaq sahəsi vardır. Bu yaxınlarda xəbər tutmuşdur ki, Cavabdeh1 onların xəbəri və razılığı olmadan ailələrinə məxsus 0,57 ha torpaq sahəsini ələ keçirərək adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Bu məsələni araşdırarkən məlum olmuşdur ki, Cavabdeh1 guya Qusar Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış və Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli, 2-52a/2007 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən ona məxsus 0,57 ha torpaq sahəsinin alqı-satqısına dair cavabdehlə bağladığı müqavilənin etibarlı hesab edilməsi və ona məxsus JN-305 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı satılmış hissə üzrə ləğv edilmişdir. O, Cavabdeh1nə torpaq sahəsi satmamış, Cavabdeh1 tərəfindən ona hər hansı vəsait ödənilməmişdir. Qusar Rayon Məhkəməsində dəqiqləşmə aparılarkən məlum olmuşdur ki, məhkəmənin 2006-cı və 2007-ci illər üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında Cavabdeh1 iddiası üzrə 2-52a/2007 saylı mülki iş mövcud deyildir. Qeyd edilən qətnamə saxtadır. Bu qətnamə əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********09 reyestr nömrəli, ******* seriyalı çıxarış verilmişdir. İddiaçı1 nümayəndəsi X18 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********09 reyestr nömrəli, ******* seriyalı çıxarışın İddiaçı1 və ailəsinə məxsus 0,57 ha hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(031)-460/2020 saylı qərardadı hər iki mülki işlər birlikdə baxılmaları üçün 2(031)-459/2020 nömrə altında bir icraatda birləşdirilməsi qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin rədd olunması barədə qətnamə və işdə saxtakarlıq edilməsi ilə bağlı halların kim tərəfindən edilməsi və həmin şəxslərin hərəkətlərində cinayət əməlinin tərkibinin olub-olmamasının araşdırılması məqsədi ilə prokurora göndərilməsi üçün qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X18 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X34 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçılar məhkəmə iclasına gəlmədiklərindən, cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan JN-305 saylı, kodu 30404018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Dəvəçi rayonu X16 1998-ci il 19 noyabr tarixli, 08 saylı qərarı ilə Dəvəçi rayonu Kəndob kənd sakinləri X1, İddiaçı2, X6, X4 və X10 mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2,95 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-307 saylı, kodu 30404018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Dəvəçi rayonu X16 1998-ci il 19 noyabr tarixli, 08 saylı qərarı ilə Dəvəçi rayonu Kəndob kənd sakinləri X2, İddiaçı1, İbrahimova Gülsüm Fizuli qızının, X9 və X3 mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2,95 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxx 2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli, 2-52a/2007 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 İsmayılov Mehman Həsən oğluna, X5, İddiaçı2, X14, X12 və X22 qarşı əqdin etibarlı hesab edilməsinə dair iddiası təmin edilmiş, Cavabdeh1 tərəfindən cavabdehlər İsmayılov Mehman Həsən oğluna məxsus 3,52 ha, X5 məxsus 0,57 ha, İddiaçı2 məxsus 0,57 ha, X14 məxsus 1,95 ha, X12 məxsus 0,57 ha və X22 məxsus 2,04 ha torpaq sahələrinin alqı satqısına dair cavabdehlərlə bağladığı müqavilələrin (əqdlərin) etibarlı hesab edilməsi, İsmayılov Mehman Həsən oğluna məxsus JN-0094, X5 məxsus JN-307, İddiaçı2 məxsus JN-305, X14 məxsus JN-158, X12 məxsus JN-211 və X22 məxsus MH ******* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarının və dövlət reyestrindən çıxarışın satılmış hissələri üzrə ləğv edilməsi, cavabdehlərə faktiki mülkiyyətlərində qalan torpaq sahələrinin cizgiləri daxilində torpağa mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışların verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Dəvəçi rayonu, Gəndob kəndində yerləşən 7,825107 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx xxx 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı və 2007-ci illər üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında Cavabdeh1 iddiası üzrə 2-52a/2007 saylı mülki iş mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsini təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. “İnzibati icraat haqqında” qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndi yeni redaksiyada verilmişdir. Həmin bəndə görə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələb etsələr də, faktiki olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirirlər. İşdən görünür ki, iddiaçılara və ailə üzvlərinə məxsus torpaq sahələri Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli, 2-52a/2007 saylı qətnaməsi əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı və 2007-ci illər üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında Cavabdeh1 iddiası üzrə 2-52a/2007 saylı mülki iş mövcud deyildir. Göründüyü kimi, iddiaçılara və ailə üzvlərinə məxsus torpaq sahələri Cavabdeh1 adına mövcud olmayan mülki iş üzrə verilmiş qətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli, 2-52a/2007 saylı qətnaməsinin iddiaçılar tərəfindən mübahisələndirilməsi istisna olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparıldığından, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi olduğundan, bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğundan hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ bölməsinin 42.1-ci sırasında inzibati orqan kimi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin şəhər (rayon) şöbələri (idarələri) göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki halda iddiaya mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətdə göstərilən dəlillərə qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə kollegiyası izah edir ki, İddiaçı1 və İddiaçı2 iddia tələbləri ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-459/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X24rşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələblərinə dair işin icraatına işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar