Məhkəmə qərarları › İş №2(105)-2837/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2837/2020

27.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2837/2020 27.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinə Ərizəçi tərəfindən verilmiş etiraza açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə “hakimə və məhkəmənin bütün tərkibinə etiraz edilməsinə dair” ərizə təqdim edərək göstərmişdir ki, ərizədə göstərilən miras əmlakla bağlı mülki işlərə əvvəllər Qusar Rayon Məhkəməsində həm məhkəmənin sədri Adil Vəliyev, həm də hakim Rafiq Kazımov tərəfindən baxılaraq müvafiq qətnamələr çıxarılmış, həmin qətnamələrdən işdə cavabdeh qismində tərəf olan anası X1 vermiş olduğu apelyasiya şikayətlərinə əsasən hər iki qətnamə Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir. Əvvəlki işlərdə o, məhkəmədə tərəf kimi iştirak etməsə də, Qusar Rayon Məhkəməsi miras əmlakla bağlı öz qərarını vermişdir. Nə qədər ki, həmin işlərə Qusar Rayon Məhkəməsində hər iki hakim baxmış, hazırkı işə yenidən həmin hakimlər tərəfindən baxılmasını düzgün hesab etmir. Ona görə də, o, hazırkı işə Qusar Rayon Məhkəməsinin sədri Adil Vəliyev və ümumilikdə Qusar Rayon Məhkəməsində baxılmasına etiraz edir. Odur ki, etiraz məsələsinə baxılması üçün işin Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Etiraz baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir Ərizəçi məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxılması, etirazının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı tərəf Qusar rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.2 və 19.2.3-ü maddələrinə əsasən hakim tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa, hakim şəxsən, bilavasitə və dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da obyektivliyinə və qərəzliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazının əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, etirazda göstərilən əsaslar işə baxan hakimə (bütün məhkəmə tərkibinə) etirazın əsaslarını müəyyən edən MPM-nin 19-cu maddəsinin təsiri altına düşmür. Belə olan halda, Şabran Rayon Məhkəməsinin hakiminin işin nəticəsində maraqlı olmasına və onun obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran əsas olmadığından və etirazda göstərilən əsaslar barədə heç bir mötəbər sübut əlavə edilmədiyindən təmin edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin etiraz ərizəsindən göründüyü kimi, daha əvvəlki işlərdə onun özü tərəf olmamış, həmin işlərdə anası proses iştirakçısı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Şabran Rayon Məhkəməsinə Ərizəçi tərəfindən verilmiş etiraz cəsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 21-22 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinə Ərizəçi tərəfindən verilmiş etiraz təmin edilməsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar