Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2839/2021 29.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1, Cavabdeh1, onun nümayəndə və vəkili X4 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh1 qarşı yaşayış evinə (sahəsinə) köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh1 istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, ümumi istifadədə olan yardımçı sahələr tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşarış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-872/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh1 qarşı yaşayış evinə (sahəsinə) köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh1 istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə tərəfindən köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad edilsə də evin ona məxsus olmasını əsas gətirərək iddiaçıların mübahisəli evə köçürülməsini təmin etmişdir. Halbuki mübahisəli ev onun deyil, atası X1 mülkiyyətindədir. Bildirmək istəyir ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə əmlakın mülkiyyətçisinin olmamasını və onun faktiki istifadəsində olmasını əsas gətirərək iddiaçıları ora koçürtmüşdür. Hətta məhkəmə iddiaçıların uzun müddət orada yaşamamalarını da nəzərə almamışdır. Həmin mübahisəli əmlak ata evidir, atasının adına mülkiyyəti təsdiq edən sənəd var. Atası öldüyü üçün həmin əmlak atasının vərəsələrinin istıfadəsindədir, əlavə olaraq bildirmək istəyir ki, iddia ərizəsində göstərilənlər əsassızdır və reallığı əks etmir. Reallıq isə bundan ibarətdir ki, İddiaçı1 qardaşı narkotik maddələr istifadəçisi idi və atası ilə birgə Binəqədi qəsəbəsində yaşayırdı, oğlu atası ilə yola getmirdi, evin əşyalarını satıb narkotik maddə alırdı, atasına baxmırdı. Belə vəziyyəti gördükdə keçmiş həyat yoldaşı Sevdanın xahişi ilə qayınatası gələrək onlarla yaşamışdır. Bir müddət keçdikdən sonra İddiaçı1 qardaşı yüksək doza narkotik maddə qəbul edərək dünyasını dəyişdi və Binəqədi qəsəbəsindəki atasına məxsus mənzil boşaldı. Bundan sonra, yəni 2015-ci il tarixdə onu tək qoyaraq Sevda uşaqları, atasını və özlərinə məxsus bütün əşyalarını götürərək heç bir şey demədən Binəqədi rayonunda yerləşən atasına məxsus mənzilə köçdülər. Dəfələrlə onların geri qayıtmasını xahiş etsə də buna məhəl qoymadılar və atası ilə onun evində yaşamağa üstünlük verdilər, bu günə kimi də orada yaşayırlar və atasının qayğısına qalır. İddiaçıları evdən heç kim qovmayıb, özləri çıxıb gediblər. Əgər onların yaşamağa yeri yox idisə nə səbəbə gedirdilər. 20000 manat və 20 sot torpaq sahəsini kompensasiya şəklində verməsinə baxmayaraq ondan təkrar iddia yolu ilə əlavə vəsait almaq məqsədi güdürlər. Çünki onların yaşayış yerləri var. O biri qızının adına torpağı satandan sonra Xırdalan şəhərində mənzil alıblar. Ona görə də həmin qızının adını iddia ərizəsinə salmayıblar. Qətnamədə qeyd edilir ki, güya kirayədə yaşayırlar, bu yalandır. Onların Xırdalan şəhərində ayrıca mənzilləri var. 2015-ci ildə evi tərk etdikdən sonra atalıq borcunu yerinə yetirərək Abşeron ərazisində oğlu Elxanın adına aldığı torpaqda ev tikmək üçün əldə olan puldan 20000 manat nağd şəkildə pul vermiş, həmin pula qızına avtomobil alıb, gözəllik salonu açıb işlədirlər. Eyni zamanda oğlu Elxanın adına ailənin yaşaması və normal həyat şəraitinin təmin edilməsi üçün alınmış 20 sot torpaq sahəsinin sənədini onlara vermişdir. Həmin zaman torpağın bir sotu 5000-6000 manat olub, torpağı satıb özlərinə mənzil alıblar. Kirayədə bir gün də yaşamayıblar. Əgər kirayədə yaşasaydılar bu barədə ötən illər ərzində yaşadığı mənzilə dair icarə müqaviləsini məhkəməyə təqdim edərdilər. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış sahəsinin tərkib hissəsində mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər kı, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Bildirir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, bu səbəbdən də həmin ev üzrə istifadə hüquqlarının yaranması hüquqi nöqteyi nəzərdən mümkün ola bilməz. Həmin Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mübahisəli ev özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından həmin ev alğı-satqı müqaviləsinin predmeti ola bilməz və həmin ev üzrə istifadə hüquqlarının yaranması hüquqi nöqteyi nəzərdən mümkün ola bilməz. Hal-hazırda ev atasından qalmadır və orada qardaşları ailəsi ilə birgə yaşayırlar. Ona həmin evdə sığınacaq veriblər. Abşeron rayonunda oğlu Elxanın adına aldığı 20 sot torpaq sahəsində ev tikib ora köçüb ailəsilə orada yaşamalı idi, lakin ailəsi 2015-ci il tarixdə onu tək qoyub getdikdən sonra ev tikintisi üçün əlində olan puldan nağd şəkildə 20.000 (iyirmi min ) manat məbləğində pulu və 20 sot torpaq sahəsinin çıxarışını keçmiş ailə üzvlərinə vermiş, özü də qardaşlarının yanına sığınmışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-872/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndə və vəkili X8 apellyasiya şikayətini müdafiə edib, müvəkkilinin izahatını təsdiq edərək apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçılar İddiaçı3 və İddiaçı2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, ümumi istifadədə olan yardımçı sahələr tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 30.05.2017-ci il tarixli, 2(001)-3195/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə X3 arasında 15.12.1989-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. Abşeron rayon Novxanı Bələdiyyəsi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli, 103 saylı məktubdan görünür ki, Novxanı bələdiyyəsi tərəfindən Novxanı kəndi, i.Abdullayev küçəsi, ev 100 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə dair vətəndaş Cavabdeh1 torpaq sahəsi ayrılmasına dair heç bir bələdiyyə qərarı verilməmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinin 12.04.2021-ci il tarixli məktubdan görünür ki, ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında Cavabdeh1 (arxiv əsaslarında təvəllüd aşkar edilməmişdir) və ailə üzvlərinin (1 nəfər X2) ümumi birgə mülkiyyətində Abşeron rayonu, Novxanı kəndində yerləşən yerləşən JN: 438A nömrəli şəhadətnamədə qeyd olunan 0.14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Sorğuda qeyd olunan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdeh1 ilə 15.12.1989-cu il tarixdə rəsmi olaraq nikaha girməklə ailə qurmuşdur. Həmin tarixdən iddiaçı cehiz əşyaları ilə birlikdə Abşeron rayonu Novxanı kəndi, İ.Abdullayev küçəsində yerləşən 100 saylı evə gəlin köçmüş və cavabdehlə birgə 28 il birgə təsərrüfatı idarə etmişlər, birgə nikahdan xx.xx.1992-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1996-cı il təvəllüdlü İddiaçı3 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(001)-3195/2017 saylı qətnaməsinə əsasən nikahları pozulmuş və həmin gündən iddiaçı və övladları kirayələrdə qalmağa məcbur olmuşlar. Hazırda iddiaçılar Cavabdeh1 qarşı yaşayış evinə (sahəsinə) köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İş materiallarından görünür ki, İddiaçı1 ilə Cavabdeh1 arasında nikah hüquq münasibətləri 1989-cu il tarixdən yaranıb və ona görə də yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İlkin iddia üzrə iddiaçı qeyd edilən evdə 1989-cu il tarixdən əri və ərinin digər ailə üzvləri ilə birlikdə 2017-ci ilədək yaşamış və həmin evdən uşaqları ilə birlikdə istifadə etmişdir. Göründüyü kimi ailə üzvü olan iddiaçı evə köçürülmüş, uzun illər orada yaşamış və qanunun qeyd edilən tələbinə əsasən onun həmin evdən istifadə hüququ yaranmışdır. Bundan başqa ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmasa da, həmin ev fərdi yaşayış evi olmaqla iddiaçıların həmin yaşayış sahəsindən istifadə hüquqları olduğu üçün onlar həmin yaşayış sahəsinə köçürülməlidirlər. Məhkəmə qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsinin qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmış rəsmi mülkiyyətçisi olmasa belə istər iddiaçılar, istərsə də cavabdeh həmin yaşayış sahəsinə münasibətdə bərabərhüquqlu subyektidir. Hətta hazırki halda tərəflər arasında ailə münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərini də nəzərə almaqla iddiaçıların həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçidən razılıq alınmasına zərurət də olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında deyilir ki, mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Məhkəmə iddia tələbinin istifadə qaydalarının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsi rəsmi dövlət qeydiyyatına alınmış əmlak olmadığından Mənzil Məcəlləsinin ümumi prinsiplərindən çıxış edərək mübahisəli yaşayış sahəsindən istifadədə tərəflərin daha əvvəl mövcud olmuş qaydalara uyğun istifadə şərtlərinin müəyyən edilməsi məqsədəuyğundur. Belə ki, iddiaçılar mənzili tərk edənədək yaşayış sahəsinin onların istifadəsində olan hissəsindən və eyni zamanda ümumi istifadədə olan sahələrindən istifadə etmək hüquqları saxlanılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli və istifadə qaydaları müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instnsiya məhkəməsi iddia tələbinin iddiaçıların mübahisəli evə köçürülməsinə dair düzgün nəticəyə gəlsə də iddiaçıların istifadə hüququnun tanınmasına dair gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Məhkəmə kollegiyası qeyd edir ki, mubahisəli ev özbaşına tikili olması, iddiaçıların cavabdehlə bir ailə kimi mübahisəli evdə yaşaması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarınan görünür ki, mübahisəli ev özbaşəna tikilidir. Qanunvericiliyin tələblərinə görə mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınmadığından həmin ev üzərində istifadə hüquqlarının yaranması hüquq nöqteyi nəzərindən mümkün ola bilməz. Əmlakdan istifadə, sahiblik və sərəncam hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış sahəsinin tərkib hissəsində mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər kı, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında deyilir ki, mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin evin mülkiyyətçisi olmadığından, mübahisəli ev özbaşına tikili olduğundan iddiaçıların həmin evə istifadə hüquqları tanına bilməz və iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, ümumi istifadədə olan yardımçı sahələr tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin apelyasiya şikayəti qismən təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi qismən, ümumi istifadədə olan yardımçı sahələr tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2839/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2839/2021
29.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver