Məhkəmə qərarları › İş №2(105)-284/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-284/2024

23.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-284/2024 23.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ (açar sözlər:mənzildən istifadə hüququna xitam verilməsi) Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X12 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)- 4352/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 21 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş və qonşular tərəfindən tərtib edilərək imzalanmış akta əsasən, Cavabdeh2 1993-cü ildən ailə həyatı qurub və bu evdən mərhum həyat yoldaşı Elçin Ələkbərov ilə birlikdə köçüb. Məryəm Ələkbərova və Xədicə Ələkbərova bu ünvanda heç vaxt yaşamayıblar. Cavabdeh1 və uşaqları Ümid Əhmədli, Nuray Əhmədli bu ünvanda heç vaxt yaşamayıblar.

2. Ölüm haqqında şəhadətnamələrə görə, Mənsur Ələkbərov xx.xx.2002-ci ildə, Elçin Ələkbərov isə xx.xx.1999-cu ildə ölmüşlər.

3. Sumqayıt şəhər X11 İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli orderə əsasən, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi ev 5, mənzil 24 iddiaçıya verilmişdir.

4. 21 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2018-ci il tarixli arayışına görə, Bəxtiyar Ələkbərov 3 nəfər ailə üzvü ilə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 5, mənzil 24-də 1982-ci ildən yaşayıb və 1989-cu ildən daimi qeydiyyata alınmışdır. Lakin xx.xx.2017-ci ildə vəfat edib.

5. Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1 nikahı xx.xx.2014-cü il tarixlə Bambaşı icra nümayəndəliyində qeydə alınıb. xx.xx.1973-cü il təvəllüdlü X1 ölümü xx.xx.2018-ci il tarixlə Sumqayıt şəhər “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınıb.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və azyaşlılar X2, X3, X8 və X7 Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi ev 5, mənzil 24-ə yaşayış hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil ünvan 1, mənzil 24-də yerləşməklə sahəsi 77,36 kv.m olan 5 otaqdan ibarətdir. Sumqayıt şəhər X11 İcrayyə Komitəsinin 16 fevral 1982-ci il tarixli 21.45.1 saylı Qərarına əsasən mənzil iddiaçıya və 8 nəfər ailə üzvlərinə ayrılmış, bu qərar əsasında iddiaçının adına order verilmiş və həmin vaxtdan iddiaçı qeyd edilən mənzildə yaşamaqla pasport qeydiyyatındadır. Cavabdehlərdən ƏlCavabdeh2 iddiaçının vəfat etmiş oğlu Bəxtiyar Ələkbərovun həyat yoldaşıdır. O, 20 ildən artıqdır ki, bu mənzili daimi olaraq tərk etmiş, özü və övladları bu mənzildə yaşamırlar, başqa bir ünvana daimi olaraq köçmüşlər. Digər Cavabdeh1 da iddiaçının vəfat etmiş oğlu Elçin Ələkbərovun qızıdır. O, da bu mənzili daimi olaraq tərk etmiş, köçmüş, ailə həyatı qurmuş və mübahisəli mənzillə bütün əlaqələrini kəsmişdir, uşaqları ilə başqa ünvanda yaşayır. Cavabdehlərin uzun müddət bu mənzildə yaşamamalarına baxmayaraq onların uşaqlarının hələ də mənzildə qeydiyyatda qalmaları bir icarədar kimi iddiaçının həmin mənzil üzərində hüquqlarını həyata keçirməyə, mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarına maneə yaradır. İddiaçı bu şəxslərin formal qeydiyyatları səbəbindən mənzili öz adına özəlləşdirə bilmir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4352/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata cavabdehlər X4 və X5 aid hissədə xitam verilmiş, eyni tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X7 Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 5 mənzil 24-ə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia qismən təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir.

10. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanuna istinad etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-770/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Cabbarova (sədrlik edən və məruzəçi), A.Süleymanova və S.Qafari) birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə qismən, ona aid hissədə ləğv edilmiş, bu hissədə yeni qətnamə qəbul edilərək, Cavabdeh2 aid hissədə iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, tərəflər arasında hazırkı mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək əmələ gəldiyindən, hazırkı mübahisəli mənzil hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir.

14. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münaisbətlərinə düzgün maddi hüquq norması tətbiq edilmiş, lakin işin halları tam aydınlaşdırılmamış, qeyd olunan maddi hüquq normasının tələbləri baxımından işin hallarına düzgün hüquqi qiymət verilməmiş, sübutetmə yükü düzgün müəyyən edilməmişdir.

15. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan yaşayış sahəsi müvafiq qərar əsasında iddiaçı və onun ailə üzvlərinə (o cümlədən cavabdehin ərinə) verilmişdir. Cavabdeh2 iddiaçının oğlu ilə xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu tarixdən həmin yaşayış sahəsinə gəlin köçmüş, birgə nikahdan uşaqları anadan olmuş, həmin yaşayış sahəsində ailə üzvləri və iddiaçı ilə birlikdə yaşamış, 1999-cu il tarixdə isə əri iddiaçının oğlu vəfat etmişdir. Cavabdeh həmin yaşayış sahəsində pasport qeydiyyatındadır.

16. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdehin həmin yaşayış sahəsini daimi tərk etməsi, başqa yaşayış sahəsinə malik olması halını əsas gətirərək, qeyd olunan iddia tələbini irəli sürmüşdür. Cavabdeh iddia tələbinə etiraz edərək, həmin yaşayış sahəsini məcburiyyət qarşısında qalaraq tərk etdiyini, iddiaçı ilə qohum olduqlarını, aralarında münaisbətlər gərgin olduğundan məcbur olaraq həmin evi tərk etdiyini, qardaşının evində yaşadığını, özünün başqa yaşayış sahəsinin olmadığını, əri vəfat etdikdən sonra həmin evi tərk etdiyini, himayəsində sağlamlıq imkanları məhdud olan uşağının da olduğunu, həmin yaşayış sahəsinə ehiyacının olduğunu, həmin evdə pasport qeydiyyatında olduğunu, başqa yaşayış yerinin və qeydiyyatda ola biləcək yerinin olmadığını bildirmişdir.

17. Məhkəmə ilk növbədə onu qeyd edir ki, qeyd olunan mənzil qanunvericiliyinin tələbinə əsasən mübahisə predmeti olan yaşayış sahəsi iddiaçının və cavabdehin ərinin qanuni sahibliyində olduğundan, cavabdeh onun ailə üzvi olmaqla, köçüb onunla və iddiaçı ilə birlikdə həmin yaşayış sahəsində yaşadığından, 1992-ci il tarixdən həmin yaşayış sahəsində daimi pasport qeydiyyatında olduğundan (hansı ki, qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alınır), cavabdehin həmin yaşayış sahəsinə dair istifadə hüququ yaranmışdır (MM-nin 53,123-cü maddəsinin dispozitiv şərtləri baxımından).

18. Qeyd olunmalıdır ki, indiki halda hazırki mülki iş üzrə mübahisələndirilən hissədə cavabdehin həmin yaşayış sahəsini daimi tərk edib-etməməsi, həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması və başqa yaşayış sahəsinə malik olub-olmaması halları araşdırılmalıdır.

19. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə qeyd olunan hallar üzrə sübutetmə yükü məhz iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin həmin yaşayış sahəsini daimi tərk etməsi, başqa yaşayış sahəsinə malik olması, qeyd olunan yaşayış sahəsinə ehtiyacının olmaması kimi halları sübut etmək öhdəliyi daşıyır. Lakin iddiaçı tərəfindən həmin halları təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.Qeyd edilən halla bağlı iddiaçı tərəfindən sübut qismində yalnız yazılı akt təqdim edilmişdir ki, məhkəmə həmin sübut vasitəsi ilə bağlı onu qeyd edir ki, həmin hala dair başqa digər sübut vasitəsi təqdim edilmədiyindən, habelə həmin aktı tərtib edən şəxslərin ifadələrinin düzgünlüyünün, həqiqəti əks etdirməsi halının müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən sübut vasitəsi iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədəmüvafiq deyildir.

20. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş digər sübut vasitəsi ilə bağlı onu qeyd edir ki, Cavabdeh2 adına abonent kodunun qeydiyyata alınmasına dair “Sumqayıt Sukanal” İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub təqdim edilmişdir. Qeyd olunan hal Cavabdeh2 həmin yaşayış sahəsini daimi olaraq könüllü tərk etməsi halını birbaşa təsdiq edən sübut kimi çıxış etmir. Bundan əlavə, cavabdeh öz izahatında həmin ünvanda yerləşən yaşayış yerinin qardaşına məxsus olduğunu, su sonradan çəkildiyindən onun adına qeydiyyata alınmasını bildirmişdir.

21. Həmçinin, iddiaçı öz izahatında cavabdehin yaşadığı evin onun qardaşı tərəfindən verilməsi halını bildirmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin sübut vasitəsi də mübahisələndirilən hissədə iddia tələbinin əsası kimi istinad edilən halları təsdiq etməmişdir. Həmçinin, məhkəmə onu qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alınır, yəni əksi sübut olunmayınca şəxsin qeydiyyatı olduğu yer onun yaşayış yeri hesab olunur. Deməli, hazırki mülki iş üzrə əksi hal müəyyən edilmədiyindən, cavabdehin həmin ünvan üzrə yaşayış yeri olduğundan, o həmin ünvan üzrə pasport qeydiyyatına alınmışdır.

22. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdehin həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə onu qeyd edir ki, cavabdehin uzun müddət həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinin daimi tərk etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin həmin evdə yaşamaması məhz onun könüllü iradəsi əsasında baş verməsi halını müəyyən etmək mümkün olmamışdır.

23. Qeyd olunmalıdır ki, cavabdehin həmin mənzilə istifadə hüququ mövcud olduğundan, həmin istifadə hüququna yalnız cavabdeh həmin yaşayış sahəsini könüllü olaraq daimi tərk etdiyi, həmin yaşayış sahəsinə ehtiyacının olmadığı, başqa daimi yaşayış sahəsinə malik olduğu hallarda mümkün olardı. İndiki halda isə iddia tələbini əsası qismində çıxış edən həmin halların müəyyən edilməsi mümkün olmamışdır.

c) kassasiya instansiyası məhkəməsindəki icraat

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin Cavabdeh2 aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 2968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-770/2023 nömrəli iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən - Cavabdeh2 aid hissədə ləğv edilməsi, işin eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır.

26. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, yaşayış sahəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinin saxlanması məsələsi isə Mənzil Məcəlləsinin 60 və 87-ci maddələri ilə tənzimlənirdi.

27. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanırdı.

28. Qanunverici qeyd olunan qaydaları təsbit edərkən hüquqlarının pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür.

29. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmədə baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

30. Lakin işdən məlum olur ki, qeyd edilən məsələlər işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırmamışdır.

31. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Cavabdeh2 əri (iddiaçının oğlu) Elçin Ələkbərov 1996-cı ildə cinayət məsuliyyətinə cəlb edilmiş və 1999-cu ildə vəfat etmiş, Cavabdeh2 hələ əri E.Ələkbərovun sağlığında sonuncu ilə birlikdə mübahisəli mənzildən çıxaraq, başqa yerə köçüb, həmin yerdə yaşamağa başlamış, E.Ələkbərov vəfat etdikdən bir müddət sonra başqa şəxslə faktiki ailə münasibətləri qurmuş və bu münasibətlərdən bir uşaq dünyaya gəlmişdir. Cavabdeh hazırda Bakı şəhərində qeydiyyatdadır, qardaşı tərəfindən ona verilmiş evdə yaşayır və həmin evin sudan istifadəyə görə abonent kodu 2016-cı ildən onun adınadır.

32. Cavabdeh ötən 30 ilə yaxın müddət ərzində mübahisəli mənzilə gəlib yaşamamış və iddiaçıdan sözügedən hüququnun təmin edilməsini tələb etməmiş, bu barədə məhkəmədə iddia qaldırmamışdır.

33. Apellyasiya instansiyası məhkəməsinin işin sadalanan hallarını nəzərə aldıqdan sonra da cavabdehin mübahisəli yaşayış sahəsində uzun müddətdə yaşamaması halının iddiaçı tərəfindən sübut olunmalı olduğunu və sonuncunun bununla bağlı heç bir mötəbər dəlilə istinad etmədiyini bildirməsi, həmin məhkəmənin sübutetmə yükünün tərəflər arasında düzgün bölüşdürməməsinin nəticəsi olmuşdur.

34. Mülki mühakimə icraatına çəkişmə prinsipi hakimdir, çəkişmə prinsipinin ümumi cəhətləri ikidir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

35. Başqa ifadə ilə, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.

36. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

37. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması demək olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

38. Konstitusiya Məhkəməsinin Plenumu da bir sıra qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərar və sair).

39. Bu mənada, əgər şəxsin uzun illər ərzində mübahisəli mənzildə yaşamadığı mübahisə yaratmırsa, o halda onun həmin yaşayış yerini daimi tərk etməməsi və evdə yaşamamasının məhz sonuncunun könüllü iradəsi əsasında baş verməməsi faktlarının sübut olunması yükü yerini dəyişərək, qeyd olunan əsası irəli sürən tərəfin öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsini doğurmuş olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər.

41. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

42. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

43. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

44. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

45. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

46. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu:

47. Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan):

48. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar;

49. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;

50. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

51. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları

52. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999- cu il tarixli Qərar: “Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin.”

53. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərar: “Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

54. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

55. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

56. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

58. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

59. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

60. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya baxışının hədləri

61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 2968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-770/2023 nömrəli iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən - Cavabdeh2 aid hissədə ləğv edildiyindən və iş eyni hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmetini təşkil edən mənzil ilə bağlı tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

64. 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci bəndinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

65. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

66. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

67. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

68. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

69. Sadalanan normalardan görünür ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

70. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 əri (iddiaçının oğlu) Elçin Ələkbərov 1996-cı ildə cinayət məsuliyyətinə cəlb edilmiş və 1999cu ildə vəfat etmiş, Cavabdeh2 hələ əri E.Ələkbərovun sağlığında sonuncu ilə birlikdə mübahisəli mənzildən çıxaraq, başqa yerə köçüb, həmin yerdə yaşamağa başlamış, E.Ələkbərov vəfat etdikdən bir müddət sonra başqa şəxslə faktiki ailə münasibətləri qurmuş və bu münasibətlərdən bir uşaq dünyaya gəlmişdir. Cavabdeh başqa ünvanda qeydiyyatdadır, qardaşı tərəfindən ona verilmiş evdə yaşayır və həmin evin sudan istifadəyə görə abonent kodu 2016-cı ildən onun adınadır.

71. Cavabdeh ötən 25 ilə yaxın müddət ərzində mübahisəli mənzilə gəlib yaşamamış və iddiaçıdan sözügedən hüququnun təmin edilməsini tələb etməmiş, bu barədə məhkəmədə iddia qaldırmamışdır.

72. Digər tərəfdən, cavabdehin mübahisəli mənzildən məcburi qaydada çıxarılması iş materialları və məhkəmə iclasında işin araşdırılmış halları ilə təsdiqini tapmır və cavabdehin ötən müddət ərzində mənzilə köçürülməsi barədə məhkəmə qaydasında mübahisə açmaması onun mübahisəli mənzillə əlaqəsini kəsməsini göstərir.

73. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 1999-cu ildən mübahisəli mənzildə yaşamadığından, o, mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. Bu səbəbdən onun ünvan 1 ünvanına yerləşən 24 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə iddia tələbi əsaslıdır.

74. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

75. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

76. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-4352/2022 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar