Məhkəmə qərarları › İş №2(105)-2847/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2847/2021

01.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2847/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: X4, Cavabdehlərin nümayəndəsi və vəkili: Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın qismən təmin edilməsi, İddiaçı və azyaşlı övladları 31 may 2016cı il təvəllüdlü X9, 19 iyun 2017-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin İddiaçı və azyaşlı övladları 31 may 2016-cı il təvəllüdlü X9 və 19 iyun 2017-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladları 31 may 2016-cı il təvəllüdlü X9 və 19 iyun 2017-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülməkləri və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun qaynanası və qayınatasıdır. X3 arasında 09.09.2015-ci il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuş və mübahisə predmeti olan evə gəlin köçmüş və özüylə cehiz əşyaları da adıçəkilən evə gətirmişdir. 2016-cı il tarixdə keçmiş həyat yoldaşı ilə aralarındakı münasibətlər gərginləşdiyi üçün tez-tez mübahisələr yaranmağa başladı, həyat yoldaşı cavabdehlərlə birlikdə onu döymüş və polis ilə evdən zorla çıxararaq qovmuşdur. O, münasibətlərinin düzələcəyini ümid etdiyi üçün 2 il gözləsə də, 2018-ci il tarixdə nikahın pozulması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Nəticədə Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(004)-568/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahlarından dünyaya gəlmiş 31 may 2016-cı il təvəllüdlü X9 və 19 iyun 2017-ci təvəllüdlü X6 onun yanında saxlanılması qət edilmişdir. Məlumat üçün bildirir ki, övladlarından biri 2016-cı il tarixdə cavabdehlərin evində, ikinci övladı isə 2017-ci il tarixdə valideynlərinin evində doğulmuşdur. O, ikinci övladı anadan olduqdan sonra yenidən mübahisə predmeti olan evə qayıtmaq istəsə də, cavabdehlər onu evə buraxmayaraq, evə daxil olmaq üçün məhkəmə qərarı lazım olduğunu bildirdilər. 2018-ci ildən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsi geri qaytarılmışdır. Hazırda bütün cehiz əşyaları mübahisə predmeti olan evdədir, o, iki azyaşlı uşağıyla bərabər kirayədə qalır və uşaqların saxlanması üçün keçmiş həyat yoldaşı qərəzli olaraq aliment ödəyir. Bundan əlavə evin heç bir sənədi yoxdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisəli ev onların şəxsi vəsaiti hesabına tikilmişdir. Həmin fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestr xidmətinə qeydiyyata alınmamışdır. İddiaçı onların və onların oğlu Mahir İmanovla birlikdə həmin ünvanda müəyyən müddət yaşamış, əksər hallarda öz atası evində yaşamışdır. Tərəflər arasındakı nikah da pozulduqdan sonra iddiaçı həmin ünvandan birdəfəlik köçüb getmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır və iddiaçının fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsində qeyri-müəyyən cümlələrdən istifadə edilməsi yolverilməzdir. İddiaçının heç bir sənədi olmayan mübahisəli fərdi yaşayış evin köçürülməsinin əsası yoxdur. Həmçinin, məhkəmə nəzərə almalı idi ki, iddiaçının mübahisəli ünvanda olan cehiz əşyalarının həmin evdən çıxarılmasına dair məhkəmə qətnaməsi vardır. Lakin iş üzrə icraatı dayandırmadan qətnamə qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(012)-449/2021 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, iddiaçının mübahisəli evə gəlin köçüb yaşamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(004)-568/2018 saylı qətnaməsindən görünür ki, X2 iddia tələbi qismən təmin edilmiş, M.Cavabdeh1 ilə E.S.İmanova arasında 09.09.2015-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 409 nömrə ilə qeyd edilmiş nikah pozulması, 31 may 2016-cı il təvəllüdlü Hüseyn və 19 iyun 2017-ci il təvəllüdlü Həsənin anaları E.S.İmanovanın yanında qalmalarının müəyyən edilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 iyun 2018-ci tarixdən başlayaraq M.Cavabdeh1 hər uşağa hər ay 154 (bir yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin E.S.İmanovanın xeyrinə tutulması və 31 may 2016-cı il təvəllüdlü X5 və 19 iyun 2017-cı il təvəllüdlü X6 üç yaşı tamam olana qədər 12 sentyabr 2018-ci il tarixdən başlayaraq M.Cavabdeh1 hər uşağa hər ay 50 (əlli) manat olmaqla cəmi 100 (bir yüz) manat məbləğində aliment E.S.İmanovanın xeyrinə tutulması qət edilmişdir. İşdə olan Abşeron rayonu, Xırdalan şəhəri, 5 saylı MTİTS tərəfindən verilmiş 06.01.2015-ci il tarixli, 194 №-li arayışdan görünür ki, Cavabdeh1 həqiqətən ünvan 2 ünvanında Cavabdeh2, X10, X14 və X11 ilə birlikdə yaşayır. İşə əlavə olan Abşeron RPİ tərəfindən verilmiş 26.06.2018-ci il tarixli arayışdan görünür ki, Abşeron RPİ-nə 16 iyun 2018-ci il tarixli HK-2/5835 nömrəli raport daxil olmuşdur. Vətəndaş E.S.X12 Nazirliyinin xidmətinə müraciətində göstərmişdir ki, Xırdalan şəhəri, “Nazlı Petrol” un yaxınlığında yerləşən evdən əşyalarını götürmək istədiyi zaman qaynanası ona mane olaraq mübahisə yaratmışdır. Daxil olmuş müraciət ilə əlaqədar olaraq vətəndaş İddiaçı izahat alınmışdır. Vətəndaş İddiaçı müraciətində göstərdiyi məzmuna uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, 2015-ci ildə Mahir İmanov ilə ailə qurmuş və 2 azyaşlı övladı var. O, 2017-ci ilin dekabr ayında boşanmaq üçün məhkəməyə müraciət etmiş və hal-hazırda valideyinlərinin yanında yaşayır. Qarşı tərəf məhkəməyə gələrək üzr istədikləri üçün məhkəmə bağlanmamış saxlanılmış, lakin o, yenidən 2018-ci ilin iyun ayında yenidən məhkəməyə müraciət etmişdir. O, ərinin yaşadığı evə gedərək cehiz əşyalarını götürmək istədikdə ona mane olmuşlar. Araşdırma zamanı vətəndaş İddiaçı müraciəti göstərilən məsələnin mülki xarakterli olması ilə əlaqədar mülki qaydada məlikəm müraciət etmək hüququnun olması izah edilmişdir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı cavabdehlərin oğlu X13 ilə 09.09.2015-ci il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuş, bu nikahdan iki azyaşlı övladları vardır. Lakin, hazırda tərəflər arasında olan nikah Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(004)-568/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Bundan sonra ailədə yaranmış münaqişələr nəticəsində İddiaçı müvəqqəti olaraq mübahisəli evi tərk etmək məcburiyyətində qalmışdır. Həmçinin, məhkəmədə sübutlar araşdırılarkən müəyyən edilir ki, mübahisəli ev tərəflərin rəsmi nikahda olduğu müddətdə tikilmiş və İddiaçı 2015-ci ildən Cavabdeh1 ilə ailə qurarkən sonuncunun valideynləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əmlaklarını da həmin evə yerləşdirmiş və iki övladıyla birlikdə həmin evdə yaşamışdır. Məhkəməyə təqdim edilmiş 5 saylı MTİİTŞ-nin 118 saylı 09 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Zəngilan rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə 1993-cü il tarixdən Xırdalan şəhər H.Əliyev prospekti B.Səfəroğlu küçəsində yerləşən Y.Ş.Atakişiyevə məxsus olan 41 saylı fərdi yaşayış evində məskunlaşmışdır. Həmin evin heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evin cavabdehlər tərəfindən inşa edilməsi işin faktiki halları, tərəflərin izahatları ilə müəyyən edilmişdir. İddiaçı həmin evə 2015-ci il tarixdə gəlin köçmüş, orada ailə üzvləri ilə birlikdə birgə təsərrüfat aparmış və hazırda ona məxsus olan əmlaklar mübahisəli evdə yerləşir. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında”Konvensiyanın 1-ci maddəsininci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işinhalları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı,əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, ”mülkiyyət” kimi qiymətləndirilə bilər.”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə”məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlərlə birlikdə ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırkı halda ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evi özbaşına tikili olsa belə cavabdehlərin hüquqdan sui-istifadə etmələri iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bundan başqa məhkəmə iddia tələbinin təmin olunması qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1.,59.1.,60.1., 60.2., və digər maddələrinin tələblərini də nəzərə alır. Qeyd olunan Ailə Məcəlləsinin tələblərinə görə valideylər öz uşaqları barəsində bərabər hüququ və vəzifələrə malikdirlər. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər.Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına istinad edərək hesab edir ki, mübahisəli sənədsiz fərdi yaşayış evi özbaşına tikili olmasına baxmayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsi, yəni mülki qanunvericiliyin analogiya üzrə tətbiqi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən normasının hazırki iddia tələbinə tətbiq olunması üçün əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 27 aprel 2021-ci il tarixli 2(012)-449/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar