Məhkəmə qərarları › İş №2(105)-285/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-285/2023

20.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-285/2023 20.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və ya açıq hərracda satılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(060)-1704/2021-008 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və ya açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.metr o cümlədən yaşayış sahəsi 37,20 kv.metr, (1 otaq 16.2 kv.metr, 1 otaq 21 kv.metr) yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqdan ibarət 74 nömrəli mənzilin 21 kv.metr yaşayış sahəsi olan 1 otağa İddiaçı payının naturada ayrılması, ümumi əmlakdan (evdən) payın ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.metr, o cümlədən yaşayış sahəsi 37,20 kv.metr, (1 otaq 16.2 kv.metr, 1 otaq 21 kv.metr) yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqdan ibarət 74 nömrəli mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti mənzilin paylı mülkiyyətçiləri İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə, yəni paylarına bərabər hissələrdə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ƏMDK DƏDRX-nin çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 74 nömrəli mənzilin 21 kv.metr yaşayış sahəsi olan 1 otağı ona, digər yaşayış sahəsi 16.2 kv.metr olan otaq isə paylı mülkiyyətçilər kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsusdur. O, paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payını üçüncü şəxslərə satmaq qərarına gəlmişdir. Bununla bağlı payın satıcısı kimi öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş vermişdir. Lakin paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etmədiklərindən o, satıcı kimi öz payını istədiyi şəxsə sata bilər. Bu səbəbdən paylı mülkiyyətin digər mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 ilə aralarında danışıqlar aparsalar da ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Bu səbəbdən paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququndan istifadə edir. Məhkəmənin nəzərinə çatdırır ki, əgər sözügedən evə payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, o, digər paylı mülkiyyətçilərlə onların paylarına uyğun olaraq müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılması ilə razılaşa bilər. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, yuxarıda sadalanan hallar mümkün olmadıqda, yəni ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, qanunvericiliyin tələblərinə əsasən əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə qərar qəbul edə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və ya açıq hərracda satılması” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat İddiaçı alınaraq X1 (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, T.Q.Məmmədov və Ş.R.Abasov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Vüqar Həsənov, İspəndiyar Şəfiyev) 27 sentyabr 2022-ci il tarixli, 2(102)- 3736/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(105)-3385/2021 nömrəli qətnaməsi ləğv edilərək, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin mənzilin açıq hərracdan satılması və əldə edilmiş vəsaitin paylarına uyğun bölünməsi hissəsi ilə bağlı mövqeyi ilə qətiyyən razı deyil. Belə ki, DƏDRX-nin çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 74 nömrəli mənzilin 21 kv.metr yaşayış sahəsi olan 1 otağı ona, digər yaşayış sahəsi 16.2 kv.metr olan otaq isə paylı mülkiyyətçilər kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsusdur. Paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payını üçüncü şəxslərə satmaq qərarına gəlmişdir. Bununla bağlı payın satıcısı kimi öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş vermişdir. Lakin paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etmədiklərindən, satıcı kimi öz payını istədiyi şəxsə sata bilər. Bu səbəbdən paylı mülkiyyətin digər mülkiyyətçiləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə danışıqlar aparsa da, ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Bu səbəbdən paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququndan istifadə etmişdir. Ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, qanunvericiliyin tələblərinə əsasən əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə qərar qəbul edə bilər. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi və bildirdi ki, cavabdehlərə təklif etmişdir ki, məhkəməyə müraciət edilmədən ona 30 min manat versinlər və mübahisəni öz aralarında həll etsinlər, lakin cavabdehlər buna razı olmamışlar. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini və məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və bildirdi ki, cavabdehlər kompensasiya kimi cəmi 16 000 (on altı min) manat pulu iddiaçıya verməyə hazırdırlar. Ondan artıq pul verməyə imkanları yoxdur. Apellyasiya baxışı zamanı Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini və məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və bildirdi ki, cavabdehlər kompensasiya kimi cəmi 16 000 (on altı min) manat pulu iddiaçıya verməyə hazırdırlar. Ondan artıq pul verməyə imkanları yoxdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 11/12 saylı evin ümumi sahəsi 58,0 kv.metr olan 74 saylı mənzilinin sahəsi 16,2 kv.metr olan yaşayış otağı ½ hissədə mülkiyyət hüququ üzrə Cavabdeh1 adına, sahəsi 16,2 kv.metr olan yaşayış otağı ½ hissədə mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb və bu barədə onların adlarına 12 dekabr 2012-ci il tarixli Çıxarış verilib. Həmçinin, həmin mənzilin sahəsi 21,0 kv.metr olan 1 yaşayış otağı mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb və bu barədə onun adına 14 oktyabr 2020-ci il tarixli Çıxarış verilib. Hazırda iddiaçı, sözügedən mənzildə olan payının naturada ayrılmasını, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsaitin paylarına mütənasib surətdə bölünməsini iddia edir. Cavabdehlər isə iddianı qəbul etməyərək, ona etiraz edirlər. İddiaçı 28 oktyabr 2020-ci il tarixdə iddiaçı cavabdehlərə yazılı bildiriş göndərib və bildirişində göstərib ki, sözügedən mənzilin 21 kv.metr yaşayış sahəsini əhatə edən 1 otağının mülkiyyətçisi kimi həmin payı üçüncü şəxsə 34.000 manata nağd və üçüncü şəxslərin yüklülüyündən azad şəkildə və satıldıqdan sonra 10 gün müddətində ailə üzvləri ilə birlikdə otağı boşaltmağı öhdəsinə götürərək satmaq niyyətindədir. Həmin pay qanunvericiliyin tələbinə görə satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda paylı mülkiyyətin qalan mülkiyyətçiləri kimi üstünlük hüququna malik olduqlarına görə əldə etmələri üçün onlara təklif olunub və yazılı bildirişdə Mülki Məcəllənin 218.2-ci maddəsinin tələbləri cavabdehlərə izah olunub. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2021-ci il tarixli 10/1910 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 74 №li mənzilin İddiaçı 21 kv.m yaşayış sahəsi olan 1(bir) otağa payının digər mülkiyyətçilərin payına tənasübsüz naturada bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ayrılan mülkiyyətçi kimi iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malik olsa da, bu qanunla nəzərdə tutulmuş qaydada və mərhələli şəkildə həyata keçirilməlidir. İddiaçı tərəfindən sadalanan ardıcıllığa əməl edildikdən sonra sözügedən mənzilin məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Hazırki halda, iddiaçının paylı mülkiyyətin qalan mülkiyyətçiləri olan cavabdehlərə yazılı bildiriş verməsi, qanunun tələb etdiyi formada ardıcılığa əməl edilməsi kimi qəbul edilə bilməz. İddiaçı qanunun nəzərdə tutduğu ardıcıllığa əməl etməyib. Mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin tərəflərin paylarına uyğun şəkildə bölünməsi üçün əsaslar olmadığına görə iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini 220.1-220.6-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2(102)- 3736/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(105)-3385/2021 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Həmin qərarda kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin sadalanan maddələrinin təfsirində səhvə yol verərək, tərəflərin paylı mülkiyyətlərində olan mənzilin onlar arasında bölünməsi barədə razılığa gələ bilməmələrini, paylı mülkiyyətin mülkiyyətçisi kimi iddiaçının öz payının ayrılmasını tələb etməkdə haqlı olmasını, mənzildən payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikləri üçün paylı mülkiyyətin mülkiyyətçisi kimi iddiaçının öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməkdə haqlı olmasını, lakin, ekspertin rəyinə görə mənzildən iddiaçıya düşən payın naturada ayrılmasına yol verilməməsini, ayrılan mülkiyyətçi kimi iddiaçının öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlərin ona ödənilməsini 28 oktyabr 2020-ci il tarixli yazılı bildirişlə onlardan tələb etməsini və beləliklə də mənzildən iddiaçıya çatan payın ayrılmasının açıq-aşkar məqsədəuyğun olmamasını nəzərə almadan, iddiaçının sözügedən ardıcılığa əməl etməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Mülki Prossesual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin mənasına görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülki Məcəllənin 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Beləliklə, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Həmçinin, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbacan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan hər bir mərhələ üçün ayrıca məhkəmə icraatının açılmasına, yəni məhkəmə qətnaməsinin olmasına zərurət yoxdur. Bunun üçün paylı mülkiyyətçinin öz payının ayrılmasını tələb etməsi kifayətdir. İşə baxan məhkəmə isə hər bir mərhələni ayrı-ayrılıqda yoxlamaqla, öz payının ayrılmasını tələb edən mülkiyyətçinin tələblərini Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından yoxlamağa borcludur. Hazırki halda, iddiaçının cavabdehlərə qarşı tələbləri sözügedən mənzildə olan payının naturada ayrılmasından, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılmasından və satışdan əldə edilmiş vəsaitin paylarına mütənasib surətdə bölünməsindən ibarətdir. Göründüyü kimi, sözügedən mənzildən payın naturada ayrılmasına yol verilmədiyi üçün, ayrılan mülkiyyətçi kimi iddiaçı, öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər tərəfindən ona ödənilməsini 28 oktyabr 2020-ci il tarixli yazılı bildirişlə onlardan tələb edib, lakin payının dəyəri cavabdehlər tərəfindən ona ödənilməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.6-ci maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsi isə sadalanan maddələrin təfsirində səhvə yol verərək, iddiaçının paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməsini qanunun tələb etdiyi formada ardıcıllığa əməl edilməsi kimi qəbul etməmiş və son nəticədə iddiaçının sözügedən ardıcıllığa əməl etməməsi qənaətinə gələrək, işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki ayrılan mülkiyyətçi kimi iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçilərindən ona ödənilməsini 28 oktyabr 2020-ci il tarixli yazılı bildirişlə tələb etmiş və beləliklə də qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa riayət etmişdir. Bundan başqa, apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər iddiaçının mənzildə olan payına görə ona 16 000 manat verməyə hazır olduqlarını, bundan artıq pul verə bilməyəcəklərini bildirmişlər. Göründüyü kimi, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi ilə bağlı müraciət etmiş, lakin bununla bağlı tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən paylı mülkiyyətdə olan mənzilin bölünməsi və ondan payın ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, hazırki halda sözügedən mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olan tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında iddiaçının tələbi həmin hissədə əsaslıdır və qismən təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia ərəzisənin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olan 50 manat, apellyasiya şikayətinin təmin edilməsi səbəbindən cavabdehlərə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(060)-1704/2021-008 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.metr, o cümlədən yaşayış sahəsi 37.20 kv.metr, (1 otaq 16.2 kv.metr, 1 otaq 21 kv.metr) yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqdan ibarət 74 nömrəli mənzil açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti mənzilin paylı mülkiyyətçiləri İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə bölünsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq X1 (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar