Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-286/2022 06.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-1198/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-1198/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, ev 9, mənzil 35-ə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, 9 saylı evin 35 saylı mənzilindən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Zəngilan rayonundan məcburi köçkündür. O, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki övladları anadan olmuşdur. Məcburi köçkün olduğu üçün Abşeron rayonu, Masazır qəsəbəsi, 9 saylı evin 35 saylı mənzili ona verilmiş, ailəsi ilə birgə orada yaşamışdır. Cavabdehlə arasında baş verən münaqişələrdən sonra aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda cavabdeh övladları ilə birgə mənzildə yaşayır və onu həmin mənzilə daxil olmağa qoymur. Cavabdehin başqa yerdə evi vardır, lakin onun tək yaşayış yeri həmin mənzildir. O, kuryer işləyir və aylıq əmək haqqı 230 manat təşkil edir, ayrı yerdə kirayədə yaşamağa maddi imkanı yol vermir. Mübahisəli mənzilin əsas mülkiyyətçisi odur və mənzil müqaviləsi də onun adına bağlanmışdır. Lakin cavabdeh qanunsuz olaraq ona məxsus evdə yaşayır, habelə ögey qardaşı da ona məxsus evə gələrək orada yaşayır. Əlavə olaraq cavabdeh həmin evdən əxlaqsız yuva kimi də istifadə edir. Bir neçə dəfə qonşular bu barədə ona məlumat vermişlər. Belə bir halda onların həmin mənzildə birgə yaşaması qeyri-mümkündür. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin mənzilə köçürmə hissəsindən narazıdır. Belə ki, iddiaçı ilə münasibətləri pozulduğu üçün aralarında olan nikah məhkəmə qaydasında ləğv edilmişdir. Həmin vaxtdan iddiaçı onu 2 uşaqla evdə tək qoyaraq heç bir maddi yardım etmədən mənzildən könüllü olaraq çıxıb getmişdir. İddiaçı qumar borcuna görə uşaqlarını borclu olduğu şəxslərə vermiş, sonradan onun polisə şikayəti ilə uşaqlar qaytarılmışdır. Bundan əlavə, iddiaçı uşaqlara xəsarət yetirdiyi, işgəncə verdiyi üçün o, polisə şikayət etmişdi. Hazırda iddiaçının evə köçməsi onun və uşaqlarının həyatı, sağlamlığı, tərbiyəsi üçün təhlükəlidir. Məhkəmə işin bu hallarını tam araşdırmadan, uşaqların həyatı üçün təhlükə mənbəyi olan şəxsin mənzilə köçürülməsi barədə qətnaməsi çıxarması tam qanunsuz olmuşdur. Məhkəmənin iddiaçının qeyri adekvat hərəkətlərini nəzərə alaraq iddiasını təmin etməməli id. Amma məhkəmə bu hallara qiymət verməyərək, yalnız formal olaraq iddiaçının mənzilin kirayəçisi olduğunu əsas gətirərək iddianı həmin hissədə təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin mənzilə köçürmə hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gələmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının mənzilə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddiaçının mənzilə köçürülməsi hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 048632 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkündür. İş materiallarında olan 21 avqust 2013-cü il tarixli, 9-35 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Abşeron rayonu, Masazır qəsəbəsi, 9 saylı evin ümumi sahəsi 64,8 kv.metrdən, yaşayış hissəsi 61,5 kv.metrdən ibarət 2 otaqlı 35 saylı mənzilini müvəqqəti yaşamaq üçün İddiaçı sahibliyinə və istifadəsinə vermiş, müqavilədə kirayəçinin ailə üzvləri kimi Cavabdeh və X3 göstərilmişlər. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh nikahı Zəngilan Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 26.03.2020-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20.04.2021-ci il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclası zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, tərəflər rəsmi nikahda olmuş, birgə nikahlarından iki uşaqları vardır, onların arasında olan nikah Zəngilan Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Abşeron rayonu, Masazır qəsəbəsi, 9 saylı evin ümumi sahəsi 64,8 kv.metrdən, yaşayış hissəsi 61,5 kv.metrdən ibarət 2 otaqlı 35 saylı mənzilinə dair Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə İddiaçı arasında 21 avqust 2013-cü il tarixli, 9-35 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə-vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti İddiaçı arasında bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, 9 saylı evin ümumi sahəsi 64,8 kv.metrdən, yaşayış hissəsi 61,5 kv.metrdən ibarət 2 otaqlı 35 saylı mənzili müvəqqəti yaşamaq üçün İddiaçı sahibliyinə və istifadəsinə verilmiş, kirayə müqaviləsinin 1.2-ci bəndində kirayəçi İddiaçı ailə üzvü kimi Cavabdeh və X3 göstərilmişlər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli mənzil hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəçi kimi İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, 9 saylı evin 35 saylı mənzilindən istifadə hüququna malik olduğundan birinci instansiya məhkəməsi iddia tələbinin onun mənzilə köçürülməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının mənzilə köçürülməsi hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddiaçının mənzilə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-1198/2021 saylı qətnaməsi iddiaçının mənzilə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-286/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-286/2022
06.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver