Məhkəmə qərarları › İş №2(105)-2860/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2860/2020

05.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2860/2020 05.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili X2 və cavabdeh Əmiyeva (Nəbiyeva) Nişadə Elşad qızınıniştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3939/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3939/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı cavabdeh Əmiyeva (Nəbiyeva) Nişadə Elşad qızına qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Əmiyeva (Nəbiyeva) Nişadə Elşad qızı ilə aralarında olan xx.xx.2020-ci il tarixli nikahın bağlandığı gündən etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci ildə cavabdeh Əmiyeva (Nəbiyeva) Nişadə Elşad qızı ilə rəsmi nikaha daxil olmuşdur. Onlar rəsmi nikaha daxil olsalar da, ailə kimi bir yerdə yaşamamış, ümumiyyətlə, onların toyları olmamışdır. Belə ki, onlar valideynlərinin məsləhəti ilə tanış olmuş, aralarında istək və sevgi olmamışdır. O, ilk gündən ailə qurmağa razı olmamışdır. Lakin valideynləri israr edərək hələ bir-birlərini tanımadıqlarını, tanısa, xasiyyətinə bələd olsa bəlkə fikrini dəyişəcəyini demişdilər. O da əlacsız qalıb razılaşmış, lakin bildirmişdir ki, cavabdehin xasiyyəti xoşuna gəlməsə, onun fikirləri ilə razılaşmasa, cavabdehlə ailə qurmayacaqdır. Valideynləri də bununla razılaşmışdılar. Cavabdehlə görüşləri zamanı aralarında çox sahələrdə, eləcə də ailə və məişət sahələrində çoxsaylı fikir ayrılıqlarının olduğunu görmüşdür. Dəfələrlə bu barədə mübahisələri düşmüş və valideynlərinin təkidi ilə onlar barışmışlar. Lakin sonda belə qərara gəlmişlər ki, ailə qurub sonradan boşanmaqdansa, elə bu başdan ayrılsalər yaxşıdır. Hər ikisi qəti fikirlərini valideynlərinə bildirmiş, ilk əvvəl valideynləri buna razı olmasalar da, sonda valideynləri razılaşmaq məcburiyyətində qalmış, el adəti ilə olan nişan geri qaytarılmışdır. Artıq onların ailə qurmaq və birlikdə yaşamaq fikirləri yoxdur. Ona görə də aralarında olan nikah etibarsız hesab edilməlidir. Çünki onların ailəsi baş tutmamış, yalnız rəsmi sənədlərdə öz əksini tapmışdır. Bundan sonra adi qaydada boşanma isə bir gənc kimi həm ona, həm də cavabdehə gələcəkdə lazımsız problemlər yaradar, adlarının üstünə ad gəlməsinə səbəb ola bilər. Elə ilk gündən, eləcə də nikahları qeydə alınarkən, onun qəti ailə qurmaq fikri olmamışdır. Çünki ilk gündən cavabdehdən xoşu gəlməmişdir, nikahlarını da ailə qurmaq niyyəti ilə yox, sadəcə görüşlərinin dini və əxlaqı baxımdan qanuni və düzgün olması üçün qeydə aldırmışdılar. Həmçinin cavabdeh də nikahın etibarsız hesab edilməsinə razıdır, heç bir etirazı yoxdur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçıapellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, xx.xx.2020-ci ildə cavabdeh Əmiyeva (Nəbiyeva) Nişadə Elşad qızı ilə rəsmi nikaha daxil olmuşdur. Onlar rəsmi nikaha daxil olsalar da, ailə kimi bir yerdə yaşamamış, ümumiyyətlə, onların toyları olmamışdır. Belə ki, onlar valideynlərinin məsləhəti ilə tanış olmuş, aralarında istək və sevgi olmamışdır. O, ilk gündən ailə qurmağa razı olmamışdır. Lakin valideynləri israr edərək hələ bir-birlərini tanımadıqlarını, tanısa, xasiyyətinə bələd olsa bəlkə fikrini dəyişəcəyini demişdilər. O da əlacsız qalıb razılaşmış, lakin bildirmişdir ki, cavabdehin xasiyyəti xoşuna gəlməsə, fikirləri ilə razılaşmasa, cavabdehlə ailə qurmayacaqdır. Valideynləri də bununla razılaşmışdılar. Cavabdehlə görüşləri zamanı aralarında çox sahələrdə, eləcə də ailə və məişət sahələrində çoxsaylı fikir ayrılıqlarının olduğunu görmüşdür. Dəfələrlə bu barədə mübahisələri düşmüş və valideynlərinin təkidi ilə onlar barışmışlar. Lakin sonda belə qərara gəlmişlər ki, ailə qurub sonradan boşanmaqdansa, elə bu başdan ayrılsalar yaxşıdır. Hər ikisi qəti fikirlərini valideynlərinə bildirmiş, ilk əvvəl valideynləri buna razı olmasalar da, sonda valideynləri razılaşmaq məcburiyyətində qalmış, el adəti ilə olan nişan geri qaytarılmışdır. Artıq onların ailə qurmaq və birlikdə yaşamaq fikirləri yoxdur. Ona görə də aralarında olan nikah etibarsız hesab edilməlidir. Çünki onların ailəsi baş tutmamış, yalnız rəsmi sənədlərdə öz əksini tapmışdır. Bundan sonra adi qaydada boşanma isə bir gənc kimi həm ona, həm də cavabdehə gələcəkdə lazımsız problemlər yaradar, adlarının üstünə ad gəlməsinə səbəb ola bilər. Elə ilk gündən, eləcə də nikahları qeydə alınarkən, onun qəti ailə qurmaq fikri olmamışdır. Çünki ilk gündən cavabdehdən xoşu gəlməmişdir, nikahlarını da ailə qurmaq niyyəti ilə yox, sadəcə görüşlərinin dini və əxlaqı baxımdan qanuni və düzgün olması üçün qeydə aldırmışdılar. Həmçinin cavabdeh də nikahın etibarsız hesab edilməsinə razıdır, heç bir etirazı yoxdur. Bu barədə cavabdehin razılıq ərizəsini də iddia ərizəsinə əlavə etmişdi. Həmçinin məhkəmə iclasında da cavabdeh iddia tələbini etiraf etmişdir. Lakin işə baxan məhkəmə qanunsuz və əsassız olaraq iddia tələbini rədd etmişdir. O, iddia tələbində də qeyd etmişdir ki, hər iki tərəfin valideynlərinin təkidi ilə onlar rəsmi nikaha daxil olmuşlar. Qətnamədə onların nişan mərasimi olduğu qeyd edilmişdir. Lakin nə o, nə də cavabdeh məhkəmədə belə izahat verməmişlər.Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, cavabdeh iddia tələbini etiraf etdiyi halda, məhkəmə əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə cavabdehin iddianı etiraf etməsini nəyə görə qanuna zidd hesab etdiyini və qəbul etmədiyini əsaslandırmamışdır. Məhkəmə maddi hüquq normalarını pozmuş, iş üçün əhəmiyyəti ola bütün faktiki halları aydınlaşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi. Cavabdeh Əmiyeva (Nəbiyeva) Nişadə Elşad qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki iddiaçınınapellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 arasında olan nikah xx xxx 2020-cı il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanılaraq 33 saylı qeyd edilmişdir. İşin mübahisə edilməyən halından görünür ki, tərəflər arasında əvvəlcə nişan mərasimi olmuş, daha sonra isə tərəflər xx xxx 2020-ci il tarixdə nikahlarını bağlamışlar. İddiaçı iddia tələbini cavabdehlə rəsmi nikaha daxil olsalar da, ailə kimi bir yerdə yaşamamaları, toylarının olmaması, nikah bağlandıqdan sonra münasibətlərinin pozulması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış nikahın etibarsız hesab edilməsi üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulan əsaslar, o cümlədən nikah bağlanarkən tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmaması müəyyən edilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər ailə qurmaq niyyəti ilə nişanlanmış, daha sonra isə xx xxx 2020-ci il tarixdə nikahlarını bağlamış, daha sonra nişan geri qaytarılmışdır. Bu halları məhkəmə iclasında tərəflər də etiraf etmişlər. Göründüyü kimi, nikah bağlayarkən tərəflərin niyyəti ailə qurmağa yönəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinin tələbinin pozulduğunu, cavabdeh iddia tələbini etiraf etdiyi halda, məhkəmənin əsassız olaraq iddia tələbini rədd etdiyini, cavabdehin iddianı etiraf etməsini nəyə görə qanuna zidd hesab etdiyini və qəbul etmədiyini əsaslandırmadığını göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, nikah bağlayarkən tərəflərin ailə qurmaq niyyətlərinin olmaması məhkəmə iclası zamanı müəyyən edilmədiyindən və buna görə də cavabdehin iddianı etiraf etməsi qanuna zidd olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin iddianı etiraf etməsini qəbul etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətlərində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-939/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar