Məhkəmə qərarları › İş №2(105)-2860/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2860/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2860/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1155/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)-1155/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, təbii qazdan istifadəyə görə yaranmış 611,83 manat məbləğində əsas borc və 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı İstehsalat Birliyinin xeyrinə tutulması qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-1155/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 611,83 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun İddiaçı İstehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, qətnamə ilə razı deyil. Qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İlk növbədə qeyd edir ki, məhkəmə bildirişləri ona göndərilməmişdir. İddia ərizəsinə etirazını təqdim edə bilməmişdir. İddia ərizəsində iddiaçının tələb etdiyi borc məbləği cari borc kimi yazılmışdır. Halbuki təbii qazdan istifadəyə görə ödənişləri vaxtında edir. Qətnamədə tutulması qət edilmiş borcdan 414,72 manatı 28.02.2018-ci il tarixdə tərtib edilmiş akt əsasında yazılmışdır. Sayğac ona məxsus ərazidə deyil, küçədə quraşdırılmışdır. Onun qorunmasına abonent yox, qaz paylayıcısı cavabdehlik daşıyır. İddiaçı təşkilatdan alınmış abonentin saldosundan görünür ki, iddia ərizəsi ilə müraciətindən əvvəlki son üç il üçün isə onun ümumiyyətlə borcu yoxdur. İddiaçı təşkilat isə ümumi sözlərlə borcun nə vaxt, hansı əsasla yaranmasını göstərməmişdir. Həmçinin iddiaçıya borcu olsa belə, iddia tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti keçmişdir. Birinci instansiya məhkəməsiin iclasında iştirak etmədiyi üçün iddia müddətinin tətbiqi barədə ərizəni təqdim edə bilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-1155/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının nümayəndəsini iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-1155/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “Abonentin saldosu” adlı arayışdan görünür ki, abonent Cavabdeh ünvan 1 ünvanı üzrə təbii qazdan istifadəyə görə sayğac göstəricilərinə əsasən 2021-ci ilin mart ayına olan borcu 611,83 manat təşkil edir. Birinci instansiya məhkəməsi qeyd edilən borcun “Abonentin saldosu” adlı arayışla təsdiq edilməsini müəyyən edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmamışdır. İş materiallarından görünür ki, iddiaçı iddia tələbində cavabdehin qeyd edilən məbləğdə borcunun yaranmasını göstərsə də, həmin borcun hansı əsasla yaranmasını göstərməmiş, iddia ərizəsinə yalnız cavabdehlə qaz paylayıcısı arasında bağlanmış müqaviləni əlavə etmiş və abonentin saldosuna istinad edərək cavabdehin borcunun yaranmasını göstərmişdir. İşmateriallarında olan abonentin saldosunda cavabdehin 06.2019-cu ildən 03.2021ci ilə qədər istifadə etdiyi qaz sərfiyyatı göstərilmiş, lakin cavabdehin qalıq və aktlar üzrə borcunun olmaması qeyd edilmişdir. Göründüyü kimi, abonentin saldosunda cavabdehin hər hansı borcunun yaranması göstərilməmiş, iddia tələbində tələb edilən 611,83 manat borcun yaradan yaranmasına dair hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. Tələb edilən borcun hansı əsasla yaranmasına dair hər hansı sübutun olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinin tələblərini pozmuşdur. Halbuki iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X1 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X1 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi sübuta yetirilmədiyi halda iddia tələbini təmin etməklə, maddi prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-1155/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 386, 388, 392, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1155/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar