Məhkəmə qərarları › İş №2(105)-2862/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2862/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2862/2020 27.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2432/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2432/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə tələbinə dair iddiası təmin edilməmişdir. (hakim E.Abdullayev) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 Fəhrad oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 3000 manat məbləğində pulun və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə Azərbaycan Respublikası Təhsil Nazirliyində tanış olmuşdur. O, öz arvadını işlədiyi Gəncə şəhərindəki məktəbdən Sumqayıt məktəbinə köçürmək istəyirdi. Bir il keçəndən sonra, o, Cavidə zəng vurub bildirib ki, may ayından yer dəyişmə başlayır. Daha sonra o, Cavid və onun arvadı Cavabdeh2 ilə 28 May metro stansiyasının yaxınlığında görüşərək sənədləri və 30 manat pulu onlardan alıb. O, ölkənin birinci xanımına müraciət edib və onun müraciəti nəzərə alınaraq Cavabdeh2 4 saylı Cəbrayıl məktəbinə köçürülüb. Təxminən dekabr ayından Cavabdeh1 və arvadı Şəbinə Mədətova onu “28 Mall”a dəvət ediblər və onlar kafedə oturarkən Suleymanov Cavid ona deyib ki, işlədiyi hərbi hissədə onu qanunsuz olaraq başqa bölümə atıblar, maaşı azdır və uşağın müalicəsinə çatmır. Cavid ondan xahiş edib ki, o, birinci xanıma yazsın ki, Cavabdeh1 onun qohumudur, onu Yaşmada yerləşən hərbi hissəyə qaytarsınlar. Cavid bunun müqabilində bir aylıq maaşını ona verəcəyini bildirib. Dekabrın axırında o, ərizə ilə Mehriban xanıma müraciət edib. Onlar Cavabdeh1la xx xxxxxx 2019-cu ildə notariusda müqavilə bağlayıblar və o, öz işini görməyə başlayıb. O, Müdafiə Nazirliyinə, Birinci xanıma bununla bağlı müraciət etmiş, lakin nəticə əldə olunmamışdır. O, Cavidə bildirib ki, məhkəməyə verməyin vaxtıdır, çünki Müdafiə Nazirliyi heç bir şey etməyəcək. Cavabdeh ona bildirib ki, məhkəməyə müraciət etməyə qorxur. Ondan soruşanda ki, bəs bu işi başlayanda o nəyi fikirləşirdi? Cavabdeh1 bildirib ki, o, elə bilirdi ki, iddiaçı onun arvadının işini necə həll edibsə, onun da işini elə həll edəcək. Cavabdeh1 və arvadı Cavabdeh2 ondan xahiş etmişdilər ki, o, Mehriban xanım Əliyevaya müraciət etsin ki, qızları xəstə olduğu üçün X3 müalicəsinə köməklik etsin. O, Cavabdeh1 və qızı Süleymanlı Banuçiçəklə həkimin yanına getmişlər. Sonra isə Cavabdeh1 arvadı Cavabdeh2 deyib ki, həkim xoşuna gəlmir, Fond pul versin özləri müalicəni özəl klinikada etsinlər. Cavabdeh1 ondan istifadə edib uşağın müalicəsinə pul istəmiş, o isə ona bildirib ki, onun özünün böyük miqdarda pulu yoxdur, o, qızıllarını lombarda qoyub, o pulu ona verə bilər. Cavid isə bildirib ki, yaşadığı evi satıb pulunu verəcək. O, Cavabdeh1 xx.xx.2019-cu ildə 1100 manat pul vermiş və o, heç bir ayın faizini ödəməmişdir. O, özü hər ay girovda olan qızılı batmasın deyən faizləri ödəmişdir. 2019-cu ilin noyabr ayında o, qərara gəlmişdir ki, Cavabdeh1 pulunu tələb etsin. xx xxxxxx 2019-cu il tarixində o, Sumqayıt şəhəri Hərbi Prokurorluğuna müraciət etmiş və axşam təxminən 20:00 radələrində cavabdehlər Hərbi Prokurorluğa gələrək prokurorluğun işçilərinin yanında söz vermişlər ki, sabah onun pulunu qaytaracaqlar. xx xxxxxx 2019-cu ildə Cavabdeh1 ona bir neçə dəfə zəng edərək, ondan pulun miqdarını soruşub və ona Hərbi Prokurorluğun əmakdaşı Erqun müəllim zəng edərək, xahiş edib ki, o, prokurorluğa gəlib pulu götürsün. Sonra isə xx xxxxxx 2019-cu ildə Cavabdeh1 özü zəng edib onu Sumqayıt Hərbi Prokurorluğuna dəvət etmiş və o, Sumqayıt şəhər Hərbi Prokurorluğuna gəlmişdir. Cavabdeh1 xalasıyla gələrək pulu ona qaytarmaqdan imtina etmişdir. İzahatında isə yazmışdır ki, guya o, Caviddən 3000 manat borc pul almış, amma hələ indiyə kimi Cavabdeh1 öz borcunu ondan istəməmişdir. Sonra ona Sumqayıt şəhər Hərbi Prokurorluğundan cavab gəlmişdir ki, o, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etsin. O, Azərbaycan Respublikası Hərbi Prokurorluğuna da müraciət etmiş və bir ay keçməsinə baxmayaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğundan da eyni cavab gəlmişdir. İddiaçı tək yaşayır və valideyinləri vəfat edib. Onun ürəyi xəstədir. Cavabdehlərin əməlləri nəticəsində ona kifayət qədər maddi və mənəvi ziyan dəymişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini iddia ərizəsilə eyni məzmunda tərtib etmiş, şikayətində göstərmişdir ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş, əsassız olaraq onun haqlı iddiasını rədd etmişdir. Onun iddiası əsaslı olduğundan, qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İddiaçı bildirdi ki, Cavidə lombarddan qızıllarını girov qoyaraq 1100 manat pul alıb vermiş, əvəzində isə 3000 manat borc ödəmişdir. Pulu Cavidə inandığı üçün heç bir qəbz tərtib etmədən, əlbəəl vermişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 əlavə etdi ki, əslində iddiaçı onun hərbi hissədəki işinə bərpa etmək adı altında, özünü hüquqşünas kimi təqdim edərək 3000 manat pulunu almış, lakin heç bir hərəkət etməmişdir. Əksinə, bu məsələdən sonra onu hərbi xidmətdən ümimiyyətlə xaric etmişlər. Verdiyi pulu ondan tələb etdikdən sanra, İddiaçı ona qarşı hazırkı iddianı qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı tələbinin əsası kimi yalnız Cavabdeh1la aralarında aparılmış “vatsapp” yazışmalarına istinad etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehlə tanış olmuş və aralarında mehriban münasibətlər və etibar yaranmışdır. İddiaçı iddia edir ki, Cavabdeh1 övladının müalicə olunması üçün ondan pul istəmiş, onun isə bu məbləğdə pulu olmadığından özündə olan qızıl-zinət əşyalarını lombarda girova qoyaraq oradan 1100 manat pul götürmüş və bu pulu, Cavabdeh1 vermişdir. Aralarında olan razılaşmaya görə aylıq ödənişləri lombarda Cavabdeh1 ödəməli idid. Lakin o, heç bir ödəniş etməmiş, bütün borcu (3000 manat) o, ödəmişdir. Bununla da, iddiaçıya 3000 manat maddi ziyan dəymişdir. Mübahisə ilə bağlı məhkəmə kolegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi tərəflər arasında tələb edilən borc pul məbləği barədə hər hansı yazılı sübut mövcud deyildir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, daha öncə istinad olunan hüquq normalarına əsasən hazırki halda pul öhdəlikləri üzrə mümkün olan mötəbər və legitim sübutetmə vasitələri yalnız yazılı sübutlar ola bilər. Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar — iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. İş materiallarında Cavabdeh1 və ya Cavabdeh2 İddiaçı borc götürmələrini və ya borcun olmasını təsdiq edən yazılı sübut mövcud deyildir. Tərəflər arasında yazılmış “vatsapp” yazışmalarına gəldikdə isə, MPM-nin 81-ci maddəsinə əsasən, həmin yazışmalar hazırkı iş üzrə mümkün olan sübutetmə vasitəsi hesab edilə bilməz. Belə ki, həmin mesajlarda Cavabdeh1 iddiaçıdan borc aldığını və ona iddia ərizəsində göstərilən məbləğdə pulu qaytarmağa hazır olduğunu etiraf etməmişdir. Hətta bir mesajda cavabdeh “sən mənə pul vermisən məni şantaj edirsən? Nə qızıl, nə pul mənim heç nədən xəbərim yoxdur” deyə bildirmişdir. Halbuki, Mülki Məcəlləyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (maddə 882.1). Birinci instyansiya məhkəməsi bu hallara düzgün qiymət vermiş, cavabdehlərin iddiaçıya borcunun olmaması barədə düzgün nəticəyə gəlmişdir. İş materiallarında cavabdehlərin iddia ərizəsində göstərilən məbləğdə borclu olmaları barədə heç bir mötəbər sübut yoxdur. 3000 manat borcun qaytarılmamasına görə 20000 manat məbləğində mənəvi zərər çəkməsi barədə iddiaçının dəlili də əsasızdır, belə ki, yuxarıda sadalananlara əsasən müəyyən edilir ki, cavabdehlər iddiaçının hər hansı hüquqlarını pozmamışlar, belə olan halda isə, iş materialları ilə onların iddiaçıya mənəvi zərərin yetirilməsi dəlili də öz təsdiqini tapmır. Buna görə də məhkəmə kollegyiası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 ona 3000 manat borclu olmalarını, habelə 20000 manat məbləğində mənəvi zərər vurmalarını MPMin tələblərinə uyğun sübut edə bilməmişdir, halbuki bu şərtin mövcudluğunu sübut etmək AR MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı kimi onun vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X4 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, tərəflər öz dəlillərinin əsası kimi istinad etdiyi halları sübut edilə bilməmişdir və bununla bağlı hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Beləliklə də, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2432/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı özünə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar