Məhkəmə qərarları › İş №2(105)-288/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-288/2023

11.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-288/2023 11.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “torpaq sahəsinin boşaldılması və onun üzərindəki tikilinin sökülərək təhvil verilməsi” tələbinə dair iş üzrə (Açar sözlər:torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi, subyektiv hüquq, qanunsuz sahiblikdən əmlakın geri tələb olunması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X3 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, iddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə Abşeron rayonu Masazır Bələdiyyəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2498/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN: 1-1 saylı 30800096 kod nömrəli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 61 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu Masazır kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 1367,78 ha torpaq sahəsi Masazır Bələdiyyəsinə bələdiyyə mülkiyyəti üçün qeydə alınmış və bu barədə 9819 nömrə ilə qeydiyyat aparılmışdır.

2. Abşeron rayonu Masazır kənd ərazi vahidinin hüdudları daxilində yerləşən yaşayış məntəqələrinin torpaqlarından yeni məktəb binasının tikintisi üçün ayrılması nəzərdə tutulan 5600 kv.m torpaq sahəsinin yerquruluşu planından görünür ki, sözügedən ərazidə 0.56 ha torpaq sahəsi məktəb binasının tikintisi üçün ayrılmışdır.

3. Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə X5 rayonu Masazır Bələdiyyəsinə ünvanladığı 2020-ci il iyul tarixli **********20 saylı məktubdan görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin ərazisində yerləşən 0.56 ha torpaq sahəsinin sənədləşdirilməsinə münasibət bildirilməsi barədə 16 iyun 2020-ci il tarixli, 01/01-06/172 nömrəli müraciətə baxılmışdır. 2002-ci il 15 mart tarixli, 274-İİQ Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmasına münasibət bildirilməsi barədə sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsindən X2 Təşkili üzrə Dövlət Agentliyinə daxil olduğu təqdirdə qanunvericiliyə uyğun olaraq baxılacaqdır.

4. Abşeron rayonu Masazır Bələdiyyəsinin Əmlak Məsələləri Dövlət Komitəsi X7 üzrə Dövlət Agentliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli 01/01- 06/172 saylı məktubdan görünür ki, Abşeron rayon Masazır kəndində yaranmış şagird sıxlığının aradan qaldırılması məqsədilə Masazır kəndi “Yoncalıq” adlanan yaşayış sahəsində yeni məktəb binasının tikintisi nəzərdə tutulmuşdur. Bu məqsədlə 0.56 ha torpaq sahəsi müəyyənləşdirilmişdir. Yuxarıda qeyd olununları nəzərə alaraq, Masazır kənd “Yoncalıq” adlanan yaşayış sahəsində məktəb tikintisi üçün 0.56 ha torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi xahiş olunmuşdur.

5. Abşeron rayonu Masazır Bələdiyyəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladığı xx.xx.2020-ci il tarixli xx/xx-0601/434 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1752 saylı Sərəncamına əsasən, Masazır Bələdiyyəsinin “Yoncalıq” adlanan ərazisində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulmuşdur. Təhsil Nazirliyi tərəfindən bələdiyyəyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 03-22-236/17 saylı məktubda həmin məktəbin yerləşəcəyi 0.56 ha torpaq sahəsinin Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədilə dövlət mülkiyyətinə geri qaytarılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılması xahiş olunmuşdur. Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq, Masazır Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli iclasında müzakirə edilmiş və müraciət təmin olunaraq sözügedən torpaq sahəsinin Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədilə dövlət mülkiyyətinə geri qaytarılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılması qərara alınmışdır. Odur ki, göstərilənlər nəzərə alınaraq, sözügedən 0.56 ha torpaq sahəsinin Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədilə dövlət mülkiyyətinə geri qaytarılması üçün müvafiq qərar qəbul edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur.

6. Abşeron rayonu X4 Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli xx/xx-0601/435 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1752 saylı Sərəncamına əsasən, Masazır Bələdiyyəsinin “Yoncalıq” adlanan ərazisində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulmuşdur. Təhsil Nazirliyi tərəfindən bələdiyyəyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 03-22-236/17 saylı məktubda həmin məktəbin yerləşəcəyi 0.56 ha torpaq sahəsinin Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədilə dövlət mülkiyyətinə geri qaytarılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılması xahiş olunmuşdur. Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq, Masazır Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli iclasında müzakirə edilmiş və müraciət təmin olunaraq sözügedən torpaq sahəsinin Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədilə dövlət mülkiyyətinə geri qaytarılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılması qərara alınmışdır. Odur ki, sözügedən torpaq sahəsinin Təhsil Nazirliyinə daimi istifadəyə ayrılması və həmin ərazidə məktəb binasının tikintisinə Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən etiraz edilməmişdir.

7. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamından xx.xx.2020-ci il tarixli 227 saylı çıxarışdan görünür ki, Abşeron rayonunun Masazır kəndində 960 şagird yerlik yeni məktəb binasının inşası məqsədilə ayrılması nəzərdə tutulan 0.56 ha torpaq sahəsi ilə bağlı rayonun Masazır Bələdiyyəsinin rayon icra Hakimiyyətinə ünvanladığı 25 dekabr 2020-ci il tarixli, 01/01-06-01/435 nömrəli məktubu nəzərə alınmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 1752 saylı sərəncamına əsasən, Masazır kəndinin “Yoncalıq” adlanan ərazisində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulan 0.56 ha torpaq sahəsinin qanunamüvafiq şəkildə Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir.

8. Təhsil Nazirliyinin Abşeron rayonu Masazır Bələdiyyəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli xx-xx-1709/10 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 1752 nömrəli Sərəncamına əsasən Abşeron rayonu Masazır qəsəbəsinin “Yoncalıq” adlanan ərazisində 960 şagird yerlik yeni məktəbin tikintisi üçün ayrılması nəzərdə tutulan torpaq sahəsinin Əmlak Məsələlərinin Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən hazırlamış yerquruluşu planı təsdiq edilmişdir. Bildirilir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.2020-ci il tarixli, 227 nömrəli sərəncamından çıxarışı və xx.xx.2021-ci il tarixli 007 nömrəli Obyektin tikintisinə icazə sənədi Təhsil Nazirliyinə təqdim olunmuşdur.

9. 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********39 saylı məktubundan görünür ki, sorğuda qeyd olunan Abşeron rayonu Masazır Bələdiyyəsinə verilmiş JN-01 Kod 30800096 nömrəli dövlət aktı 4 saylı Abşeron Ərazi idarəsinin arxiv əsaslarında aşkar olunmamışdır. Ləğv edilmiş X8 Komitəsi tərəfindən idarəyə təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair dövlət aktlarının qeydiyyatı kitabında 9819 sıra nömrəsində Abşeron rayonu Masazır Bələdiyyəsinə məxsus 1367.78 ha torpaq sahəsinə dair JN-185 Kod 30800096 nömrəli dövlət aktının olması qeyd olunmuşdur. (Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 61 nömrəli qərarına əsasən).

10. 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron rayonu Masazır Bələdiyyəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********26 saylı məktubdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, “Yoncalıq” adlanan ərazidə yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.56 ha torpaq sahəsinin Masazır bələdiyyəsinin mülkiyyətinə aid olub-olmaması barədə müraciətə baxılmışdır. Belə ki, Masazır bələdiyyəsinin xx.xx.2020- ci il tarixli 01/07-01-06/193 saylı müraciəti əsasında "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən Abşeron rayonu Masazır kənd ərazi vahidinin hüdudları daxilində yerləşən yaşayış məntəqələrinin torpaqlarından yeni məktəb binasının tikintisi üçün ayrılması nəzərdə tutulan 0.56 ha torpaq sahəsinin yerquruluşu planı hazırlanaraq xx.xx.2020-ci il tarixli ********** nömrəli məktub ilə aidiyyəti üzrə təhvil verilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

13. Abşeron rayonu Masazır Bələdiyyəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Təhsil Nazirliyi tərəfindən Abşeron rayonu Masazır kəndi, “Yoncalıq” adlanan ərazidə 0.56 ha torpaq sahəsinin boşaldılması və onun üzərindəki tikilinin öz hesabına sökülərək Masazır Bələdiyyəsinin mülkiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi onların mülkiyyətindədir, cavabdehin icazə almadan həmin sahədə tikinti işləri aparmış, torpaq sahəsi üzərində hüququ olmadan istifadə etmişdir.

15. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2498/2022 saylı qətnaməsi ilə iddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi tələbinə dair iddia təmin edilməmişdir.

16. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı həmin 0.56 ha torpaq sahəsinin dövlət aktı ilə ona ayrılmış torpaq sahəsinə aid olub-olmaması və tikintinin olması barədə məhkəməyə hər hansı sübutları təqdim etməmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 227 saylı çıxarış əsasında Abşeron rayonu Masazır kəndində yerləşən 960 şagird üçün yeni məktəb binasının inşası məqsədilə ayrılması nəzərdə tutulan 0.56 ha torpaq sahəsinin Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə də, sözügedən sərəncam əsasında mübahisələndirilən torpaq sahəsi Abşeron rayonu Masazır Bələdiyyəsinin Təhsil Nazirliyinin həmin məqsəd üçün daimi istifadəsinə verilməsindən ötəri dövlət mülkiyyətinə qaytarılması məsələsinin həlli məqsədilə Nazirlər Kabineti qarşısında məsələnin qaldırılması qərara alınmışdır. Təhsil Nazirliyi bələdiyyəyə ünvanladığı məktub əsasında Nazirlər Kabineti qarşısında məsələ qaldırıldığını qeyd edərək həmin ərazinin məktəb binasının tikintisinə ayrılmasına etiraz etmədiyi müəyyən olunmuş, eyni zamanda, Abşeron rayonu X4 Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli 01/01-06-01/435 saylı məktub əsasında isə sözügedən torpaq sahəsinin məktəb binasının tikintisi üçün Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsinə etiraz etmədiyi öz təsdiqini tapmışdır. Hazırki sərəncam əsasında da bir daha təsdiqini tapmışdır ki, iddiaçının cavabdeh tərəfindən boşaldılmasını tələb etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla, həmin torpaq sahəsində Nazirlər Kabineti tərəfindən məktəb binasının tikintisinə razılıq alınmış, əks təqdirdə, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsi mümkün olmazdı. Abşeron rayonu Masazır kəndində yerləşən 1367.78 ha torpaq sahəsinin Abşeron rayonu Masazır Bələdiyyəsinin mülkiyyətinə JN: 1-1, Kod: 30800096 saylı dövlət aktı əsasında, Abşeron rayonu Masazır kəndində “Yoncalıq” adlanan ərazidə yerləşən 0.56 ha torpaq sahəsinin isə məktəb binasının tikintisi üçün Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 227 saylı sərəncamı əsasında ayrılması öz təsdiqini tapmışdır. İddiaçı həmin torpaq sahəsinin onun mülkiyyətində olmasınıiddia etsə də, torpaq sahəsinin həqiqətən də onun mülkiyyətində olmasını, eyni zamanda cavabdeh tərəfindən həqiqətən də həmin ərazidiə tikilinin inşa edilməsinə dair mötəbər sübutların (foto, videoçəkiliş, akt və sair) məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddia tələbinin əsası kimi istinad etdiyi hallar və faktlara dair mötəbər sübutları təqdim etmək vəzifəsi daşıyan iddiaçı mötəbər, təkzibolunmaz sübutların məhkəməyə təqdim etməmiş, iddia tələbini sübuta yetirə bilməmişdir.

17. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin İİ, 49-cu maddəsinin İ, 66-cı maddəsinin İİ hissəsinə, 111.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə istinad etmişdir.

18. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini məhkəmənin bələdiyyə tərəfindən təqdim edilmiş rəsmi sənədlərin, sübutları araşdırmaması, mübahisəli torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməməsi,həmin sahənin kimin mülkiyyətində olması halının müəyyən edilməməsi, məhkəmə ekspertizasının təyin edilməməsi, üçüncü şəxsin iştirakının təmin edilməməsi, nəticə etibarilə mülkiyyət hüquqlarından və əldə edəcəkləri qazancdan məhrum olması kimi arqumentləri ilə əsaslandırmışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

19.Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

20. Məhkəmə iclasında iddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 verilmiş apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi.

22. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş 4 saylı Abşeron Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

28. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

29. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

30. Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. 31.Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azrbaycan Respublikasının Torpaq Məcəlləsi

31. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

32. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.07.15 S.Ələkbərovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 iyul 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, torpaq və mülki qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır.Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasınınqanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olanməlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair”25 oktyabr 2010-cu il tarixli və Müşfiq Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarları).

42. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Apellyasiya baxışının həddi

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

45. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

46. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 240.3-cü maddəsinə əsasən isə mülkiyyətçi özünə məxsus torpaq sahəsində özbaşına tikinti aparılması ilə bağlı tələb hüququ vardır - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verildiyimüəyyən edilməmişdir.

47. İddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

48. Həmçinin, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə onu qeyd edir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus olduğunu bildirsə də, qeyd edilən hal müəyyən edilməmişdir. Belə ki, qanunvericiliyin qeyd edilən normalarının təhlilindən görünür ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin iddiaçı tərəfindən qeyd edilən hala dair heç bir dəlilə istinad olunmamışdır. Məhkəmə kollegiyası iddiaçı tərəfin qeyd edilən halla bağlı apelyasiya şikayətinin dəlili kimi istinad etdiyi rəsmi sənədlər,qərarlar, Dövlət aktınının araşdırılmaması halına dair onu qeyd edir ki, qeyd edilən sənədlərin heç biri mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd qismində çıxış etmir.

49. Həmçinin, məhkəmə kollegiyası iddiaçı tərəfin apelyasiya şikayətinin dəlili kimi istinad etdiyi torpağın hüquqi statusunun müəyyən edilməməsi halı ilə bağlı onu qeyd edir ki, indiki halda həmin torpaq sahəsinin xüsusi mülkiyyətdə və ya bələdiyyə mülkiyyətində olması halı müəyyən edilmədiyindən, qeyd edilən torpaq sahəsi məhz dövlət mülkiyyətində olan torpaq sahəsi qismində çıxış etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, mübahisəli torpaq sahəsinin məktəb tikintisi üçün ayılmasına iddiaçı tərəf etiraz etməmiş, müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında isə həmin torpaq sahəsi məktəb tikintisi məqsədilə cavabdehin istifadəsi üçün ayrılmışdır. Qeyd edilən hallar da özlüyündə mübahisəli torpaq sahəsinin indiki halda dövlət mülkiyyətinin obyekti qismində çıxış etdiyini göstərir.

50. Həmçinin, məhkəmə kollegiyası iddiaçı tərəfin apelyasiya şikayətinin dəlili kimi istinad etdiyi müvafiq ekpsertiza keçirilməməsi halı ilə bağlı onu qeyd edir ki, iş materiallarında bununla bağlı iddiaçı tərəfindən verilmiş heç bir yazılı vəsatət mövcud olmamışdır.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir.

52. Məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı qeyd edilən iddia tələbinin irəli sürülməsinə dair subyektiv hüququnun olmaması nəticəsinə gələrkən haqlı olmuşdur

53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

55. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları,”bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunur.

56. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfin apelyasiya şikayətinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olunması halının nəzərə alınması məqsədəmüvafiqdir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2498/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, ”tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Gülnar Cabbarova Hakimlər Almaz Süleymanova Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar