Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2887/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(060)-6420/2021 saylı qərardadından İddiaçı verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(060)-6420/2021 saylı qərardadı ilə (hakim E.X.Hüseynov) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpağın və evin qanuni qeydiyyata alınması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(060)-6420/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(060)-6420/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpağın və evin qanuni qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 14 iyul 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, 08 may 2021-ci il tarixli, **********23 №-li müraciətə baxılması barədə Cavabdehndən İddiaçı ünvanlanmış məktubdan görünür ki, sözügedən daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biri idarəyə təqdim edildikdən sonra müraciətə qanuna müvafiq qaydada baxılacağı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin yolverilməzliyə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina etdikdə hesab etmişdir ki, iddiaçının qeyd etdiyi həyətyanı torpaq sahəsinin və evin qanuni qeydiyyata alınması inzibati orqana müraciəti əsasında mümkün olur. İddiaçı, səlahiyyətli orqan müraciətinə münasibət bildirdikdən sonra narazı qaldığı təqdirdə həmin orqanın hərəkəti və ya qərarı ilə bağlı inzibati, eləcə də məhkəmə qaydasında müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən normativ hüquqi aktlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüquq və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən istisna edir. Hüquq və azadlıqların müdafiəsinin digər orqanlar tərəfindən həyata keçirilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuşdursa bu halda ərizəyə məhkəmədə baxılmalı deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı ilk öncə torpaq sahəsinə və yaşayış evinə mövcud olan pay hüququnun öz adına rəsmiləşdirilməsi barədə ərizə ilə DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə rəsmi qaydada müraciət etməli, bundan imtina olunduğu halda inzibati aktın məcburi qaydada verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Daha öncə qeyd edildiyi kimi, iddiaçı iddia tələbində göstərdiyi əsaslarla ümumi məhkəməyə müraciət etmişdir. Halbuki, yuxarıda qeyd edilənlərə əsasən onun əsl niyyəti ilə bağlı mübahisənin həlli üçün o, torpaq sahəsinə və yaşayış evinin qanuni qeydiyyata alınmasına dair müvafiq çıxarış almaq üçün cavabdehə rəsmi qaydada müraciət etməli, bundan imtina cavabı aldıqda Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(060)-6420/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2887/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2887/2021
06.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver