Məhkəmə qərarları › İş №2(105)-2893/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2893/2021

01.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2893/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: X3, Cavabdehin nümayəndəsi: X4 iştirakları ilə, İddiaçı cavabdeh Tibb Ərazi Bölmələri İdarəetmə Birliyinin Sumqayıt 3 saylı şəhər Poliklinikasına qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia tələbinin təmin edilməsi, İddiaçı işdən azad olunmağı ilə bağlı yazdığı 07.04.2021-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi 3 nömrəli şəhər poliklinikasının 09 aprel 2021-ci il tarixli, 34-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi 3 nömrəli şəhər poliknikasında əvvəlki iş yerinə bərpa edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmağı ilə bağlı yazdığı ərizə etibarsız hesab olunması, 09 aprel 2021-ci il tarixli, 34-K nömrəli əmrin ləğv edilməsi və onun əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1990-cı ildən 2017-ci il tarixədək fasiləsiz olaraq Sumqayıt şəhəri 3 nömrəli şəhər polikilinikasında tibbb bacısı, 2017-ci ildən 2021-ci ilin aprel ayının 9-nadək isə həmin polikilinikada baş tibb bacısı vəzifəsinə işləmişdir. Cavabdeh təşkilatda işlədiyi bütün müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, əksinə bacarıq və qabiliyyətinə uyğun olaraq vəzifədə yüksəlmişdir. Daim kollektivin hörmət və etiramını qazanmışdır. 2021-ci ilin 8 aprel tarixində polikilinikanın baş həkimi onun otağına dəvət edərək bildirdi ki, Səhiyyə şöbəsindən bildiriblər ki, Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələri İdarəetmə birliyinə keçdiyindən təhvil-təslim zamanı işçilər arasında müəyyən balans yaratmaq zərurətindən (guya təbibə hansısa hesabat göndəriləcək və oda işçilərin sayının balanslaşdırıılması zərurəti vardır) işçilərdən bir nəfərin formal olaraq işdən çıxmağı vacibdir. O, belə bir niyyətinin olmadığını 30 ildən artıq müddətdə qüsursuz olaraq öz əmək funksiyasını yüksək səviyyədə yerinə yetirdiyini bildirərək işdən çıxmaq istəmədiyini bildirmişdir. Lakin onlar onu əmin etmişdirlər ki, bu tamamilə formal bir xarakter daşıyır, o, öz xahişi ilə işdən çıxmalı, bunun ona heç bir ziyanı olmadığını, onu ayın sonlarına yaxın yenidən işinə bərpa edəcəklərini və heç bir problemsiz öz işinə qayıdacağını bildirmişdilər. Bundan sonra o, rəhbrliyə inanmış və işdən azad olma barədə rəhbərliyin diktə etdiyi fonda ərizə yazmışdır. Lakin bir müddətdən sonra o, baş həkimə işinə bərpa olunmağı ilə bağlı müraciət etdikdə ona bildirildi ki, o, öz xahişi ilə 09 aprel 2021-ci il tarixli, 34-K nömrəli əmrə əsasən işdən azad olunduğu üçün, işə bərpa olunmağı qeyri mümkündür. Belə olan halda o, aldadıldığını bilmiş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Sumqayıt 3 nömrəli poliklinikasının baş həkim əvəzi A.Bəndəliyeva apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan işin düzgün həlli üçün əhəmiyyətli olan və etirazını əsaslandıran halların araşdırılması üçün mülki məhkəmə icraatı haqqında qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin edilməsi üçün şərait yaratmamışdır. İddiaçı könüllü olaraq öz xahişi ilə işdən azad olunma barədə ərizə yazmış və onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Əgər o, verdiyi ərizədə işdən çıxma səbəbini qeyd etməsə idi, onda o, ərizənin təqdim olunduğu gündən 1 ay xəbərdarlıq müddətində əmək fəaliyyətini davam etdirmək şərti ilə ərizəni geri götürə bilərdi. Lakin o, qeyd olunan tarixdə işdən azad olunmuş və işə gəlməmişdir. Məhkəmə tərəfindən bunlar nəzərə alınmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(060)-4694/2021 saylı qətnaməsini ləğv edib, apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi O.Q.Hacıyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı, nümayəndəsi və vəkili E.N.İsayev apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçını işdən azad etdikdə, qanun pozuntusunun olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı 07.04.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, səhhəti ilə əlaqədar olaraq işdən azad edilməsini xahiş etmişdir. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi 3 nömrəli şəhər poliklinikası 09.04.2021-ci il tarixli, №-34-K saylı əmrin surətindən görünür ki, 3 nömrəli şəhər poliknikasının ümumi heyətin Baş tibb bacısı İddiaçı ilə bağlanmış 1990 nömrəli Əmək müqaviləsinə 09.04.2021ci il tarixdən xitam verilmişdir. İşə əlavə olan E.M.Sadıqovanın 30.04.2021-ci il tarixli ərizəsindən görünür ki, 09.04.2021-ci il tarixində yazdığı ərizəni etibarsız hesab edib, onu işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Sumqayıt Şəhər Səhiyyə şöbəsi 3 nömrəli şəhər poliknikasının İddiaçı ünvanladığı 04.05.2021-ci il tarixli məktubun surətindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə səhhətilə əlaqədar 09.04.2021-ci il tarixindən Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yazdıqları ərizə əsasında xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildiyindən yazdığı əvvəlki ərizəni geri götürmək və ya etibarsız hesab edilməsi barədə müraciətinin hüququ qüvvəsi yoxdur. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Sumqayıt Şəhər Səhiyyə şöbəsi 3 nömrəli şəhər poliklinikasının İddiaçı ünvanladığı 04.05.2021-ci il tarixli məktubun surətindən görünür ki, onun 30.04.2021-ci il tarixli məktuba cavab olaraq 3 nömrəli şəhər poliklinikasının müdiriyyəti bildirir ki, hal-hazırda işə qəbul yoxdur. Vakasiya ilə əlaqədar olaraq işə qəbul olarsa o, məlumatlandırılacaqdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin maddənin 2-ci hissəsində təsbit edilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə məhkəmə tərəfindən əsaslı araşdırma aparılmaması barədə gətirdiyi dəlili qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə görə əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin (işçinin və ya işəgötürənin) təşəbbüsüdür. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə görə işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunveriçilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci bəndinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. İşin araşdırılan hallarından və yuxarıda qeyd olunanlarla müəyyən edilmişdir ki, iddiaçı xəbərdarlıq müddəti bitənədək ərizəsinin etibarsız hesab edilməsi barədə cavabdehə yeni ərizə ilə müraciət etmiş və əvvəlki iş yerinə bərpa olunmasını xahiş etmişdir. Lakin cavabdeh ərizənin hüquqi qüvvəsi olmadığını iddiaçıya rəsmi məktubla bildirmişdir və həmin məktublar sifarişli məktubla göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 10 iyun 2021-ci il tarixli 2(060)-4694/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar