Məhkəmə qərarları › İş №2(105)-29/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-29/2022

13.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-29/2022 13.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5460/2019 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 12-ci mikrorayon 8A saylı evin 27 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon 8A aylı evin 27 saylı mənzili DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən iddiaçı "xxxx" KB ASCnin xüsusi mülkiyyətindədir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 12-ci tıikrorayon 8A saylı evin 27 saylı mənzildə pasport qeydiyyatındadırlar. Cavabdehlərin iddiaçıya qarşı heç bir aidiyyatı yoxdur və onların mənzildə qeydiyyatda qalması mənzillə bağlı bir sıra hüquqların həyata keçirilməsində çətinliklər yaradır. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(060)-5875/2016 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Ələkbərov Roman Qulamrza oğlu və qeyrilərinə qarşı iddiası qismən təmin edilib, Ələkbərov Roman Qulamrza oğlu və X3 müştərək qaydada xx.xx.2011-ci il tarixli, 22/11 SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011-ci il tarixli, 22Ə/11SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 31.024,14 manat, faiz borcu üzrə 9.251,59 manat, cərimə borcu üzrə 60 manat, xx.xx.2011-ci il tarixli, 22Ə1/11SU saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 31.092,97 manat, faiz borcu üzrə 5.709,05 manat, cərimə borcu üzrə 50 manat, xx.xx.2011-ci il tarixli, 22Ə2/1İSU saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 26.705,13 manat, faiz borcu üzrə 8.524,36 manat, cərimə borcu üzrə 60 manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 120 manat məbləğində pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumundan 26 manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 A nömrəli binada yerləşən 27 nömrəli mənzilə, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə),74 nömrəli binada yerləşən 14 nömrəli mənzilə, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə, Sumqayıt şəhəri, Corat qəsəbəsində olan 0,015 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, 92A/1 saylı fərdi yaşayış evinə yönəldilməsi, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 A nömrəli binada yerləşən 27 nömrəli mənzilin ilkin satış qiyməti 50.000 manat, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə),74 nömrəli binada yerləşən 14 nömrəli mənzilin ilkin satış qiyməti 50.000 manat, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin ilkin satış qiyməti 50.000 manat, Sumqayıt şəhəri, Corat qəsəbəsində olan 0,015 ha torpaq sahəsinin və onun üzərində yerləşən 1 mərtəbəli, 92A/1 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 57.000 manat müəyyən edilməsi, mənzillərin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 112.477,24 (yüz on iki min dörd yüz yetmiş yeddi manat iyirmi dörd qəpik) manat məbləğində pul, bildirişin qeydə alınması ilə bağlı 120 manat xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 26 manat pul "xxxx" KB ASC-yə ödənilməsi, qalan vəsait isə ipoteka predmeti olmuş mənzillərin mülkiyyətçilərinə qaytarılması, Sumqayıt şəhəri, Corat qəsəbəsində olan 0,015 ha torpaq sahəsinə, onun üzərində yerləşən 1 mərtəbəli, 92A/1 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Ələkbərov Roman Qulamrza oğlu və X6 mənzili tərk etmədiyi halda onların mənzildən məcburi çıxarılması, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) ünvanda yerəşən 74 saylı evin 14 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X7, X13, X8 və Vəliyeva (Dəmirova) Aygün Feyruz qızı mənzili tərk etmədiyi halda onların mənzildən məcburi çıxarılması, Sumqayıt şəhəri, Sumqayıt şəhəri, 9-cu mikrorayon,(təzə) ünvanında yerləşən 25 saylı evin 43 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X9, X10, X2 və Mansurova (Əhmədova) Aygün Şirindil qızı mənzili tərk etmədiyi halda onların mənzildən məcburi çıxarılması, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 A nömrəli binada yerləşən 27 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, X11 və Cavabdeh2 mənzili tərk etmədiyi halda onların mənzildən məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə xx.xx.2018-ci il tarixli müqavilənin surətindən müəyyən edilir ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 A nömrəli binada yerləşən 27 nömrəli mənzilin qiyməti 50.000 manat, X4 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə),74 nömrəli binada yerləşən 14 nömrəli mənzilin qiyməti 50.000 manat, X5 məxsus ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin qiyməti 50.000 manat və Ələkbərov Roman Qulamrza oğluna məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində olan 0,015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 92A/1 saylı fərdi yaşayış evinin qiyməti 57.000 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən "xxxx" KB ASC, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 A nömrəli binada yerləşən 27 nömrəli mənzili 31875 manat, X4 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə),74 nömrəli binada yerləşən 14 nömrəli mənzili 31875 manat, X5 məxsus ünvan 1 ünvanında yerləşən 43 saylı mənzili 31875 manat, Ələkbərov Roman Qulamrza oğluna məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində olan 0,015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 92A/1 saylı fərdi yaşayış evini 36337,50 manata əldə etmişdir. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin Hərracın nəticələri haqqında № Y-275 nömrəli, xx.xx.2018-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 A nömrəli binada yerləşən 27 nömrəli mənzili 31875 manat, X4 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə),74 nömrəli binada yerləşən 14 nömrəli mənzili 31875 manat, X5 məxsus ünvan 1 ünvanında yerləşən 43 saylı mənzili 31875 manat, Ələkbərov Roman Qulamrza oğluna məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində olan 0,015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 92A/1 saylı fərdi yaşayış evini 36337,50 manat olmuş və "xxxx" KB ASC tərəfindən alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********15-05101-093012 çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 65.9 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında "xxxx" KB ASC-yə məxsusdur. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 12-ci mikrorayon 8A saylı evin 27 saylı mənzilində pasport qeydiyyatındadırlar. Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5460/2019 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Məmmədov) iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia təmin edilib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 12-ci mikrorayon 8A saylı evin 27 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8A saylı evin 27 saylı mənzildə qeydiyyatda qalması bankın mülkiyyətçi olaraq hüquqlarının məhdudlaşmasına səbəb olur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.4, 385.1, 442, 448.1, 572.1-ci maddələri və MPM-nin 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5460/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddanın təmin olunmamasını xahiş etmişdir. Şikayətin dəlilləri: Ona məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon 8A saylı evin 27 saylı mənzilinin satılması barədə hərracın nəticələrinə dair protokol onun tərəfindən mübahisə doğurduğundan hazırki işə mahiyyəti üzrə baxıla bilməzdi. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, "xxxx" KB ASC və Ələkbərov Roman Qulamrza oğlu və X12 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 22/11 SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011-ci il tarixli, 22Ə/11SU saylı əlavə kredit müqaviləsi Sumqayıt şəhəri, 12-ci mikrorayon 8A saylı evin 27 saylı mənzili borclunun öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Borc ödənilmədiyindən bank məhkəməyə müraciət etmiş, kredit borcu ipoteka predmeti olan əmlaka yönəldilmiş və banka olan kredit borclarının ödənilməsi müəyyən edilmişdir. Sözügedən mənzil hərracın yekunlarına dair çıxarışa əsasən bankın mülkiyyətinə keçmiş, bankın adına müvafiq çıxarış alınmışdır. Bank mülkiyyət hüququnun təmin edilməsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət edib, evin boşaldılmasını və orada qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 12-ci mikrorayon 8A saylı evin 27 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(060)-236/2019 nömrəli qətnaməsi ilə iddiaçı Ələkbərov Roman Qulamrza oğlunun cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və Əmlak İxtisaslaşdırılmış Hərac Mərkəzi MMC-yə qarşı hərracın protokolunun ləğv edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(105)-1468/2020 nömrəli qətnaməsi ilə iddiaçı Ələkbərov Roman Qulamrza oğlu və qətnamə ilə maraqlarına toxunan şəxs Cavabdeh2 verdiyi apellyasiya şikayətlərinin təmin edilməməsi və Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(060)- 236/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(102)-5402/2021 nömrəli qərarı ilə iddiaçı Ələkbərov Roman Qulamrza oğlunun kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(105)-1468/2020 nömrəli qətnaməsinin ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2022-ci il tarixli, 2(105)-390/2022 nömrəli qətnaməsi ilə iddiaçı Ələkbərov Roman Qulamrza oğlu və qətnamə ilə maraqlarına toxunan şəxs Cavabdeh2 verdiyi apellyasiya şikayətlərinin təmin edilməməsi və Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(060)- 236/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5460/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar