Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-29/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Nügeddin oğluna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1, X4 və X5 cəlb edilməklə) zəbt olunmuş torpaq sahəsinin buraxılması və özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması və özbaşına inşa edilmiş tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X9 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X8, Cavabdeh Nügeddin oğlu və nümayəndəsi və vəkili Vəkil Alekandr oğlunun iştirakı ilə Qusar Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(029)-108/2020 nömrəli qətnaməsindən İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil Alekandr oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları KOD 30119018 JN-450 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qusar rayonu Piral kəndində yerləşən 2,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və onun ailə üzvlərinin adlarına qeydiyyata alınmışdır. KOD 30119018 JN-765F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qusar rayonu Piral kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Nügeddin oğlunun adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 16 mart 2020-ci il tarixli C-32 saylı mütəxəssis rəyinə əsasən İddiaçı və ailə üzvlərinin adlarına verilmiş KOD 30119018 JN-450 saylı 05 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən, Qusar rayonu, Piral kəndində yerləşən 2,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Nügeddin oğlu tərəfindən istifadə olunur və istifadə olunan hissə qərb tərəfdən 0,08 hektardır. İddiaçı və ailə üzvlərinin adlarına verilmiş KOD 30119018 JN-450 saylı 05 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən, Qusar rayonu Piral kəndində yerləşən 2,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qaraj inşa olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 12 may 2020-ci il tarixli 10/706 saylı ekspert rəyinə əsasən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən İddiaçı və ailə üzvlərinin adlarına verilmiş KOD 30119018 JN-450 saylı 05 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən, Qusar rayonu Piral kəndində yerləşən 2,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Nügeddin oğlu tərəfindən istifadə olunur və istifadə olunan hissə qərb tərəfdən 0,08 hektardır. Həmin mütəxəssis rəyinə əsasən İddiaçı və ailə üzvlərinin adlarına verilmiş KOD 30119018 JN-450 saylı 05 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən, Qusar rayonu Piral kəndində yerləşən 2,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qaraj inşa olunmuşdur. Birinci instansiya məhkəməsində icraat Səfərbəyov X2 Ruslan Nügeddin oğluna qarşı zəbt olunmuş torpaq sahəsinin buraxılması və özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Nügeddin oğlu tərəfindən qeyri-qanuni şəkildə tutulmuş, xüsusi mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə məxsus olan Qusar rayonu Piral kəndində yerləşən 2,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən buraxılması, torpaq sahəsinin onun və ailə üzvlərinin qanuni sahibliyinə və istifadəsinə qaytarılması, Cavabdeh Nügeddin oğlu tərəfindən inşa edilmiş evin və digər tikililərin həmin şəxsin özünün hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Piral kəndində yerləşən 2,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə məxsusdur. Onların mülkiyyət hüquqları müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla KOD 30119018 JN:450 saylı 05 oktyabr 1998-ci il tarixli dövlət aktı ilə rəsmiləşdirilmişdir. Cavabdeh Nügeddin oğlu xeyli müddətdir ki, ona və ailə üzvlərinə məxsus həmin torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq tutmuş və orada fərdi yaşayış evi, həmçinin digər tikililər inşa etdirmişdir. Nəticədə isə o və ailə üzvləri həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edə, orada hər hansı kənd təsərrüfatı məhsulları əkib-becərə və gəlir əldə edə bilmirlər. Bu barədə o, dəfələrlə cavabdehə bildirsə də, ondan torpaq sahəsini buraxmasını və tikililəri sökməsini tələb etsə də, o bundan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göründüyü kimi, Cavabdeh onun və ailə üzvlərinin həmin torpaq sahəsinə dair qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını pozmuş və hazırda mübahisəli torpaq sahəsi onun qanunsuz sahibliyində və istifadəsindədir. Ona görə də, hesab edir ki, onun və ailə üzvlərinin pozulmuş hüquqları bərpa edilməli, cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi həmin şəxsin qanunsuz sahibliyindən onun və ailə üzvlərinin qanuni sahibliyinə qaytarılmalıdır. Həmçinin, cavabdeh tərəfindən qanunsuz olaraq həmin torpaq sahəsində inşa etdirdiyi ev və digər tikililər onun öz hesabına sökülməlidir. Qusar Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(029)-108/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı və onun ailə üzvlərinə məxsus olan, Qusar rayonu Piral kəndində yerləşən 2,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərb tərəfdən 0,08 hektar hissəsi Cavabdeh Nügeddin oğlu tərəfindən buraxılması və həmin torpaq sahəsinin İddiaçı və onun ailə üzvlərinin qanuni sahibliyinə və istifadəsinə qaytarılması, Cavabdeh Nügeddin oğlu tərəfindən İddiaçı və onun ailə üzvlərinə məxsus olan, Qusar rayonu Piral kəndində yerləşən 2,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərb tərəfdən 0,08 hektar hissəsində inşa edilmiş qarajın Cavabdeh öz hesabına sökülməsi, qalan hissədə iddianın rədd edilməsi, iş üzrə 91,92 (doxsan bir manat doxsan iki qəpik) manat məbləğində məhkəmə xərclərinin İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına keçirilməsi, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərclərinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. (hakim Adil Vəliyev) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 2,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,08 hektar hissəsinə qanunsuz sahiblik etməklə və ondan istifadə etməklə iddiaçının və onun ailə üzvlərinin həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına əsassız müdaxilə etməklə həmin şəxslərin mülkiyyət hüquqlarını pozmuşdur. Bundan başqa, Cavabdeh tikinti məqsədləri üçün nəzərdə tutulmayan kənd təsərrüfatı təyinatlı həmin torpaq sahəsində özbaşına qaraj inşa etdirmişdir ki, bu da öz növbəsində iddiaçının və ailə üzvlərinin həmin hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 180.1, 180.4-cü maddələri, Torpaq Məcəlləsinin 111-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 117.1 və 118.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 2(029)-108/2020 nömrəli 09 iyul 2020-cı il tarixli qətnaməsinin iddia tələbinin rədd olunduğu hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddia ərizəsində iddiaçıya və onun ailə üzvlərinə məxsus zəbt olunmuş torpaq sahəsində özbaşına inşa olunmuş bütün tikililərin, o cümlədən fərdi yaşayış evinin sökülməsi tələb olunur. Məhkəmə onun vəsatəti əsasında məhkəmə-torpaqşünaslıq ekspertizası təyin etmiş və işdə olan 12 may 2020-ci il tarixli ekspertiza rəyindən də görünür ki, ekspert qarşısında qoyulmuş 2 əsas sualdan biri ona məxsus zəbt olunmuş torpaq sahəsində digər tikililərlə yanaşı həm də «fərdi yaşayış evinin» inşa olunub-olunmamasıdır. Ekspert rəyinin nəticə hissəsində isə zəbt olunmuş torpaq sahəsində qaraj inşa olunduğu qeyd edilsə də, fərdi yaşayış evinin mübahisəli torpaq sahəsində inşa edilib edilməməsi məsələsinə ümumiyyətlə toxunulmamış, başqa sözlə həmin məsələ cavabsız qoyulmuşdur. Məhkəmə isə öz növbəsində bu natamamlığa lazımi hüquqi qiymət verməmişdir. Konkret halda işdə iştirak edən şəxslərin vəsatəti olmamışsa belə, məhkəmə cavabdeh tərəfindən özbaşına inşa olunmuş fərdi yaşayış evinin zəbt olunmuş torpaq sahəsində yerləşib-yerləşməməsi məsələsinə tam aydınlıq gətirməli idi. Cavabdeh Nügeddin oğlunun nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(029)-108/2020 nömrəli qətnaməsinin ləğv edilib İddiaçı Cavabdeh Nügeddin oğluna və qeyrilərinə qarşı zəbt olunmuş torpaq sahəsinin buraxılması və özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddiasının rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Qusar rayon məhkəməsinin 09 iyul 2020-ci il tarixli qətnaməsi iş üzrə mübahisəli torpaq sahəsinin elektron xəritə koordinatlarının müəyyən edilməsi ilə bağlı məhkəmətorpaqşünaslıq ekspertizasının birtərəfli qaydada yalnız iddiaçıya məxsus torpaq sahəsinə dair sənədlərdə göstərilən koordinatların tədqiq edilməsi ilə aparılmasına dair işin hallarına hüquqi qiymət verilmədən qəbul edildiyindən və cavabdehin torpaq sahəsinə dair sənədlərdə göstərilən koordinatların da tədqiq edilməsi ilə ekspertiza rəyinin alınması üçün prosessual qanunvericiliklə nəzərdə tutulan hərəkətlər edilmədən (əlavə və ya təkrar ekspertiza təyin edilmədən) iş üzrə yekun qərar maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Ekspertiza rəyi yalnız İddiaçı Hürmət oğlunun və ailə üzvlərinin adlarına verilmiş KOD 30119018 JN-450 saylı 05 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 2,56 hektar torpaq sahəsinin koordinatları tədqiq edilməklə tərtib olunmuş və bu zaman Cavabdeh Nügeddin oğlunun adına olan 0,20 ha torpaq sahəsinə dair JN-765L Kod 30119018 saylı «torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə»-də göstərilən torpaq sahəsinin koordinatları ilə müqayisəli tədqiqat aparılmamışdır. DƏDRX-in 5 saylı Xaçmaz Əİ-nin xx.xx.2019-cu il tarixli №**********17 saylı məktubunda Cavabdeh Nügeddin oğlunun adına olan JN-765L Kod 30119018 saylı «torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə»-nin ləğv edilmiş DT və XK-i tərəfindən 5 saylı Xaçmaz Əİ-nə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçdiyi təsdiq edilmişdir. Bundan başqa ekspertiza tədqiqi zamanı İddiaçı Hürmət oğlunun və ailə üzvlərinin faktiki istifadələrində KOD 30119018 JN-450 saylı 05 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 2,56 hektar torpaq sahəsindən artıq torpaq sahəsinin mövcud olub-olmaması və faktiki istifadə etdikləri torpaq sahəsinin ölçüləri müvafiq ölçmə aparılmaqla müəyyənləşdirilməmişdir. İş üzrə əlavə məhkəmətorpaqşünaslıq ekspertizasının təyin olunmaqla ekspertiza tədqiqatının mübahisə tərəflərinin hər ikisinin torpaq sahəsinə dair mülkiyyət sənədlərində göstərilən koordinatların tədqiq olunması ilə keçirilməsini xahiş etmişdir. Lakin məhkəmə cavabdehin torpaq sahəsinə mülkiyyət hüququna dair sənədlərdəki koordinatların tədqiq olunmadan yalnız iddiaçıya məxsus sənəddəki koordinatlara istinad etməklə verilən ekspertiza rəyinə istinad etməklə qətnamə qəbul etmiş, bununla da işin hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir. Bundan başqa məhkəmə qətnamənin təsviri hissəsində Cavabdeh Nügeddin oğlu iddianı qəbul etməməsi və izahatında Qusar rayonu Piral kəndində onun mülkiyyətində 0,20 hektar torpaq sahəsinin onun üçün iddiaçının özü tərəfindən satın alınmasına və şəhadətnamənin də iddiaçı tərəfindən alınmasına, əvvəllər iddiaçı ilə münasibətlərinin yaxşı olmasına, evin və qarajın ona məxsus torpaq sahəsində tapşırığına əsasən özünün vəsaiti hesabına iddiaçı tərəfindən inşa edilməsinə və buna görə iddiaçıya xeyli miqdarda pul verməsinə, evinin və qarajının mülkiyyətində olan 0,20 hektar torpaq sahəsində yerləşməsinə və uzun illər ərzində iddiaçının heç vaxt həmin tikililərlə bağlı ona irad bildirməməsinə, əksinə həmin evə və orada olan təsərrüfata iddiaçı baxmış, bunun müqabilində iddiaçıya pul verməsinə, iddiaçının hazırkı tələbi sonradan onu evinə və təsərrüfatına baxmaqdan uzaqlaşdırdığına görə irəli sürməsi ilə bağlı göstərdiklərinin iddiaçı tərəfindən təkzib olunmamasını qeyd etsə də işin bu halına son nəticədə hüquqi qiymət verməmiş, mübahisəli qarajın tikintisinin iddiaçının özü tərəfindən aparılmaqla təsdiq olunacağı halda belə mülki hüquq pozuntusunun (deliktin) iddiaçının özü tərəfindən törədilməsinə hüquqi əhəmiyyət verilməmişdir. Apellyasiya şikayətlərinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı, nümayəndəsi və vəkili X8 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdeh tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Nügeddin oğlu və nümayəndəsi və vəkili Vəkil Alekandr oğlu apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər X1, X4 və X5 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. ... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhаdətnаmə dövlət torpaq kаdаstrındа və dövlət torpaq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqlаrı təsbit edən müvafiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dair dövlət аktı, torpаqdаn dаimi istifadə hüququnа dair dövlət аktı, torpаqdаn müvəqqəti istifadə hüququnа dair şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dair şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlar müvafiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpaq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqların müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı qətnamənin iddia tələbinin rədd olunduğu hissədə ləğv edilməsi və iddia tələbbinin tam təmin edilməsini xahiş etsə də, cavabdehin nümayəndəsi və vəkili Qusar Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(029)-108/2020 nömrəli qətnaməsinin ləğv edilib iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(029)- 108/2020 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, KOD 30119018 JN- 450 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qusar rayonu Piral kəndində yerləşən 2,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin bir hissəsində iş üzrə Cavabdeh Nügeddin oğlu tərəfindən qaraj inşa edilmişdir. Onun torpaq sahəsində inşa etdiyi tikili üzərində hər hansı hüququ qeydiyyata alınmamış, özbaşına tikilidir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi səbəbindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qusar rayonu Piral kəndində yerləşən 2,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh Nügeddin oğlu tərəfindən istifadə olunması və istifadə olunan hissənin qərb tərəfdən 0,08 ha olması, İddiaçı və ailə üzvlərinin adlarına verilmiş KOD 30119018 JN-450 saylı 05 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən, Qusar rayonu Piral kəndində yerləşən 2,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qarajın inşa olunması iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Beləliklə iddiaçının iddiası qismən təmin edilmiş, narazı qalan tərəflər qətnamədən apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir. İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Orada tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya baxışı zamanı iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 21 iyun 2021-ci il tarixli 10/2598 saylı ekspert rəyinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə- Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsi KOD 30119018 JN-450 saylı 05 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə onlara ayrılmış 2,56 ha torpaq sahəsi ilə eynilik təşkil etmir. JN- 765F KOD 30119018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh Nurəddin oğlunun mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinin cizgi və koordinatları elektron baza məlumatlarında qeydə alınmadığından bu sualın cavablandırılması mümkün olmamışdır. JN-765F, KOD 30119018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş DT və XK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmişdir. Apellyasiya baxışı zamanı iş üzrə digər məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli 10/7802 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi KOD 30119018 JN-450 saylı, 05 oktyabr 1998-ci il torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə onlara ayrılmış 2,56 ha torpaq sahəsi 4 hissədə 0,6508 ha, 0.2095 ha, 0.2921 ha və 1.378 ha olmaqla cəmi 2,5304 ha təşkil edir (elektron məlumat bazasında torpaq sahəsində 0,03 ha azalma mövcuddur). Cavabdeh Nügeddin oğluna məxsus Qusar rayonu, Piral kəndində inşa olunmuş fərdi yaşayış evinin İddiaçı və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsi KOD 30119018 JN- 450 saylı, 05 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə onlara ayrılmış 2,56 ha torpaq sahəsinin hüdudları daxilində deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Yuxarıda qeyd olunduğu kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsi, cavabdehin istifadəsində olan torpaq sahəsi ilə qonşuluqda yerləşir. Mülki işdə olan mütəxəssis və ekspert rəylərindən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən inşa edilmiş qaraj Qusar rayonu, Piral kəndində yerləşən iddiaçıya məxsus torpaq sahəsinin daxilində yerləşir. Digər tərəfdən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin qərb tərəfdən 0,08 hektar hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi müəyyən olunmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində baş verən qanunsuz müdaxilələrin aradan qaldırılmasına və zəbt olunmuş torpağını cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən alınaraq geri qaytarılımasına dair tələblərini irəli sürmək hüququna malikdir. Məhkəmə kollegiyası əvvəla İddiaçı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, hesab edir ki, ekspert rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsində cavabdehə məxsus qarajdan başqa tikilinin (fərdi yaşayış evinin) olması müəyyən olunmadığından, iddiaçının apellyasiya şikayəti təmin oluna bilməz. Digər tərəfdən məhkəmə kollegiyası Cavabdeh Nügeddin oğlunun apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçıya məxsus torpağın 0,8 ha hissəsi cavabdehin qanunsuz sahibliyində olması ekspert rəyi ilə öz təsdiqini tapdığından, qarajın cavadehə məxsus olması işin mübahisəsiz halı olduğundan, həmin tikilinin kimin tapşırığı ilə və hansı qaydada inşa edilməsinin araşdırması barədə heç bir sübuta əsaslanmadan irəli sürülən arqumentlər mülkiyyətçinin hazırkı iddiası baxımından əhəmiyyətli deyildir; Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış prinsipə əsasən isə, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza xərcinin dəyəri 100 manat tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(029)-108/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatların dəyəri olan 100 (bir yüz) manat İddiaçı və Cavabdeh Nügeddin oğlundan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-29/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-29/2023
08.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver