Məhkəmə qərarları › İş №2(105)-2901/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2901/2021

01.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2901/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X11 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh1 nümayəndəsi: X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsi üzrə çıxarışın, bağışlama müqaviləsinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi A.K.Əsgərov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1895 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha (600 kv.m) torpaq sahəsi üzrə Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının adına qeydiyyata alınmış 06.09.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, həmin çıxarış əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.09.2016-cı il tarixli, 4Ə-289 reyestr nömrəli bağışlanma müqaviləsi və Cavabdeh1 adına rəsmiləşdirilmiş 16.09.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsi üzrə çıxarışın, bağışlama müqaviləsinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1895 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha (600 kv.m) torpaq sahəsi üzrə Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının adına rəsmiləşdirilmiş № 0264149, 06.09.2011-ci il tarixli çıxarışın, həmin çıxarış əsasında Cavabdeh1 adına rəsmiləşdirilmiş bağışlanma müqaviləsinin və Cavabdeh1 adına rəsmiləşdirilmiş 16.09.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2011-ci il tarixli, 2MK-282/2007 saylı qərardadı ilə onun ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasısının 17 aprel 2007-ci il tarixli, 1MK-282/2007 saylı qərardadı icraya yönəldilməsi, işdə iştirak edən şəxslərin 15 aprel 2007-ci il tarixdə bağladıqları barışıq sazişinə uyğun olaraq, həmin qərardad üzrə Sumqayıt şəhəri, Novxanı bağlar ərazisində yerləşən ümumi sahəsi 2400 kv.metr olan bağ sahəsi, 1200 kv.metri iddiaçı X7, 200 kv.metri X1, 400 kv.metri onun, 600 kv.metri cavabdeh X5 icarələrinə verilməklə və B-1895 nömrəli 1200 kv.metr bağ sahəsinin bütövlükdə iddiaçı X7 icarəsində saxlanılmaqla bölünmüşdür. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 21 iyun 2017-ci il tarixli qərardadı ilə onun iddia etdiyi torpaq sahəsinin X3 tərəfindən çıxarışa əsasən özəlləşdirildiyi müəyyən edildiyi üçün icra sənədi icra edilmədən məhkəməyə qaytarılmışdır. O, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2011-ci il tarixli, 2MK282/2007 saylı icra sənədinin məhkəməyə qaytarılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 21 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Onun ərizəsi təmin edilmiş, iş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 17 aprel 2007-ci il tarixli, 1MK-282/2007 saylı qərardadı icraya yönəldilməsi, işdə iştirak edən şəxslərin 15 aprel 2007-ci il tarixdə bağladıqları barışıq sazişinə uyğun olaraq, həmin qərardad üzrə Sumqayıt şəhəri, Novxanı bağlar ərazisində yerləşən ümumi sahəsi 2400 kv.metr olan bağ sahəsi, 1200 kv.metri iddiaçı X7, 200 kv.metri X1, 400 kv.metri onun, 600 kv.metri cavabdeh X5 icarələrinə verilməklə və B-1895 nömrəli 1200 kv.metr bağ sahəsinin bütövlükdə iddiaçı X7 icarəsində saxlanılmaqla bölünməsinə dair qərar qəbul edilmişdir. Sözügedən məhkəmə aktının icrası 11.12.2020-ci il tarixində Sumqayıt şəhər icra və Probasiya Şöbəsində aparılarkən müəyyən edilmişdir ki, Cavabdeh2 qanunsuz olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin iş № 2(102)-6408/2019 saylı, 25.10.2019-cu il tarixli qərarını heçə sayaraq, Novxanı bağları ərazisində yerləşən, faktiki sahəsi 600 kv.m olan bağ torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş dövlət reyestrindən çıxarışı əsasında qanunsuz olaraq dayısı X7 qızı, Cavabdeh1 adına sözügedən torpaq sahəsini özgəninkiləşdirmiş və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına 16.09.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış bağışlama və mübahisəli torpaq sahəsinin yeni mülkiyyətçisi (digər cavabdeh) Cavabdeh1 adına rəsmiləşdirilmiş 16.09.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış qanunsuz hesab edilərək etibarsız edilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 nümayəndəsi A.K.Əsgərov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı halda, bələdiyyə mülkiyyətində olmuş və müvafiq bələdiyyə qərarı əsasında Cavabdeh2 (keçmiş Əmirşahova) mülkiyyətinə verilmiş bağ torpaq sahəsinə dair tərtib olunmuş hüquq müəyyənedici sənədləri mübahisələndirmişdir. Halbuki, iddiaçının iddia ərizəsində istinad etdiyi nə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1MK-282/2007 saylı, 17 aprel 2007-ci il tarixli qərardadı, nə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6408/2009 saylı, 25 oktyabr 2019-cu il tarixli qərarı mübahisələndirilən torpaq sahəsi üzərində hüququnu yaratmamışdır. Belə ki, həmin mülki iş iddiaçılar X7 və X1 cavabdehlər X8 və İddiaçı qarşı 2005-ci ilin ortalarında məhkəməyə verdikləri “bağ sahəsindən çıxarılma barədə” iddia ərizəsindən görünür ki, mübahisələndirilən torpaq sahəsinin ölçüsü ümumilikdə 3600 kvadrat metr təşkil etmiş, həmin bağ sahəinin 2400 kvadrat metrindən 1200 kvadrat metri məhkəmənin adı çəkilən qərardadı ilə X7, 200 kvadrat metri X1, 600 kvadrat metri cavabdehlərdən X6, 400 kvadrat metri isə İddiaçı icarəsinə verilmiş, sahəsi 1200 kvadrat metr olan B-1895 saylı bağ sahəsi isə bütövlükdə onun icarəsində saxlanılmışdır. Halbuki, iddiaçının və anası X6 istifadələrində olan torpaq sahələrini məhkəmədən gizlədərək Sumqayıt şəhər Bələdiyyəsində başqa şəxsin adına sənədləşdirməklə hələ 2006-cı ildə bu torpağın bir hissəsinə faktiki yiyələnmişdir. Belə ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1MK-282/2007 saylı, 17 aprel 2007-ci il tarixli qərardadı ilə bölünməsi müəyyən edilmiş və iddiaçılar X7 və P.İ.Əmirşahovanın cavabdehlər S.İddiaçıovaya və İddiaçı qarşı 2005-ci ilin ortalarında məhkəməyə verdikləri “bağ sahəsindən çıxarılma barədə” iddia ərizəsi əsasında bağ torpaq sahəsinin mübahisələndirdikləri 1895 saylı bağ sahəsinin 1000 kvadrat metri Sumqayıt şəhər Bələdiyyəsinin 25 iyul 2006-cı il tarixli, 27 saylı qərarı ilə M.Ə.Cavadovanın mülkiyyətinə verilmişdir. Həmin bağ sahəsinin sənədləşməsi M.Ə.Cavadovanın adından etibarnamə əsasında çıxış edən iddiaçı tərəfindən aparılmışdır. Adı çəkilən bağ sahəsinin ölçüsü məhkəmə qərardadı ilə iddiaçının özünün və anası X6 icarəsinə verilmiş bağ sahəsinin ümumi ölçüsü ilə eynilik təşkil etdiyini nəzərə alsaq aydın olur ki, İddiaçı özünə düşən torpaq sahəsini başqa şəxsin adına sənədləşdirməklə məhkəməni aldatmağa çalışmışdır. Hal-hazırda da, əlavə olaraq bələdiyyə qərarı ilə X1 mülkiyyətinə verilmiş və sonradan onun tərəfindən Cavabdeh1 satılmış bağ hissəsinə iddia etməkdədir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi bağ torpaq sahəsi üzərində hər hansı hüququ mövcud deyildir. Odur ki, onun subyektiv hüququ mövcud deyildir. Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(060)-1963/2021 saylı qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi A.K.Əsgərov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2, maraqlı tərəflər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 2 saylı Sumqayıt Ərazi İdarəsinin və Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, cavabdehlər tərəfindən iddiçıya məxsus olan torpağın qanunsuz satılmasına və bağışlanmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi A.K.Əsgərovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRXnin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş **********04 nömrəli, 16.01.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçıin müraciətinə cavab olaraq bildirilmişdir ki, Novxanı bağları ərazisində yerləşən, faktiki sahəsi 600 kv.m olan bağ torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğvinə göstəriş verilməsinə dair 16.12.2019cu il tarixli ərizəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmış, bununla əlaqədar olaraq bildirilmişdir ki, müraciətdə sözügedən Novxanı bağları ərazisində yerləşən, faktiki sahəsi 600 kv.m olan bağ torpaq sahəsi P.İ.Vəliyevə tərəfindən özgəninkiləşdirilmiş və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən Cavabdeh1 adına 16.09.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Buna görə də müraciətin icrasını təmin etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş **********67 nömrəli, 05.05.2021-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, 16.09.2016-cı il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmış torpaq sahəsinin hüquqi rejiminə dair məlumatın verilməsi barədə məhkəmənin məktubuna DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmış, bununla əlaqədar bildirilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1895 ünvanda yerləşən torpaq sahəsi ünvan 3 bağ torpaq sahəsinin ayrılması barədə qərarı, Sumqayıt şəhər Məhkəməsinin 29.03.2011-ci il tarixli, 2(060)- 1550/11 nömrəli “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair” qətnaməsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmış və 06.09.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 08.09.2016-cı il tarixli, 4Ə-389 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmış və 16.09.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1550/2011 saylı, 29.03.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, ünvan 3 qərarı ilə X1 mülkiyyətinə verilmiş «Novxanı» bağlan ərazisində yerləşən, faktiki sahəsi 600 kvadrat metr olan bağ torpaq sahəsinə dair X4 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin 2005-ci ildən bağlanmış hesab olunması, həmin bağ torpaq sahəsi üzərində Cavabdeh2 (Əmirşahova) mülkiyyət hüququnun tanınması, qətnamənin 1895 saylı bağ torpaq sahəsi üzərində Cavabdeh2 (Əmirşahova) mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin, o cümlədən torpaq sahəsinin plan və ölçüsünün və hüquqların dövlət qeydiyyatı barədə çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6408/2019 saylı, 22.10.2019-cu il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 16 may 2019-cu il tarixli, 2(105)-48/19 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı Cavabdeh2 (Əmirşahova) cavabdeh Sumqayıt şəhər bələdiyyəsinə qarşı ünvan 3 qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri “Novxanı” bağları ərazisində yerləşən 400 kv.metr bağ torpaq sahəsinə dair onunla Sumqayıt şəhər bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin 2005-ci ildən bağlanmış hesab olunması, həmin bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və çıxarılacaq məhkəmə aktının həmin bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin, o cümlədən torpaq sahəsinin plan və ölçüsünün və hüquqların dövlət qeydiyyatı barədə çıxarışın verilməsi üçün əsas olması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiaçının belə bir iddia tələbi ilə müraciət etməsinin subyektiv hüququnun olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsinin mülkiyyətə verilməsinə əsas olmuş məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə ləğv edildiyindən, iddia tələbi təmin edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1895 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha (600 kv.m) torpaq sahəsi üzrə Cavabdeh2 (Əmirşahova) adına qeydiyyata alınmış 06.09.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, həmin çıxarış əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.09.2016-cı il tarixli, 4Ə-289 reyestr nömrəli bağışlanma müqaviləsi və Cavabdeh1 adına rəsmiləşdirilmiş 16.09.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 26 may 2021-ci il tarixli 2(060)-1963/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar