Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2907/2020 02.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi: X3, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddianın təmin edilməsi, İddiaçı azyaşlı övladları xx xxxx 2017-ci il təvəllüdlü X2 və xx xxxxxx 2019-cu il təvəllüdlü X1 ilə birlikdə Abşeron rayonu, ST ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, azyaşlı övladları xx xxxx 2017-ci il təvəllüdlü X2 və xx xxxxxx 2019-cu il təvəllüdlü X1 ilə birlikdə Abşeron rayonu, ST ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx xxxx 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları olmuşdur. 2016-cı ildən 2019-cu ilə kimi ailəliklə Sumqayıt şəhəri, Tuqzavod qəsəbəsi, Dəmiryolətraflı fərdi evində yaşamışlar. Ona məxsus cehiz əşyaları həmin evdə olmuşdur. Sonradan Abşeron rayonu, ST ünvan 1 verildiyindən gəlin gəldiyi fərdi evi tərk edərək cehiz əşyaları ilə birlikdə qeyd olunan ünvanda yaşamağa davam etmişlər. Cavabdeh ona həmin mənzildə yaşamağa imkan vermir, lakin onun yaşamağa başqa yeri yoxdur və cavabdeh dəfələrlə ondan mənzili tərk etməyi tələb etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Qubadlı rayonundan məcburi köçkün olmuşdur, o isə yerli sakin olduğundan ona məcburi köçkün kimi ayrıca evin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 65 saylı qərarının 2.2-ci maddəsinin tələblərinə ziddir və qanunsuzdur. O, gəlin köçərkən Sumqayıt şəhəri, Tuqzavod qəsəbəsi Dəmiryol ətrafı fərdi evə köçmüş, gəlinlik cehizini və digər əşyalarını həmin evə gətirmişdir. Sonradan cavabdeh ona köçkünlər üçün inşa edilmiş Abşeron rayonu st.Sumqayıt ünvanında yerləşən 10 saylı evin 24-cü mənzilinə köçürmək adı ilə fərdi evdən çıxararaq onu həmin mənzilə yerləşdirmədən bayıra atmışdır. Hazırda onun əmlaklarının hamısı Tuqzavoddakı mənzilində qalmışdır. Cavabdehin mənzil planı ona indi aydın olmuşdur. Cavabdeh ondan istifadə edərək köçkün kimi özünə mənzil alan kimi, onu yaşadığı fərdi evdən çıxarıb həmin evi satmışdır. Birinci instansiya məhkəməsi onu səhvən Tuqzavoddakı mənzilə köçürmək əvəzinə Abşeron rayonu, St ünvan 1-ə köçürmüşdür. Qubadlı Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(028)-305/2020 saylı qətnaməsinin ləğv edilməsi və onun Sumqayıt şəhəri, Tuqzavod qəsəbəsi, Dəmiryolu ətrafındakı fərdi evə köçürülməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi H.Ə.Əsədov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçının azyaşlı uşaqları ilə evə buraxılmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 2 saylı Abşeron rayon Mənzil-Kommunal İstismar sahəsi tərəfindən İddiaçı verilmiş xx xxxx 2020-ci il tarixli 2511 saylı arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, ST ünvan 3 ünvanında müvəqqəti qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri-qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırkı işdə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşdə olan iddia ərizəsindən görünür ki, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, onu iki azyaşlı uşaqları ilə birlikdə ST Sumqayıtda yerləşən bina 10, mənzil 24-ə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsi tərəfindən onun səhvən başqa ünvana köçürülməsi barədə dəlili qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(028)-305/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2907/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2907/2020
02.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver