Məhkəmə qərarları › İş №2(105)-2907/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2907/2021

06.09.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2907/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Qusar Rayon Məhkəməsinin 10 mart 2006-cı il tarixli, 2-1099a/2006 saylı qətnaməsindən maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin rəisi E.Hacıyevin verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 10 mart 2006-cı il tarixli, 2-1099a/2006 saylı qətnaməsi ilə (hakim T.Ə.Məmmədov) İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi barədə iddia təmin edilib, İddiaçı mardi oğlu və Cavabdeh arsında Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,36 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə etibarlı hesab edilmiş və Cavabdeh məxsus torpağa mülkiyyət hüququna dair Dövlət aktı ləğv edilmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin rəisi E.Hacıyev apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 10 mart 2006-cı il tarixli, 2-1099a/2006 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-1099a/2006 saylı qərardadı ilə maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin rəisi E.Hacıyevin Qusar Rayon Məhkəməsinin 10 mart 2006-cı il tarixli, 2-1099a/2006 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh apelyasiya şikayəti əsasında Sumqayıt Apelyasiya Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 12 dekabr 2007-ci il tarixli, 2MK-400/2007 saylı qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 10 mart 2006-cı il tarixli, 2-1099a/2006 saylı qətnaməsinin qanuni və əsaslığı yoxlanılmış və iddia tələbinə ümumilikdə hüquqi münasibət bildirilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 12 dekabr 2007-ci il tarixli, 2MK-400/2007 saylı qətnaməsi qanuni qüvvəsini almış və hazırda qüvvədə olmaqla hüquqi nəticələr doğurmaqdadır. Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərdadında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə qərarlarının stabilliyi prinsipinə riayət edilməsinə xüsusi önəm verərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 12 aprel tarixli Qərarında da göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MPM-in 403.2-ci maddəsinin şərh edilməsinə dair 2020-ci il 24 iyul tarixli Qərarında da qeyd edilmişdir ki, MPM-in mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarı). Qərarda Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Avropa Konvensiyası) 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apelyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı). Eyni zamanda qeyd etmişdir ki, apelyasiya icraatında bu təminatların tətbiq edilmə üsulu həmin proseslərin konkret xüsusiyyətlərindən asılıdır və bu zaman məhkəmə bütövlükdə dövlətdaxili hüquq sistemində həyata keçirilən proseslər, apelyasiya instansiyası məhkəməsinin hüquqi və praktiki funksiyaları, eləcə də tərəflərin səlahiyyətləri və onların maraqlarının hansı üsulla təmsil olunması və müdafiə edilməsini nəzərə almalıdır. Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna əsasən məhkəməyə müraciət etmək hüququ mütləq hüquq hesab edilmədiyindən məhdudlaşdırıla bilər. Lakin məhdudiyyətlər bu hüququn icrasını onun əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda məhdudlaşdırmamalıdır. Onlar qanuni məqsəd daşımalı və istifadə edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında müvafiq mütənasiblik olmalıdır (Qeren Fransaya qarşı və Omar Fransaya qarşı işləri üzrə qərarlar). Qeyd edilənlər baxımından məhkəmə kollegiysı belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş qətnamə ilə bağlı olduğundan, həmin şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi qətnamədən kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apelyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı). Apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə tərkibi xüsusi olaraq qeyd edir ki, apelyasiya şikayətinə baxılması yolverilməz hesab edilən şəxsin apelyasiya şikayəti vermədən kassasiya şikayəti vermək hüququna maneə kimi qiymətləndirilməməli və kassasiya şikayətinin icraata qəbulundan bu əsasla imtina edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 365-ci maddəsinə əsasən apelyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsinə mövcud apelyasiya şikayəti əsasında baxılması mümkün olmadığına görə apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365 və 366.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 10 mart 2006-cı il tarixli, 2-1099a/2006 saylı qətnaməsindən maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin rəisi E.Hacıyevin verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar