Məhkəmə qərarları › İş №2(105)-291/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-291/2022

07.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-291/2022 07.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1311/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Suqmayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1311/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, əmək müqaviləsinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X6 İstismarı İdarəsinin 17.03.2021-ci il tarixli əmri qanunsuz hesab edilərək ləğv edilmiş, İddiaçı ARDNŞ Cavabdeh İB X6 İstismarı İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə bərpa olunması və ona 17.03.2021-ci il tarixdən məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi qət edilmişdir.(hakim İ.Xəlilov) Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1311/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X6 İstismarı İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, qaz təsərrüfatında işləyir və ömrünün 16 ilini bu fəaliyyətət sərf etmişdir. 17.12.2014-cü il tarixdən ARDNŞ Cavabdeh İB X6 İstismarı İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. Son 1 ildə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə cəzalandırmışlar. X1 iclası keçirilmiş, 4 qadın və 1 sədr onun işdən çıxarılmağı haqqında qərar qəbil etmişlər. İşəgötürən tərəfindən ona əmək funksiyasına aid olmayan vəzifələrin icrası tapşırılmışdır və əsassız olaraq o, Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə cəzalandırılmışdır. İşəgötürən tərəfindən onun Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən çıxarılması əsaslandırılmamışdır. Onun işdən çıxarılması barədə əmr qanunsuz və əsassız olduğundan iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin qətnaməsi işin faktiki hallarına uyğun deyildir. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual normaları düzgün tətbiq etməmiş, onların sübutlarını düzgün qiymətləndirməmiş və mübahisə üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, İddiaçı Cavabdeh İB-nin X6 İstismarı İdarəsi ilə bağladığı 17 dekabr 2014-cii il tarixli, 62 saylı əmək müqaviləsinə əsasən Xaçmaz RQİİ-nin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində Qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.04.2016-cı il tarixli, 180 saylı Qərarı ilə “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilmiş, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrinə həvalə edilmişdir. Bu Qərar 01.06.2016-cı il tarixdən qüvvəyə minmişdir. Həmin Qərarla əlaqədar dəyişikliklər nəzərə alınmaqla Xaçmaz RQİİ-nin QAİT çilingərlərinin, o cümlədən İddiaçı əmək müqaviləsinə 62/03 saylı, 06.12. 2016-cı il tarixli əlavə tərtib edilərək imzalanmış və bir nüsxəsi işçilərə, o cümlədən İddiaçı verilmişdir. İddiaçı həmin əlavəni alması barədə sənədin birinci nüsxəsində öz əli ilə imza etmişdir. Buna görə də qətnamədə İddiaçı əmək müqaviləsinə 62/03 saylı, 06.12. 2016-cı il tarixli əlavənin almaması barədə arqumenti həqiqətə uyğun deyildir. Belə ki, həmin əlavənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş, lakin həmin sənədə məhkəmədə qiymət verilməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(067)-1311/2021 saylı qətnaməsində əlavənin 06.12.2016-cı il tarixdə imzalanmasına baxmayaraq, 01.06.2016-cı il tarixdən qüvvəyə minməsi barədə qeyd olması səbəbindən əlavəni ikitərəfli əqd kimi etibarsız hesab etmiş və bu uyğunsuzluğa istinad edərək İddiaçı iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. İddiaçı əmək müqaviləsi 17 mart 2021-ci il tarixdə yəni, onun əmək müqaviləsinə əlavənin verildiyindən beş il sonra ləğv edilmişdir. Bu beş il ərzində əmək müqaviləsinə 62/03 saylı, 06.12.2016-cı il tarixli əlavədə göstərilən əmək funksiyaları ona dəfələrlə xatırladılmış, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının vicdanla yerinə yetirmədiyinə görə dəfələrlə ona intizam tənbehi verilmişdir (18 dəfədən çox). Bundan əvvəl, 2019-cu ildə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi üçün tərtib edilmiş sənədlər müəssisənin Həmkarlar Təşkilatına göndərilmiş, lakin müəyyən səbəblərdən HT onun əmək müqaviləsinə 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsinə razılıq verməyərək barəsində alternativ intizam tənbehinin tətbiq edilməsini tövsiyə etmişdir. İddiaçı çoxsaylı izahatlarında əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirmədiyini etiraf etmişdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib sadalanan halların nəzərə alınmasını, qətnamənin ləğv edilərək, tələbin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətlə razılaşmadı və onun təmin olunmamasını xahiş etdi. Əlavə etdi ki, o, çilingər işləyir, abonentlərdən pul yığmaq onun əmək funksiyasına daxil deyildir. Onu ona görə cəzalandırırlar ki, əhalidən istifadə olunan qaz pulunu tələb edilən səviyyədə yığa bilmir, planı doldurmur. Onlara plan qoyurlar ki, get aylıq planı doldur. Artıq sərfiyyat yazmağa məcbur edirlər. O, 638 abonentə baxır, 3 uzaq kəndlərdir. Eləcə də, sayğacdan kənar qoşulmaları vaxtında aşkar etməmişdir. Halbuki, onun xidmət etdiyi ərazidə belə hallar çox olmamış, aşkar edən kimi dərhal rəhbərliyi məlumatlandırmışdır. Kiminsə qaz xəttinə sayğacdan kənar qoşulması onun günahi deyildir. Qaz sayğaclarının oxunması onlara həvalə edilmişdir. Onlar sayğac göstəricilərinin çıxarılmasını əl terminalı vasitəsilə işləyərək xidmətin rəhbərliyinə təqdim edirlər. Həmin terminallar isə idarədə çatışmır. Görülən işərin bir çoxunun onun əmək funksiyasına aidiyyatı yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan 17.12.2014-cü il tarixli, 62 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı həmin tarixdən ARDNŞ Cavabdeh İB X6 İstismarı İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. İş materiallarında olan 17.12.2014-cü il tarixdə bağlanmış 62 nömrəli əmək müqaviləsinə 06.12.2016-cı il tarixli, 62/03 saylı əlavədən görünür ki, işçinin əmək funksiyaları aşağıdakı kimi göstərilmişdir: Müəssisə daxili nizam-intizam qaydalarına əməl etmək, xidmət etdiyi ərazidə “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə"nin bağlanması məqsədi ilə müqavilənin istehlakçı tərəfindən imzalanmasını təmin edərək bir nüsxəsini istehlakçıda saxlamaqla digər nüsxəsinin işlədiyi xidmət sahəsinə təqdim edilməsi; bağlanmış müqavilələr əsasında əhali və qeyri-əhali istehlakçılarının təbii qazla təmin edilməsinə nəzarət edilməsi; qaz sızması aşkar edildikdə qaz cihazları və digər avadanlıqlarda təmir-bərpa işlərinin aparılması, sızmanın qarşısının alınması mümkün olmadıqda və ya ehtiyat hissələri olmadıqda plomb və tıxac vurulmaqla qaz verilməsinin dayandırılması, akt tərtib edilməklə abonentə xəbərdarlıq edilməsi və qaz istismarı sahəsinə rəsmi məlumat verilməsi, bütün əhali abonentlərin mənzillərindən ayda bir dəfə olaraq sayğac göstəricilərinin çıxarılmasını əl terminalı vasitəsilə işləyərək xidmət rəisinə təqdim edilməsi, smart tipli sayğaclara qazdan istifadə edən əhali abonentinə sayğacın göstərişlərinin qeydiyyatını aparmaq və nəzarət etmək: bildirişlərin vaxtlı-vaxtında əhali və qeyri-əhali abonentlərə təqdim edilməsi, istifadə olunmuş qazın dəyər məbləğinin yalnız poçt və ya bank vasitəsilə ödənilməsinin təmin edilməsi, müqaviləyə əsasən bildirişlərin təqdim edilməsindən bir ay ərzində qazın dəyərinin ödənilmədiyi təqdirdə abonentlərə verilən qaz təminatının akt əsasında dayandırılması: məişətdə sənayedə təbii qazdan iqtisadi cəhətdən səmərəli istifadə edilməsi, xidmət sahəsi üzrə qaz itkisinə yol verilməməsinə nəzarət edilməsi. Aşağıdakı hallarda xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsi: a) İdarənin rəsmi razılığı olmadan bütün əhali və qeyri-əhali abonentləri tərəfindən qaz cihazlarının, qaz xətlərinin yerinin dəyişdirilməsi, ləğv edilməsi və yeni qaz xəttinin çəkilməsi, qaz cihazlarının quraşdırılması kimi hallara yol verilməməsi, göstərilən faktların aşkar olunduğu təqdirdə: b) mənzillərdə quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi, sayğaclara və plomblara müdaxilə, sayğacların sökülməsi, sındırılması zamanı dərhal qaz təminatını dayandırdıqda; d) təbii qazdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə və ya rezin borularla qoşulma hallarına rast gələn zaman qaz verilməsini dayandırdıqda: e) xidmət etdiyi sahədə qaz sızması, zədələnmə halları və mühafizə zonasında müxtəlif pozuntular aşkar edildikdə: ə) Smart tipli sayğaclarda qazdan istifadə edən əhali abonentlərinin sayğaclarında hər hansı qüsur aşkar edildikdə. Bu əlavədə tərəflərin razılaşdırıldırdıqları dəyişikliklər və əlavələrin 01.06.2016-cı il tarixdən qüvvəyə mindiyi və əmək müqaviləsinin tərkib hissəsini təşkil etdiyi göstərilmişdir. Yenə iş materiallarında olan əsasnamələrdə və təlimatlarda dəyişikliklərin edilməsi barədə 30.11.2016-cı il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə qaydalarında dəyişikliklər edilməsi barədə 29.04.2016-cı il tarixli, 180 saylı qərarının 10-cu bəndinə əsasən məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrinə həvalə edilmişdir. Qeyd edilən dəyişikliklərdən sonra məişət qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış işlərinin aparılmasının 01.06.2016-cı il tarixdən etibarən "Azəriqaz” İB-nın səlahiyyətlərinə aid edilmədiyini nəzərə alaraq X6 istismarı idarəsinin iqtisadiyyat və uçot şöbəsinə 01 06.2016-cı il tarixdən təbii qazın qəbulu və satışı xidmətlərinin əsasnamə və vəzifə təlimatlarında müvafiq «dəyişikliklər edilməsini və xidmətin işçilərinə yeni vəzifə təlimatlarının verilməsinin təmin edilməsi, kadrlar şöbəsinə müvafiq işçilərin əmək müqaviləsinə dəyişiklik edilməsinin və elektron hökumət portalına işlənməsini həyata keçirmək tapşırılmışdır. Yenə də iş materiallarında olan Həmkarlar Təşkilatının 17.03.2021-ci il tarixli, 11 saylı protokolundan görünür ki, İddiaçı sayğacdan kənar qaz xətti ilə təbii qazdan qanunsuz istifadə edilməsi halını vaxtında aşkar etmədiyi, qaz oğurluğuna şərait yaradan boru sonluqlarının ləğv edilməsi üçün zəruri tədbirləri həyata keçirmədiyi göstərilmişdir. Protokola əsasən araşdırma zamanı İddiaçı xidməti fəaliyyətində qeyd edilmiş intizam xətasının aşkar edildiyi vaxt ona analoji intizam xətasına görə əvvəllər verilmiş "aylıq əmək haqqının 4/1 hissəsi məbləğindən çox olmamaq şərti ilə cərimə etmək” intizam tənbehinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən qüvvədə olduğu müəyyən edilmişdir. Xaçmaz RQİİ-nin Quba rayonu üzrə TQQ və SX-nin QAİT çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-cı maddəsinin ”ç” bəndi ilə xitam verilməsindən ötrü müvafiq razılığın alınması üçün barəsində toplanılmış sənədlərin Həmkarlar Təşkilatına göndərilməsi məqsədə uyğun hesab edilmişdir. 12 fevral 2021-ci il tarixdə təqdimata idarə Həmkarlar Təşkilatının yığıncağında baxılmış, İddiaçı işində dönüş yaratmaq və yol verdiyi nöqsanları aradan qaldırmaq üçün bır ay vaxt verilmişdir. Lakin bu müddət ərzində İddiaçı xidməti fəaliyyətində dönüş yaratmamış, əksinə onun xidmət apardığı xidməti əraziyə baxış keçirilərkən yeni nöqsanlar aşkar edilmişdir. Belə ki, Xaçmaz RQİİ-nin İSQN şöbəsinin və Qazın balansı və satışı şöbəsinin müvafiq ərazidə apardığı yoxlama zamanı 20 ədəd sayğacın sərfiyyat göstəricilərinin AGİS Proqramındakı göstəricilərdən az olduğu aşkarlanmışdır Bundan başqa Ü.Becanovun xidməti ərazisindəki abonentlərin debitor borcunun son bır ay ərzində 7800 manat artdığı, müvafiq ərazidəki abonentlərə fevral ayı ərzində 16912.40 manat məbləğində təbii qazın satıldığı, bundan yalnız 13668,90 manat məbləğinin ödətdirilməsinin təmin edildiyi göstərilmişdir. Buna görə də, Xaçmaz RQİİ-nin X4 heyətinin iclası qərara almışdır ki, Quba rayonu üzrə TQQ və SX-nin qaz avadanlıqlarının İstismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinə razılıq verilsin. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X6 İstismarı İdarəsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında 17.03.2021-ci il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmiş, müqaviləyə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsi, işçiyə istifadə etmədiyi məzuniyyətə görə 5.13000 təqvim gününün pul əvəzi ödənilmişdir. Əmrdən görünür ki, Xaçmaz RQİİ-nin hüquq şöbəsinin 12.03.2021-ci il tarixli rəyi, Xaçmaz RQİİnin HT İdarə heyətinin 17.03.2021-ci il tarixli iclasının 11 saylı protokolu və Xaçmaz RQİİnin Həmkarlar Təşkilatının 17.03.2021-ci il tarixli 18 nömrəli razılıq məktubu, idarənin 17.03.2021-ci il tarixli SOCAR**********00040020A00127 nömrəli əmri və digər sənədlər əmrin verilməsi üçün əsas hesab edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1311/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Eyni Məcəllənin 12-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifələridir. Əmək Məcəlləsinin 17-ci maddəsinin 1-ci bəndinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Yenə Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 17.12.2014-cü il tarixdən ARDNŞ Cavabdeh İB X6 İstismarı İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər kimi işə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X6 İstismarı İdarəsinin 17 mart 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş müəssisənin HT İdarə heyətinin 17.03.2021-ci il tarixli iclasının 11 saylı protokolunda iddiaçının dəfələrlə sayğacdan kənar qaz xətti ilə təbii qazdan qanunsuz stifadə edilməsi halını vaxtında aşkar etmədiyi, qaz oğurluğuna şərait yaradan boru sonluqlarının ləğv edilməsi üçün zəruri tədbirləri həyata keçirmədiyi, ona analoji intizam xətasına görə əvvəllər verilmiş "aylıq əmək haqqının 4/1 məbləğindən çox olmamaq şərti ilə cərimə etmək” intizam tənbehinin qüvvədə olduğu vaxt yenidən həmin xətalara yol verdiyi, həmçinin Xaçmaz RQİİ-nin İSQN şöbəsinin və Qazın balansı və satışı şöbəsinin iddiaçının xidmət etdiyi ərazidə apardığı yoxlama zamanı 20 ədəd sayğacın sərfiyyat göstəricilərinin AGİS Proqramındakı göstəricilərdən az olduğunun aşkarlandığı, bundan əlavə Ü.Becanovun xidməti ərazisindəki abonentlərin debitor borcunun son bır ay ərzində 7800 manat artdığı, müvafiq ərazidəki abonentlərə fevral ayı ərzində 16912.40 manat məbləğində təbii qazın satıldığı, bundan yalnız 13668,90 manat məbləğinin ödətdirilməsinin təmin edildiyi göstərilmişdir. Məhz qeyd edilən hallar iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur. Əmək Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilirki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işə götürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində göstərilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Məcəllənin 72-ci maddəsində açıqlanmışlar. Yalnız həmin maddənin dispozisiyasında sadalanan halar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşçı olaraq iddiaçının həmin maddədə sadalanan hallara qəsdən və ya səhlənkarlıq nəticəsində yol verdiyi öz təsdiqini tapmır. İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) tələb edilən səviyyədə yerinə yetirməməyə görə qeyd olunan qaydada tənbeh etmək yolverilməzdir. Beləliklə də, Cavabdeh İB-nin X6 İstismarı İdarəsi tərəfindən 17.12.2014-cü il tarixli, 62 nömrəli əmək müqaviləsində işçinin əmək funksiyalarına aid edilməyən vəzifələrin icra edilməməsinə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə tutduğu vəzifədən azad etməsi qanunsuzdur və bu barədə 17.03.2021-ci il tarixli əmr qanunsuzdur. Həmin əmr qanunsuz olduğundan ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa olunmalı və işdən azad edildiyi tarixdən işə bərpa olunan tarixədək məcburi boşdayanmaya görə ona əmək haqqı ödənilməlidir. Başqa sözlə, mübahisəli əmr verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduğundan iddianın təmin edilməsi barədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh qurum apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1311/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar