Məhkəmə qərarları › İş №2(105)-291/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-291/2024

16.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-291/2024 16.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X15 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-668/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə Şamaxı şəhəri, 28 May küçəsində yerləşən 35 nömrəli evə xx.xx.1963-cü il tarixdə X2 adına texniki pasport hazırlanmış və ev X2 adına qeydə alınmışdır.

2. xx.xx.1963-cü ildə vəfat etmiş X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarının rəsmiləşdirmədən xx.xx.2003-cü il tarixdə vəfat etmiş vərəsəsi X3 vərəsəsi İddiaçı tərəfindən Şamaxı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə daxil olmuş müraciət əsasında, İddiaçı vərəsələr sırasına daxil olduğu müəyyən olunmuşdur.

3. İddiaçı və Cavabdeh Əliağa oğlu mərhum X4 vərəsələridir. Tərəflər arasında mübahisə X4 miras əmlakı - ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı yaranmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh Əliağa oğluna qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Şamaxı şəhəri, 28 May küçəsindəki 35 nömrəli evə köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci il tarixdə Cavabdeh Əliağa oğluna qarşı evin bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-568/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)- 359/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-568/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər iki məhkəmə qətnaməsinin 3-cü səhifələrində babası Əliağa Mamedovdan miras qalmış sözügedən mübahisəli evə mərhum anası X6 adına vərəsəlik açılmasını və ya yalnız bundan sonra iddia tələbinin təmin olunmasının mümkünlüyü bildirilmişdir. Bundan əlavə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)- 568/2021 saylı qətnaməsinin 2-ci səhifəsində yazılanlardan görünür ki, Cavabdeh Əliağa oğlu bildirmişdir ki, “mənim vərəsəlik sənədim yoxdur. İddiaçının anasının (yəni onun anasının) vərəsəliyini qəbul etmədən həmin evə iddia yönəldilə bilməz. Əgər iddiaçı vərəsədirsə, ona pay verilməsinə etiraz etmir”. Onun mərhum anası X7 doğum şəhadətnaməsində ana qrafasında yazılmış X5 yazılmışdır və bunlar eyni şəxslərdir. Buna dair Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-1308/2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bildirir ki, həyat yoldaşı ilə boşanmış və o vəfat etmişdir. Yaşamağa evi yoxdur.

6. Məhkəmə iclasında Cavabdeh Əliağa oğlu iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, Şamaxı şəhəri, 28 May küçəsi 35 saylı evi yenidən qurub təmir etdirmişdir. Bundan əlavə, İddiaçı həmin evə heç bir vərəsəlik hüququ yoxdur. İddiaçı ailə qurmuş və mübahisəli evdə yaşamamış, kommunal xərcləri ödəməmişdir. Artıq bu tələbə xx.xx.2021-ci il ildə baxılmış və iddiası rədd edilmişdir. Faktiki olaraq, iddiaçı kənar şəxsdir və həmin evə dair heç bir hüququ yoxdur.

7. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-668/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia tələbi qismən təmin edilərək, İddiaçı Şamaxı şəhəri, 28 May küçəsi 35 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsini, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportu X4 adına qeydə alınmış və hal-hazırda da, həmin ev X4 mülkiyyətində olması iş materialları ilə tam sübuta yetirilir. Həmçinin, xx.xx.1963-cü ildə vəfat etmiş X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə onun vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarının rəsmiləşdirmədən xx.xx.2003-cü il tarixdə vəfat etmiş vərəsəsi X3 vərəsəsi olan qızı İddiaçı vərəsələr sırasına daxil olduğu müəyyən olunmuşdur. Odur ki, İddiaçı miras qoyan X4 vərəsələri sırasına daxil olduğundan və sözügedən yaşayış sahəsi də, miras qoyanın mülkiyyətində olduğundan, iddiaçı həmin evə köçürülməsini tələb etməkdə haqlıdır.

9. Məhkəmə iddia tələbinin mənzildən istifadə qaydalarının müəyyən edilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, mübahisə predmeti olan Şamaxı şəhəri, 28 May küçəsi 35 saylı ünvanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin hissədə iddia təmin olunmamalıdır.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 532, 552-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Şamaxı şəhəri, 28 May küçəsi 35 saylı evi yenidən qurub təmir etdirmişdir. İddiaçı həmin evə heç bir vərəsəlik hüququ yoxdur. İddiaçı ailə qurmuş və mübahisəli evdə yaşamamış, kommunal xərcləri ödəməmişdir. Artıq bu tələbə xx.xx.2021-ci ildə baxılmış və iddiası rədd edilmişdir. Faktiki olaraq, iddiaçı kənar şəxsdir və həmin evə dair heç bir hüququ yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim edərək göstərmişdir ki, birinci instansiya məhkəmə prosesindən əvvəl onun ünvan 3 ünvanındakı mənzilə və həyətyanı torpaq sahəsinə notariat qaydasında əvvəlcə vərəsəlik hüququ tanınmış, daha sonra isə buna dair ona xüsusi mülkiyyət hüququ ilə çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş reyestr nömrəsi **********81-10301 saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, ünvan 3 ünvanındakı ümumi sahəsi 132.6 kv.metr olan mənzilin və 0.0484 ha olan həyətyanı torpaq sahəsinin hər birinin ¼ hissə payı onun xüsusi mülkiyyətinə verilmişdir. Qalan ¾ hissə pay isə açıq qalaraq X12 (cavabdehin atası) oğlunun mülkiyyətindədir. Mübahisəli mənzilə dair xüsusi mülkiyyət hüququ iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-668/2023 saylı qətnaməsinin qət edildiyi xx.xx.2023-cü il tarixindən sonra - yəni xx.xx.2023-cü il tarixində tanındığından ondan asılı olmayan səbəbdən bu faktı təsdiq edən sənədi yeni sübut kimi Sumqayıt Apellyasiya Məhkəməsinə indi təqdim edir. Beləliklə, o, sözügedən mənzilin mülkiyyətçisidir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

1965-ci ilin martın 1-dək qüvvədə olmuş Mülki Məcəllə:

16. Maddə 488. Qanun üzrə vərəsələr - uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə-onların uşaqlarına (irs buraxan şıxsin nəticələrinə) keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaşbacıları hesab olunurlar. Qeyd. Ancaq irs buraxan şəxs vəfat etdiyi vaxta sağ olan şəxslər, həmçinin vəfat edən şəxsin sağlığında anasının bətnində olan və atası vəfat etdikdən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.

17. Maddə 490. Qanun üzrə vərəsəlikdə miras əmlak 488-ci maddədə göstərilmiş şəxslər arasında bərabər paylara bölünür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hazırda qüvvədə olan):

18. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

19. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. (...)

20. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. (...)

21. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

22. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (...)

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyindən, iddia tələbinin təmin edilməyən hissəsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən birinci instansiya məhkəməsinin aktının qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şamaxı şəhəri, 28 May küçəsində yerləşən 35 nömrəli evə xx.xx.1963-cü il tarixdə X2 adına texniki pasport hazırlanmış və ev X2 adına qeydə alınmışdır.

32. xx.xx.1963-cü ildə vəfat etmiş X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə qızı - X8 vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarının rəsmiləşdirmədən xx.xx.2003-cü il tarixdə vəfat etmişdir.

33. İddiaçı X3 vərəsəsidir və vərəsə olaraq anasına çatası paya, yəni X1 miras qalmış fərdi yaşayış evinə köçürülməsini xahiş edir.

34. Şamaxı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 166 nömrəli məktubdan görünür ki, xx.xx.1963-cü ildə vəfat etmiş X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarının rəsmiləşdirmədən xx.xx.2003-cü il tarixdə vəfat etmiş vərəsəsi X3 vərəsəsi İddiaçı tərəfindən Şamaxı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə daxil olmuş müraciət əsasında İddiaçı vərəsələr sırasına daxil olduğu müəyyən olunmuşdur.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı X3 vərəsəsi olaraq anasına çatası paya, yəni X1 miras qalmış Şamaxı şəhəri, 28 May küçəsində yerləşən 35 nömrəli fərdi yaşayış evinə köçürülməsini tələb etməkdə haqlıdır.

36. Bundan başqa kollegiya qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İşə apellyasiya instansiyasında baxılarkən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən isə müəyyən olunmuşdur ki, Şamaxı şəhəri, 28 May küçəsində yerləşən 35 nömrəli fərdi yaşayış evinin ¼ hissə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır.

37. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

38. Kollegiya hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın xx.xx.2023-cü il tarixdə əldə edildiyini nəzərə alaraq, həmin çıxarışı sübut kimi qəbul edir və qeyd edir ki, hazırkı halda iddiaçı mənzil üzərində pay hüququna malik olsa da, öz payına münasibətdə sahiblik və istifadə hüququnu həyata keçirə bilmir. Halbuki, mübahisə tərəfləri öz paylarına münasibətdə bərabər hüquqlara malikdirlər. İddiaçının mübahisəli evə köçüb, həmin evdə yaşamaq hüququ vardır.

39. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev üzərində iddiaçının 1/4 hissə payı olduğundan həmin mənzilə köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

42. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)- 668/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-668/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar