Məhkəmə qərarları › İş №2(105)-2911/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2911/2020

30.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2911/2020 30.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinin bölünməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-2016/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Xaçmaz şəhəri, Xəlil Rza küşəsində cavabdehin adına olan 2 B saylı yaşayış evinin tərəflər arasında bölünməsi tələbinə dair barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-2016/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. (hakim İ.Xəlilov) Qərardaddan narazı qalan İddiaçı qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2016/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki,məhkəmənin iddia ərizəsinin geri qaytarılması barədə qərardadı əsassızdır. İş materiallarından da görünür ki, bölünməsi tələb edilən daşınmaz əmlak Xaçmaz rayonu ərazisində yerləşir. Tərəflər Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatda olsalar da, iddianın burada verilməsi məqsədə müvafiq deyildir, çünki məhkəmə bu evə baxış keçirsə, bu çətinlik yaradacaq. Onun azyaşlı uşağı var və Xaçmaz şəhərində, mübahisəli evdə yaşayır. Bu hallar birinci instansiya məhkəməsində nəzərə alınmadığından və MPM-nin 36 və 39.1-ci maddələrinin tələbləri pozulduğundan qərardad ləğv olunmalı, hazırkı işə baxılması barədə yeni qərardad çıxarılmalıdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, tərəflər ünvan 1 ünvanında qeydiyyatdadırlar. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-2016/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, hazırki iddia tələbinin predmetini Xaçmaz şəhəri, Xəlil Rza küşəsində cavabdehin adına olan 2 B saylı yaşayış evinin tərəflər arasında bölünməsi təşkil edir. İddiaçı mübahisəli yaşayış evinin Xaçmaz şəhərində yerləşməsinə, onun azyaşlı uşağı ilə faktiki olaraq bu evdə yaşamasına istinad edərək hazırkı iddia ərizəsinə Xaçmaz Rayon Məhkəməsində baxılmalı olmasını iddia edir və bu zaman MPM-nin 36 və 39.1-ci maddələrinə əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36-cı maddəsində iddiaçının seçməsinə görə aidiyyət müəyyən edilmişdir. Həmin maddənin tələblərinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Yenə həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İşdən görünür ki, hazırkı mübahisədə iddiaçının tələbi evin bölünməsi ilə bağlı olduğundan məhkəmə hesab etmişdir ki, işə aidiyyəti üzrə cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. İş materiallarından görünür ki, hazırkı tələb mübahisəli daşınmaz əmlakla bağlı mülkiyyət hüququnun tanınması ilə bağlı deyil, onun bölünməsi barədədir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd edildiyi kimi,tərəflərin şəxsi məlumatlarından görünür ki, tərəflər ünvan 1 ünvanında yaşayırlar və belə olan halda, hazırkı iddia ərizəsi MPM-nin 35.1-ci maddəsinə əsasən həmin yerin məhkəməsinə verilə bilərdi. Buna baxmayaraq, iddiaçı himayəsində azyaşlı uşaq olmaqla faktiki olaraq Xaçmaz şəhərində yaşamasına və bölünməli əmlakın da həmin ərazidə olmasına əsaslanmaqla, hazırkı iddia ərizəsilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş, bununla da aidiyyət qaydalarını pozmuşdur. Halbuki, MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia ərizəsi verərkən aidiyyət qaydalarını pozduğundan Azərbaycan MPM-nin 152.1.3-cü maddəsinə əsasən onun Cavabdeh qarşı ev bölgüsü tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-2016/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-2016/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şika--yəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar