Məhkəmə qərarları › İş №2(105)-2918/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2918/2021

04.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2918/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X12 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: X6, Cavabdeh: Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh2, Cavabdeh1, və Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 16 iyun 2021-cı il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin 16 iyun 2021-cı il tarixli qətnaməsi ilə (hakim B.R.Ələkbərov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 99 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi, iddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, X7 və X4 qarşı "cavabdehlərin istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 99 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı ərizə ilə müraciət edərək, X9, X5 və X3 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci il tarixdə cavabdehlər Eyvaz və Cavabdeh3ların qardaşı Vidadi Kərimovla rəsmi nikaha daxil olmaqla, evlənmiş və Siyəzən şəhəri, Xətai küçəsindəki 99 nömrəli evə gəlin köçmüş, 2009-cu ilədək bu evdə yaşamış, həmin ildə sonuncu ilə aralarındakı nikah pozulmuşdur. 10 yanvar 2011-ci il tarixdə keçmiş əri V.Kərimovdan bu evi 20 000 manata notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında almış, bundan sonra, evini dövlət qeydiyyatından keçirərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da əldə etmişdir. Cavabdehlərin qeydiyyat yeri mülkiyyət hüququ ilə ona məxsus olan ev olsa da, sonuncular faktiki olaraq Siyəzən şəhərində müxtəlif ünvanlarda – Babək Bayramov və A.Zahirov küçələrindəki evlərində yaşayırlar. Bir neçə müddət bundan əvvəl evini satmaq istəyərkən ona cavabdehlərin evdə qeydiyyatda qalmaları məlum olmuşdur. Cavabdehlərin evindən qeydiyyatdan çıxarılmaları ilə əlaqədar tərəfindən yazılı ərizə ilə Siyəzən RPŞ-yə ünvanlanmış müraciətinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlərin evində qeydiyyatda qalmaları formal xarakter daşıyır, sonuncular artıq uzun müddət özlərinə məxsus evlərdə yaşayırlar. Hazırda bu evdə o, tək yaşayır. Cavabdehlərin ona məxsus olan evdə qeydiyyatda olmaları mülkiyyətçi kimi hüquqlarını pozur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki o, da 2000-ci ilədək mübahisə predmeti olan ata yurdlarında yaşamışdır. ünvan 3 ünvanında yerləşən ev onların ata-baba mülklədir. Ona görə də hesab edir ki, həmin mülkdə onun da payı vardır. Bu səbəbdən də həmin evin həyətyanı sahəsindən və evdən ona vərəsəlik qaydasında pay düşür. Belə olan halda onun həmin evdən istifadə hüquqlarına xitam verilməsi qanunsuzdur. Məhkəmənin vəzifəsi sübutları araşdırmaqla tərəflər arasındakı həqiqi münasibətləri müəyyən etmək və həmin münasibətləri tənzimləyən maddi hüquq normalarını tətbiq etməklə həll etməkdir. Lakin məhkəmə bunları etməmişdir. Siyəzən Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsini ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnaməni dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehlərin iddiaçının ailə üzvü olmamasına və bununla da iddiaçının mülkiyyət hüququnun pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsasslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası Cavabdeh3 mübahisəli evin onun anasından vərəsəlik üzrə payı oldugu üçün, bu səbəbdən də həmin evin həyətyanı sahəsindən və evdən ona vərəsəlik qaydasında pay düşməsini birinci instansiya məhkəməsi tərəfindən nəzərə almaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 10 iyun 2021-ci il tarixli, 05/01-2307/11 nömrəli məktubu ilə göndərilmiş Siyəzən rayon dövlət notariat ofisində 29 iyun 1998-ci il tarixdə 2V-245 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin surətindən görünür ki, Siyəzən şəhərinin Xətai küçəsindəki 1 mərtəbəli, 2 yaşayış otaqlı, 67,5 kv.m yaşayış, 128,3 kv.m ümumi sahəsi olan 99 nömrəli fərdi yaşayış evi keçmiş Dəvəçi rayon XDS-in icraiyyə komitəsinin 13 may 1981-ci il tarixli, 9 nömrəli qərarı ilə X1 adına qeydə alınmış, sonuncu 18 avqust 1986-cı il tarixdə öldükdən sonra onun ailə üzvləri, o cümlədən qızı Rəsmiyyə Kərimova, oğulları Həsrət və Cavabdeh1lar mərhum analarından miras qalan evdən onlara çatan paydan qardaşları Vidadi Kərimovun xeyrinə imtina etmiş, nəticədə sonuncu qeyd edilən miras əmlaka münasibətdə mərhum Dürnisə Kərimovanın vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 15 aprel 2009-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, Xətai küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 67,5 kv.m yaşayış, 60,8 kv.m köməkçi sahədən ibarət 99 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə V.M.Kərimovun adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 27 avqust 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 078670 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, V.M.Kərimov ilə S.M.Kərimova arasında olan nikah 27 avqust 2009-cu il tarixdə ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin gün 20 nömrəli qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişi soyadında qalmış, qadına Abdulova soyadı verilmişdir. İşdə olan Siyəzən rayon Dövlət Notariat Kontorunun notariusu tərəfindən təsdiqlənmiş, 10 yanvar 2011-ci il tarixdə 4Ə-04 reyestr nömrəsi ilə qeydə alınmış həmin tarixli müqaviləyə əsasən satıcı V.M.Kərimov (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən 09 dekabr 2010-cu il tarixdə verilmiş 46 saylı etibarnamə əsasında çıxış edən nümayəndəsi X8 vasitəsilə) mülkiyyətində olan Siyəzən şəhərinin Xətai küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 99 saylı fərdi yaşayış evini İddiaçı 20000 manata satmışdır. İş materiallarında olan 10 yanvar 2011-ci il tarixli, 4Ə-04 nömrəli notariat işində olan K.V.Kərimovanın ərizəsinin surətindən görünür ki, o, atası V.Kərimovun mülkiyyətindəki Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 99 saylı evin satılmasına etiraz etməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən 15 yanvar 2011-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 99 saylı ev həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********03-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Həsrət və Cavabdeh1lar, habelə sonuncunun qızı Cavabdeh2 ilə İddiaçı arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Beləliklə, məhkəmə iclasında verilmiş izahatlar, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi keçmiş Dəvəçi rayon XDS-in icraiyyə komitəsinin 13 may 1981-ci il tarixli, 9 nömrəli qərarı ilə D.Kərimovanın adına qeydə alınmış, sonuncu 18 avqust 1986-cı il tarixdə öldükdən sonra onun ailə üzvləri, o cümlədən qızı Rəsmiyyə Kərimova, oğulları Həsrət və Cavabdeh1lar mərhum analarından miras qalan evdən onlara çatan paydan qardaşları Vidadi Kərimovun xeyrinə imtina etmiş, nəticədə sonuncu qeyd edilən miras əmlaka münasibətdə mərhum Dürnisə Kərimovanın vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş, habelə bu ev 15 aprel 2009-cu il tarixdə Vidadi Kərimovun adına qeydiyyata alınmışdır. Bundan sonra, Vidadi Kərimov 10 yanvar 2011-ci il tarixdə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən 09 dekabr 2010cu il tarixdə verilmiş 46 saylı etibarnamə əsasında çıxış edən nümayəndəsi X8 vasitəsilə) mülkiyyətində olan Siyəzən şəhərinin Xətai küçəsindəki 99 saylı fərdi yaşayış evini İddiaçı 20000 manata satmış, habelə bu müqavilə əsasında həmin ev 15 yanvar 2011-ci il tarixdə sonuncunun adına rəsmiləşdirilmişdir. Bununla belə, cavabdehlər Eyvaz və Cavabdeh3lar mübahisəli fərdi yaşayış evini müvafiq olaraq 1998-ci və 2000-ci illərdə tərk edənədək oranın keçmiş mülkiyyətçisi, anaları Dürnisə Kərimova və sonrakı sahibi, habelə mülkiyyətçisi qardaşları Vidadi Kərimovla birgə yaşamaqla ümumi təsərrüfat idarə etdiklərindən onların həmin evdən iddiaçı ilə birlikdə istifadə hüquqları yaranmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, Cavabdeh2 da mübahisəli ünvana münasibətdə də istifadə hüquqlarının yaranmaqla, mövcud olmuş olması istisna edilmir. Belə ki, belə bir hüquq onun ailə üzvü olan atası Cavabdeh1 hüququndan əmələ gələn törəmə hüquq olmuşdur. Yəni, Cavabdeh2 09 sentyabr 2000-ci il tarixdə doğularkən mübahisəli ünvanda yaşamasa da, atası Cavabdeh1 mövcud olmuş hüququndan valideyninin yanında yaşayan şəxs kimi bəhrələnmiş, habelə bu hüquqa şərik olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırkı məqamda, cavabdehlər Həsrət və Cavabdeh1ların, habelə sonuncunun qızı Cavabdeh2 mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi institutunun zəruri olduğu təəssüratı yaransa da, belə bir institutun tətbiqi üçün əsasların yaranması məhkəmə iclaslarında müəyyən edilməmişdir. Çünki, kompensasiya institutunun məqsədi və təyinatı ondan ibarətdir ki, evdən (mənzildən) istifadə hüquqlarına xitam verilən, başqa sözlə evdən (mənzildən) çıxarılan istifadəçi bununla dərhal ağır şəraitə düşməsin, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olsun. Qanunverici belə kompensasiyanın verilməsini yalnız mənzildən istifadə edildiyi təqdirdə mümkün hesab edir. Hazırda, mübahisəli fərdi yaşayış evində istifadə hüququnu əldə etmiş cavabdehlər Həsrət və Cavabdeh1ların özlərinin də məhkəmə iclasında izahatlarında etiraf etdikləri kimi uzun müddət oradan istifadə etmədikləri və davamlı surətdə, daimi olaraq başqa yerdə yaşadıqları müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh1 qızı digər Cavabdeh2 da atası ilə birlikdə hələ azyaşlı olarkən mübahisəli ünvanı tərk etdiyi uzun müddət oradan istifadə etmədiyi və davamlı surətdə, daimi olaraq başqa yerdə valideynlərinin yanında yaşadığı məlumdur və bu da işin müəyyən edilmiş digər faktiki halları kimi mübahisə olunmazdır. Əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Qeyd olunan bu bənzər, eləcə nəticələri uyğun olan hala, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında hüquqi qiymət vermiş, o cümlədən mövqeyini əsaslandırmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsinin həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkün olduğunu qeyd etmişdir. Bundan əlavə, cavabdehlər Həsrət və Cavabdeh1lar, mübahisəli fərdi yaşayış evi mərhum anaları D.Kərimovadan miras qalarkən öz paylarından qardaşları V.Kərimovun xeyrinə imtina etdiklərindən, habelə belə bir halın hansı hüquqi nəticələrə səbəb olacağını dərk etməklə, iradələrini nümayiş etdirib, imtinalarını notariat qaydada təsdiq etdiklərindən oranın qardaşları Vidadi Kərimovun adına rəsmiləşdirilməsini, sonradan üçüncü şəxslərə satılması ehtimalını da qəbul etməklə, buna şüurlu şəkildə imkan yaratmışlar. Bu isə cavabdeh tərəfin, mübahisəli evin onlardan xəbərsiz V.Kərimovun adına rəsmiləşdirilməsi, sonradan isə satılması kimi fikirlərinin onların şəxsi arqumentləri olmasını, habelə mübahisənin onların xeyrinə həll olunmasına əsas yaratmaq niyyətlərinin olmasını düşünməyə zəmin yaradır və bunun belə də olması istisna edilmir. Çünki, mübahisə predmeti ilə bağlı V.Kərimovun adına mülkiyyət hüququ barəsində verilmiş 15 aprel 2009-cu il tarixli çıxarış 15 yanvar 2011-ci il tarixdə ləğv edilənə kimi hər hansı bir formada mübahisələndirilmədiyindən ona münasibətdə reyestrin məzmunun həqiqiliyi, eləcə də tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinin İ hissəsinin İV, Vİİ, Vİİİ və İX bəndlərinə əsasən mülkiyyətin toxunulmazlığı; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsasslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadıgından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin iş üzrə 16 iyun 2021-ci il tarixli 2(059)-197/2021 saylı qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar