Məhkəmə qərarları › İş №2(105)-292/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-292/2024

15.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-292/2024 15.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X15 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh2, üçüncü şəxs X9 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Siyəzən Rayon Dövlət Notariat Ofisinə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “miras əmlakda payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(059)-249/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Siyəzən Rayon Dövlət Notariat Ofisinə qarşı “miras əmlakda payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların 24 avqust 2021-ci il tarixdə ölmüş X4 vərəsəsi kimi tanınmaları, mərhum Vaqif Mahmudovdan miras qalmış Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzilinin 1/5 hissəsinin miras əmlak kimi tərəflərindən qəbul edilməsi faktının, eləcə də həmin 1/5 hissə üzərində tam hissədə onların miras paylarının müəyyən edilməsi, həmçinin sözügedən mənzilin 1/5 hissəsi üzərində onların tam hissədə miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, iddiaçı tərəf işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 cavabdeh qismində işdə iştirak etməyə cəlb edilmələrini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzili iddiaçılar İddiaçı2 oğlu və İddiaçı1 qardaşı Kənan Mahmudova məxsus olmuşdur. Kənan Mahmudov öldükdən sonra həmin mənzil vərəsəlik üzrə iddiaçılar İddiaçı2 əri və İddiaçı1 atası X10, Kənanın arvadı X22, Kənanın oğlu Fədail və qızı Türkan arasında 1/5 nisbətində bölünmüşdür. Daha sonra, X16 24 avqust 2021-ci il tarixdə ölmüş və sonuncunun həmin mənzildə olan 1/5 nisbətində payı üçün birinci növbəli vərəsəsi X7 Əlisultan Vaqif oğlu vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət etməmişdir. Qeyd edilən mənzilin 1/5 hissəsinin mülkiyyətçisi olan Vaqif Mahmudovun birinci növbəli vərəsəsi kimi onların miras pay hüquqları yaranmışdır. Həmçinin, bununla bağlı notariat ofisinə müraciət edərkən iddiaçı Sona Mamudovaya həmin əmlakla bağlı mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi ilə bağlı imtina məktubu verilmişdir. Bundan əlavə, həmin əmlaka görə vərəsəlik şəhadətnaməsi üçün 6 aylıq müdət ötürülsə də, Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh4 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, mərhum atası X2 miras qalmış Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzilinin ¼ hissəsinə münasibətdə atasının qanun üzrə birinci növbə vərəsəsi kimi qanunvericiliklə ona düşən payın verilməsini tələb etdiyini bildirməklə, yanaşı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və X12 ərizələrlə birinci instansiya məhkəməsinə müraciət edərək, mərhum ataları X2 qalmış mübahisəli miras əmlakdan onlara düşən payın verilməsini tələb etdiklərini bildirməklə, yanaşı məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Siyəzən Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(059)-249/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, mərhum X2 miras qalmış Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzilinin ¼ hissəsinə münasibətdə iddiaçılar İddiaçı2, İddiaçı1, X5, X8, X6 və Cavabdeh4 1/7 hissədə payları müəyyən edilməsi və iddiaçılar İddiaçı2, eləcə də İddiaçı1 onlara aid hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Siyəzən rayon Dövlət Notariat Ofisinə həvalə edilməsi, mərhum X2 miras qalmış həmin miras kütləsinin ¼ hissəsindən mərhum X19 çatası 1/7 hissəyə münasibətdə vərəsələri cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bərabər (hər bir vərəsəyə 1/2 hissədə) şəkildə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı1 aid edilməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov). Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(059)-249/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş və prosessual qaydalara riayət edilmədiyi üçün İddiaçı1 Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit edilən hüququ pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq, sübutların qiymətləndirilməsinə qərəzli və birtərəfli yanaşaraq iddianı qismən təmin etmişdir. Qənaətlərinə görə işə bu səpkidə yanaşma iddiaçının "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasıdır. X34 əmlakından qanun üzrə vərəsəlik qaydasında ona çatası pay düzgün müəyyən edilməmişdir. Atası hər hansı bir vəsiyyətnamə qoymadığına görə onun əmlakı bütövlükdə qanun üzrə vərəsəlik qaydasında bölünməli olduğu halda, məhkəmə tərəfindən Mülki Məcəllənin 1133-cü maddəsinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunduğu kimi iddia əsaslı olduğuna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunmasını qanunsuz və əsassız sayırlar və hesab edirlər ki, iddianı qismən təmin etməklə məhkəmə Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələblərini pozmuşdur. Hesab edirlər ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiq kimi təqdim etdiyi sübutlar tam, hərətərəfli və obyektiv araşdırmamış, sübutlara MPM-nin tələblərinə uyğun qiymət verməmiş, məhkəmənin gəldiyi nəticəsi iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmamış və bununla da qətnamə qəbul olunarkən MPM-nin 77.1, 87, 97.1-ci maddələrinin tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X22 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Siyəzən rayon Dövlət Notariat Ofisi, Cavabdeh3, Cavabdeh4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20,X12 və X11 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən 28 aprel 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ümumi sahəsi 39,7 kv.m., yaşayış sahəsi 29,3 kv.m., yardımçı sahəsi 10,4 kv.m olan 2 otaqdan ibarət Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzili ¼ hissədə X9, Cavabdeh2, Cavabdeh3 və mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 19 iyun 2023-cü il tarixli, 3-21-3-31/2- 2009/2023 nömrəli məktubdan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil üzərində 12 dekabr 2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X17 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Siyəzən rayonu dövlət notariat kontorunun 21 dekabr 2009-cu il tarixli, 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özgəninkiləşdirilmiş, 28 aprel 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X9, Cavabdeh2, Cavabdeh3 və X4 ¼ hissə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan keçmiş Dəvəçi rayonunun VVAQ şöbəsi tərəfindən 16 yanvar 1976-cı il tarixdə verilmiş İ-ЖГ seriyalı, 365212 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X14 16 yanvar 1976-cı il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 5 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Mahmudova” soyadı verilmişdir. İş materiallarında olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 10 fevral 2017-ci il tarixdə verilmiş, AZ-T seriyalı, 004623 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X13, anası İddiaçı2 olan İddiaçı1 05 fevral 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İş materiallarında olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 22 dekabr 2008-ci il tarixdə verilmiş 444058 nömrəli arayışın surətindən görünür ki, atası X13, anası İddiaçı2 olan X23 03 noyabr 1976-cı il tarixdə keçmiş Dəvəçi rayonunda doğulmuşdur. İş materiallarında olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 05 aprel 2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 001900 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X30 05 aprel 2002-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 38 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Mahmudova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X23 ilə X9 birgə nikahından xx xxxxxx 2002-ci il tarixdə, Siyəzən şəhərində Fədail adlı oğlan, xx xxxxxx 2006-cı il tarixdə, Şərur rayonunun Cəlilkənd kəndində isə Türkan adlı qız övladları doğulmuşdur. İş materiallarında olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 29 yanvar 2008-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 278730 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 14 avqust 2007-ci il tarixdə Türkiyə Respublikasının Afyonkarahisar rayonunun Osmanköy kəndində yol qəzası nəticəsində tənəffüs çatışmamazlığından ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 yanvar 2008-ci il tarixdə 13 nömrəli qeyd edilmişdir. İş materiallarında olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 23 avqust 2023-cü il tarixdə verilmiş, AZ-İİ seriyalı, 322288 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 16 dekabr 2005-ci il tarixdə Siyəzən şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 dekabr 2009-cu il tarixdə 171 nömrəli qeyd edilmişdir. İş materiallarında olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 03 sentyabr 2021ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 174083 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 24 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda ürək çatmamazlığından ölmüş, bu barədə 31 avqust 2021-ci il tarixdə 199 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 08 fevral 2023-cü il tarixli, 35 nömrəli məktubundan görünür ki, İddiaçı1, 24 avqust 2021-ci il tarixdə ölmüş atası X3 miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar 14 avqust 2007-ci il tarixdə vəfat etmiş X17 vərəsələri Cavabdeh3, X22 və X21 ilə aralarında yaranmış ixtilafla bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 iddia tələbinə məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı1, Cavabdeh4, Şövqiyyə Mahmudovanın, Zümrüd Dadaşzadənin, Samirə Əmiraslanlının, eləcə də mərhumlar X29 Mahmudovanın mərhum Vaqif Mahmudovla İddiaçı2 birgə nikahından doğulması, habelə onların qeyd olunan şəxslərin uşaqları olmaları, bundan əlavə, atası Vaqif Mahmudovdan daha əvvəl, yəni 16 dekabr 2005-ci il tarixdə ölmüş Dilguşə Mahmudovanın ölənə qədər evlənməməsi, eləcə də sonuncunun övladının olmaması da işin hamı tərəfindən qəbul edilən mübahisələndirilməyən hallarındandır. Bundan başqa, mübahisəli Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzili 28 aprel 2011-ci il tarixdə ¼ hissədə paylı mülkiyyət hüququ üzrə mərhum Vaqif Mahmudovun adına dövlət qeydiyyatına alınmış, sonuncu 24 avqust 2021-ci il tarixdə ölmüş, bundan sonra mərhum Vaqif Mahmudovun arvadı İddiaçı2, eləcə də övladları, İddiaçı1, Cavabdeh4, Şövqiyyə Mahmudova, Zümrüd Dadaşzadə, Samirə Əmiraslanlı birinci növbədə vərəsə kimi mərhumun öldüyü məqamadək malik olduğu əmlak hüquqlarına, o cümlədən Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzili ¼ hissəsinə bərabər pay hüquqlu vərəsəlik hüququ əldə etmişlər. Eyni zamanda, işdə iştirak edən şəxslər sözügedən miras əmlakın onlar tərəfindən qəbul edilməsinə razı olmuş, buna hər hansı bir formada etiraz etməmişlər ki, bu da işin mübahisələndirilməyən hallarındandır. Bundan əlavə, Vaqif Mahmudov 24 avqust 2021-ci il tarixdə öldükdən sonra sonuncunun adından vərəsəlik işi açılsa da, aralarında olan mübahisə ilə əlaqədar vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş, habelə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğu üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Bu səbəbdən də, iddiaçılar məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışlar. Digər tərəfdən vərəsələrdən Zümrüd Dadaşzadə, mərhum atasından miras qalmış əmlak kütləsindən ona çatası payı Cavabdeh4, Şövqiyyə Mahmudova və Samirə Əmiraslanlı kimi məhkəməyə ərizə ilə müraciət edib, birbaşa tələb etməsə də, o, mirası qəbul etməkdən imtina etməmiş, həmçinin məhkəmənin 12 iyul 2023cü il tarixli hazırlıq iclasında mübahisəyə öz münasibətini bildirmiş, habelə o da, miras kütləsindən ona çatası payı tələb etmiş, bu isə eyni tarixli məhkəmə iclasının fasiləsiz audio yazısı ilə qeydə alınmış və məhkəmə iclasının protokoluna yazılmışdır ki, bu da mübahisə həll edilərkən nəzərə alınması zəruri hallardandır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, məhkəmənin 31 iyul 2023-cü il tarixli iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eləcə də Cavabdeh3 qanuni nümayəndəsi X22 mübahisəli mənzilin mərhum Vaqif Mahmudovdan miras qalan ¼ hissəsinin onun övladları da nəzərə alınmaqla, mərhumun bütün birinci növbə vərəsələri arasında bərabər qaydada bölünməsinə etiraz etməmiş və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil da bununla razılaşmışdır. Bu mənada, birinci instansiya məhkəməsi mərhum Vaqif Mahmudovun mərhum övladı Kənan Mahmudova miras əmlakdan çatası paya münasibətdə qeyd etmişdir ki, mərhum Kənan Mahmudovun vərəsələri cavabdehlər Cavabdeh3 və Cavabdeh2 atalarına çatan paya münasibətdə miras əmlakdan bərabər şəkildə pay hüquqları vardır. Çünki, onların valideyni Kənan Mahmudov miras qoyan Vaqif Mahmudovdan əvvəl vəfat etdiyinə görə atalarına çatası miras kütləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq varis kimi onlara verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin “Miras şərikləri” adlanan 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından vu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibərlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki,birinci instansiya məhkəməsi həmin qərarın tələbləri baxımından işin şərh olunan hallarına əsasən düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi X1 miras qalmış əmlaka – ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə 1/4 hissə olmaqla payları müəyyən olunmuş və buna müvafiq olaraq vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras qalmış mübahisəli əmlaka birinci instansiya məhkəməsi tərəfindən bərabər şəkildə pay hüquqlarının müəyyən edilməsi qanunamüvafiqdir. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşır və hesab edir ki, iddiaçının apellyasiya şikayətində istinad etdikləri dəlillər əsassız hesab olmaqla apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı1 apellyasiya şikayəti təmin olunmasın. Siyəzən Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(059)-249/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar