Məhkəmə qərarları › İş №2(105)-2927/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2927/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2927/2021 29.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Ağayev Rəşadət Əhməd oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilənin ləğvinin qanunsuz sayılması və nömrənin yenidən istifadəyə verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(060)-1983/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(060)-1983/2020 saylı qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvinin qanunsuz sayılması və nömrənin yenidən istifadəyə verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında ***- ***-**-** mobil nömrəsi ilə əlaqədar bağlanmış abunə müqaviləsinin cavabdeh tərəfindən birtərəfli qaydada xitamının qanunsuz sayılması, cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, müqavilədə göstərilən və birtərəfli qaydada sistem üzərindən ləğv edilmiş ***-***-**-** nömrəsini sistem üzərində bərpa edərək yenidən onun istifadəsinə vermək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ***-***-**-** mobil nömrəsini uzun illərdir istifadə edir. Çoxdandır həmin nömrəni “whatsapp” nömrəsi kimi istifadə edir. Danışıq üçün isə başqa nömrədən istifadə edir. 2020-ci ilin yanvar ayında həmin nömrəni aktivləşdirmək istəmiş, bununla bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh ona 07 yanvar 2020-ci il tarixli cavab məktubu yazaraq müraciətinin təmin olunmasından imtina etmişdir. Məktubda qeyd olunmuşdur ki, dünya telekommunikasiya sahəsində mövcud olan praktikaya əsaslanaraq, abunəçilər uzun müddət ərzində bağlı olan nömrələri aktivləşdirilmədikdə həmin müqavilələrə xitam verilir və belə nömrələr başqa şəxsin istifadəsinə verilir. Bundan başqa bağlanmış müqaviləyə də istinad etmişlər ki, 6 ay ərzində istifadə etmədikdə müqaviləyə xitam verilir. Əvvəla həmin nömrə istifadəsiz qalmamışdır. Bu gün də həmin nömrəni “whatsapp” nömrəsi kimi istifadə edir, qohumları, dostları hələ də o nömrənin “whatsapp”ı ilə onunla əlaqə saxlayırlar. Söhbət əgər istifadədən gedirsə nömrədən hələ də istifadə edir və müqavilədə bu barədə heç nə qeyd olunmamışdır. Eyni zamanda həmin nömrə hal-hazırda başqa şəxsə satılmamışdır. Bundan başqa cavabdeh müqaviləyə xitam verirdisə, bunu bir tərəfli qaydada edə bilməzdi. Cavabdehlə onun arasında olan müqavilə (***-***-**-** mobil nömrəyə dair) iradə ifadəsinin təfsirinə görə iki tərəfli müqavilədir. Müqavilənin vaxtından əvvəl ləğv edilməsi üçün əsaslar Mülki Məcəllənin 421-ci maddəsində müəyyən edilmiş, müqavilənin ya tərəflərin razılaşması ilə, ya da tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilməsi göstərilmiş, müqavilənin ləğv qaydası isə həmin Məcəllənin 423-cü maddəsində əks olunmuşdur. Həmin maddəyə görə də, müqavilə tərəflərin razılaşması ilə ləğv edilirsə, bu barədə razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla isə müqavilə tərəfin tələbinə əsasən yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Qanunvericilik başqa qaydada müqavilənin ləğvini, yəni müqavilənin birtərəfli qaydada məhkəməyə müraciət etmədən tərəfin özü tərəfindən ləğv edilməsi qaydasını müəyyən etməmişdir. O da qeyd edilməlidir ki, cavabdeh məktubunda qeyd olunan müqavilənin hansı normaya əsasən bir tərəfli qaydada ləğv etdiyini qeyd etməmişdir. Ancaq dünya telekommunikasiya sahəsində mövcud olan praktikaya əsaslanmışdır. Bu isə özlüyündə böyük gülüş obyektidir. Ona görə də cavabdeh tərəfindən onun mobil nömrəsi ilə bağlı müqavilənin özü tərəfindən birtərəfli qaydada ləğv edilmiş hesab edilməsi qanunsuz olmuşdur. Eyni zamanda İddiaçı iddianın təmin tədbiri barədə ərizə təqdim edərək cavabdehə və digər şəxslərə ***-***-**-** mobil nömrəsini digər şəxsə satılmasının qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(060)-1983/2020 saylı qərardadı ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizəsi təmin edilərək Cavabdeh MMC və digər şəxslər tərəfindən ***-***-**-** mobil nömrəsinin başqa şəxslərə satılmasının qadağan olunması qərara alınmışdır. İddiaçı iddiası üzrə qəbul olunmuş məhkəmə qətnaməsindən apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(105)-586/2021 saylı qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən-məruzəçi, L.M.Məmmədova, T.O.Quliyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(060)-1983/2020 saylı qətnaməsi dəyəşdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(102)-3251/21 saylı qərarı ilə (hakimlər İ.R.Xələfov sədrlik edən - məruzəçi, G.A.Quliyev və Z.Ə.Əliyev) kassasiya şikayəti təmin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(105)-586/2021 saylı qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, işdə olan Cavabdeh MMC tərəfindən ona ünvanlanmış 07 yanvar 2020-ci il tarixli müraciəti ilə əlaqədar ona bildirilmişdir ki, dünya telekommunikasiya sahəsində mövcud olan təcrübəyə əsasən, abunəçilərin uzun müddət ərzində bağlı olan nömrələri aktivləşdirilmədiyi təqdirdə, həmin abunəçilərlə bağlanılmış müvafiq müqavilələrə xitam verilir və belə nömrələr başqa şəxslərin istifadəsinə verilə bilər. Yəni abunəçilərlə bağlanılmış müqavilələrdə şirkət abunəçiyə təqdim edilmiş nömrəni 6 ay ərzində istifadə etmədikdə, bu müqaviləyə xitam verərək istifadə olunmayan nömrəni abunəçidən geri almaq və başqa abunəçinin istifadəsinə vermək hüququna malikdir. Halbuki, müqavilənin vaxtından əvvəl ləğv edilməsi üçün əsaslar Mülki Məcəllənin 421-ci maddəsində müəyyən edilmiş, müqavilənin ləğv edilməsi qaydası isə Mülki Məcəllənin 423-cü maddəsində əks olunmuşdur. Hesab edir ki, məhkəmə Mülki-Prosessual Məcəllənin 9.3-cü maddəsinin tələblərini də pozaraq qəbul etdiyi qərarını tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə əsaslandırmamış, həmin Məcəllənin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmayaraq, onun iştirakını təmin etmədən onu prosessual hüquqlarından məhrum etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi E.İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək əlavə olaraq qeyd etdi ki, ***-***-**-** mobil nömrəsi uzun illərdir ki, onların istifadəsində olmaqla həmin nömrə “whatsapp” nömrəsi kimi istifadə edilir. Danışıq üçün isə başqa nömrədən istifadə edilir. 2020-ci ilin yanvar ayında həmin nömrəni aktivləşdirmək istədikdə bununla bağlı cavabdehə müraciət etsələr də, cavabdeh 07 yanvar 2020-ci il tarixli cavab məktubu yazaraq müraciətlərinin təmin olunmasından imtina etmiş və ona əsaslanmışlar ki, dünya telekommunikasiya sahəsində mövcud olan praktikaya görə abunəçilər uzun müddət ərzində bağlı olan nömrələri aktivləşdirilmədikdə həmin müqavilələrə xitam verilir və belə nömrələr başqa şəxsin istifadəsinə verilir. Əvvəla qeyd edir ki, həmin nömrə istifadəsiz qalmamış və bu vaxta qədər “whatsapp” nömrəsi kimi istifadə edilir, qohumlar, dostlar hələ də o nömrənin “whatsapp”ı ilə onlarla əlaqə saxlayırlar. Söhbət əgər istifadədən gedirsə, nömrədən hələ də istifadə edilir və müqavilədə bu barədə heç nə qeyd olunmamışdır. Eyni zamanda həmin nömrə halhazırda başqa şəxsə satılmamışdır. Bundan başqa cavabdeh müqaviləyə xitam verirdisə, bunu bir tərəfli qaydada edə bilməzdi. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlıər. İddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək əlavə olaraq qeyd etdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini və iddia tələblərini təmin edilməsini xahiş edirlər və bunu onunla əsaslandırırlar ki, Ali Məhkəmənin bu iş üzrə qəbul etdiyi qərarında göstərildiyi kimi, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Telefon xəttinin bağlanması və telefon nömrəsinin ləğv edilməsinə dair abunə müqaviləsinin müddəası həmin müqavilənin ləğvi imkanı kimi qiymətləndirilə bilməz. Hesab edirlər ki, tərəflər arasında mobil telefon nömrəsindən istifadə ilə əlaqədar bütün münasibətlər abunə müqaviləsi ilə tənzimləndiyindən, həmin müqavilədə isə onun birtərəfli qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmadığından, müqavilə hüquqi qüvvəsini itirməmişdir. Cavabdehin nümayəndəsi Vəkil1 apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, dünya telekommunikasiya sahəsində mövcud olan təcrübəyə əsasən, abunəçilərin uzun müddət ərzində bağlı olan nömrələri aktivləşdirilmədiyi təqdirdə, həmin abunəçilərlə bağlanılmış müvafiq müqavilələrə xitam verilir və belə nömrələr başqa şəxslərin istifadəsinə verilə bilər. Eyni zamanda abunəçilərlə bağlanılmış müqavilələrdə qeyd olunur ki, şirkət abunəçiyə təqdim olunmuş 6 ay ərzində istifadə etmədikdə, bu müqaviləyə xitam verərək istifadə olunmayan nömrəni abunəçidən geri almaq və başqa abunəçinin istifadəsinə vermək hüququna malikdir. 55-211-38-38 nömrəsi 13.04.2019-cu il tarixində birtərəfli, həmin statusda bir ay aktivləşdirilmədiyinə görə 13.05.2019-cu il tarixində ikitərəfli bağlanılmışdır. İkitərəfli bağlı statusunda olan nömrənin yenidən aktivləşdirilməsi üçün abunəçilərə 90 gün vaxt verilsə də, ***-***-**-** nömrəsi həmin müddət ərzində də aktivləşdirilməmişdir. Bu səbəbdən ***-***-**-** nömrəsinə dair abunə müqaviləsinə xitam verilmişdir. Odur ki, qeyd edilənlərə əsasən, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instasniya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, Ali Məhkəmənin qərarında qeyd edilən hüquqi mövqeni nəzərə alaraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməklə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyil, həmçinin qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia tələbini rədd edərkən tərəflər arasında olan müqavilənin şərtlərinin iddiaçı tərəfindən yerinə yetirilməməsinə istinad etmişdir. Halbuki, iş materiallarından müəyyən olunduğu kimi, mobil telefon nömrəsindən istifadə ilə əlaqədar tərəflər arasında 30 dekabr 2005-ci il tarixdə abunə müqaviləsi bağlanmış və həmin müqavilədə tərəflərin hüquq və vəzifələri, cavabdehliyi və digər məsələlər müəyyən olunmuşdur. 01.05.2019-cu il tarixə iddiaçının borcu 20,94 manat olmuş və 90 gün müddətində telefonun balansı artırılmadığına görə 14.08.2019-cu il tarixdə nömrə ləğv edilmişdir. Yəni, mobil telefon nömrəsindən uzun müddət istifadə etmədiyi və borcunu ödəmədiyi üçün cavabdeh tərəfindən iddiaçının istifadəsində olan telefon ikitərəfli bağlanmış və onunla bağlanmış abunə müqaviləsi birtərəfli qaydada pozulmuşdur. Birinci instansiyası məhkəməsi İddiaçı cavabdehlə aralarında bağlanmış müqavilənin cavabdeh tərəfindən bir tərəfli qaydada ləğv edilməsini qanuni sayarkən hesab etmişdir ki, tərəflər arasında bağlanmış abunə müqaviləsində müştərinin 3 (üç) ay ərzində borcunu ödəmədiyi təqdirdə cavabdeh MMC-nin abunəçinin telefon xəttini bağlaması və telefon nömrəsini ləğv etməsi nəzərdə tutulduğundan və cavabdehin təqdim etdiyi maliyyə arayışına əsasən İddiaçı istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 01.04.2019-cu il tarixində 10 manat abunə haqqı hesablanmaqla iddiaçı aprel, may və iyun aylarında ödəniş etməmiş, bununla əlaqədar nömrə ilk növbədə birtərəfli qaydada bağlanmış, 90 gün ərzində nömrənin borcu ödənilmədiyinə görə isə nömrə ləğv edilmişdir. Tərəflər arasında bağlanmış müqavilədə abunə müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin şərti, yəni 90 gün ərzində nömrədən istifadəyə görə borcun ödənilməməsinin müqavilənin birtərəfli ləğvinə səbəb olması birbaşa nəzərdə tutulduğundan cavabdeh tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilərkən mülki qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı sayıla bilməz. Mobil telefon nömrəsindən istifadə ilə əlaqədar hüquq münasibəti tərəflər arasında bağlanmış 30 dekabr 2005-ci il tarixli abunə müqaviləsinə əsasən yarandığından mübahisə həmin müqavilənin tələbləri baxımından həll edilməlidir. Belə ki, cavabdeh mobil nömrəni aktivləşdirməkdən imtina edərkən abunə müqaviləsinin 2.1.6 və 2.1.8-ci maddələrinə əsaslanmışdır. Qeyd olunan Müqavilənin 2.1.6-cı maddəsinə görə müştəri 3 ay ərzində borcunu ödəmədikdə müəssisə onun telefon xəttini bağlayır, telefon nömrəsini ləğv edir. Yuxarıda göstərilən 3 ay keçdikdən sonra telefon xəttinin yenidən qoşulması üçün müştəri müəssisənin ödəniş tariflərinə müvafiq olaraq ödəniş etməlidir. Müqavilənin 2.1.8-ci maddəsinə əsasən müəssisə müştərinin Klass-simkartını bu Müqavilədə göstərilən əsaslarla bağladıqdan 6 ay sonra həmin Klass-simkartı digər müştəriyə sata və təqdim edə bilər. Kollegiya qeyd edir ki, həmin normaların məzmunundan müəyyən olunduğu kimi borcun ödənilməməsinə görə telefon xəttinin bağlanması və telefon nömrəsinin ləğvi nəzərdə tutulsa da, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün əsas verməmişdir. Lakin birinci instansiya məhkəməsi həmin maddələrə istinad etməklə borcun 90 gün ərzində ödənilməməsini müqaviləyə xitam verilməsi üçün imkan verən şərt kimi qəbul etməsi əsaslı sayıla bilməz. Belə ki, tərəflər arasında bağlanmış abunə müqaviləsində müqavilənin birtərəfli qaydada ləğv edilməsi nəzərdə tutulmamış, Müqavilənin 6.1-ci bəndində isə qeyd edilmişdir ki, müqaviləyə dəyişikliklər və ya əlavələr edilməsi, müqavilənin birtərəfli qaydada ləğvi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirilir. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, abunə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi müqavilənin 6.1-ci maddəsinə əsasən yalnız qanunvericiliyə uyğun həyata keçirilməli olduğundan cavabdeh həmin müqaviləni birtərəfli qaydada ləğv edə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: Məhkəmə kollegiyası onu da qeyd edir ki, nə abunə müqaviləsində, nə də ondan sonra tərəflər arasında müqavilənin ləğv edilməsi barədə razılaşma olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, nə də ki, cavabdeh tərəfindən müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət olunmamışdır. Tərəflər arasında mobil telefon nömrəsindən istifadə ilə əlaqədar bütün münasibətlər abunə müqaviləsi ilə tənzimləndiyindən, həmin müqavilədə isə onun birtərəfli qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmadığından, həmin müqavilə hüquqi qüvvəsini itirməmişdir. Cavabdeh tərəfindən abunə müqaviləsinin ləğv edilməsi iddia olunsa da, belə bir qərar (müqavilənin ləğvi barədə) işdə yoxdur və həmin səbəbdən müqavilənin hansı əsasa görə ləğv edilməsi də məlum deyildir. Ona görə də telefon xəttinin bağlanması və telefon nömrəsinin ləğv edilməsinə dair abunə müqaviləsinin müddəası həmin müqavilənin ləğvi imkanı kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını, işdə olan sübutları araşdıraraq, Ali Məhkəmənin qərarında qeyd edilən hüquqi mövqeni nəzərə alaraq yuxarıda istinad edilən maddi hüquq nörmalarının tələblərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuna zidd olduğundan qətnamə ləğv edilməli, iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(060)-1983/2020 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında ***-***-**-** mobil nömrəsi ilə əlaqədar bağlanmış abunə müqaviləsinin Cavabdeh MMC tərəfindən birtərəfli qaydada xitamı qanunsuz sayılmaqla Cavabdeh MMC-nin üzərinə müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, müqavilədə göstərilən və birtərəfli qaydada sistem üzərindən ləğv edilmiş ***-***- **-** nömrəsini sistem üzərində bərpa edərək yenidən İddiaçı istifadəsinə vermək Cavabdeh MMC-yə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar