Məhkəmə qərarları › İş №2(105)-2932/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2932/2020

02.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2932/2020 02.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1913/2020 saylı qərardadından Ərizəçi şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1913/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Elman Məmmədov) ərizəçi X1 1986-cı ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləməyi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə dair icraata məhkəmədə baxılmalı olmadığından xitam verilməsi qərara alınmış, ərizəçi qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, X3 ərizə ilə məhkəməyə müraciət edərək 1986-cı ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, qərardadı qanunsuz və əsassız hesab edir. Belə ki, o, Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləmişdir. Lakin onda olan sənədlərdə konkret olaraq həmin tarixlərdə, yəni 1986-1992-ci illərdə işləməyi öz əksini tapmır. Həmin tarixlərdə onun Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləməyi faktı başqa heç bir sənədlə öz təsdiqini tapmır. Çünki həmin vaxtlar müharibə dövrünə düşdüyü üçün onun əmək kitabçası işğal zonasında, iş yerində qalmışdır. Hazırda onda olan əmək kitabçasında da bu barədə heç bir qeyd yoxdur. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi şikayətində göstərilənlərə uyğun izahat verdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X6 məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə icraata işə məhkəmədə baxılmalı olmadığından xitam verərkən qərardadında əmək stajının qəbul edilməsi ilə bağlı ərizəçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Abşeron rayon şöbəsinə müraciət etməli olmasına, həmin təşkilatın hərəkətlərinin nəticəsini inzibati qaydada mübahisələndirə bilməsinə istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddədinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respubliksının Milli X9 rayon İcra Hakimiyyətinin Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 54 saylı arxiv arayışında göstərilmişdir ki, Dövlət Arxivinin Ağdam filialında saxlanılan Laçın rayonu Kamallı kənd ərazi nümayəndəliyinin arayış xarakterli arxiv sənədlərinə əsasən rayonun işğalından əvvəl Kamallı kənd orta məktəbində kitabxanaçı işləmiş X3 iş yerini özündən asılı olmayan səbəbə görə itirdiyi üçün 1992-ci ilin iyun ayında üç aylıq əmək haqqı, yəni 432 (1296) manat və 129,60 manat 30 faiz yüksəkliyə görə əmək haqqına əlavə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respubliksının Milli X9 rayon İcra Hakimiyyətinin Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 54 saylı arxiv arayışı heç də X1 1986-cı ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləməyini təsdiq etmir. Birinci instansiya məhkəməsi həmin arayışın verilməsi üçün əsas olan sənədləri də tələb edib araşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək hüququna malikdir, ərizəyə məhkəmə qaydasında baxılması mülki-prosessual qanunvericiliyin tələbləri baxımından mümkündür və birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaları düzgün tətbiq etməməklə ərizəçinin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi şikayəti təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1913/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar