Məhkəmə qərarları › İş №2(105)-294/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-294/2021

02.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-294/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə katibi X8, iddiaçı X18, onun nümayəndəsi və vəkili X14, cavabdeh Sumqayıt şəhər Səhiyyə şöbəsinin Mərkəzləşdirilmiş qarajın nümayəndələri X19 və X9 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(060)-5596/2019 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(060)-5596/2019 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı cavabdeh Sumqayıt şəhər X22 qaraja qarşı intizam tənbehi haqqında əmrlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(060)-5596/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli, 2(105)-3990/2019 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin olunmamış, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası 11 avqust 2020-ci il tarixli, 2(102)-2358/2020 saylı qərarı ilə İddiaçı kasasiya şikayəti təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli, 2(105)-3990/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 06.06.2003-cü il tarixdən əmək müqaviləsi bağlayaraq Sumqayıt şəhər X22 qaraj üzrə təcili yardım maşınında sürücü vəzifəsində çalışmışdır. Çalışdığı dövrdə işini layiqincə yerinə yetirmişdir. Qanuna görə qarajın avtomobilləri Qarajın büdcəsi hesabına təmir olunmalı halda qarajın müdürü Kamran Əhmədov avtomobilləri Qarajın sürücülərinin şəxsi vəsaiti hesabına təmir etdirmişdir. Avtomobillərin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun haqqını belə sürücülərdən tutmuşdur. Demək olar ki, avtomobilə sərf olunan yanacaqdan başqa bütün xərcləri sürücülər özləri çəkmişdir. Bütün sürücülər müdürün hərəkətlərindən narazı qalsalar da, işsiz qalmaqdan qorxub irad bildirməmişdirlər. Bu barədə o, Kamran Əhmədova müraciət edib, narazılığını bildirsə də, müdür buna “nizam-intizam qaydalarının pozulması” deyə ad qoyaraq, haqqında xəbəri olmadan iki dəfə şiddətli töhmət vermişdir. Həmin şiddətli töhməti əsas götürüb, 18 oktyabr 2018-ci il tarixdə əmr çıxararaq onun əmək müqaviləsinə xitam verilmişdir. Onun haqqında çıxarılan 24 may 2018-ci il tarixli, 21 avqust 2018-ci il tarixli töhmət və ya şiddətli töhmət və 10 oktybar 2018-ci il tarixli əmr qanunsuz və əsassızdır. Həmin əmrlərin ona rəsmi qaydada verilməsini tələb etsə də, ona ünvanlanan məktubda bildirilmişdir ki, işlədiyi dövr ərzində iş yerində əmək və icra intizamını dəfələrlə kobud şəkildə pozmuşdur. Belə ki, 24.05.2018-ci il tarixdə töhmət, 21.08.2018-ci il tarixdə akt tərtib edilərək xəbərdarlıq edilmiş, 15.08.2018-ci ildə xəbərdarlıq, 21.08.2018-ci ildə yenidən əmək intizamını və qarajın normal iş şəraitini pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 14.09.2018-ci il tarixdə akt tərtib edilərək xəbərdarlıq elan edilmiş, 06.10.2018-ci il tarixdə yuxarıda göstərilən intizam tənbehlərindən nəticə çıxarmayaraq yenidən intizam qaydalarını pozaraq idarənin normal iş şəraitini pozmuşdur. 10.10.2018-ci il tarixində 174k saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. O, heç vaxt istər kobud, istərsə də qeyri- kobud şəkildə nizamintizam qaydalarını pozmamışdır. Bu intizam tədbirləri ona qərəzli şəkildə tətbiq edilmişdir. Bundan başqa əmrlər çıxan vaxt onun iş günü olmamışdır. Ona görə də, Sumqayıt şəhər X1 haqqında çaxırdığı 24.05.2018-ci il tarixli intizam tənbehi barədə 26 saylı əmrin və 21.08.2018-ci il tarixli intizam tənbehi barədə 49 saylı əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilatın 09.08.2018ci il və 14.09.2018-ci il tarixlərdə ona xəbərdarlıq elan edilməsinə dair əmrlərin də ləğv olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 26 iyul 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189, 190, 294, 296-cı maddələri və Azərbaycan Respublikası MPM-nin 8.1, 9.1, 14.1, 88-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X18, onun nümayəndəsi və vəkili X14 apelyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Sumqayıt şəhər Səhiyyə şöbəsinin Mərkəzləşdirilmiş qarajın nümayəndələri X19 və X16 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 24 may 2018-ci il tarixdə və 15 avqust 2018-ci il tarixdə işlədiyi müəsissəyə gəlmiş, orada əmək və icra intizamını, etik davranış qaydalarını pozmuş və bu hal müəssisənin digər əməkdaşlarının tərtib etdiyi aktla rəsmişdirilmiş, bundan sonra həmin hadisələrlə bağlı iddiaçı N.F.Nəsirovun mübahisələndirdiyi əmrlər qəbul edilmişdir. Mübahisələndirilən əmrlərin qəbul edilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Sumqayıt şəhər X22 qaraja qarşı intizam tənbehi haqqında əmrlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 27.06.2006-cı il tarixli, 40k nömrəli Sumqayıt şəhər Səhiyyə şöbəsi üzrə əmrdən çıxarışın surətindən görünür ki, X19 27.06.2006-cı il tarixdən mərkəzləşmiş qarajın rəisi vəzifəsinə təyin edilmişdir. 24.05.2018-ci il tarixli, 26 saylı əmrin surətindən görünür ki, İddiaçı əmək və icra intizamını, etik davranış qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə töhmət verilmişdir. 21.08.2018-ci il tarixli, 49 saylı əmrin surətindən görünür ki, İddiaçı əmək və icra intizamını, etik davranış qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, o, Sumqayıt şəhər X22 qaraj üzrə sürücü vəzifəsində çalışır. İddiaçı məsuliyyətli işçidir, ünvanları yaxşı tanıyır, çağırışlara hamıdan əvvəl gedir, sadəcə haqqını tələb edib deyə onu işdən çıxarıblar. İddiaçının işdən çıxarılmasını əvvəlcədən bilməyib, töhmət verilməsi ona sonradan məlum olmuşdur. Şahid qismində dindirilmiş X15 ifadə verərək göstərmişdir ki, o da İddiaçı ilə birgə Sumqayıt şəhər X22 qaraj üzrə sürücü vəzifəsində çalışır. İşlədiyi müddət ərzində iddiaçının heç bir intizam pozuntusunu müşahidə etməmişdir. İddiaçıya hər hansı bir intizam tənbehi verilməsindən xəbəri olmamışdır. Şahid qismində dindirilmiş X17 ifadə verərək göstərmişdir ki, o, TTYS-də həkim işləyir. İddiaçı həmişə nizam-intizamlı bir sürücü kimi tanıyıb. İddiaçı ilə çağırışlara getdiyi vaxtlarda iddiaçı hətta xəstələrin daşınmasında belə həkimlərə kömək etmişdir. İddiaçı ünvanları yaxşı bildiyinə görə çağırışlara həmişə vaxtında gedir. Birgə işlədikləri müddətdə iddiaçının intizam pozuntusunu müşahidə etməmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X10 ifadə verərək göstərmişdir ki, o, Mərkəzi qarajın kadrlar şöbəsinin mütəxəssisi işləyir. İddiaçı iş qrafikinə əsasən bir gün işdə, üç gün isə evdə olmalıdır. İddiaçı ona intizam tənbehi verilən günlər özünü yaxşı aparmamış və müdiriyyətlə mübahisə etmişdir. Ona görə də, sonradan ona şiddətlə töhmət verilmişdir. İş qaimələri ilə sübut olunur ki iş ərəfəsində ona töhmət verilib, əmrlərin surətini Rafaelə təqdim etsək də, bəzilərini qəbul etmiş, bəzilərini isə qəbul etməmişdir. X5 ifadə verərək göstərmişdir ki, o, Qarajda müxanik vəzifəsində işləyir. İddiaçı ona töhmət verilən gün səhər saat 09.00-dan işə gəlmiş, daha sonra təcili tibbi yardımın sərəncamında olmuşdur. Rafaelin qaraj müdiri ilə mübahisə etməsini sonradan bilmiş, Rafaelin özü ona nəqliyyət vasitəsinin ehtiyyat hissələrinin verilməməsinə görə müdirlə mübahisə etdiyini bildirmişdir. Sonradan bu barədə tərtib olunmuş akta imza etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə şöbəsi Təcili və X11 Stansiyasının 23 iyul 2019-cu il tarixli, 1477 saylı məktubundan görünür ki, 24 may 2018ci il və 21 avqust 2018-ci il tarixləri İddiaçı qeyri-iş günləri olmuşdur. Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Ərazi X6 Sumqayıt şəhər Səhiyyə şöbəsi Təcili və X11 Stansiyasının 29 yanvar 2021-ci il tarixli, 267 saylı məktunundan görünür ki, 23 may 2018-ci il tarixdə **-AD-*** Dövlət nömrə nişanlı (10 bort nömrəli) sanitar avtomobilinin istismarı saat 22:50-dən, 15 avqust 2018-ci il tarixdə isə həmin avtomobilin istismarı saat 17:00-dan naməlum səbəbdən dayandırılmışdır. Məhkəmə texniki ekspertizasının 27 may 2021-ci il tarixli, 5/391-5/418 saylı rəyində göstərilmişdir ki, Sumqayıt şəhər Səhiyyə şöbəsinin Mərkəzi qarajının 2018-ci ilin işçilərin iş vaxtının qeydiyyat Tabelinin 2018-ci ilin may və avqust ayları üzrə İddiaçı aid qeydlərdə hər hansı düzəlişlərin olması müəyyən edilməmişdir. Minik avtomobilləri üçün 15 avqust 2018-ci il tarixli 4007 nömrəli yol vərəqəsinin yuxarı sağ küncündə olan “10” rəqəminin yerində əvvəlcə “5” rəqəmi olub, sonradan əlavə cizgi artırmaqla indiki rəqəm icra edilmişdir, “Avtomobilin markası” qrafasındakı “Qaz” əlyazısının yerində əvvəlcə “Mersedes” yazısı olub, “Dövlət avtomüfət. №-si” qrafasındakı “** AD ***” əlyazısının yerində əvvəlcə “** JX ***” yazıları olub sonradan üzərinə ağardıcı boya çəkilərək indiki yazılar icra edilmişdir. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştembel boya ilə icra olunmuş möhür əksini və diyircəkli qələmlə icra olunmuş əlyazılarının və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən “Sumqayıt şəhər Səhiyyə şöbəsinin Mərkəzi qarajının 2018-ci ilin avqust və 2018-ci ilin may ayları üçün tərtib edilmiş işçilərin iş vaxtının qeydiyyat Tabel hansı vaxt (2018-ci ildə və yaxud sonradan) tərtib edilmişdir; Forma № avto-2 blankında olan və üzərində minik avtomobilləri üçün yol vərəqəsi №1664” sözləri yazılmış 23 may 2018-ci il tarixli sənədin birinci vərəqində vurulmuş möhür, imza və “23-50-də maşın təmirə dayandırılmışdır”sözləri və həmin blankın 2-ci vərəqində ”9-00-dan 23-00”sözləri hansı tarixdə (2018-ci ildə və yaxud sonradan) icra olunmuşdur?; Forma № avto-2 blankında olan və üzərində minik avtomobilləri üçün yol vərəqəsi №4007” sözləri yazılmış 15 avqust 2018-ci il tarixli sənədin birinci vərəqində vurulmuş möhür, imza və “17-00-dan avtomaşın işi dayandırılmışdır” sözləri və həmin blankın 2-ci vərəqində “İ.Namazov” sözü ilə aparılmış qeyd hansı tarixdə (2018-ci ildə və yaxud sonradan) icra olunmuşdur?; Təqdim olunmuş (İnzibati xəta, əmrin təqdim olunması, izahat verməkdən imtina və s) hansı tarixdə (2018-ci ildə və yaxud sonradan) hazırlanmışdır?” sualları üzrə tədqiqat aparılmamışdır. İş materiallarından göründüyü kimi iddiaçı Sumqayıt şəhər X22 qarajının 10 oktyabr 2018-ci il tarixli əmri işdən azad edilmişdir. Həmin əmrin verilməsi üçün əsas 24.05.2018-ci il tarixli intizam tənbehi barədə 26 saylı və 21.08.2018-ci il tarixli intizam tənbehi barədə 49 saylı əmrlər olmuşdur. R. Nəsirov Sumqayıt şəhər X22 qarajına qarşı işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş lakin Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək 10 oktyabr 2018-ci il tarixli işdən azad edilmə əmrinin əsası olan 24.05.2018-ci il tarixli intizam tənbehi barədə 26 saylı və 21.08.2018-ci il tarixli intizam tənbehi barədə 49 saylı əmrlərin ləğv edilməsini tələb edir. İddiaçının bununla bağlı birinci əsası ondan ibarətdir ki, cavabdeh müəssisənin əməkdaşları tərəfindən onun 24.05.2018-ci il tarixində və 15.08.2019-ci il tarixində müəssisəyə gələrək, orada əmək və icra intizamını, etik davranış qaydalarını pozması barədə aktlar tərtib edilmiş və bu aktlar əsasında ona 24.05.2018-ci il tarixli və 21.08.2018- ci il tarixli əmrlərlə töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Birinci instansiyası məhkəməsi cavabdeh müəssisənin əməkdaşları tərəfindən tərtib edilmiş aktın əsaslılığını bilavasitə araşdırmamışdır. İddiaçının digər dəlili ondan ibarətdir ki, birinci töhmət verilərkən qrafik üzrə istirahət günü olmağına baxmayaraq işlədiyi müəssisəyə gəlmiş, qarajın müdiri X19 ilə mübahisə etsə də əmək icra və intizamını pozmamışdır. Belə ki, növbəli iş rejimində işləməklə onun üçün həmin gün istirahət günü olduğundan onun tərəfindən əmək icra və intizamının pozulması qeyri-mümkündür. Bundan başqa iddiaçının ikinci töhmətlə bağlı əsaslandırması ondan ibarət olmuşdur ki, ikinci töhmət verilərkən qrafik üzrə istirahət günü olduğundan ümumiyyətlə işdə olmamışdır. İddiaçının növbəli iş rejimində bir gün işləyib, üç gün istirahət etməsi işin mübahisəsiz halıdır. İş materialları ilə müəyyən olur ki, hər iki fakt əsasında töhmət verilərkən qrafik üzrə iddiaçının iş günü deyil, istirahət günü olmuşdur. İş materiallarına əlavə edilmiş 24 may 2018-ci il tarixli aktla müəyyən olur ki, X27 X2 sürücüsü İddiaçı dəfələrlə kollektiv arasında etik və davranış qaydalarını pozaraq iş rejiminin normal vəziyyətdə olmasına maneçilik törətmiş və əmək qanunvericilik tələblərini ciddi şəkildə pozmuşdur. Dəfələrlə bu hərəkətlərinin qarşısını almaq barədə ona xəbərdarlıq edilsə də təkrarən 24.05.2018-ci il tarixdə saat 11.30 radələrində Sumqayıt şəhər Səhiyyə şöbəsinin Mərkəzləşdirilmiş qarajında müdir X12 iş otağına daxil olmuş, ona qarşı şantaj xarakteli sözlər işlədərək davranış və etik qaydaları pozmuş, dövlətin və onun yerlərdəki qurumlarının əleyhinə nalayiq sözlər işlətmişdir. Həmin aktın məzmunu ilə müəyyən olur ki, İddiaçı tərəfindən həmin tarixdə iş rejiminin normal vəziyyətdə olmasına maneçilik törətməsi, əmək intizamına əməl etməməsi və və əmək qanunvericiliyinin tələblərinin ciddi şəkildə pozulması hallarına yol verilməmiş, həmin pozuntuların məhz keçmiş zamanda baş verdiyi göstərilmiş və belə olan halda 24 may 2018-ci il tarixli əmrin əsasını həmin hüquq pozuntularının təşkil etməsinin heç bir əsası yoxdur. 15 avqust 2018-ci il tarixli aktla isə müəyyən olur ki, sürücü İddiaçı dəfələrlə kollektiv arasında etik və davranış qaydalarını pozaraq iş rejiminin normal vəziyyətdə aparılmasına maneçilik törətmiş və əmək qanunvericilik tələblərini ciddi şəkildə pozmuşdur. Bu hərəkətlərin qarşısını almaq barədə ona xəbərdarlıq edilsə də, təkrarən 15.08.2018-ci il tarixdə saat 12.30 radələrində idarəyə gəlmiş, idarə işçiləri yanında rəhbərliyə qarşı nalayiq sözlər işlədərək idarənin normal iş şəraitini pozmuşdur. Göründüyü kimi 21 avqust 2018 ci il tarixli əmrin tərtibində yalnışlığa yol verilərək əmək qanunvericiliyinin tələbləri pozulmuş və əsası olmayan hüquq pozuntularına istinad olunmuşdur. Məhkəmə kollegiyası iclasında toplanmış sübutlarla və işin faktiki halları ilə müəyyən olur ki, İddiaçı birinci töhmət verilərkən qrafik üzrə istirahət günü olmağına baxmayaraq işlədiyi müəssisəyə gəlmiş, qarajın müdiri X19 ilə idarə etdiyi avtomaşının təmirinin idarənin hesabına deyil, şəxsi vəsaiti hesabına təmir olunmasına etiraz edərək mübahisə etmiş, lakin bu hərəkətlər əmək icra və intizamın pozulmasına yönəlməmiş və belə bir hal mövcud olmamışdır. İddiaçıya ikinci töhmət verilərkən də qrafik üzrə onun istirahət günü olmuş və intizam tənbehinin verilməsi üçün heç bir əsas olmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf əmək və icra intizamının pozulmasının konkret nədə ifadə olunmasını göstərə bilməmiş və iddiacıya verilmiş intizam tənbehi haqqında olan əmrlərin qanuni və əsaslı olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası cavabdeh müəssisənin əməkdaşları tərəfindən tərtib edilmiş aktların əsaslığına qiymət verərək hesab edir ki, həmin aktlar işin faktiki hallarına uyğun olmayıb, bir-birini təkrarlayan və bir neçə intizam xətasını özündə əks etdirən pozuntuların konkret nədə ifadə olması müəyyən edilməyib intizam tənbehlərin verilməsi barədə əmrlərin əsası ilə ziddiyyət təşkil edərək təkzib olunduğuna görə həmin aktların əsaslığına tənqidi yanaşılmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilatın 09.08.2018-ci ildə və 14.09.2018-ci il tarixdə ona xəbərdarlıq elan edilməsinə dair əmrlərinin də ləğv olunmasını xahiş etmişdir. Lakin iş materialları ilə və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla müəyyən olur ki, həmin tarixlərdə müəsissədə baş vermiş hadisələrə dair digər sənədləşmə işləri aparılsa da iddiaçı barəsində başqa bir intizam tədbiri qəbul edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona ”töhmət” və “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehlərindən birini verə bilər: Həmin Məcəllənin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Beləliklə məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş çvə ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və Sumqayıt şəhər X22 qarajının 24.05.2018-ci il tarixli, 26 saylı və 21.08.2018-ci il tarixli, 49 saylı intizam tənbehinin verilməsi barədə əmrlər ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatına xərclənmiş rəyin dəyərini təşkil edən 61,52 manat məbləğində pul iddia ərizəsi əsaslı olduğundan cavabdeh Sumqayıt şəhər X22 qarajından alınıb müvafiq bank hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(060)-5596/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı cavabdeh Sumqayıt şəhər X22 qaraja qarşı intizam tənbehinin verilməsi haqqında əmrlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilsin. Sumqayıt şəhər X22 qarajının 24.05.2018-ci il tarixli, 26 saylı və 21.08.2018-ci il tarixli, 49 saylı intizam tənbehinin verilməsi barədə əmrlər ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 61 (altmış bir) manat 52 (əlli iki) qəpik cavabdeh Sumqayıt şəhər X22 qarajından alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar