Məhkəmə qərarları › İş №2(105)-2969/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2969/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2969/2021 18.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı pulun qaytarılması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Siyəzən Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.R.Ələkbərov) İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair iddianın təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı "pulun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1750 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-ci ilin mart ayında Rusiya Federasiyasının Moskva şəhərində işləyərkən keçmiş arvadı ilə aralarındakı nikahın pozulması və ona məxsus torpaq sahəsinin qanunsuz olaraq keçmiş arvadının adına sənədləşdirilməsinə dair torpaq şəhadətnaməsinin ləğvi üçün hüquqi yardıma ehtiyacı yaranmış, bu səbəbdən də doğulduğu Siyəzən rayonu, Böyük Həmyə kəndində yaşayan sinif yoldaşı Gümrah Hüseynalıyev cavabdehin vəkil tanışının olmasını ona bildirmişdir. Bundan sonra, o, cavabdehlə telefon vasitəsilə əlaqə saxladıqda, sonuncu ona vəkil tanışı olmasını bildirib, vəkilin telefon nömrəsini vermişdir. Onlar vəkil kimi tanıdığı Nazim Məmmədovla arvadı X3 ilə aralarında olan nikahın pozulması və keçmiş Dəvəçi Rayon İcra Hakimiyyətinin 14 mart 1992-ci il tarixli, 70 a saylı əmri ilə onun adına verilmiş 1200 kv.metrlik torpaq sahəsinin qanunsuz olaraq arvadının adına sənədləşdirilməsi barədə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi üçün işlərin aparılması ilə əlaqədar 700 manata razılığa gəlmişlər. Bundan sonra, nümayəndəsi N.Məmmədov özü Siyəzən rayonu, Böyük Həmyə kəndindəki evlərinə gələrək əvvəlcə 500 manatı və əlavə olaraq 150 manatı (2015-ci ilin mart ayında) qardaşı Elşən Ələsgərovdan almışdır. Nikahın pozulması prosesi zamanı nümayəndəsi N.Məmmədov əlavə olaraq 1100 ABŞ dolları (o vaxtkı məzənnə üzrə 900 manat) pul lazım olduğunu bildirdikdə, o, sonuncuya kəskin etirazını bildirərək işin dayandırılmasını xahiş etmiş, beləliklə, vəkillə aralarında olan münasibətlər pozulmuşdur. Sonradan Cavabdeh onunla telefon vasitəsilə əlaqə saxladıqda, sonuncu hər şeyi özü yoluna qoyacağını bildirmişdir. Həmin 1100 ABŞ dolları (900 manat) pulu kənddəki evlərindən anası Cəmilə Muradova qardaşı Elşənə vermiş, sonuncu da bu pulu cavabdehə təqdim etmişdir. Qətnamə çıxmamış isə cavabdeh ona hər iki işinin həlli üçün şirinlik lazım olduğunu bildirmiş, qardaşı Ələsgər 18-20 kq-lıq toğlunu (təxminən 200 manat dəyərində) kəsdirərək, ətini nümayəndə Nazim Məmmədovun evinə aparmışdır. Lakin, nəticədə ona heç bir qətnamə təqdim edilməmişdir. 2018-ci ildə o, Azərbaycan Respublikasına qayıdarkən qətnaməni məhkəmədən almış və ona nikahın pozulması işinin həll olunması bəlli olmuşdur. Bu barədə Cavabdeh bildirdikdə sonuncu evində yaşamasını bildirərək, buna heç kimin mane olmayacağını qeyd etmişdir. Sonradan dəfələrlə pulunu geri istədikdə o, bundan imtina etmişdir. X6 əlaqə saxladıqda sonuncu ona 900 manat pulun verilmədiyini bildirmişdir. Cavabdehdən dəfələrlə etdiyi şikayətlərin nəticəsi olmadığı üçün əsəbiləşib sonuncuya “dələduz” dediyi üçün cavabdeh ondan Siyəzən RPŞ-yə şikayət etmiş, habelə cavabdeh orada izahatında 1750 manat pulu keçmiş arvadı tərəfə şikayət olunmasın deyə verdiyini bildirmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İşin nəticəsində təsir edən hallar araşdırılmamışdır. Siyəzən Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(059)-235/2021 saylı qətnaməsinin ləğv edilməsi və pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən borcun olmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X10 ifadəsində göstərmişdirdi ki, iddiaçını bundan əvvəl görməmiş, yalnız nümayəndəsi olduğu işlə əlaqədar 2015-ci ildə telefon vasitəsilə danışmışdır. Cavabdehin oğlu X5 əsgərlik dostu olduğundan hazırda da ailəvi dostluq münasibətləri davam edir. 2015-ci ildə nümayəndə qismində məhkəmə işlərini aparmışdır. 2015-ci ilin yaz aylarında (təxminən mart ayı) Cavabdeh ona Hətəm adında həmkəndlisinin keçmiş arvadı Zahirə Ələsgərova ilə məhkəmə işlərini (nikahın pozulması və torpaq mübahisəsi) aparmaq üçün nümayəndəyə ehtiyacı olduğunu bildirmiş və iddiaçının telefon nömrəsini ona təqdim etmişdir. Beləliklə, iddiaçı ilə telefon vasitəsilə danışmış, hüquqi yardım göstərilməsi üçün Hətəmlə 700 manata razılaşmışdır. Cavabdehin oğlu R.Məmmədov bu pulu ona 2015-ci ilin yay fəslində Siyəzən şəhərində avtovağzalın qarşısında çatdırmışdır. Bundan əlavə, 400 manat pulu da Hətəmin ata evində (məhkəmə tərəfindən ərazidə keçirilmiş yerində müayinə zamanı iştirak edərkən) onun qohumu (anası və ya qardaşı olmasını dəqiq xatırlamır) masanın üstünə qoymuş və o, da bu pulu götürmüşdür. Daha sonra, isə həmin ərəfədə iddiaçının böyük oğlu Səxavət ona 18-20 kq-luq quzunu pay olaraq göndərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, 2015-ci ilin yay fəslində qardaşı Hətəmə aid olan 500 manat pulu ata evlərində darvazanın qarşısında anası Cəmilədən alıb iddiaçı Cavabdeh vermiş, bu pulun qardaşı Hətəmin məhkəmə mübahisələrinin aparılması məqsədilə nümayəndəyə çatdırılacağını bilmişdir. Belə ki, qardaşı Hətəmin xahişi ilə nümayəndə N.Məmmədovla ilk dəfə o, Bakı şəhərində görüşmüş, hüquqi xidmətin dəyərini 1000-1200 manata razılaşmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ilin yaz-yay fəsillərində Cavabdeh, oğlu Hətəmin məhkəmə işlərini aparmaq üçün vəkilə çatdırmasından ötrü iki dəfə pul vermiş, birinci dəfə 900 manat pulu evlərində iddiaçıya təqdim etmiş, ikinci dəfə isə cavabdehə çox etibarı olmadığı üçün 500 manat pulu verərkən oğlu Elşəni evə dəvət edərək pulu sonuncuya vermiş, Elşən də həmin pulu onun yanında darvazalarının qarşısında Cavabdeh vermişdir. İşdə olan 17 mart 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonar-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Bu Məcəllənin 443.0.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda işə baxmağa haqlıdır. İş materiallarından da göründüyü kimi, Cavabdeh Azərbaycan Respublikasının, İddiaçı isə Rusiya Federasiyasının vətəndaşıdır və cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malikdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, hazırda Cavabdeh tərəfindən İddiaçı qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müşahidə edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, İddiaçı ona hüquqi yardım göstərmiş N.Məmmədova qarşı gələcəkdə ödənilmiş 700 manat vəsaitin, habelə mötəbər sübutlar təqdim edəcəyi təqdirdə əlavə vəsaitin qaytarılması tələbi ilə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti ona min manatdan az olan əmlak xakakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin iş üzrə 21 iyun 2021-ci il tarixli 2(059)-235/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar