Məhkəmə qərarları › İş №2(105)-297/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-297/2023

24.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-297/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X17 və X9 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(012)-4072/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, uşaqları 20 avqust 2017-ci il təvəllüdlü X11, 05 aprel 2019-cu il təvəllüdlü X15 və əmlakları ilə birlikdə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, 4 saylı binanın, 105 sayl mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının oğlu X1 arvadıdır və onlar arasında nikah Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 822/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş və onların birqə nikahdan anadan olmuş uşaqları, 20 avqust 2017-ci il təvəllüdlü X4 və 05 aprel 2019cu il təvəllüdlü X6 boşanmadan sonra anaları Cavabdeh yanında qalmaları, uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh ƏlX16 boşanmaya qədər oğlu X12 və uşaqları ilə birlikdə onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, 4 saylı binanın, 105 saylı mənzilində yaşamışlar. Həmin mənzilin onun mülkiyyətində olması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Serya RX № ******* saylı, ********** Qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışla təsdiq olunur. Həmin mənzil X5 ilə onun və "xxxx" ASC-nin Nəsimi filialı ilə aralarında 18 aprel 2018-ci ildə bağlanılmış 11/318/AİFKK nömrəli Alqı-Satqı və İpoteka Müqaviləsinə əsasən 52530 (əlli iki min beş yüz otuz) manat dəyərində olmaqla 10530 (on min beş yüz otuz) manat tərəfindən nəğd olaraq ödənilməklə "xxxx" ASC-nin Nəsimi filialı ilə aralarında 05 aprel 2018-ci ildə bağlanılmış 11/318/AİFKK nömrəli Kredit Müqaviləsi əsasında 144 ay (qeyd: 12 il) müddətinə götürdüyü 42000 (qırx iki min) manat məbləğində İpoteka krediti hesabına alınmışdır. Qeyd edilən Müqavilənin predmetini müəyyən edən 1.1-ci və 1.3-cü bəndində göstərilir: Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana/Borcalanlara məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 42 000 (qırx iki min) manat məbləğində illik 7 (yeddi) faiz dərəcəsi ilə 144 (yüz qırx död) ay müddətinə ipoteka krediti verir. Kredit Borcalana/Borcalanlara/ ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********83- 05301-093008 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın (bundan sonra- yaşayış sahəsi) alınmasına verilir. 05 aprel 2018-ci il tarixli Kredit Müqaviləsinə verilmiş əlavədə kredit və ona hesablanmış faizlərin ödəniş çədvəlinə əsasən tərəfindən alınmış mənzilə görə 4 il müddətində hər ay ödənişlər edilməklə xx.xx.2022-ci il tarixə olan ödəniş edildikdən sonra qalan 9 (doqquz) ilə kredit müqaviləsi üzrə 30935 (otuz min doqquz yüz otuz beş) manat borc ödənilməlidir. Həmin mənzil “Kristal Abşeron-2” şirkəti tərəfindən inşa edilmiş binada tam təmirli vəziyyətdə satıcıdan alınmışdır. Mənzil alındıqdan sonra cari xırda təmirlər nəzərə alınmadan mənzildə təmir aparılmamışdır. Cavabdeh ilə oğlu arasında nikah pozulduqdan sonra oğlu X12 onunla birgə həmin mənzildə yaşamır və cavabdehlə ailə münasibətlərinə son qoyulmuşdur. Dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh uşaqları və əşyaları ilə birlikdə müxtəlif bəhanələr gətirərək mənzildən çıxmaq istəmir. Halbuki, cavabdehin qeydiyyatda olduğu ünvan 2 ünvanda valideynlərinə məxsus, nikaha qədər yaşadığı üç mərtəbəli fərdi yaşayış evi mövcuddur və o, yeganə övlad olaraq valideynləri ilə birgə yaşaya bilər. Cavabdeh faktiki olaraq onu mülkiyətində olan mənzildə yaşamaqdan məhrum edib və hazırda hər ay ipoteka götürdüyü mənzilə görə kredit müqaviləsi üzrə 430 manat borc ödəməyinə baxmayaraq və mülkiyyətində mənzil ola-ola müvəqqəti başqa yerlərdə yaşamaq məcburiyyətində qalmışdır. Göründüyü kimi cavabdeh onu mülkiyyətində olan mənzilə dair qanunla verilmiş bütün hüquqlardan məhrum etmişdir. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(012)-4072/2022 saylı qətnaməsi ilə vavabdeh Cavabdeh, uşaqları 20 avqust 2017-ci il təvəllüdlü X11, 05 aprel 2019-cu il təvəllüdlü X6 və əmlakları ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, 4 saylı binanın, 105 saylı mənzilindən çıxarılması, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 100 manat məbləğindəki dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh onun keçmiş gəlinidir, iddiaçının oğlu ilə gəlini arasında olan nikah pozulmuşdur. Cavabdehin mübahisəlndirilən mənzildən istifadə hüququ yoxdur, bu barədə hər hansi sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5, AR Mənzil Məcəlləsinin 30.1-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək, cavabdehin iştirakını təmin etməyərək, müdafiə hüququnu təmin etmədən, cavabdehi azyaşlı uşaqları ilə bayıra atmaqla qanuna zidd qətnamə qəbul etmişdir. Cavabdeh həqiqətən İddiaçı gəlini, oğlu X1 arvadıdır, birgə nikahdan 20 avqust 2017-ci il təvəllüdlü X11 və 05 aprel 2019- cu il təvəllüdlü X15 anadan olmuşdur. İddiaçının oğlu ilə nikah-ailə münasibətləri qurduqdan sonra yaşamaq üçün həmin mənzilə köçmüşlər. Mübahisəli mənzilin mülkiyyətçisi qeyd-şərt göstərmədən ailə üzvü kimi özünə məxsus evə köçürmüş, hətta şifahi razılıq da vermiş, ona görə də bu evdən (onun yaşayış sahəsindən) istifadə etmək hüququna malik olmuşdur. Cavabdehlə birgə yaşamaqla, onların ailə üzvü kimi qəbul edilmiş, həmin müddət ərzində davamlı olaraq ümumi təsərrüfatı birlikdə aparmışlar. Həmin evdən ailə münaqişəsi zəminində uşaqları ilə birlikdə çıxmış və müvəqqəti olaraq atası evinə getmişdir. Cavabdehin övladları ilə birlikdə yaşamağa yeri yoxdur və bütün gəlirlərini iki övladına görə yaşadığı evin tikintisi və təmirinə xərcləmiş, sərf etmişdir. Bütün evdə aparılan tikinti təmir işlərinin əksəriyyətində şəxsən cavabdeh özü əziyyət çəkmişdir, çünki iddiaçının oğlu aylarla evdə olmurdu, bir ildən çox müddət ərzində ümumiyyətlə işsiz olduğundan, bütün xərclər evin və avadanlıqların alınmasında, ustaların xərclərinin ödənilməsində və onların istər maddi və istər qidalarının təmin edilməsində bilavasitə iştirak etmişdir. Hazırkı iş üzrə qətnamə çıxararkən birinci instansiyası məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, sübutlara düzgün qiymət verməmiş, konstitusiya ilə qorunan hüquqlarını, ədalətli araşdırma prinsipini, çəkişmə prinsipini pozaraq, qanunsuz və ədalətsiz olaraq bir tərəfli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfin qanunsuz və səthi dəlilləri əsasında işə baxmış, işin konkret halları və qanunun normaları nəzərə alınmamışdır. Birinci instansiya Məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan mübahisəli mənzilin həmin mənzildə tikinti-təmir işləri ilə bağlı faktiki hallar aydınlaşdırılmamışdır .Birinci instansiya məhkəməsində işə baxan məhkəmə, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehi məlumatlandırmamış, məhkəmədə iştirakı təmin edilməmiş və bu səbəbdən etirazın əsaslarının dəlillərini sübut etmək imkanından məhrum olmuşdur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, oğlunun cavabdehlə nikahı pozulub. Cavabdehin öz atasının evi var. Bu evi özü ipoteka ilə, öz zəhməti ilə alıb. Cavabdeh ikinci dəfə başqa bir ərəb mənşəli şəxsə də ərə gedib. Amma onları təhdid edir və bildirir ki, evə girdikləri təqdirdə onlara böhtan atacaq. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(012)-4072/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh nümayəndə və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək eyni tarixdə başqa məhkəmlərdə təyinedilmiş iclaslarda iştirak edəcəyindən xx.xx.2022-ci il tarixə, saat 11:30-a və xx.xx.2023-cü il tarixə, saat 11:15-ə təyin edilmiş məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh rəsmi qaydada, eləcə də sms bildiriş vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.8 kv.m olan mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin e-2(010)822/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X12 ilə Cavabdeh arasında 04 aprel 2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsində 711 nömrə ilə qeydə alınmış nikahın pozulması, X12 ilə Cavabdeh birgə nikahlarından doğulmuş 20 avqust 2017-ci il təvəllüdlü X13 və 05 aprel 2019-cu il təvəllüdlü X15 boşanmadan sonra anaları Cavabdeh yanında qalması, X2 20 avqust 2017-ci il təvəllüdlü X13 və 05 aprel 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulması müddəti nin02 mart 2022-ci il tarixdən müəyyən edilməsi, qətnamənin aliment hissəsində dərhal icra olunması qət edilmişdir. X5 ilə ipoteka saxlayan "xxxx" ASC-nin “Nəsimi” filialı borcalan İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 11/318/AİFKK nömrəli Alğı-satqı və İpoteka Müqaviləsinin surətindən görünür ki, Satıcı, ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********83-05301-093008 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı (bundan sonra - daşınmaz əmlak) Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Həmin müqavilənin 1.4. bəndinə əsasən Daşınmaz əmlakın satış qiyməti 52 530 (əlli iki min beş yüz otuz) manatdır, mənzilin dəyərinin 10 530 (on min beş yüz otuz) manat məbləğində olan hissəsi Alıcı-ipoteka qoyanın özü tərəfindən, 42 000 (qırx iki min) manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka saxlayan tərəfindən "05" Aprel 2018-ci il tarixli 11/318/AİFKK saylı Kredit müqaviləsinə (bundan sonra - Kredit müqaviləsi) əsasən Alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Kreditor "xxxx" ASC-nin “Nəsimi” filialı ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 11/3187/AİFKK nömrəli Kredit Müqaviləsindən görünür ki, Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana/Borcalanlara məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 42 000 (qırx iki min) manat məbləğində illik 7 (yeddi) faiz dərəcəsi ilə 144 (yüz qırx dörd) ay müddətinə ipoteka krediti verir. Kredit Borclana/Borcalanlara ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********83-05301-093008 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın (bundan sonra - yaşayış sahəsi) alınmasına verilir. xx.xx.2018-ci il tarixli ********* nömrəli Mənzilin təhvil aktından görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış “09 aprel 2018”-ci il tarixli, “00011534” saylı Alqı-satqı müqaviləsinə əsasən, “MTK” Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanında yerləşən 4-cü binanın, 1-ci blokun mansard mərtəbəsində, 2 otaqlı 105 №-li mənzili 20 aprel 2018-ci il tarixində “Alıcı”nın istifadəsinə verdi, Alıcı isə təhvil aldı. İş materiallarından müəyyən edilir ki, mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanında yerləşən 4-cü binanın, 1-ci blokun mansard mərtəbəsində, 2 otaqlı 105 №-li mənzil İddiaçı tərəfindən 5.04.2018-ci il tarixli 11/3187/AİFKK nömrəli Kredit Müqaviləsi əsasında alınmışdır. Cavabdeh iddiaçının keçmiş gəlinidir, iddiaçının oğlu X12 ilə cavabdeh arasında olan nikah xx.xx.2022-ci il tariuxli qətnamə ilə ilə pozulmuşdur. Cavabdeh mübahisəli yaşayış sahəsində xx.xx.2018ci il tarixdən sonra məskunlaşmışdır. Bununla da müəyyən edilir ki, mübahisəli mənzilə dair tərəflər arasında münasibətlər 2018-ci ildən yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər xx.xx.2018-ci il tarixində (mənzilin alınmasına dair tərəflər arasında bağlanmış kredit müqaviləsi və təhvil aktına əsasən) yarandığından mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 60-cı maddəsinə əsasən “hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının oğlunun keçmiş arvadı olmuş, onlar arasındakı nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Bununla da müəyyən edilir ki, hazırki işdə cavabdeh mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququ olmayan şəxsdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-cı maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən mənzilin cavabdeh tərəfindən təmir edilməsinə dair dəlilinə qiymət verərək qeyd edir ki, işə əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-3621/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X7 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında yerləşən 105 B nömrəli mənzilin alışı zamanı ödənilmiş ilkin ödəniş məbləği olan 11520 manat məbləğində pulun ½ hissəsi, 5760 manat məbləğində pulun, ünvan 4 ünvanında yerləşən 105 B nömrəli mənzilin alındığı gündən 7 ay müddətində onun 480 manat kredit ödənişinə əsasən, ümumilikdə iddiaçı tərəfindən ödənilən 3360 manat pulun ½ hissəsi, 1680 manat məbləğində pulun və ünvan 4 ünvanında yerləşən 105 B nömrəli mənzilə şəkilmiş xərclərin dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, X12 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə götürdüyü aktiv kreditlərinin cəmi qalıq məbləği 8870,93 manat və birgə nikah dövründə götürülmüş və tam ödənilmiş 14700 manat pulun Cavabdeh payı ½ nisbətdə müəyyən edilməsi və həmin paya uyğun tutularaq Cavabdeh 11785 manatın və ödənilmiş dövlət rüsumu 125,36 manatın tutularaq X7 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə sözügedən mənzilin İddiaçı mülkiyyətində olması, mənzilin alqısatqı və ipoteka müqaviləsinin onunla bağlanılması, mənzilin ilkin ödənişini İddiaçı etməsi, mənzilə görə aylıq ödənişlərin də İddiaçı tərəfindən edilməsi, mənzilin təhvil-təslim aktından da göründüyü kimi mənzilin İddiaçı təhvil verilməsini, iddiaçının və ya cavabdehin ünvan 4 ünvanında yerləşən 105 B nömrəli mənzilin alışı zamanı hər hansı məbləği ödəməsi, mənzilə görə aylıq ödəniş etməsi, həmçinin mənzili əsaslı təmir etdirməsi iş materilları ilə müəyyən edilməməsi və sübuta yetirilməməsi əsası ilə iddia tələbləri təmin edilməmişdir. Göründüyü kimi, artıq cavabdeh mənzilə çəkilmiş təmir xərcləri ilə bağlı məhkəmədə iddia qaldırmış və iddiası təmin edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə iclasları barədə məhkəmə bildirişləri cavadbehin yaşadığı mübahisəli mənzilə göndərilmiş, həmçinin cavabdehə məxsus mobil nömrələrə sms bildirişlər göndərilmişdir (i.v. 42, 46, 54,56,57). Eyni zamanda iş materiallarında olan (i.v.59) ərizədən görünür ki, cavabdeh məhkəməyə yazılı ərizə ilə müraciət edərək onun X7 qarşı “pul” tələbinə dair iddiasına Yasamal Rayon Məhkəməsində baxılmasını göstərərək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya məhkəməsində baxılarkən məhkəmə iclasları barədə rəsmi məlumat, eləcə də sms bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək başqa məhkəmə proseslərində iştirakı ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bununla da müəyyən edilir ki, cavabdehin məhkəmə iclasları barədə məlumatı olsa da, məhkəmə iclaslarında könüllü iştirak etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(012)-4072/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(012)-4072/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar