Məhkəmə qərarları › İş №2(105)-298/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-298/2022

12.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-298/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(060)-6785/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(060)-6785/2021 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası təmin edilib, İddiaçı Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllə 200A saylı bağ sahəsində yerləşən evə köçürülməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2021ci il tarixli, 2(060)-6785/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllə 200A saylı bağ sahəsində yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun övladıdır və münasibətləri çox gərgindir. Cavabdeh onun 2000-ci ildən yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllə 200A saylı bağ sahəsində yerləşən evi zəbt etmiş, qapının açarını dəyişərək onu mənzilə buraxmır. Həmin bağ evi tikiləndə cavabdehin 16 yaşı var idi, evi özü və həyat yoldaşı tikmişdir. Sənədləşmə cavabdehin adına rəsmləşdirilsə də, bu günə qədər o, həmin mənzildə yaşamışdır. Cavabdeh onun mənzildən çıxarılması barədə dəfələrlə məhkəməyə müraciət etmiş, lakin iddiaları təmin olunmamışdır. Hazırda onun əşyaları həmin mənzildə qalmasına baxmayaraq, cavabdeh həmin əmlaklardan istifadə etməsinə imkan vermir. Çarəsizlikdən qızının evində yerləşmişdir. Əgər cavabdeh onun həmin bağ evində yaşamağını istəmirsə ona kompensasiya versin və mənzildən istifadə hüququna xitam verilsin. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 02 sentyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllə 200A saylı bağ sahəsi onun adınadır. 2009-cu ildə birinci üç otaqdan ibarət olan evi (sahəsi 120 kv.m) daha sonra isə, 80 kv.metrlik üç otaqlı evi inşa etdirmişdir. Bacısı isə həmin vaxt evli olmuşdur. Özü ailə quranda atası ilə razılığa gəlmişdir ki, onlar onun adına olan Xəzər bağları Nəsimi küçəsi 2-ci məhəllədə yerləşən 200A saylı bağda yaşasınlar. Özü isə 1988-ci ildən köçüb gəldikləri Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ev 84, mənzil 11-də ailəsi ilə birlikdə yaşasın. Beləliklə onlar Sumqayıt şəhəri, Xəzər bağlarında, o, isə birləşmiş məhəllə ev 84, mənzil 11-də yerləşmişlər. Lakin hələ atası dünyasını dəyişməzdən əvvəl bacısı atasından və ondan yaşadıqları 7-8-12-ci məhəllə ev 84, mənzil 11-dən onun qeydiyyatı olduğu üçün pay istəməyə başlamışdır. Vəziyyətin belə olduğunu gördükdə atası ilə belə qərara gəlmişlər ki, Sumqayıt şəhəri, Xəzər bağları Nəsimi küçəsi 2-ci məhəllədə yerləşən 200A saylı bağın 80 kv metrlik hissəsində olan 3 otaqdan ibarət evi ona verək, o, da öz növbəsində qeydiyyatda olduğu evdən imtina etsin. Beləliklə notarial qaydada 80 kv.metrlik hissədə yerləşən evi ona etibarnamə əsasında vermiş, o, da notariusda dilindən ərizə verib imzalamışdır ki, bir daha qeydiyyatda olduğu ünvandan və bağdan heçnə tələb etməyəcəkdir. Lakin atası rəhmətə getdikdən sonra o, binada yerləşən evi anasının adına rəsmiləşdirdikdən sonra bacısı anasını öyrədərək ondan yenidən 35.000 manat pul tələb etmişlər. Buna etiraz edərək bildirmişdir ki, onun verdiklərini geri qaytardıqdan sonra bu evdən qeyri-şərtsiz çıxmağa razıdır. Ev anasının adına olduğuna görə anası onu məhkəməyə vermiş, Sumqayıt Şəhər Məhkəməsinin onun və azyaşlı uşaqlarının həmin ünvandan kompensasiya verməklə çıxarılması barədə qətnamə qəbul edilmişdir. Onlar bununla kifayətlənməyərək anası vasitəsi ilə yenidən məhkəməyə müraciət etmiş, adına ev olduğu halda öz evini satıb qızına verməklə onun yanında, yəni Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllə 200A saylı bağda yaşama tələbini irəli sürmüşdür. Bu isə sui istifadə halıdır, anası və bacısının həmin bağ evlərinə heç bi maliyyə səf etmədən həmin ünvanı etibarından sui-istifadə etməklə zəbt etməsi qeyri-qanunidir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olumasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəfələrin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 10.12.2000-ci ildə Sumqayıt şəhəri “Xəzər” KBC tərəfindən verilmiş “Bağçının üzvlük kitabçası”nın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri S.Vurğun küçəsi, birləşmiş məhəllədə yerləşən 200A nömrəli bağ sahəsi Sumqayıt şəhər XDS-nin 16.08.1986-cı il tarixdə 119 №li əmrlə qeydə alınmış müqaviləsinə əsasən 10.12.2000-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş Cavabdeh daimi istifadə etmək üçün verilmişdir. İş materialları ilə müəyyən edilir ki, tərəflər ünvan 2 ünvanında qeydiyyatdadır. 25.07.2017-ci il tarixli iddiaçı, cavabdeh və X5 arasında bağlanmış miras payın bağışlanma müqaviləsindən görünür ki, cavabdeh və onun bacısı X5 atalarından qalan miras əmlakda olan paylarını İddiaçı bağışlamışlar. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi 26.07.2017-ci il tarixində qeydə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(060)-5538/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdenlər X3, İddiaçı və X4 və onların yetkinlik yaşına çatmayan uşaqlarının Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllə, 200A və 200A/1 saylı bağ sahələrindən çıxarılmaları barədə iddiası rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(060)-3383/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı “bağçının üzvlük kitabçasının və bağ evinin tikintisinə dair icazənin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma və bağ sahəsinə köçürmə tələbinə” dair iddiası qismən təmin edilib, iddiaçı Cavabdeh Sumqayıt şəhəri, Xəzər bağlar sahəsi, Nəsimi küçəsi 2-ci məhəllədə yerləşən və ona məxsus olan 200A saylı bağ sahəsinə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(060)-3227/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı tərəfindən 10000 (on min) manat məbləğində kompensasiya verilməklə, onun yetkinlik yaşına çatmayan uşaqları 30.11.2016-cı il təvəllüdlü X6 və 02.07.2012-ci il təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 84 saylı evin 11 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması qət edilmişdir. İş materialları ilə müəyyən olur ki, mübahisə predmeti olan bağ torpaq sahəsi 10.12.2000-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş Cavabdeh daimi istifadəsinə verilmiş, sonradan həmin bağ torpaq sahəsində yaşayış evi inşa edilmiş və qarşılıqlı razılıq əsasında iddiaçı həmin evə köçərək orada yaşamışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən həmin ünvandan çıxarıldığını göstərərək mübahisəli evə köçürülməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yerin statusu məsələsidir. Bu baxımdan nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri nöqteyi-nəzərindən mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsinin 12.1 və 12.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 və 14.3-cü maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İlk növbədə nəzərə alınmalıdır ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllə 200A saylı bağ sahəsində yerləşən ev mülkiyyət hüququ əsasında qeydiyyata alınmasa da, cavabdehin sahibliyində və istifadəsindədir. Mülki qanunvericiliyə müvafiq olaraq mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da həmin əmlaka sahiblik edən şəxslərə də mənsubdur, bununla da cavabdeh həmin əmlaka münasibətdə “qanuni gözləntiyə” malik şəxslər kimi qeyd olunan əmlakın sahibi hesab olunurlar. Belə olan halda, cavabdeh sözügedən yaşayış evinə hüquq və vəzifələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında işin faktiki halları ilə müəyyən olur ki, Sumqayıt şəhəri S.Vurğun küçəsi, birləşmiş məhəllədə yerləşən 200A nömrəli bağ sahəsi Sumqayıt şəhər XDS-nin 16.08.1986-cı il tarixdə 119 №li əmrlə qeydə alınmış müqaviləsinə əsasən 10.12.2000-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş Cavabdeh daimi istifadə etmək üçün verilmişdir. ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi isə İddiaçı adına xüsusi mülkiyyət kimi 26.07.2017-ci il tarixində qeydə alınmışdır. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh İddiaçı tərəfindən 10000 (on min) manat məbləğində kompensasiya verilməklə, onun yetkinlik yaşına çatmayan uşaqları 30.11.2016-cı il təvəllüdlü X6 və 02.07.2012-ci il təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 84 saylı evin 11 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilmiş və onların həmin mənzildən çıxarılması qət edilmişdir. Hazırkı vəziyyətdə iddiaçının öz xüsusi mülkiyyətində olan mənzilində tam mülkiyyət hüququ bərpa olunaraq, həmin mənzilə köçüb cavabdeh və onun ailə üzvlərinin iştirakı olmadan, orada sərbəst surətdə yaşayıb, istifadə etməsi üçün şərait yaranmışdir. Belə bir vəziyyətdə iddiaçının ailə üzvü olaraq cavabdehə məxsus evə köçmək və həmin hüququn əldə edilməsini zəruri edən əsas- yaşayış sahəsinə ehtiyac aradan qalxmışdır. Həmçinin tərəflər arasındakı münasibətlər hazırda soyuq olub, kəskin fikir ayrılıqları mövcuddur, ana- övlad münasibətləri pozularaq bir-birlərinə qarşı hörmətlə yanaşmırlar, qarşılıqlı surətdə ünvanlarına təhqiredici ifadələr işlətməkdən çəkinmirlər. Bu münasibətlər isə tərəflərin eyni ünvanda birgə yaşamalarını və iddiaçının tələbini mümkünsüz edir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddiaçının ailə üzvü olaraq cavabdehə məxsus evə köçmək və həmin hüququn əldə edilməsini zəruri edən əsas- yaşayış sahəsinə ehtiyac aradan qalxdığına görə iddiaçının mənzilə köçürülmə tələbini mümkünsüz edir və təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hvalları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1 və 217.4-cü maddələrinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır və məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-385.1.3-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən iddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(060)-6785/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar