Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2984/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh Qəhrəmanov Sadiq Akif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət və sahiblik hüquqlarının müdafiəsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(012)-4182/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı mülkiyyət və sahiblik hüquqlarının müdafiəsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və ona məxsus texnika və avadanlıqların Abşeron rayonunun X3 Fondunda saxlanılan torpaqlardan iddiaçıya ayrılan 5,5 ha torpaq sahəsindən çıxarılması, həmin torpaqlardan istifadəyə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçıya vurduğu zərərə görə cavabdehdən 50 000 manat məbləğində zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının vəkili-nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 da həmin torpaq sahəsinə daxil olub və orada qanunsuz fəaliyyət göstərir. Odur ki, hazırkı iddia tələbinin ona qarşı da təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəmənin hazırlıq iclasında iddiaçının vəkili-nümayəndəsi iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 və onların cəlb etdikləri şəxslərin Abşeron rayon İH-nin müvafiq sərəncamlarına əsasən Abşeron rayonunun X3 Fondunda saxlanılan torpaqlarından İddiaçı ayrılan 5,5 ha torpaq sahəsində Cavabdeh2 və onun cəlb etdiyi şəxslərin işin dərhal dayandırılması, ərazidəki texnika və avadanlıqların dərhal oradan çıxarılması, mənbəyindən asılı olmayaraq sahəyə verilən elektrik enerjisinin dərhal kəsilməsi və iddiaçıya məxsus əraziyə sərbəst giriş-çıxış yolunun açılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(012)-4182/2021 saylı qərardadı ilə ərizə təmin edilərək Abşeron rayon İH-nin müvafiq sərəncamlarına əsasən Abşeron rayonunun X3 Fondunda saxlanılan torpaqlarından İddiaçı ayrılan 5,5 ha torpaq sahəsində Cavabdeh2 və onun cəlb etdiyi şəxslərin işi dərhal dayandırılmaları, ərazidəki texnika və avadanlıqların dərhal oradan çıxarılması, mənbəyindən asılı olmayaraq sahəyə verilən elektrik enerjisinin dərhal kəsilməsi və iddiaçıya məxsus əraziyə sərbəst giriş-çıxış yolunun açılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(012)-4182/2021 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(012)-4182/2021 saylı qərardadının Abşeron rayon İH-nin müvafiq sərəncamlarına əsasən Abşeron rayonunun X3 Fondunda saxlanılan torpaqlarından İddiaçı ayrılan 5,5 ha torpaq sahəsində Cavabdeh2 və onun cəlb etdiyi şəxslərə aid ərazidəki texnika və avadanlıqları dərhal oradan çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 şikayətini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin maddi və prosessual hüquq pozuntuları ilə nəticələnən 13 iyul 2021-ci il tarixli qərardad qanunsuz və əssasız olduğuna görə ləğv edilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin hakimi mübahisə predmeti olan eyni torpaq sahəsinə 2 qərardad qəbul etməklə yanaşı, MPM-nin 156,157,158-ci maddələrin tələblərini pozmuş fəaliyyəti dayandırmaqla barəbər avadanlıqların oradan çıxarılması məsələsini həll etməklə iddiaya mahiyyəti üzrə baxmışdır ki, bu da kobud prosessual pozuntusu kimi qiymətlənir. Eyni zamanda həmin qərardadı qəbul etməklə onun sahibkarlıq hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, 15 aprel 2009-ci il tarixli, 264 saylı Abşeron rayon İcra Hakimiyyətinin sərəncamına əsasən ayrılmış 2 ha torpaq sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirir. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar ona VÖEN-də verilmişdir. Bununla da məhkəmə MPM-nin 26 və 31 -ci maddələrini pozmuşdur. AR ƏMDK Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə 25 iyun 2021-ci il tarixində ona ünvanlanmış məktubundan görünür ki, elektron kadastr məlumat bazasına əsasən 3.83 ha torpaq sahəsi Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşir. Abşeron Rayon Məhkəməsinin icraatında 2(012)- 2701/2021 mülki iş üzrə cavabdeh kimi barəsində İddiaçı 14 fevral 2003-ci tarixli Abşeron Rayonu İcra Hakimiyyətinin 108 saylı sərəncama əsasən ayrılmış torpaq sahəsində işlərin dayandırılması barədə iddianın təmin tədbiri haqqında qərardad qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin hakimi Şəfıyeva Cəmilə eyni predmet eyni tərəflər arasında olan mübahisəyə baxmaqla MPM-nin tələblərini pozmuşdur. Eyni zamanda bildirir ki, 2(012)- 2701 /2021 saylı 11 iyun 2021-ci il və 2(012)4182/2021 saylı 25 iyun 2021-ci il tarixli icra vərəqlərində göstərilən İddiaçı ayrılmış 5,5 ha torpaq sahəsinin koordinatların müəyyən edilməsindən ötrü Abşeron İcra Şöbəsinin İcra Məmuru tərəfindən mütəxəssis dəvət edilmişdir. Əraziyə baxış zamanı mütəxəssis tərəfindən iddiaçının torpaq sahəsinin koordinatları yerdə müəyyən etmək texniki kadastr sənədlərinin olmamasına görə mümkün olmamışdır. Bu fakt 9 iyul 2021-ci tarixli Abşeron rayon İcra Şöbəsinin aktlı ilə də təsdiq olunur. Belə ki, iddiaçının torpaq sahəsi üzrə hüquqları dövlət torpaq kadastrında qeydiyyata alınmamış və daşınmaz əmlakın dövlət reyestr çıxarışı yoxdur. İddiaçı torpaq sahəsinə dair hər hansı hüquqa malik deyildir. İddiaçının torpaq sahəsinə hüquqlarının olması müəyyən edildikdən sonra onun mübahisəli torpaq sahəsi ilə əlaqədar tələb irəli sürməklə səlahiyyətli olub-olmamasına münasibət bildirməlidir. İddiaçı ilə Abşeron rayon İcra Hakimiyyəti arasında 14 fevral 2013-ci ildə bağlanan torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin 6-ci bəndində müqavilənin qüvvəyə minməsi, həmin müqavilənin etibarlı olması torpaq sahəsinin dövlət qeydiyyatına alındığıdan sonra yarandığı birmənalı göstərilmişdir. Qeyd edilən müqavilənin şərtləri pozulduğuna görə hazırda heç bir qanuni qüvvəsi qüvvəsi yoxdur, iddiaçının torpaq sahəsinə dair hüquqlarının qeydə alınması və torpaq sahəsinin ona qanuni əsaslarla verilməsi müəyyən edilmədiyindən iş materiallarındakı sənədlərlə onun mübahisəli torpaq sahəsinə hüququ olan şəxs hesab edilə bilməz. Odur ki, şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(012)-4182/2021 saylı qərardadının ləğv edilməsini xahiş edir. İş üzrə İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizə təmin edilməməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158.1, 158.1.1 və 158.1.2-ci maddələrinə əsasən işə mahiyyəti üzrə baxılıb qurtaranadək Abşeron rayon İH-nin müvafiq sərəncamlarına əsasən Abşeron rayonunun X3 Fondunda saxlanılan torpaqlarında İddiaçı ayrılan 5,5 ha torpaq sahəsində Cavabdeh2 və onun cəlb etdiyi şəxslərin işi dərhal dayandırması, ərazidəki texnika və avadanlıqların dərhal oradan çıxarılması, mənbəyindən asılı olmayaraq sahəyə verilən elektrik enerjisinin dərhal kəsilməsi və iddiaçıya məxsus əraziyə sərbəst giriş-çıxış yolunun açılması barədə nəticəyə gəlmiş, daha sonra qərardaddan verilmiş şikayət əsasında qərardadın Abşeron rayon İH-nin müvafiq sərəncamlarına əsasən Abşeron rayonunun X3 Fondunda saxlanılan torpaqlarından İddiaçı ayrılan 5,5 ha torpaq sahəsində Cavabdeh2 və onun cəlb etdiyi şəxslərə aid ərazidəki texnika və avadanlıqları dərhal oradan çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. İş materiallarından görünür ki, şikayət Abşeron rayonunun X3 Fondunda saxlanılan torpaqlarından İddiaçı ayrılan 5,5 ha torpaq sahəsində Cavabdeh2 və onun cəlb etdiyi şəxslərin işi dərhal dayandırılmaları, mənbəyindən asılı olmayaraq sahəyə verilən elektrik enerjisinin dərhal kəsilməsi və iddiaçıya məxsus əraziyə sərbəst giriş-çıxış yolunun açılması hissəsində təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdən görünür ki, mübahisələndirilən 5,5 ha torpaq sahəsi Abşeron rayonİcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə İddiaçı ayrılmışdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli 5,5 ha torpaq sahəsinin İddiaçı ayrıılması barədə iş materiallarının 12-ci vərəqəsində olan torpaq icarə müqaviləsindən görünür ki, müqavilənin 2013-cü ildə bağlanması qeyd edilsə də, hansı tarixdə bağlanması, eləcə də nömrəsi göstərilməmiş, eyni zamanda müqavilədə torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyinin hansı tarixli, hansı nömrəli sərəncamı əsasında verilməsi də qeyd edilməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş 18.12.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, 5,5 ha torpaq sahəsi İddiaçı tərəfindən Bədəlov Əbülfət Sadiq oğluna icarəyə verilmişdir. Göründüyü kimi iddiaçının istinad etdiyi icarə müqaviləsini əsaslı hesab etmək olmaz. Belə ki, iş materiallarına qeyd edilən müqavilənin yalnız kserosurəti əlavə edilmiş, eyni zamanda müqavilənin tarixi və nömrəsi qeyri-müəyyəndir. Həmçinin icarə müqaviləsinin bağlanmasına əsas olmuş sərəncamın da tarixi və nömrəsi məlum deyildir. Eyni zamanda qeyd edilən müqvilənin 6-cı bəndində göstərilmişdir ki, bu müqavilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən dövlət qeydiyyatına alınan gündən etibarlı sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Lakin iş materiallarından qeyd edilən müqavilənin dövlət qeydiyyatına alınmasına dair hər hansı sənəd mövcud olmadığında müqavilə etibarlı sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin əsaslı olması qeyri-müəyyən olduğundan və müqavilə dövlət reyestrdində qeydiyyata alınmadığından, həmin müqavilə etibarlı sayılmadığından həmin torpaq sahəsinə dair İddiaçı Şəmsəddin oğlunun iddia qaldırmaq hüququnun olub-olmaması da qeyri-müəyyəndir. Həmçinin iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2(012)2701/2021 saylı qərardaddan görünür ki, İddiaçı Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və maddi ziyan tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, eyni zamanda iddianın təmin tədbiribarədə ərizə ilə müraciət edərək 5,5 ha torpaq sahəsinin şimal tərəfdən 1,0 ha hissəsində hər hansı istehsal və digər fəaliyyətlərin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin qeyd edilən qərardadı ilə (hakim Elman Məmmədov) ərizə təmin edilərək İddiaçı ayrılan 5,5 ha torpaq sahəsinn şimal tərədən 1,0 ha hissəsində hər hansı istehsal və digər fəaliyyətin Cavabdeh2 qadağan edilməsi qərara alınmışdır. Göründüyü kimi, qeyd edilən tərəflər arasında eyni predmet barəsində Abşeron Rayon Məhkəməsinin icraatında 2(012)2701/2021 saylı mülki iş olduğu halda məhkəmə Cavabdeh2 işə cavabdeh qismində cəlb etməklə yanaşı ona qarşı təkrar verilmiş iddianın təmin tədbiri barədə ərizəni də təmin etmişdir. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Kadastrı və X2 25.08.2021-ci il tarixli, **********79 saytlı məktubuna əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh2 faktiki istifadəsində olan 5,82 ha torpaq sahəsi Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin inzibati Ərazi Dairəsinin hüquqları daxilindəri. Göründüyü kimi, Abşeron Rayon Məhkəməsi Cavabdeh2 faktiki istifadəsində olan və Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş İnzibati Ərazi Dairəsinin hüdudları daxilində yerləşən torpaq sahəsi üzərinə qadağa qoymaqla məhkəmə aidiyyəti qaydalarını da pozmuşdur. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi ilə iddianın təmin tədbiri barədə ərizə eynilik təşkil edir. Belə ki, iddia tələbində Cavabdeh1 və ona məxsus texnika və avadanlıqların Abşeron rayonunun X3 Fondunda saxlanılan torpaqlardan iddiaçıya ayrılan 5,5 ha torpaq sahəsindən çıxarılması, həmin torpaqlardan istifadəyə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçıya vurduğu zərərə görə cavabdehdən 50 000 manat məbləğində zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddianın təmin tədbiri barədə ərizədə də Cavabdeh1 və Cavabdeh2 və onların cəlb etdikləri şəxslərin Abşeron rayon İH-nin müvafiq sərəncamlarına əsasən Abşeron rayonunun X3 Fondunda saxlanılan torpaqlarından İddiaçı ayrılan 5,5 ha torpaq sahəsində Cavabdeh2 və onun cəlb etdiyi şəxslərin işi dərhal dayandırılması, ərazidəki texnika və avadanlıqları dərhal oradan çıxarılması, mənbəyindən asılı olmayaraq sahəyə verilən elektrik enerjisinin dərhal kəsilməsi və iddiaçıya məxsus əraziyə sərbəst giriş-çıxış yolu açılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddianın təmin tədbirin barədə ərizədə xahiş edilən tələblər iddia tələbinin əsasını təşkil edir. Belə olan halda məhkəmə iddianın təmin tədbiri barədə ərizəni təmin etməklə iddia tələbinə də qiymət vermişdir ki, bu da qanunvericiliyə uyğun deyildir. Eyni zamanda birinci instansiya məhkəməsi qərardadında qanunvericilik normalarını sadalamaqla kifayətlənərək yalnız iddianın təmin tədbiri barədə ərizənin əsaslı olmasını göstərmiş, gəldiyi nəticəni ısaslandırmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğun deyildir və bu səbəbdən də ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(012)-4182/2021 saylı qərardadı ləğv edilsin. Abşeron rayon İH-nin müvafiq sərəncamlarına əsasən Abşeron rayonunun X3 Fondunda saxlanılan torpaqlarından İddiaçı ayrılan 5,5 ha torpaq sahəsində Cavabdeh2 və onun cəlb etdiyi şəxslərin işi dərhal dayandırılması, ərazidəki texnika və avadanlıqları dərhal oradan çıxarılması, mənbəyindən asılı olmayaraq sahəyə verilən elektrik enerjisinin dərhal kəsilməsi və iddiaçıya məxsus əraziyə sərbəst giriş-çıxış yolu açılması barədə iddianın təmin tədbiri barədə ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2984/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2984/2021
21.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver