Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2997/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5206/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh «birgə nikah dövründə əldə edilmiş «əmlakın bölünməsi tələbi barədə» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5206/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilmişdir. Cavabdeh məhkəmənin sözügedən qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5206/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının qarşılıqlı iddianı qəbul etməməsinə dair izahatı əsasında qarşılıqlı iddianı qəbul etməmişdir. Qeyd etmək istəyir ki, mübahisənin predmeti Sumqayıt şəhəri, 17-ci mkr, ev 10-da yerləşən 1 saylı iki otaqlı mənzilidir, onun mülkiyyətində olan Sumqayıt şəhər 26-cı məhəllədəki iki otaqlı mənzilini satıb birgə nikah dövründə hazırki mübahisəli mənzili almış, ancaq onu iddiaçınının adına qeydiyyata aldırmışdır. İddiaçı onun həmin mənzilə istifadə hüququna xitam verilməsini istəyir, özü də həmin səbəbdən evin bölünməsini, kompensasiya ödənilməsini istəyir. Burada heç bir uyğunsuzluq yoxdur, hər iki tələb eyni mənzilə yönəldilmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5206/2021 saylı, 28 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5206/2021 saylı, 28 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə qarşılıqlı iddia tələbinin MPM-nin 156-cı maddəsinin tələblərinə uyğun olmaması əsası ilə icraaata qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 156-cı maddəsinin tələblərinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanunvericiliyə uyğun hesab edir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə 27.05.2021-ci il il tarixdə müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdehlər qarşılıqlı iddia ərizəsi ilə 12.07.2021-ci ildə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 31.05.2021-ci il tarixli qərardadla iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edlmiş, məhkəmə hazırlıq iclası 08.06.2021-ci il tarixə təyin edilmiş, 08.06.2021-ci il tarixli qərardadla iddia ərizəsi üzrə mülki işin məhkəmə baxışı 19.07.2021-ci il tarixə təyin edilmişdir, məhkəmə iclası 28.07.2021-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə proseslərinin təyin edilməsi ilə əlaqədar cavabdehlərə poçt vasitəsi ilə rəsmi qaydada məlumat verilmişdir. Bununla da cavabdehlər tərəfindən qarşılıqlı iddia ərizəsi iddia işin baxılmasına başlanana kimi verilməmiş, eyni zamanda məzmunundan da göründüyü kimi qarşılıqlı iddianın verilməsi üçün əsas məhkəmə baxışı gedişində də əmələ gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hal-hazırda mübahisəli mənzilin mülkiyyətçisidir, mülkiyyətində olan əmlakdan cavabdehin istifadə hüququnun itirilməsini xahiş edir. Qarşılıqlı iddiaçı isə iddia ərizəsi ilə müraciət edərək birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak sayılan Sumqayıt şəhəri, 17-ci mkr, ev 10, 1 saylı mənzildən onun payına düşən hissəsinin məhkəmə qaydasında müəyyən edilərək məbləğin təxminən 15 min manatın cavabdehdən alınaraq ona ödənilməsi, yaxud da könüllü qeydiyyatdan çıxmaq şərti ilə on min manat kompensasiya ödənilməsini xahiş etmişdir. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün əsas məhkəmə baxışında əmələ gəlməmişdir. Həmminin məhkəmə kollegiyası qeyd edir ki, tələblər bir-biri ilə əlaqəli deyildir. Belə ki, iddiaçı cavabdehin evdən istifadə hüququna xitam verilməsini xahiş etsə də, cavabdeh əmlakdan onun payına düşən hissəsinin məhkəmə qaydasında müəyyən edilərək kompensasiya tələb edir. Halbuki, ilk iddia ərizəsi əmlakın paylara bölünməsinə dair deyildir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin qəbul edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətlənirərək hesab edir ki, şikayətin dəlillərini birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5206/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5206/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2997/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2997/2021
28.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver