Məhkəmə qərarları › İş №2(105)-3/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3/2023

22.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3/2023 22.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-1427/2014 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,0374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində 17 dekabr 2011-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,0374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 17 dekabr 2011-ci il tarixdə AA seriyalı, 035162 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2013cü il tarixli, 402 saylı məktubundan görünür ki, mütəxəssislər tərəfindən İddiaçı mülkiyyətində olan Saray qəsəbəsində yerləşən 0.0374 ha torpaq sahəsinə baxış keçirilmiş və ölçü zamanı məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsi qonşu payçı tərəfindən hasara alınaraq fərdi yaşayış evi tikilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində 29 yanvar 2013-cü il tarixdə qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 175 saylı məktubundan görünür ki, Abşeron rayon şöbəsinin mütəxəssislərinin iştirakı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmişdir. Ölçü işləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elmİstehsalat Mərkəzi tərəfindən tərtib edilmiş bölgü xəritəsinə əsaslanaraq aparılmışdır. Ölçü zamanı məlum olmuşdur ki, İddiaçı verilmiş MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda olan 0.0374 ha torpaq sahəsinin 0.0225 ha hissəsində kənar şəxs tərəfindən bir fərdi yaşayış evi tikilmişdir. Cavabdeh1 iddiaçının torpaq sahəsini zəbt etməmişdir.

6. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 462 saylı məktubundan görünür ki, Abşeron rayon şöbəsinin mütəxəssislərinin iştirakı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmişdir. Ölçü işləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elmİstehsalat Mərkəzi tərəfindən tərtib edilmiş bölgü xəritəsinə əsaslanaraq aparılmışdır. Ölçü zamanı məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan 0.0374 ha torpaq sahəsində Cavabdeh2 tərəfindən fərdi yaşayış evi inşa edilmişdir.

7. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində 10 avqust 2007-ci il tarixdə qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən 10 avqust 2007-ci il tarixdə AA seriyalı, 002493 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir.

9. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04 dekabr 2015-ci il tarixli, 22479 saylı rəyindən görünür ki, İddiaçı verilmiş MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətinə verilmiş Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0374 ha torpaq sahəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilmiş MA ******* seriyalı çıxarış əsasında mülkiyyətinə verilmiş torpaq sahəsinin faktiki naturada sərhədləri müəyyən edilmiş və həmin torpaq sahələrinin 52 m cənuba sürüşməsi olduğundan çıxarış əsasında mülkiyyətinə verilmiş torpaq sahələri digər mülkiyyətçilərin torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilir.

10. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2017-ci il tarixli, 17315 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 4 saylı Abşeron LTİ-nin mütəxəssisi tərəfindən imzalanmış 19 oktyabr 2017-ci il tarixli **********53 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı Abşeron rayonu Saray qəsəbəsində mülkiyyətində olan 0,0374 ha torpaq sahəsi ilə iddia etdiyi Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi 160708185, 10 avqust 2007-ci il tarixli 0,03 ha torpaq sahələri üst-üstə düşmür.

11. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 12 noyabr 2020-ci il tarixli, 10/2538 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı LTİ-nin mühəndisinin tərtib etdiyi rəyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 17 dekabr 2011-ci il tarixdə tərtib edilmiş AA seriyalı, 035162 saylı torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan döngə nöqtələrinin koordinatları ilə faktiki istifadəsində olan torpaq arasında uyğunsuzluq olduğundan, həmin torpaq sahələri kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aid olmasına baxmayaraq həmin ərazilərdə böyük həcmdə qanunsuz tikinti işləri (fərdi yaşayış evləri, köməkçi tikililər, hasarlar və s.) aparıldığından köhnə istinad nöqtələri ləğv edilmişdir. Bu səbəbdən torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 10 avqust 2007-ci il tarixdə tərtib edilmiş AA seriyalı, 002493 saylı torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan döngə nöqtələrinin koordinatları ilə faktiki istifadəsində olan torpaq arasında uyğunsuzluq olduğundan, həmin torpaq sahələri kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aid olmasına baxmayaraq həmin ərazilərdə tikinti işləri (fərdi yaşayış evləri, köməkçi tikililər, hasarlar və s.) aparıldığından köhnə istinad nöqtələri ləğv edilmişdir. Bu səbəbdən torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmək mümkün olmamışdır. Cavabdeh2 istifadəsində 0,0313 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 17 dekabr 2011-ci il tarixdə tərtib edilmiş AA seriyalı, 035162 saylı torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan döngə nöqtələrinin koordinatları ilə faktiki istifadəsində olan torpaq sahəsi arasında uyğunsuzluq olduğundan Cavabdeh2 tərəfindən zəbt edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 17 dekabr 2011-ci il tarixdə tərtib edilmiş AA seriyalı, 035162 saylı torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan döngə nöqtələrinin koordinatları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 10 avqust 2007-ci il tarixdə tərtib edilmiş AA seriyalı, 002493 saylı torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan döngə nöqtələrinin koordinatları ilə faktiki istifadəsində olan torpaq sahələri arasında uyğunsuzluq olduğundan naturada üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5377 nömrəli ekspert rəyində göstərilmişdir ki, Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.0347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı Hüququqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Hacıyevə Zenfira Məhəmməd qızının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektro kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Rəyə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən 0.0374 ha torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsi üzərində özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllə ərazisindən 0.0374 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi xx.xx.2011-ci ildə AR ƏMDK yanında DƏDRX-nin ********** saylı qeydiyyat nömrəsi **********78 reyestr nömrəsi ilə qeydə alaraq xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunmuş və onlar tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi mişar daşı ilə hasara alınmaqla üzərində qanunsuz tikililər tikilmişdir. Bununla da, cavabdehlər iddiaçının mülkiyyətində olan 0.374 ha torpaq sahəsini zəbt etməklə həmin torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsini mümkünsüz etmişdir.

15. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2014-cü il tarixli, 2(012)-1427/2014 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsi ərazisində İddiaçı məxsus olan 0,0374 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsi üzərində Cavabdeh2 tərəfindən tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, iddia tələbinin Cavabdeh1 aid hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ş.Nəcəfova).

16. Birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2014-cü il tarixli məktubuna istinadla qeyd etmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.0374 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Abşeron rayonu, Saray qəsəbəsində 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ayrılmış torpaq sahəsinin Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdeh1 istifadəsində olan torpaq sahəsi öz ölçüsündədir. İddiaçı mülkiyyətində olan 0.0374 ha torpaq sahəsinin 0.0225 ha hissəsində Cavabdeh2 tərəfindən fərdi yaşayış evi inşa edilmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152,157.4, 166.3, 180.1, 180.2, 180.4, Torpaq Məcəlləsinin 111, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

19. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Mülkiyyət hüququ ilə ona məxsus olan 0.03 ha torpaq sahəsini DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixli JN-1723 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Abşeron rayon 2 saylı notariat kontorunda satıcı ilə bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almış və alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 26 nömrəli vərəqəsində qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Bundan sonra mülkiyyət hüququ ilə ona məxsus olan həmin torpaq sahəsində 2007-ci ilin noyabr ayından başlayaraq yaşayış evi tikdirmişdir. İddiaçının torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə, yəni onun mülkiyyət hüququ qeydə alınandan 4 il 6 ay sonra reyestrdə qeydə alınmışdır. Belə olan halda, üzərində onun tikdiyi ev olan torpağın iddiaçıya verilməsi qanuna görə qeyri-mümkündür. Qətnamədə göstərilmişdir ki, guya mütəxəssislər tərəfindən iki dəfə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, torpağın ölçüləri yoxlanılaraq rəy yazılmışdır. Bu tamamilə yalandır. Son 7 il müddətində belə bir hal olmamışdır. Bu barədə verilmiş rəylər mübahisəli torpağa baxış keçirilmədən, koordinatlararası ölçülər yoxlanılaraq təkrar ölçü aparılmadan yazılmışdır. Onun mülkiyyətində olan torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə qonşu olmasına baxmayaraq üst-üstə düşmürlər.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2016-cı il tarixli, 2(105)-38/2016 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2014-cü il tarixli, 2(012)-1427/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), E.Rəhimov və L.Məmmədova).

Kassasiya instansiyası məhkəməsində birinci icraat

21. Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2016-cı il tarixli, 2(105)-38/2016 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2016-cı il tarixli, 2(102)-2310/2016 nömrəli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2016-cı il tarixli, 2(105)-38/2016 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdır (hakimlər A.Kalbalıyev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və İ.Xələfov).

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2017-ci il tarixli, 2(105)-185/2017 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2014-cü il tarixli, 2(012)-1427/2014 saylı qətnaməsi qismən ləğv edilmiş, İddiaçı Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsi ərazisində İddiaçı məxsus olan 0.0374 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsi üzərində Cavabdeh2 tərəfindən tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və A.Hüseynov).

Kassasiya instansiyası məhkəməsində ikinci icraat

24. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2017-ci il tarixli, 2(105)-185/2017 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2018-ci il tarixli, 2(102)-3406/2018 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2017-ci il tarixli, 2(105)-185/2017 saylı qətnaməsi ləğv edilərək, iş yenidən apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov, Ə.Əhmədov).

26. Ali Məhkəmə qərarında göstərmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyası özünün xx.xx.2016-cı il tarixli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində tikililərin nə vaxt inşa edilməsi, iddiaçı mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə edərkən Cavabdeh2 tərəfindən həmin sahədə artıq inşa edilmiş tikilinin mövcud olub-olmamasını, belə bir tikili sözügedən cavabdeh tərəfindən inşa edilmiş tikilinin mövcud olubolmamasını, belə bir tikili sözügedən cavabdeh tərəfindən inşa edilmiş vəziyyətdə olduğu halda, iddiaçının satıcıya məxsus olmayan tikili olan torpaq sahəsini hansı qaydada əldə etməsini aydınlaşdırmamış, satıcının şahid qismində ifadə verməsi üçün dəvət edilməsinin mümkünlüyü tərəflərlə müzakirə etməmiş, qəbul etdiyi qətnaməsində işdə olan iddiaçı tərəfin təqdim etmiş olduğu sənədləri sadalamaqla kifayətlənmiş, işin tam hüquqlu məhkəmə kimi işə apellyasiya qaydasında baxması nəticəsində işin hallarının araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini göstərməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayətinə əlavə

27. Cavabdeh2 apellyasiya şikayətinə əlavə ünvanlaraq göstərmişdir ki, iddiaçı öz iddia ərizəsində tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasları keçirilən zaman da iddiaçı bunu etməmişdir. Sadəcə ehtimal üzərində qurulan iddia tələbini məhkəməyə təqdim etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü daktiki hallar həmin tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə ümumiyyətlə uzlaşmamaqdadır, çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər – hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdikləri torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt edilmiş olduğu müəyyən edilməmişdir. Əlavə olaraq qeyd edir ki, iş materiallarında olan ekspert rəyi ilə mütəxəssis rəyləri arasında olan ziddiyyət sonradan təyin edilən əlavə və təkrar ekspert rəyləri ilə aradan qaldırılmamış əksinə yeni ziddiyyətlərlə dolu olan ekspert rəyləri verilmişdir. Hazırki iş üzrə sayını deyə bilməyəcəyi qədər ox mütəxəssis və ekspertiza rəyləri verilmiş, demək olar ki, Məhkəmə Ekspertiza Mərkəzinin bütün ekspertləri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bütün mütəxəssisləri bu işə münasibət bildirmişlər. Ali Məhkəmə də iş üzrə son qərarında ekspert rəylərinin ziddiyyətli olmasını vurğulamışdır. Hazırkı vəziyyətdə isə özündə ziddiyyət əks etdirməyən, dolğun tərtib edilmiş nə mütəxəssis, nə də ekspert rəyi mövcud deyil. Bu isə o deməkdir ki, iddiaçının öz tələbini sübut edə bilməməsi ilə yanaşı iş üzrə təyin edilən mütəxəssis və ekspert rəyləri də Cavabdeh2 iddiaçının torpaq sahəsini zəbt etməsi və orada qanunsuz tikili tikməsini müəyyən etməmişdir. Abşeron Rayon Məhkəməsi öz qətnaməsini ancaq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 04 avqust 2014-cü il tarixli məktubu ilə əsaslandırmışdır. Həmin məktubun qətnamədə öz əksini tapan hissəsində göstərilir ki, İddiaçı mülkiyyətində olan 0.0374 hektar torpaq sahəsində Cavabdeh2 tərəfindən fərdi yaşayış evi tikilmişdir. Lakin yerində faktiki olaraq yoxlama aparılmamış, sadəcə məhkəməyə təqdim edilən sənədlər üzərindən bu nəticəyə gəlinmişir ki, daha sonra təyin olunan ekspertizalar nəticəsində fərqli rəylər verilməsi ilə bu hal öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətinin Cavabdeh2 tərəfindən məhdudlaşdırılmasına, həmçinin Cavabdeh2 tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə və onun barəsində sərəncam vermək səlahiyyətinin həyata keçirilməsinə mane olan hərəkətlərini təsdiq edən halların mövcudluğun sübut edə bilmir. Belə ki, iddia tələbi ilə bağlı əlavə əsaslandırma apanlmağa ehtiyac yoxdur. Mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki posessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

28. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib orada və apellyasiya şikayətinə əlavədə göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

31. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir.

32. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən digər Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

33. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

35. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

36. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

40. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

Mülki Prosessual Məcəllə

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

45. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

46. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

50. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

51. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

52. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

54. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

55. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-1427/2014 nömrəli qətnaməsini tam mübahisələndirmiş, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi tam ləğv edilərək işin yenidən apellyasiya qaydasında baxılması qərara alınmışdır.

56. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini də nəzərə almaqla tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir.

58. Belə ki, iddia tələbində iddiaçı 2011-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ərazisindən 0.0374 hektar torpaq sahəsi almasını, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunmuş və onlar tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi mişar daşı ilə hasara alınmaqla üzərində qanunsuz tikililər tikilməsini göstərmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2014-cü il tarixli 462 saylı məktubunun məzmununda olanları qətnaməsində tam əks etdirməyərək orada olan ziddiyyətli məqamlara da diqqət yetirməmişdir. Belə ki, həmin məktubunda sözügedən şöbə qoyulan suallara ayrılıqda cavab verərək iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmamasını, eyni zamanda, digər cavabında iddiaçının mülkiyyətində olan torpaq sahəsində Hacıyevə Zenfira Məhəmməd qızı tərəfindən fərdi yaşayış evinin inşa edilməsi göstərilmişdir.

59. Məhkəmə kollegiyası yuxarıda göstərilən məktubdakı məqamların, ümumiyyətlə mülki mübahisənin düzgün və obyektiv həlli üçün iş üzrə ekspertiza təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində isə göstərilmişdir ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.0347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı Hüququqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Hacıyevə Zenfira Məhəmməd qızının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektro kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.

60. Beləliklə, məhkəmə araşdırmaları zamanı iddiaçının iddia tələbinin əsas dəlili olan yəni ona məxsus torpaq sahəsinə Cavabdeh2 tərəfindən müdaxilə edilməsi halı öz təsdiqini tapmamışdır. İddiaçı iddia tələbinə dair sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyası məhkəməsində təqdim edə bilməmişdir.

61. Məhkəmə kollegiyası eyni zamanda xüsusilə vurğulayır ki, hazırkı mülki mübahisə 2014-cü il tarixdən davam edir. Cavabdeh2 tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə bu və ya digər şəkildə müdaxiləsinə dair hər hansı sübutu olmadığı halda, iddiaçının iddiasında irəli sürdüyü tələbin mahiyyəti ilə məhkəmə araşdırmaları da iddianın əsassız olmasını sübut etmişdir.

62. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə *9 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.

64. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

65. Belə olan halda, yəni cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə halı müəyyən olunmadığından, kolegiya hesab edir ki, Ali Məhkəmənin qərarında “cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində tikililərin nə vaxt inşa edilməsi, iddiaçı mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə edərkən Cavabdeh2 tərəfindən həmin sahədə artıq inşa edilmiş tikilinin mövcud olub-olmamasını, belə bir tikili sözügedən cavabdeh tərəfindən inşa edilmiş tikilinin mövcud olubolmamasını, belə bir tikili sözügedən cavabdeh tərəfindən inşa edilmiş vəziyyətdə olduğu halda, iddiaçının satıcıya məxsus olmayan tikili olan torpaq sahəsini hansı qaydada əldə etməsini və satıcının şahid qismində ifadə verməsi üçün dəvət edilməsi” barədə göstərişlərin araşdırmasına zərurət aradan qalxmışdır.

66. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

67. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

68. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı zamanı iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə olunması öz təsdiqini tapmadığından, iddia tələbi rədd edilməlidir.

69. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh öz apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmiş, iddiaçı isə iddia tələbinin əsaslarına dair məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etməmişdir.

70. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.

71. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-1427/2014 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

73. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 450 manat məbləğində pul vəsaiti İddiaçı tutulmalıdır.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-1427/2014 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 450 (dörd yüz əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar