Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-30/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Xaçmaz rayonu X2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin, dövlət aktının və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(067)-1351/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim X.Quliyev) iddiaçı Xaçmaz rayonu X2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin, Dövlət aktının və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası təmin edilib, Cavabdeh Firudin oğluna 0,39 ha torpaq sahəsinin satılması barədə 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alqı-satqı aktı, həmin akt və ləğv edilmiş qərar əsasında Cavabdeh Firudin oğlunun adına işlənmiş 08 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu Dövlət aktı və həmin akt əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmiş və iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Xaçmaz rayonunun X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun X2 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarı əsasında bağlanmış alqı-satqı müqaviləsinin, torpağa mülkiyyət hüququna dair JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin akt əsasında verilmiş daşınmaz əmlakın dövlət qeydiyyatına dair reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Xaçmaz rayonunun X4 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun X2 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə X2 mülkiyyətinə aid olmuş Köhnə Xudat kəndi ərazisindən 0,39 ha torpaq sahəsinin Cavabdeh Firudin oğluna satılması barədə X2 19 avqust 2003-cü il tarixli, 10 nömrəli qərarı ləğv edildiyindən qeyd olunan qərara əsasən Cavabdeh Firudin oğluna Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisindən 0,39 ha torpaq sahəsinin satılması barədə 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alqı-satqı aktının, həmin akt və ləğv edilmiş qərar əsasında cavabdehin adına işlənmiş 08 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun X2 xx.xx.2016-cı il tarixli, 09 saylı qərarına əsasən Köhnə-Xudat Bələdiyyəsinin mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin kommersiya obyektinin tikintisi məqsədi ilə hərraca çıxarılaraq satılması üçün torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması qərara alınmışdır. Bundan sonra qanunvericiliyin tələblərinə əsasən mülkiyyət hüquqlarının qeydə alınması üçün bütün lazım olan zəruri sənədlər, rəylər, torpaq sahəsinin koordinatları və digər lazımı sənədlər toplanılmışdır. Sənədlər hazır olduqdan sonra bələdiyyənin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün bütün sənədlər DƏDRX-nin 5 saylı Ərazi idarəsinə təqdim edilmiş və İdarənin bələdiyyəyə ünvanladığı 06 noyabr 2018-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, qeyd edilən torpaq sahəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyündən çıxarışın verilməsindən imtina edilir. Bundan sonra araşdırmalar zamanı müəyyən olunmuşdur ki, qeyd edilən torpaq sahəsi JN:607 KOD30212018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən çıxarış almış Cavabdeh Firuddin oğluna məxsus 0.39 ha torpaq sahəsi ilə üst-üstə düşüb. JN:607 KOD30212018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əldə edildikdən sonra məlum olmuşdur ki, qeyd edilən 0.39 ha torpaq sahəsi Xaçmaz rayonunun X2 19 avqust 2003-cü il tarixli 10 saylı qərarı ilə satılmışdır. Lakin araşdırma zamanı müəyyən olunmuşdur bələdiyyənin xəritəsində Cavabdeh Firuddin oğluna 0.10 ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra arxivdən ilkin sənədlər qaldırılıb baxıldıqdan sonra ilkin alqısatqı müqaviləsində, qərarda və digər sənədlərə sonradan ölçülər, qiymətlər və sair hissələr pozularaq (məsələ "0.10" hissəsində "0.39"-a düzəliş edilərək) sənədlərin saxtalaşdırıldığı və JN:607 KOD30212018 saylı dövlət aktının alındığı məlum olmuşdur. JN:607 KOD30212018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının alınması üçün sənədlərdə belə sonradan düzəlişin edilməsi açıq aydın görünməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən, sənədlər qanunsuz olaraq icraata götürülərək akt verilsə də, bu akt xəritələrə otuzdurulmamış və elekrtron bazada olmamışdır. Çünki bu akt elektron bazada və xəritələrə oturmuş olsa idi belə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerində yaradılmış Əmlak Məslələri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrsı və ünvan Reyestri Xidməti və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 5 saylı Layihə Tədqiqat İdarəsi tərəfindən bələdiyyəyə 28 sentyabr 2016-cı ildə Torpaq Sahəsinin planı və kordinatları verilməzdi. Çünki bir bazada üst-üstə iki şəxsə aid kordinatlar yerləşdirilə bilməzdi. Bütün yuxarıda sadalanlara əsasən məlum olmuşdur ki, bələdiyyənin ilkin torpaq ayırma sənədləri və qərarları saxtalaşdırılmış, bunun əsasında saxta JN:607 KOD30212018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmiş və bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq əlavə 29 sot torpaq sahəsi mənimsənilməklə bununla da bələdiyyənin hüquqları kobud şəkildə pozulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu X2 19 avqust 2003-cü il tarixli 10 saylı qərarı ilə ona həmin bələdiyyənin ərazisindən “kafe və digər ticarət obyektinin tikilməsi üçün” 0.39 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərar əsasında onunla X4 arasında 31oktyabr 2003-cu il tarixdə 0.39 ha torpaq sahəsinin alqı-satqısına dair akt bağlanmış, həmin akt onun, bələdiyyə sədri və DT və XK Xaçmaz Rayon Şöbəsinin müdiri tərəfindən imzalanaraq möhürləri ilə təsdiq edilmiş, 102 nömrə ilə qeydə alınmışdır. Bundan sonra adına həmin torpaq sahəsinə Torpağa mülkiyyət hüququna dair JN-0607 seriyalı 30212018 kodlu dövlət aktı verilmişdir. 10 oktyabr 2018-ci il tarixdə həmin 0.39 ha torpaq sahəsinə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən onun adına RX seriyalı, ******* nömrəli, **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2021-ci ilin aprel ayında Sumqayıt İnzibati Məhkəməsindən ünvanına X2 həmin məhkəmədə ona qarşı qaldırdığı iddia ərizəsinin surəti gəlmiş, iddiaçı mülkiyyətində olan 0.39 ha torpaq sahəsinə dair plan və ölçüsü sənədində dəyişikliklər edilib bələdiyənin xx.xx.2016-cı il tarixli 09 saylı qərarı ilə kommersiya obyektinin tikintisi məqsədi ilə hərraca çıxarmaq istədiyi 0.04 ha torpaq sahəsinin adına olan plan və ölçüsü sənədinin koordinatlarından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin məhkəmənin 19 may 2021-ci il tarixli, e-2-1(118)-260/2021 nömrəli qərardadı ilə iddiaçının iddia ərizəsi mümkün sayılmamışdır. Bundan sonra X4 Xaçmaz Rayon Məhkəməsində ona qarşı hazırki iddianı qaldırmış, ilkin iddia ərizəsində həmçinin X2 ona 0.39 ha torpaq sahəsinin satılmasına dair 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarın da ləğv edilməsi xahiş edilmiş, məhkəmə gedişatında X4 15 noyabr 2021-ci il tarixli 12 saylı qərarı ilə özünün 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarını ləğv etmiş və MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşə baxmış məhkəmə 0.39 ha torpaq sahəsinin ona satılmasına dair qərarın bələdiyyə tərəfindən ləğv edildiyini əsas götürərək iddiaçının iddia tələbini təmin etmişdir. O, məhkəmə iclasında ümumiyyətlə iştirak etməmiş, buna baxmayaraq qətnamədə məhkəmə iclasında guya iştirak etməsi qeyd edilmişdir. Hazırda o, X2 15 noyabr 2021-ci il tarixli 12 saylı qərarın qanunsuz hesab edilərək ləğv edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. İşə iştirakı olmadan baxmaqla məhkəmə həmin prosessual hüquq normasında nəzərdə tutulmuş ədalət mühakiməsi prinsiplərini pozmuşdur. Hesab edir ki, hazırki işə İnzibati Məhkəməsində baxılmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçı Xaçmaz rayonu X2 nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alqı-satqı aktının, həmin akt və ləğv edilmiş qərar əsasında Cavabdeh Firudin oğlunun adına işlənmiş 08 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin əsasını təşkil edən Xaçmaz rayonunun X2 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarı bələdiyyənin 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə ləğv edildiyindən, ləğv edilmiş bu qərar hazırda hüquqi qüvvəsini itirdiyindən, bələdiyyə tərəfindən qəbul olunmuş yeni qərar hazırda qüvvədə olduğundan hazırki vəziyyətdə iddiaçı tərəfin tələbi hazırda tələb olunan həcmdə əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Xaçmaz rayonunun X2 xx.xx.2016-cı il tarixli, 09 saylı qərarına əsasən Köhnə-Xudat Bələdiyyəsinin mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin kommersiya obyektinin tikintisi məqsədi ilə hərraca çıxarılaraq satılması üçün torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınmasının qərara alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpağın alqı-satqısı, torpağa mülkiyyət hüququna dair dövlət aktının və bu akt əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, torpağın alqı-satqısına dair aktın ləğv edilməsi tələbi digər tələbləri (torpağa mülkiyyət hüququna dair dövlət aktının və reyestrdən çıxarışın ləğv edilməsi) özündən asılı etdiyindən, ilkin olaraq bu tələb üzrə hüquqi dəyərləndirilmə aparılmaqla mübahisəyə qiymət verilməlidir. İlk öncə qeyd edilməlidir ki, iddiaçı torpağın alqı-satqısına dair aktın ləğv edilməsinin əsası kimi mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinin cavabdehə satılmasına dair 19 avqust 2003-cü il tarixli qərarının ləğv edildiyini qeyd etmişdir. İş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-690/2022-ci il iddianın qismən təmin edilməsi, Xaçmaz rayon X2 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin iddiaçıya satılması barədə X2 xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin xx.xx.2021-ci il tarixli, 12 nömrəli iclasının qərarı iddiaçıya 0,39 ha torpaq sahəsi ayrılması hissəsində deyil, həmin torpaq sahəsindən 0,10 ha torpaq sahəsi ayrılması hissəsində ləğv edilmiş, (mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 12 nömrəli iclasın qərarı X2 xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının 0,29 ha hissədə ləğv edilməsi hissəsində qüvvədə saxlanılmış), iddianın qalan hissədə təmin edilməməsi qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunması, Xaçmaz rayon X2 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin iddiaçıya satılması barədə X2 xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin xx.xx.2021-ci il tarixli, 12 nömrəli iclas qərarının ləğv edilməsi qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvədə olan məhkəmə aktı ilə Xaçmaz rayonunun X2 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı ləğv edilərək, mübahisələndirilən 31 oktyabr 2003-cü il tarixli alqı-satqının bağlanmasına əsas olmuş 19 avqust 2003-cü il tarixli 10 saylı qərarı qüvvədə olduğundan, cavabdehin qeyd olunan əmlak üzərində hüquqları müdafiə edilməli, mübahisələndirilən 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alqı-satqı aktının ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin həmin alqı-satqı aktı əsasında cavabdehin adına işlənmiş 08 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, aparılmış qeydiyyat mübahisəli alqı-satqı aktı əsasında əldə edildiyindən və həmin alqı-satqı aktının ləğv edilməsi barədə tələb təmin edilmədiyindən, başqa sözlə həmin akt qüvvədə olduğundan, iddia tələbi qeyd edilən hissələrdə də təmin edilə bilməz. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarına əsasən dövlət reyestrinin məzmunun həqiqiliyinin və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrin ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır (N.Hacıyevin şikayəti üzrə 2019-cu il 07 avqust tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Xaçmaz rayonu X2 Cavabdeh qarşı alqı-satqının, dövlət aktı və çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-30/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-30/2024
05.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver