Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-301/2022 13.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(060)-2065/2017 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(060)-2065/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlyas Mahmudov) iddiaçı Hüseynova (Quluzadə) Afət Əhməd qızının cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı torpağa dair alqı-satqı aktının bağlanmış sayılması, bələdiyyə qərarının etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə üzrə iddia təmin edilmiş, Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 5091c nömrəli bağ torpaq sahəsinin Quluzadə (Hüseynova) Afət Əhməd qızının mülkiyyətinə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 nömrəli qərarının etibarlı hesab edilməsi, Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 5091c nömrəli bağ torpaq sahəsinə dair Quluzadə (Hüseynova) Afət Əhməd qızı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı aktının (müqaviləsi) 29 aprel 2008-ci iİ tarixdən bağlanmış sayılması qət edilmiş, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Hüseynova (Quluzadə) Afət Əhməd qızı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhərinin "Novxanı" bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 5091c nömrəli bağ torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 nömrəli qərarının etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə dair onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı aktının (müqaviləsinin) bağlanmış sayılması barədə qətnamə cıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 2007-ci ilin ortalarında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək “Novxanı" bağları massivində yerləşən və uzun illərdir faktiki sahibliyində və istifadəsində olmuş sahəsi 1200 kv.metr təşkil edən bağ torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdi. Müraciəti müsbət qarşılanaraq Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanmışdır. Torpaq sahəsinin ayrılması ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinin məktubuna cavab olaraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən müvafiq rəy verilərək torpaq sahəsinin alqı-satqı qaydasında mülkiyyətinə ayrılmasının mümkün olduğu bildirilmişdir. Bundan sonra torpağın tələb olunan alqı-satqı haqqı şəklində 2160 manat məbləğində pulu Sumqayıt şəhər Bələdiyyəsinin hesabına ödəmişdir. Qeyd olunan rəy və etdiyi ödəniş əsasında Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 nömrəli qərarı ilə Sumqayıt şəhərinin “Novxanı" bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 5091c nömrəli bağ torpaq sahəsi mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən müvafiq təhkim aktı əsasında yerində ölçülərək ona təhvil verilmiş, həmçinin Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpaq sahəsinin inşaat pasportu da tərtib edilərək ona təqdim edilmişdir. Lakin adı çəkilən qərar əsasında torpaq sahəsini öz mülkiyyəti kimi dövlət qeydiyyatından keçirə bilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 2007-ci ilin 01 dekabr tarixindən sonra bələdiyyə qərarları ilə verilmiş torpaqlar özəlləşdirilmir və həmin qərarların özü qüvvədən düşmüşdür. Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etdikdə də ona bildirilmişdir ki, həqiqətən torpaq sahəsinin ona ayrılmasına dair bələdiyyə qərarı Sumqayıt şəhər Bələdiyyəsinin 27.06.2008-ci il tarixli,14 saylı qərarı ilə bələdiyyənin özü tərəfindən ləğv edilmiş və təkrarən bələdiyyəyə müraciət etməklə həmin torpaq sahəsini qüvvədə olan yeni qanun normalarına uyğun əldə etməlidir. Halbuki, 2008-ci ildə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, torpağın tələb olunan alqı-satqı məbləğini bələdiyyəyə ödədiyi halda, bələdiyyə qərarının ləğvi onun məlumatı olmadan həyata keçirilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi, Sumqayıt şəhərinin “Novxanı” bağlar ərazisində yerləşən, sahəsi 1200 kv.m olan 5091c nömrəli bağ torpaq sahəsinin Hüseynova (Quluzadə) Afət Əhməd qızının mülkiyyətinə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 nömrəli qərarı qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmədiyi üçün Bələdiyyənin özü tərəfindən ləğv edilmiş və Hüseynova (Quluzadə) Afət Əhməd qızına izah edilmişdir ki, təkrarən bələdiyyəyə müraciət etməklə torpaq sahəsinin qanuni şəkildə onun mülkiyyəinə verilməsini xahiş edə bilər. İş materiallarından bələdiyyənin öz qərarını hansı qərarla və hansı əsasla ləğv etməsi görünməsə də, işə baxan məhkəmənin iddiaçıya aid qərarın ləğv edilməsi barədə dəqiq məlumatı olmuşdur. Belə olan halda iddiaçı bələdiyyənin öz qərarını ləğv etməsi barədə ikinci qərarını mübahisələndirməli olduğu halda, bunu etməmiş, məhkəmədə baxılmalı olmayan iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə qanunvericiliyin tələbini pozaraq artıq ləğv edilmiş qərarı etibarlı hesab etmişdir. Halbuki belə bir iddiaya məhkəmədə baxıla bilməzdi. İş materiallarından aydın olur ki, Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 nömrəli qərarının ləğv olunması barədə bələdiyyənin növbəti qərarı ləğv olunmadığı, hətta mübahisələndirilmədiyi halda, məhkəmə iddianı təmin etmişdir. O, 04.10.2006-cı il tarixli, ******* saylı əmlakın alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, 5054 nömrəli bağın 0,12 ha torpaq sahəsini X1 almışdır. O, torpaq sahəsinə dair texniki pasportun verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətlə bağlı ona bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ərazidə çöl-ölçmə işlərinin aparılması nəticəsində əldə olunan koordinatlarla torpaq sahəsinin ünvan 1 ünvanda yerləşən Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən verilmiş 29.04.2008-ci il tarixli, 11 saylı qərar, 21.04.2008-ci il tarixli, 16007 nömrəli bağ sahəsinin qısa müddətli icarəyə verilməsinə dair müqavilə, bağ sahəsinin texniki pasportu və Sumqayıt Şəhər Məhkəməsinin 06.03.2017-ci il tarixli, 2(060)-2065/2017 saylı qətnaməsi əsasında İddiaçı adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Göründüyü kimi, məhkəmənin qeyd olunan qanunsuz və əsassız qətnaməsi ilə onun mülkiyyət hüququna əsassız müdaxilə olunur. O, qanuni yolla aldığı torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestində qeydiyyatdan keçirə bilmir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı Hüseynova (Quluzadə) Afət Əhməd qızı və qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlmədiklərindən, cavabdeh Sumqayıt bələdiyyəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 saylı qərarının surətindən görünür ki, X4 icarəsinə “Novxanı” bağları ərazisində sahəsi 1200 kv.metr bağ torpaq sahəsi verilmişdir. İş materiallarında olan 21 aprel 2008-ci il tarixli, 16007 saylı bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair müqavilənin surətindən görünür ki, Sumqayıt şəhər bələdiyyəsi tərəfindən X5 “Novxanı” bağlar ərazisində yerləşən 5091c nömrəli, 0,12 ha bağ sahəsi 10 il müddətinə icarəyə vermişdir. İş materiallarında olan Sumqayıt şəhər bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 saylı qərarının surətindən görünür ki, Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən, 16007 saylı, 21 aprel 2008-ci il tarixli icarə müqaviləsinə əsasən X4 icarəsinə verilmiş ölçüsü 1200 kv.m olan 5091c nömrəli bağ torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 01 noyabr 2008-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs müraciəti ilə bağlı bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ərazidə çöl-ölçmə işlərinin aparılması nəticəsində əldə olunan koordinatlarla torpaq sahəsinin ünvan 1 ünvanda yerləşən Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən verilmiş 29.04.2008-ci il tarixli, 11 saylı qərar, 21.04.2008-ci il tarixli, 16007 nömrəli bağ sahəsinin qısa müddətli icarəyə verilməsinə dair müqavilə, bağ sahəsinin texniki pasportu və Sumqayıt Şəhər Məhkəməsinin 06.03.2017-ci il tarixli, 2(060)-2065/2017 saylı qətnaməsi əsasında İddiaçı adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İşdən görünür ki, iddiaçının tələbləri Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 5091c nömrəli bağ torpaq torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 nömrəli qərarının etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə dair onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı aktının (müqaviləsinin) bağlanmış sayılması barədədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri də bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Torpaq islahatı haqqında” qanunun 19-cu maddəsinə görə dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq (şərh) etmədiyindən iş üzrə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan maddi hüquq normaları mübahisələndirilən torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə əsas vermir. Həmin normalar torpaq üzərində hüququn yaranmasının ümumi qaydalarını müəyyən edir. Digər tərəfdən, əqdin notariat qaydasında təsdiqinə yol verildiyi təqdirdə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası iş materiallarına əsasən Sumqayıt bələdiyyəsinin iddiaçı ilə torpaq sahəsinin alqı-satqısına dair akt və ya müqavilə bağlamaqdan boyun qaçırmasını, bundan hər hansı şəkildə imtina etməsini müəyyən etmədi. Hüseynova (Quluzadə) Afət Əhməd qızı iddia ərizəsində torpaq sahəsinin dəyəri olaraq 2160 manat məbləğində pulu Sumqayıt şəhər Bələdiyyəsinin hesabına ödədiyini göstərsə də, iş materiallarında bunu təsdiq edən hər hansı bir sənəd yoxdur. Göründüyü kimi, hazırki işdə torpaq sahəsinin alqı-satqı aktının (müqaviləsinin) bağlanmış sayılması xahiş edilən əqd yuxarıda göstərilən tələblərə cavab vermir, iddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında yazılı formada əqd bağlanmamış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri Sumqayıt bələdiyyəsinə ödənilməmiş, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. Bundan başqa, iddia ərizəsindən və məhkəmə iclasında Hüseynova (Quluzadə) Afət Əhməd qızının nümayəndəsinin izahatından görünür ki, Sumqayıt şəhərinin “Novxanı” bağlar ərazisində yerləşən, sahəsi 1200 kv.m olan 5091c nömrəli bağ torpaq sahəsinin Hüseynova (Quluzadə) Afət Əhməd qızının mülkiyyətinə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 nömrəli qərarı qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmədiyi üçün bələdiyyənin özü tərəfindən ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli 11 nömrəli qərarı Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən ləğv edildiyi halda, birinci instansiya məhkəməsinin həmin qərarın etibarlı hesab edilməsi barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(060)-2065/2017 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Hüseynova (Quluzadə) Afət Əhməd qızının cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı torpağa dair alqı-satqı aktının bağlanmış sayılması və bələdiyyə qərarının etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-301/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-301/2022
13.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver