Məhkəmə qərarları › İş №2(105)-3020/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3020/2020

13.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3020/2020 13.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-4159/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasındaapellyasiyaqaydasındabaxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsində yerləşən 147 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim C.Səfiyeva) Cavabdeh Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim C.Səfiyeva) Cavabdeh Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsində yerləşən 147 saylı fərdi yaşayış evdən çıxarılması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumuna görə pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Şikayət vermə müddətini üzrlü səbəb olduğundan ötürmüşdür. Lakin məhkəmə bu səbəbləri üzrlü hesab etmədiyindən, prosessual müddəti bərpa etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi cavabdehin müddətin bərpası barədə ərizəsinin təmin edilməməsini cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin üzürsüz səbəbdən buraxılması, müddətin bərpa edilməsi üçün qeyd etdiyi səhhəti ilə bağlı halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi tərəflərə, o cümlədən Cavabdeh göndərilmiş, lakin zərf “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmış, cavabdeh tərəfindən qətnamə xx xxxx 2020-ci il tarixdə qəbzə imza etməklə qəbul edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayətini xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi müddətin ötürüldüyünü əsas gətirərək, apellyasiya şikayətini geri qaytarmışdır. Cavabdeh buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmiş, ərizədə səhhətində yaranmış problem və ölkə ərazisində elan olunmuş karantin rejimi ilə əlaqədar müddəti ötürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində verilə bilər. Bu müddət şəxsin qətnaməni rəsmi qaydada aldığı vaxtdan hesablanır. Əgər şəxs məhkəmə aktını aldığı vaxtdan bir ay müddətində apellyasiya şikayəti vermirsə, məhkəmə aktı qanuni qüvvəyə minir. Bir aylıq prosessual müddətdən sonra apellyasiya şikayəti verilərsə, apellyasiya şikayəti ilə yanaşı prosessual müddətin bərpasına dair ərizə də verilməlidir. Cavabdeh prosessual müddətin bərpasına dair ərizə ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edilsə də, ilkn öncə həmin prosessual müddətin bərpasına dair ərizə verməyə əsasların olub-olmaması yoxlanılmalıdır. Əgər prosessual müddət ötürülmüşdürsə, həmin müddətin bərpasına dair ərizəyə baxılmalı, əks halda şəxs şikayət vermək üçün prosessual müddəti ötürməmişdirsə, apellyasiya şikayəti prosessual müddət ötürülməmiş hesab edilməklə baxılması üçün aidiyyatı üzrə göndərilməlidir. Hazırkı işdən göründüyü kimi, cavabdeh tərəfindən müddətin bərpasına dair ərizədə müddətin ötürülməsinə səbəb olmuş hallar göstərilsə də, birinci instansiya məhkəməsi tərəfindən bu halların düzgünlüyünü ətraflı araşdırmamış və ərizəçiyə MPM-nin 14.1. maddəsinə əsasən buna dair sübutlar təqdim etməyi təklif etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli və xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli və xx xxxxxxx 2020-ci il tarixli tarixli qərardadları ləğv edilsin. Prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar