Məhkəmə qərarları › İş №2(105)-304/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-304/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-304/2024 08.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: Borc pul tələbi- sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(012)-3870/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.

1. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı polis mayoru Rza Nəzərovun 12 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə göstərilən xüsusatlarda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 6900 manat pulun, 6100 manat maddi zərərin və 1000 manat mənəvi zərərin, cəmi 14000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırıb ki, "xxxx" MMC-də iş yoldaşı olan cavabdehlər ona pul lazım olduğunu bildirmişlər. Cavabdehlərə kömək məqsədi ilə hisəhissə olmaqla 2022-ci ilin noyabr ayında digər şəxsdən faizlə almaqla 6900 manat pulu vermişdir. Cavabdehlər iş yoldaşı olduğu üçün onlara inanıb pulun verilməsi ilə bağlı müqavilə bağlamamış və iltizam almamışdır. Cavabdehlər aralarında olan şifahi razılaşmaya əməl etməmiş və aldıqları pulu geri ödəməmişlər. O bu barədə Bakı şəhəri Binəqədi RPİ-nin 43 Polis Bölməsinə şikayət etmiş, lakin heç bir tədbir görülməmişdir və 12 may 2023-cü il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Cavabdehlər qərarın təsvir hissəsində pulun alınmasını etiraf etmişlər. Cavabdeh2 6900 manat borcdan 770 manat məbləğini ona qaytarmışdır. Pulu faizə aldığı şəxs isə pulunu və ödəniləcək faiz məbləğini tələb edir. Cavabdehlərə inanaraq pul sahibi qarşısında öhdəlik götürmüş, pul sahibi ondan faiz olaraq 6100 manat pul tələb edir. Qeyd olunmalıdır ki, bu məbləğ də cavabdehlərdən tutulmalıdır. Həmçinin keçirdiyi əsəb və stress nəticəsində ona mənəvi zərər də dəymişdir. Odur ki, iddia tələbi tam təmin edilməlidir.

4. Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(012)-3870/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş Cavabdeh2 6130 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sübutların tədqiqatı zamanı müəyyən edilib ki, İddiaçı Cavabdeh2 ümumilikdə 6900 manat borca pul vermiş, həmin puldan Cavabdeh2 770 manat iddiaçıya qaytardığından, Cavabdeh2 hal-hazırda iddiaçıya 6130 manat məbləğində borcu qalmışdır. Qeyd olunan xüsusatlar məhkəmə iclasında iddiaçı və Cavabdeh2 izahatları və işin digər materialları ilə tam təstiq olunduğundan Cavabdeh2 6130 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 739.2-ci maddələri, C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

b)Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

7. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(012)-3870/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qeyriqanuni və əsassızdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır. İşin mahiyyəti ondan ibarətdir ki, "xxxx" MMC-də iş yoldaşı olan cavabdehlər ona pul lazım olduğunu bildirmişlər. Cavabdehlərə kömək məqsədi ilə hissə hissə olmaqla 2022-ci ilin noyabr ayında başqa şəxsdən faizlə aldığı 6900 manat pulu vermişdir. Cavabdehlər həmin puldan cəmi 770 manat qaytarmışlar. Lakin geri qalan məbləği ödəməmişlər. O cavabdehlərə görə faizə pul götürmüşdür ki, hazırda həmin şəxs faizi ilə birlikdə pulu tələb edir. Həmçinin cavabdehlərin təqsiri üzündən o həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Belə ki, cavabdehlərin bu hərəkətləri onun mənəvi əzab, stress çəkməsi ilə nəticələnmişdir. Ona vurulmuş mənəvi ziyan 6100 manat təşkil edir. Bütün bunlar məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə işin faktiki halları tam şəkildə araşdırmamış və həmin hallara düzgün qiymət verməmişdir. nəticədə düzgün olmayan qətnamə qəbuledilmişdir .

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, işə baxan məhkəmə iddia tələbini tam təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, o Cavabdeh1la bir müəssisədə işləyir. Digər Cavabdeh2 isə onun oğludur. Cavabdeh2 ona təcili pul lazım olduğunu bildirərək, borc pul verməsini xahiş etmişdir. İddiaçı isə insani davranış göstərərək, başqa şəxsdən faizlə qaytarmaq şərtilə borc pul almış və bu barədə Cavabdeh2 məlumat verməklə sonuncuya 6900 manat pul vermişdir. Cavabdehlər isə pulu bugünəqədər ona qaytarmamışlar. Nəticədə o çətin vəziyyətə düşmüşdür. Hesab edir ki, iddia tələbi tam təmin olunmaqla cavabdehdən onun xeyrinə 14 min manat məbləğində pul tutulmalıdır.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ona qarşı iddia tələbini qəbul etmir. Belə ki, o iddiaçıdan hər hansı məbləğdə pul almamışdır. İddiaçıdan 6000 manatdan bir qədər yuxarı məbləğdə borc pulu onun oğlu Cavabdeh2 almışdır. Lakin iddiaçı iddia tələbində həddindən artıq məbləğdə pul tələb edir ki, bunu verdiyi borc pula hesablanan faizlə əlaqələndirir. Birinci instansiya məhkəməsi işi araşdırmış və sübutlara əsasən qətnamə qəbul etmişdir. Həmin qətnamə artıq icra mərhələsindədir. Cavabdeh sonda apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Madə 739.1. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MMin 740-cı maddəsi). Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibəMaddə 882. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5-ci əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

14. Mülki Prosessual Məcəllə

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(012)-3870/2023 nömrəli qətnaməsini yalnız “iddianın təmin edilməyən hissəsində” mübahisələndirərək, qətnamənin həmin hissədə ləğv edilməsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

16. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Digər hissə üzrə araşdırılma aparılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissə üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən (dəymiş ziyanın ödənilməsi hissəsində) ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tələb cavabdehə borc olaraq verilmiş pulun geri qaytarılması habelə gecikdirilmiş vaxt üçün vurulmuş maddi ziyanın və mənəvi zərərin əvəzinin tutulması barədədir.

19. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, cavabdehlərlə iş yoldaşıdırlar. Cavabdehlərin borc pul verilməsi barədə müraciətlərini geri çevirməmiş, onlara maddi köməklik edərək, başqa şəxsdən borc almaqla Cavabdeh2 6900 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin puldan cəmi 770 manat pul ödəmiş, qalan məbləğ isə ödənilməmişdir. Nəticədə o hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxan məhkəmə mübahisəni yuxarıda qeyd edilən formada həll etmiş, narazı qalan iddiaçı isə apellyasiya şikayəti vermişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, aşağıdakları qeyd edir.

21. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

22. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

23. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

25. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

26. İş materiallarına əlavə edilmiş Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı polis mayoru Rza Nəzərovun 12 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında Cavabdeh2 iddia tələbində qeyd edilən məbləğdə borc pulu əldə etməsini etiraf etməsi, həmin puldan 770 manat ödəniş etməsi, habelə sonuncunun eyni faktı məhkəmə iclasında təstiq etməsi, yazılı ərizəsi və bu halların iddiaçı tərəfindən təkzib edilməməsi tərəflər arasında qeyd olunan məbləğə (6900 manat) dair borc münasibətinin mövcudluğu qənaətinə gəlməyə əsas verir ki, bu hissədə işə baxan məhkəmənin mövqeyi əsaslı və işin faktiki hallarına uyğundur.

27. Hazırda iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən (730 manat, 6100 manat məbləğində maddi ziyan və 1000 manat məbləğində mənəvi zərərə aid hissədə) hissədə mübahisələndirir ki, kollegiya bu hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və mövqeyini bu cür ifadə edir.

28. İddiaçının maddi ziyanla bağlı tələbi konkret sübutlarla və faktlarla əlaqələndirilməmiş və bu hissədə tələbin qanuni əsasını təşkil edən maddi hüquq normalarına istinad edilməmişdir. Tələbin həmin hissədə faktiki əsası qismində isə iddiaçı qeyd edilən borc məbləğinin üçüncü şəxsdən faizlə borc alınmaqla verildiyini və həmin üçüncü şəxsin iddiaçıdan qeyd edilən məbləği tələb etməsi ilə əlaqələndirmişdir ki, kollegiya bu dəlilin əsassız və qanunsuz olduğunu bildirərək, bu formada iddia tələbi əsassız olmaqla təmin edilə bilməz.

29. İddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsində isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

30. Hazırkı halda iddiaçı cavabdehə 2022-ci ilin noyabr ayında borc verildiyi tarixdən bu müddət ərzində həmin pulun qaytarılmamasına istinad edərək mənəvi iztirablara məruz qaldığını bildirsə də, sonuncu hansı formada mənəvi əziyyətə düçar olması konkret dəlillərlə sübuta yetirilməmişdir. Belə olan halda hər hansı mənəvi zərərdən söhbət gedə bilməz.

31. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

32. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

33. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı yekunlaşdıran kollegiya bildirir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işi obyektiv araşdırmamasına istinad etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində sadalanan dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(012)-3870/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verilə bilər . Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar