Məhkəmə qərarları › İş №2(105)-3042/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3042/2020

16.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3042/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1571/2020 saylı qərardadından Ərizəçi şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1571/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Rahim Həsənov) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəsinə dair mülki işin icraatına xitam verilmiş, ərizəçiyə hazırki iddia ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ olması izah edilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxx 1945-ci il tarixdə Quba rayonu, Alpan kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X4, ana qrafasında X1 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razılaşmır, qərardad əsassız qəbul edilmiş və ləğv edilməli, ərizəsinə baxılmalıdır. Belə ki, o, xx xxx 1945-ci ildə doğulmuş, bu barədə ona doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında sovet pasportu almış, bundan sonra Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini də almışdir. Hazırda doğum haqqında şəhadətnamə itmiş, təkrar alınması üçün Maraqlı şəxsnə müraciət etdikdə doğum haqqında akt qeydinin itdiyi bildirilmiş, doğum haqqında akt qeydinin bərpası üçün məhkəmə müraciət etməyi tövsiyyə edilmişdir. O da Azərbaycan Respublikası MPM-nin 307.2.3, 308-ci maddələrinə, Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 saylı qərarına əsaslanaraq doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Onun doğum haqqında akt qeydi olmuşdur ki, ona Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilmişdir. Ona doğum haqqında akt qeydinin bərpası ilə bağlı imtina məktubu verən Maraqlı şəxs əsassız deyil, Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 saylı qərarına əsaslanmışdır. Göründüyü kimi, burada inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə yoxdur və hazırki tələb Azərbaycan Respublikası MPM-nin 307.2.3, 308-ci maddələrinə əsasən xüsusi icraat qaydasında rayon (şəhər) məhkəmələrində baxılmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X5 şikayətdə göstərilənlərə uyğun izahat verdi. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ərizəçi məhkəmə iclasına gəlmədiyindən, maraqlı şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə icraata xitam verərkən tərəflər arasında yaranmış mübahisənin əsasını Maraqlı şəxs ərizəçiyə ünvanladığı cavabın təşkil etməsinə, ərizəçinin əslində Maraqlı şəxs hərəkətlərindən şikayətçi olmasına istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddədinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respubliksının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 432 saylı məktubunda göstərilmişdir ki, doğum haqqında sənədlər təqdim edilmədiyi üçün Ərizəçi doğumunun bərpası qeyri mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respubliksının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 432 saylı məktubu da Ərizəçi lazımi sənədlərin təqdim etmədiyi üçün doğum haqqında şəhadətnamənin verilə bilməməsini təsdiq edir və ərizəçinin tələbi heç də Maraqlı şəxs hərəkətindən şikayət barədə deyildir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Birinci instansiya məhkəməsi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəyə baxarkən həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmamışdır. Ərizəçi da ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu konkret göstərməmişdir. Belə ki, Ərizəçi ərizəsində sənədləşmə işləri ilə bağlı ondan doğum haqqında haqqında şəhadətnamə tələb olunduğunu, doğum haqqında şəhadətnaməsi olmadığından müxtəlif dövlət orqanlarında maneələrlə rastlaşdığını göstərmişdir. Ərizəçi hansı dövlət orqanına müraciət etməsi və doğum haqqında şəhadətnaməsi olmaması səbəbindən müraciətinə baxılmamasını təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək hüququna malikdir, ərizəyə məhkəmə qaydasında baxılması mülki-prosessual qanunvericiliyin tələbləri baxımından mümkündür və birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaları düzgün tətbiq etməməklə ərizəçinin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxılarkən yuxarıda qeyd edilən hallar nəzərə alınmalı, nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi şikayəti təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1571/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar