Məhkəmə qərarları › İş №2(105)-3053/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3053/2021

29.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3053/2021 29.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(027)- 273/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.Tağıyev) iddianın təmin edilməsi, Cavabdeh adına olan MH seriyalı, ******* nömrəli, **********32-10301 reyestr nömrəli, qeydiyyat tarixi 21.02.2007 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın 0,17 ha torpaq sahəsinə dair hissəsi əsassız olduğundan ləğv edilməsi, Cavabdeh zəbt etdiyi, Quba rayonu, İ Nügədi kəndində yerləşən İddiaçı mülkiyyətçisi olduğu torpaq sahəsindən çıxarılması və torpaq sahəsi boşaldılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, Cavabdeh qanunsuz zəbt etdiyi Quba rayonu, İ Nügədi kəndində yerləşən mülkiyyətçisi olduğu 0,20 ha həyətyanı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı, 26,8 kv.metr yaşayış, 9,9 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın qismən ləğv hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon X2 Deputatları Soveti icraiyyə Komitəsi tərəfindən 1972- 1982-ci illərdə ona Jdanov adına meyvəçilik sovxozunun fəhləsi olduğu üçün fərdi mənzil tikintisi məqsədilə 0,20 ha torpaq sahəsi ayrılmışdır. Həmin həyətyanı torpaq sahəsinə dair Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə torpaq sahəsinin ölçüsü yanlışlıqla 0,17 ha olaraq qeyd olunmuşdur. Sözügedən həyətyanı torpaq sahəsində onun tərəfindən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 36,7 kv.metr olan yaşayış evi və ümumi sahəsi 109,2 kv.metr olan səkkiz otaqdan ibarət yaşayış evi tikilmişdir. Quba rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş 04 fevral 2004-cü il tarixli, 950 saylı qeydiyyat vəsiqəsinə əsasən həmin yaşayış evi onun xüsusi mülkiyyətində olmuşdur. Sonradan qeyd olunan yaşayış evini 2000 ABŞ dollarına qonşusu Cavabdeh satmışdır. Cavabdeh onun bir müddət Quba rayonunda olmadığından istifadə edərək ona məxsus həyətyanı torpaq sahəsini qanunsuz olaraq mənimsəmişdir. Quba rayonu 1 Nügədi kəndində yerləşən bir mərtəbəli, iki otaqlı, 26,8 kv.metr yaşayış və 9,9 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin Cavabdehnm mülkiyyətinə verilməsinə dair Daşınmaz Əmlakın Dövləti Reyestri Xidməti ona çıxarış vermiş və həmin çıxarışa əsasən 0,17 ha torpaq sahəsinin də cavabdehin mülkiyyətində olduğu göstərilir. Cavabdeh və həyat yoldaşı Nurağa Mahmudov onlara satılmış fərdi yaşayış evini sökməklə yanaşı ona məxsus ümumi sahəsi 109,2 kv.metr olan səkkiz otaqdan ibarət yaşayış evinin də birinci mərtəbəsini sökmüş və ona xeyli miqdarda ziyan vurmuşlar. Eyni zamanda, onun mülkiyyətində olan vanna otağı, anbar, dəmir darvaza, hasar və digər tikililər cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüşdür. Pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş onun mülkiyyətində olan torpaq sahəsinin boşaldılması və cavabdehin adına verilmiş çıxarışın qismən etbarsız hesab olunmasını qanuna uyğun hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin təmin olunması barədə 01.02.2018-ci ildə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, işə cavabdehin iştirakı olmadan baxaraq prosessual qanunvericiliyin çəkişmə və tərəflərin bərabərliyi prinsipini pozmuşdur. İşdə cavabdehin iştirakı təmin olunmadığından iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilərək sübutlara birtərəfli qaydada iddiaçının xeyrinə qiymət vermişdir. Məhkəmə işə baxarkən iddiaçının subyektiv hüquqlarının pozulubpozulmamasına, iddia müddətinin keçməsinə əhəmiyyət verməmişdir. Qətnamənin məzmunundan görünür ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı 2004-cü ildə baş tutub. Alqı-satqı 2004-cü ildə rəsmiləşdirildiyi halda iddiaçı 14 ildən sonra məhkəmədə iddia qaldırıb. Cavabdeh məhkəmədə iştirak etməyib və bu səbəbdən də iddia müddətinin tətbiqi barədə ərizə verə bilməyib. Məhkəmə isə iddia müddətinin buraxılmasını müzakirə etməyib. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni 10.02.2004-cü ildə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində 0,17 torpaq sahəsinin cavabdehə satılması barədə müddəanın olmaması ilə əsaslandırmış və bunun maddi hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.5, 157.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin nəzərə alaraq iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübut etmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülki Məcəllənin 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özkəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (Mülki Məcəllənin 140-cı maddəsi). Cavabdeh iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Ümumi iddia müddəti on il təşkil edir (Mülki Məcəllənin 373.1. maddəsi). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Qeyd etmək lazımdır ki, iddiaçı ilə cavabdeh arasında mövcud müqavilə 10.02.2004cü il tarixdə bağlanmış, iddiaçı isə çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə 31.10.2017-ci li tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş 10 illik iddia müddətini ötürmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi müddətin ötürülməsi əsası ilə təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar