Məhkəmə qərarları › İş №2(105)-3063/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3063/2021

09.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3063/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(012)-133/2021 saylı qətnaməsindən cavabdeh Əliyeva (Juvarova) Nabad Seirab qızının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(012)-133/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən çıxarılması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 19.04.2010-cu il tarixdə “X16” MMC ilə bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili almışdır. Onun oğlu X11 2012-ci ildə Cavabdeh ilə nikaha daxil olmuş və bu ailə 2014-cü ildən 2018-ci ilin avqust ayına kimi mübahisəli mənzildə yaşamışlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.08.2019-cu il tarixli, e-2(003)-1665/2019 nömrəli qətnaməsinə əsasən X11 ilə Cavabdeh arasında nikaha xitam verilmişdir. Cavabdeh müvəqqəti olaraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildə yaşamasını xahiş etmişdir. Hazırda cavabdeh həmin mənzildən çıxmaqdan imtina edir. Beləliklə, cavabdehin qeyriqanuni əməlləri nəticəsində özünə məxsus olan əmlaka dair öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməklə bağlı hüquqlarını həyata keçirə bilmir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı oğlu Musa Cuvarovla 2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 13.04.2013-cü il tarixdə X10 anadan olumşdur. Ailə qurduğu gündən qayınatası Ramiz X2ra hədiyyə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı Yaşayış kompleksindəki 14 saylı evin 28 saylı mənzilə köçərək orada yaşamağa başlamışlar. Həmin vaxtdan 2018-ci ilin avqust ayınadək təsərrüfatı birgə idarə etməklə Musa Cuvarovla ər-arvad kimi həmin mənzildə yaşamışlar. Lakin ailə münasibətləri baş tutmadığından Musa Cuvarovun iddiası əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.08.2019-cu il tarixli qətnaməsi ilə X11 ilə aralarında olan nikaha xitam verilmiş, birgə nikahlarından anadan olmuş Selin adlı uşağın onun yanında saxlanılması müəyyən edilmiş və həmin uşağa görə alimentin alınıb ona ödənilməsi məsələsi həll edilmişdir. Həmin vaxtan qayınatası İddiaçı razılığı ilə az yaşlı övladı Selinlə birlikdə mübahisəli mənzildə yaşayır. O, Gürcüstan Respublikasının vətəndaşıdır və ailə qurduğu vaxtdan hazırki vaxtadək himayəsində olan uşaqla birlikdə Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı Yaşayış kompleksindəki 14 saylı evin 28 saylı mənzilində yaşayır və Azərbaycan Respublikasının ərazisində başqa yaşayış yeri yoxdur. Övladı Azərbaycan Respublikasının vətəndaşı olsa da, müvəqqəti qeydiyyata düşdüyü üçün hər 3 aydan bir Gürcüstan Respublikasına getməli olur ki, bu da həm onun, həm də azyaşlı övladının həyat şəraitinə mənfi təsir göstərir. İddiaçı Ailə Məcəlləsinin 15-ci fəsilində (maddə 89) müəyyən edildiyi kimi, nəvəsi Selini saxlamaq vəzifəsi olduğundan və bu səbəbdən qızı Selin Kostitusiya Məhkəməsinin qərarındakı mövqeyinə əsasən mülkiyyətçinin ailə üzvü sayıldığından və həmin uşaq məhkəmə qətnaməsi ilə onun himayəsində saxlandığından iddiaçının keçmiş ailə üzvü kimi mübahisəli yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün tələb olunan şərtlərin hər biri baş vermişdir. Başqa sözlə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə arasında etibarlı ailə əlaqələri mövcuddur, yaşayış sahəsinə olan ehtiyacını mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətindədir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Əliyeva (Juvarova) Nabad Seirab qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 19 aprel 2010-cu il tarixdə “İcraçı” adlanan “X16” məhdud məsuliyyətli cəmiyyəti ilə “Sifarişçi” İddiaçı arasında bağlanmış müqavilənin surətindən görünür ki, “X16” məhdud məsuliyyətli cəmiyyəti Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksindəki 14 saylı evin 2 otaqlı 28 saylı mənzilini şifarişçiyə verməyi öz öhdəsinə götürmüş, mənzilin ümumi dəyəri 25484 manat müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1665/2019 saylı, 27.08.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdeh Nabad Juvarova qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, X11 və Nabad Juvarova arasında Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində 14.01.2012-ci il tarixdə 16 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 13.04.2013-cü il təvəllüdlü X5 nikah pozulduqdan sonra anası-cavabdeh Nabad Juvarovanın yanında saxlanılması, 13.04.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 27.08.2019-cu il tarixdən başlayaraq X6 Nabad Juvarovanın xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 13418/2019 saylı, 30.10.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1665/2019 saylı, 27.08.2019-cu il tarixli qətnaməsindən X8 tərəfindən verilən apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1665/2019 saylı, 27.08.2019-cu il tarixli qətnaməsinin qismən- “alimentin tutulması” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, X6 13.04.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 27.08.2019-cu il tarixdən hesablanaraq hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1367/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Nabad Juvarovanın (Cuvarova) İddiaçı qarşı onun və himayəsində olan azyaşlı qızı X5 ünvan 1 ünvanına istifadə hüququnun tanınması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8443/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1367/2020 saylı iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya proseslərinin tənzimləmə Baş idarəsinin 15.10.2019-cu il tarixli, 12/C-4057 saylı məktubundan görünür ki, Gürcüstan vətəndaşı Nabad Juvarovanın Azərbaycan Respublikası ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduğundan, Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş idarəsinin 18.02.2021-ci il tarixli, R/C-234 saylı məktubundan görünür ki, Juvarova Nabad hal-hazırda ünvan 1 ünvanında olduğu yer və ya yaşayış yeri üzrə qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksindəki 14 saylı evin 28 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 20.05.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. . Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabırın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İddia ərizəsindən, işdə iştirak edən şəxsin izahatından və işin mübahisə edilməyən hallarından görünür ki, Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksindəki 14 saylı evin 28 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Əliyeva (Juvarova) X9 rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksindəki 14 saylı evin 28 saylı mənzilinin mülkiyyətçisi olan İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid deyildir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli mənzil hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1367/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsi ilə Nabad Juvarovanın (Cuvarova) İddiaçı qarşı onun və himayəsində olan azyaşlı qızı X5 ünvan 1 ünvanına istifadə hüququnun tanınması barədə iddiası təmin edilməmmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8443/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1367/2020 saylı iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər iş üzrə qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1367/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsi ilə təkzib olunur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Əliyeva (Juvarova) Nabad Seirab qızının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(012)-133/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar