Məhkəmə qərarları › İş №2(105)-307/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-307/2021

10.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-307/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X10 İddiaçı nümayəndəsi və vəkili X9 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-126/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı, V.H.Allahverdiyeva, S.İddiaçıa və X.İddiaçıa tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-126/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddiaçılar İddiaçı, X5, X6 və X2 Cavabdeh qarşı torpağın qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair birgə iddia ərizələri təmin edilməmiş, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 10 manat pulun İddiaçı aid edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 manat pulun İddiaçı, V.İddiaçıa, S.İddiaçıa və X.İddiaçıadan müştərək qaydada tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İddiaçılar İddiaçı, V.H.Allahverdiyeva, S.İddiaçıa və X.İddiaçıa birgə qaydada apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-126/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçılar İddiaçı, X5, X6 və X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışlar ki, Abşeron rayonu, Saray qəsəbəsində şəxsi mülkiyyət hüququ əsasında 0,34 ha torpaq sahəsinə malikdir və mülkiyyət hüququ DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışla təsdiq edilmişdir. Eyni zamanda Torpağa mülkiyyət hüququna dair J№ 1874 saylı Dövlət Aktı da mövcuddur. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdədir və onun ailə üzvləri X4, X5 və X19 həmin torpaq sahəsinə birgə mülkiyyət hüququ əsasında sahibdirlər. Lakin Cavabdeh və digər şəxslər həmin torpaq sahəsini zəbt ediblər və həmin torpaq sahəsində şəxsi yaşayış evi tikmişlər. Bu səbəbdən onlar öz şəxsi mülkiyyət hüquqlarından istifadə edə bilmirlər. Ona görə də, Cavabdeh tərəfindən zəbt edilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən onların paylı mülkiyyətində olan 0,34 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş şəxsi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçılar İddiaçı, V.H.Allahverdiyeva, S.İddiaçıa və X.İddiaçıa birgə qaydada verdiklərini apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Abşeron Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.1, 157.2, 157.4, 157.5, 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X18 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçılar X5, X6 və X7 və Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən idiaçılar V.İddiaçıa, S.İddiaçıa, X.İddiaçıa və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Abşeron rayon Torpaq şöbəsi və Dövlət X11 tərəfindən xx xxxx 1998-ci il tarixdə təsdiq edilmiş Torpağa mülkiyyət hüququna dair JN 1874 nömrəli (kod 30800086) Dövlət Aktının surətindən görünür ki, İddiaçı, X17, X5 və X3 mülkiyyətlərinə Abşeron rayonu X12 1998-ci il 10 may tarixli 16 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.49 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.343728 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ümumi birgə payda xx xxxx 2016-cı il tarixdə İddiaçı, X5, X19 və X1 adlarına qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxx 2014-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx xxxxxx 2020-ci il tarixli 1083 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, iş materiallarında xx.xx.2016-cı il tarixdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,343728 ha torpaq sahəsinə verilmiş RX seriyalı, ******* saylı çıxarış və xx.xx.2014-cü il tarixdə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin plan və ölçüləri təqdim olunmuşdur. Vətəndaşların bir qismində kənd təsərrüfatı təyinatlı torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün çıxarışlar qismində ləğv edilmiş DTXK-si tərəfindən Dövlət Aktları və Dövlət Aktları əsasında ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Kameral şəraitdə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iş araşdılarkən keçmiş DTXK-si tərəfindən verilmiş Dövlət Aktı köhnə koordinat sistemində olduğundan, sözügedən ərazidən Dövlət Aktları əsasında verilmiş ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqların hüquq rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş tikililər torpaq sahələrinin naturada (yer üzərində) sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı dəvət olunmuş mütəxəssis, “xxxx” MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi X13 göstərmişdir ki, iş üzrə ekspertiza rəyinin verilməsinə əsas olmuş mütəxəssis rəyini tərəflərin iştirakı ilə apardıqları çöl-ölçmə işləri nəticəsində vermişlər. Prezidentin Sərəncamına əsasən 2015-ci ildən elektron kadastr uçotu aparılır. İddiaçının sənədini dəqiqləşdirmək mümkün olmadığından həmin ərazidə tikililərin olması səbəbindən tərəflərin torpaq sahələrinin kardinatlarının yerində (naturada) üst-üstə düşüb-düşmədiyini təyin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 48.5-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materialları ilə müəyyən olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxx 2014-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırda iddiaçılar cavabdehin həmin torpaq sahəsini zəbt edib şəxsi yaşayış evi tikdiyini, bu səbəbdən öz şəxsi mülkiyyət hüquqlarından istifadə edə bilmədiklərini qeyd edərək cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və torpaq sahəsində inşa edilmiş şəxsi yaşayış evinin cavabdehin hesabına sökülməsi ilə bağlı iddia qaldırmışlar. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə hesab etmişdir ki, iddiaçılar iddia tələbinin Cavabdeh, cavabdeh tərəfindən zəbt edilmiş, onların paylı mülkiyyətində olan 0,34 ha torpaq sahəsindən çıxarılması” hissəsində qanuni əsasları yoxdur, cavabdehin iddiaçıların torpaq sahəsini zəbt etməsini, oradan istifadə etməsini təsdiq və müəyyən edən hər hansı sübut iddiaçılar tərəfindən təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin ikinci, yəni “zəbt olunmuş torpaq sahəsində inşa edilmiş şəxsi yaşayış evinin Cavabdeh hesabına sökülməsi” hissəsi iddia tələbinin birinci hissəsinə nisbətdə törəmə tələbdir, nə qədər ki, ilkin, əsas tələbin əsassız olması müəyyən edilmişdir, belə olan halda törəmə tələb də əsassız sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçılar İddiaçı, V.H.Allahverdiyeva, S.İddiaçıa və X.İddiaçıa tərəfindən birgə qaydada verdiyi apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı, V.H.Allahverdiyeva, S.İddiaçıa və X.İddiaçıa tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-126/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar