Məhkəmə qərarları › İş №2(105)-3070/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3070/2021

09.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3070/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2(012)-2832/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2(012)-2832/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək onun və yetkinlik yaşına çatmayan övladlarının Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, X8 ilə 2004-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən evə gəlin köçmüşdür. Bir müddətdən sonra ailə üzvləri ilə birgə Cavabdeh məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən evə köçmüşdür. Bundan sonra 2014-cü ildə Cavabdeh Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən evi sataraq Xırdalan şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi evi almışdır. Həmin evdə ailə üzvlərilə birgə qeydiyyatda olaraq daimi yaşamışdır. Sonradan ailənin ümumi vəsaiti hesabına əlavə iki mərtəbəli ev tikmiş və həmin evdə birgə yaşamışlar. X8 ilə birgə nikahlarından yetkinlik yaşına çatmayan iki övladı vardır. X8 ilə ilk vaxtlarda münasibətləri yaxşı olsa da, sonradan ailə münasibətləri pisləşdiyindən, birgə yaşamaları və ailənin saxlanması qeyri-mümkün olmuşdur. Abşeron Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə X8 ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqlar onun himayəsində saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı Xırdalan şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi evdən istifadə hüququna xitam verilməsinə dair tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə hazırda qanuni qüvvəsini almışdır. O, xərçəng xəstəliyindən əziyyət çəkir, əməliyyat olunmuş, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq vardır. Xırdalan şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi evi onun yeganə yaşayış yeridir. Onun maddi durumu çox çətindir, kirayə evin pulunu ödəmək imkanı yoxdur. Buna baxmayaraq Cavabdeh ona və övladlarına Xırdalan şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi evdə yaşamağına mane olur. Onun və uşaqlarının Xırdalan şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməyi qanuna müvafiqdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır və qətnamə ləğv edilməli və iş üzrə obyektiv araşdırma aparılmaqla yeni qətnamə qəbul edilməlidir. Məhkəmə təqdim olunmuş heç bir sübuta düzgün hüquqi qiymət verməmiş və təqdim etdiyi sübutları araşdırmamışdır. Eyni zamanda məhkəmə onun çağırdığı şahidləri də dindirməkdən imtina etmişdir. Məhkəmə yalnız cavabdehin izahatı əsasında iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində deyilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. X2 ilə 06.06.2004-cü ildə toyu olandan sonra Rusiyanın Tver şəhərinə köçmüş, birgə nikahlarından 30.10.2005-ci ildə X10 və 23.03.2008-ci ildə isə X7 anadan olmuşlar. İkinci övladı olanda Rusiya Federasiyası tərəfindən ona analıq kapitalı sertifikatı verilmişdir. Həmin sertifikat dövrün kursu ilə 10000 ABŞ dolları dəyərində idi. Onlar həmin sertifikatı Tver şəhərində 1 otaqlı mənzillə əvəz etdilər. Sonralar həmin mənzili sataraq eyni dəyərdə olan həyət evi almışdılar. 8 sentyabr 2013-cü il tarixdə onlar cavabdehin Bakı şəhəri, Biləcəri qəsəbəsindəki evinə köçmüşlər. Tverdən gələndə onların 25000 manat pulları var idi. 2014-cü ildə qayınatası Biləcəridəki 1 otaqlı mənzilini 55000 ABŞ dollarına sataraq pulun bir hissəsini Türkiyədə oxuyan qızına vermiş, qalan hissəsini arvadı ilə bölərək, Zöhrabın 25000 manatından da 20000 manatını götürüb Xırdalan şəhəri, ünvan 2 ünvanında 2,5 sot torpaq sahəsində yerləşən 3 otaqlı həyət evini 53054 manata almışdı. Rusiyadan gələndə onlar Bakı şəhərində cavabdehə məxsus 5 otaqlı mənzildə, Xırdalanda evi alanda onu və uşaqlarını həmin evə qeydiyyata alınmışdılar. 2017-ci ildə Zöhrab Əhmədov açıq ürək əməliyyatına düşmüşdü. Elə həmin il qardaşları Altun İnsanov, Kamal İnsanov və Vidadi İnsanov tərəfindən öz vəsaiti hesabına, cavabdehin razılığı ilə Xırdalandakı evin həyətində, həmin evə bitişik iki mərtəbəli, hər mərtəbəsində 1 otaq, 1 hamam-ayaqyolu, 1 mətbəxi və ayrı-ayrı giriş-çıxışı olan evi tikdirmişdilər. Həmin evin təmirini özü elətdirmiş, evin tikilməsinə 10000 manat, evin 2-ci mərtəbəsinin təmirinə isə 2000 manat pul xərcləmişdir. 2018-ci ilin mart ayında o, onkoloji xəstəliyə tutulduğu üçün evin təmirini yarımçıq saxlamalı olmuşdu. Həmin vaxt qayınatası ondan icazə alaraq yeni təmir etdirdiyi evə köçmüşdü. Həmin vaxt əri Zöhrab əməliyyatdan təzə çıxmışdı və əsəbi olduğu üçün atası ilə yola getmirdi. Türkiyəyə müalicəyə getdiyi üçün öz vəsaitinə tikdirdiyi evin nə zaman qayınatasının adına keçirilməsindən xəbəri olmamışdır. O, həmin ünvanda qayınatası ilə birlikdə ev almaq istəmirdi və ayrıca ev almaq istəyirdi. Lakin qayınatasının təkidi ilə bir yerdə yaşamağa razılıq vermişdi. 2018-ci ilin may ayında Türkiyədən əməliyyatdan qayıtdıqdan sonra öz evinə getmiş, lakin əri və qayınatası ona baxmadıqları, heç bir maddi dəstək göstərmədikləri üçün 4 ay, 2018-ci ilin oktyabr ayına kimi qardaşı Altunun evində qalmışdı. Müalicə bitdikdən sonra Xırdalandakı evinə qayıtmış və əvvəllər işlədiyi “Mühəndislik Universitetinin” bufetində işinə getmişdi. Bir neçə gün işlədikdən sonra vəziyyəti pisləşdiyi üçün Tibb Universitetinin onkologiya xəstəxanasına aparılmışdır. Müalicə vaxtı cavabdeh ona pul xərcləməmək üçün evdə söz-söhbət yaratdığından Zöhrab və uşaqları Bakıxanov qəsəbəsində kirayə evə köçmüşdü. Həmin kirayədə 2 ay qalandan sonra Zöhrab onu və uşaqları ataraq atasının yanına qayıtmışdı. Zöhrab atası evində 2-3 ay qaldıqdan sonra Rusiyanın Tver şəhərinə köçmüş, hazırda da ora yaşayaraq taksi fəaliyyəti ilə məşğul olur, alimenti də vaxtlı-vaxtında tam ödəmir. O, 2019-cu ildə Zöhrabdan boşanmış, uşaqlar onun himayəsinə verilmişdi. O vaxtdan öz halal zəhməti ilə tikdiyi və təmir etdiyi evində yaşaya bilmir və kirayələrdə qalmağa məcburdur. Cavabdeh evini əlindən alaraq kirayələrdə qoymağı azmış kimi, ona vurduğu maddi ziyanı da qaytarmır və onun hesabına əsassız varlanmışdır. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2406/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında qalmalarının müəyyən edilməsi və aliment tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı ilə X15 oğlu arasında 11 aprel 2013cü il tarixdə 362 nömrə ilə Rusiya Federasiyasının Tver vilayəti, Tver şəhər administrasiyasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydinin ləğv edilməsi, birgə nikahdan anadan olmuş 30 oktyabr 2005-ci il təvəllüdlü X12 və 23 mart 2008-ci il təvəllüdlü X5 İddiaçı yanında qalmasının müəyyən edilməsi, 30 oktyabr 2005-ci il təvəllüdlü X12 və 23 mart 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Əhmədov Zöhrab Binnət oğlundan İddiaçı xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması və alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə verildiyi-01 may 2019-cu il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan 23 iyun 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 3, 20 saylı fərdi yaşayış evini Cavabdeh 53054 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 3, 20 saylı ev Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 07.01.2021ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4081/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 3, ev 20-dən istifadə hüququna xitam verilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1116/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4081/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-858/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İddia ərizəsindən, işdə iştirak edən şəxsin izahatından və işin mübahisə edilməyən hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 3, 20 saylı ev Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 07.01.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 3, 20 saylı evin mülkiyyətçisi olan Cavabdeh özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına daxil olmadığından, həmin evdən istifadə hüququna malik deyildir. İddiaçı İddiaçı mübahisəli evdə qeydiyyatda olması onun həmin evdən istifadə hüququna malik olması anlamına gəlmir və onun həmin evə köçürülməsi üçün qanunda nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 3, 20 saylı evdən istifadə hüququna malik olmaması qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-4081/2019 saylı, 25 noyabr 2019cu il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli mənzil hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2(012)-2832/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar