Məhkəmə qərarları › İş №2(105)-3075/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3075/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3075/2020 19.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-5497/2015 saylı qərardadından ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-5497/2015 qərardadı ilə (sədrlik edən, hakim Azər İsmaılov) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması tələbinə dair mülki iş üzrə iddiaçının iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmış, iddiaçı təşkilat qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 4545,58 manat əsas borc, 743,45 manat faiz borcu, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1273,53 manat, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 339,84 manat borcun, ümumilikdə 6902,40 manat məbləğində kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, yaranmış borc məbləğinin Cavabdeh məxsus olan “BYD-GF3” minik markalı (dövlət qeydiyyat nişanı - **-HV-***, buraxılış ili - 2014, mühərrik - 214301792, ban - LGXC16DFXE0011433, rəngi - ağ) nəqliyyat vasitəsinin açıq hərrac vasitəsi ilə satılaraq ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissədə ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmçinin iddianı təmin etmək tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus olan “BYD-GF3” minik markalı (dövlət qeydiyyat nişanı - **-HV-***, buraxılış ili - 2014, mühərrik - 214301792, ban - LGXC16DFXE0011433, rəngi - ağ) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına, cavabdeh və başqa şəxslər tərəfindən istismarına qadağa qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmiş və ərizəsinin onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 6.1.2-ci bəndinə əsasən bankın ipoteka qoyulmuş nəqliyyat vasitəsinin mövcudluğunu, miqdarını, vəziyyətini və saxlama şəraitini sənədlər üzrə və faktiki yoxlamaq (monitorinq keçirmək) hüququ vardır. Lakin cavabdeh kredit borcunu müxtəlif bəhanələrlə ödəməkdən yayındığı kimi nəqliyyat vasitəsini də bankın əməkdaşlarına göstərməkdən imtina edir. Faktiki olaraq nəqliyyat vasitəsinin vəziyyəti və saxlanma şəraiti banka məlum deyildir. Bank tərəfindən könüllü icra üçün kifayət qədər vaxt, dəfələrlə şifahi və yazılı xəbərdarlıq verilməsinə baxmayaraq, cavabdeh tərəfindən mövcud öhdəliklərinə məsuliyyətsiz yanaşılması, həmin öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi, sözügedən əmlakın məhv edilməsi, zədələnməsi, korlanması, gizlədilməsi və ya avtomobilin ehtiyat hissələri şəklində özgəninkiləşdirilməsi və sair risklər nəzərə alınaraq, cavabdehə məxsus olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmaqla müvafiq cərimə meydançasına yerləşdirilməsi zərurəti mövcuddur. Habelə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə cavabdehə məxsus avtomaşının üzərinə həbs qoyulması, istismarının cavabdehə və başqa şəxslərə qadağan olunması və həmin avtomobilin məcburi qaydada saxlanılaraq müvafiq saxlama meydançasında yerləşdirilməsi son dərəcə əhəmiyyətlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-5497/2015 qərardadı ilə iddiaçının iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduşikayətini onunla əsaslandırmışdır ki, “İpoteka haqqında” Qanunun 39-cu maddəsinə əsasən məhkəmənin qərarı ilə ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı ipoteka predmetinin satılaraq borcun əvəzininin ödənilməsini təmin etmək məqsədilə məhkəmə qanunun bu normasında sadalanan zəruri tədbirləri görməlidir. Qanunun 39.3.4-cü maddəsinə əsasən bu tədbirlərdən biri də zəruri mallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsidir. Qanunun 34-cü maddəsində ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüquqlarının yaranmasının şərtləri birmənalı göstərilmişdir. İddiaçı məhz həmin şərtlərə əməl etməklə məhkəməyə iddianın təmini tədbiri haqqında ərizə ilə müraciət etmişdir. İşə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilənə qədər ipoteka ilə yüklü edilmiş daşınar əmlakı ipoteka qoyan cavabdeh, bir qayda olaraq, etibarnamə əsasında və ya digər üsullarla özgəninkiləşdirməyə çalışır və bir çox hallarda buna nail olurlar. Eyni zamanda təcrübə göstərir icra mərhələsində nəqliyyat vasitəsinin borcun ödənilməsinə yönələcəyini bilən vətəndaş avtonəqliyyat vasitəsinin istismar qaydalarını kobud şəkildə pozur, bu səbəbdən nəqliyyat vasitəsi normadan artıq aşınmaya məruz qalır, orijinal ehtiyat hissələri dəyişdirilərək satılır. Qeyd edilən hallar nəqliyyat vasitəsinin qiymətinə və müvafiq olaraq gələcəkdə borcun ödənilməsinə birbaşa təsir etdiyi üçün iddianı təmin tədbiri haqqında ərizə təmin edilməlidir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və iddianı təmin etmək tədbiri barədə ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi Cavabdeh iddiaçı təşkilatın xeyrinə 4545,58 manat əsas borc, 743,45 manat faiz borcu, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1273,53 manat, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 339,84 manat borc, ümumilikdə 6902,40 manat məbləğində kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, yaranmış borc məbləğinin Cavabdeh məxsus olan “BYD-GF3” minik markalı (dövlət qeydiyyat nişanı - **-HV-***, buraxılış ili - 2014, mühərrik - 214301792, ban - LGXC16DFXE0011433, rəngi - ağ) nəqliyyat vasitəsinin açıq hərrac vasitəsi ilə satılaraq ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissədə ümumi qaydada Cavabdeh tutulması barədədir. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmçinin iddianı təmin etmək tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus olan “BYD-GF3” minik markalı (dövlət qeydiyyat nişanı - **-HV-***, buraxılış ili - 2014, mühərrik - 214301792, ban - LGXC16DFXE0011433, rəngi - ağ) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına, cavabdeh və başqa şəxslər tərəfindən istismarına qadağa qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə görə iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətlər etmək başqa şəxslərə qadağan edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iddianın təmini tədbirinə dair ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından görünür ki, ipoteka predmeti olan “BYD-GF3” minik markalı,**-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi xx.xx.2014-cü il tarixli, AC 338606 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdehdur və onun mülkiyyətində olan nəqliyyat vasitəsinin onun və digər şəxslər tərəfindən istismarının qadağan olunması onun qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir, halbuki bu hüquq dövlət tərəfindən tanınır və qorunur. Həmin avtomobil xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir və ipoteka müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. Göstərilən müqavilə xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3 Qeydiyyat-imtahan şöbəsində qeydə alınmış, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində də ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilməməsi barədə xüsusi qeyd aparılmışdır. İş materiallarından görünür ki, iddianı təmin etmə tədbiri barədə ərizə iddiaçı təşkilat tərəfindən kifayət qədər əsaslandırılmamış, avtomobilin istifadəsi zamanı aşınmaya məruz qaldığından qiymətinin aşağı düşməsi və avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsait kredit borcunun ödənilməsinə kifayət etməyəcəyi kimi ehtimallara istinad edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçı təşkilatın şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb məhkəmə qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-5497/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar