Məhkəmə qərarları › İş №2(105)-3075/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3075/2021

13.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3075/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və istifadə hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(012)- 2211/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı Cavabdeh qarşı onun himayəsində olan azyaşlı övladı-12.01.2020ci ildə anadan olmuş Əsədov (Əliyev) Məhəmməd Şakir oğlu ilə birlikdə gəlin köçdüyü Cavabdeh yaşadığı Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddiası rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan azyaşlı övladı-12.01.2020-ci ildə anadan olmuş Əsədov (Əliyev) Məhəmməd Şakir oğlu ilə birlikdə gəlin köçdüyü Cavabdeh yaşadığı Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 26 iyun 2018-ci ildə el adəti ilə nişanlanaraq faktiki nikah münasibətinə daxil olmaqla ailə həyatı qurmuş və cavabdehin yaşadığı Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və 2019-cu ilin may ayının 16-na qədər həmin evdə birlikdə yaşamışlar. Belə ki, 2019-cu ilin may ayında cavabdeh ilə valideyinlərinin evinə qonaq getdilər və cavabdeh faktiki ərarvad münasibətlərindən olan uşağı istəmədiyini və uşağı tələf etməyini tələb etdi. O, razılaşmadıqda isə onu valideyinlərinin evində qoyaraq getdi. Beləliklə, onların faktiki nikahlarından 12 yanvar 2020-ci ildə Əsədov (Əliyev) Məhəmməd Şakir oğlu adlı bir övladları anadan olmuşdur. Saatlı Rayon Məhkəməsinin 2(055)-537/2020 saylı 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi qismən təmin olunaraq cavabdehlə faktiki birgə nikah münasibətindən 12.01.2020-ci ildə doğulmuş Əsədov (Əliyev) Məhəmməd Şakir oğlu adlı uşağının atasının Cavabdeh olması faktı müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Aralarındakı faktiki ər-arvad münasibətinə son qoyulduqdan sonra cavabdeh onu gəlin köçdüyü evdən çıxarmışdır. Onun cehiz əşyaları da hazırda mübahisə predmeti olan evdədir. O, cehiz olaraq yalnız qab-qacaq aparmışdır. Himayəsində olan uşağıyla tək yaşamaq onun üçün çox çətindir. Valideyinləri onu evdən qovmuşdurlar və getməyə yeri yoxdur. Əgər onun uşağıyla birlikdə evdən çıxmağını istəyirlərsə və əgər mülkiyyətçidirlərsə, yəni rəsmi sənədləri varsa kompensasiya olaraq heç olmasa uşağıyla birlikdə yaşamaq üçün ona bir otaqlı ev ala bilərdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Əsədova X1 Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, gəldiyi nəticə üçün mühüm faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini mübahisələndirilən yaşayış evinə iddiaçının hər hansı bir istifadə hüququnun olması məhkəmə araşdırması zamanı sübuta yetirilməməsi, bununla bağlı iddiaçının məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evi X2 məxsusdur və iddiaçı 26 iyun 2018-ci ildə Cavabdehlə rəsmi nikaha daxil olmadan faktiki nikah münasibətlərində olmuş, mübahisəli mənzilə köçməklə orda yaşamağa başlamış və bu nikahdan 12 yanvar 2020-ci ildə Əsədov (Əliyev) Məhəmməd Şakir oğlu dünyaya gəlmişdir. İşdən göründüyü kimi iddia tələbi mənzilə köçürülmə barədədir və iddiaçının köçürülməsini arzuladığı mənzil cavabdehin oğlu Bakir Əliyevin mülkiyyətindədir. Tələbin qanuni əsasını da Mənzil Məcəllənin 30-cu maddəsi təşkil edir. MPM-nin 217.2. maddəsinin tələbinə əsasən tərəflər arasında hüquq münasibəti 2018-ci il tarixdən yarandığından hazırkı mübahisəyə də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (Mənzil Məcəlləsinin 30.4. maddəsi). Mənzil Məcəlləsinin 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Həmin qərara əsasən Mənzil Məcəlləsinin 30.1. maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Bakir Əliyevə münasibətdə Ailə Məcəlləsinin 15-ci fəslinə uyğun özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, iddia tələbi təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvinə dair apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar