Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3082/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdehlər Salmanov Şahin Mövsüm oğlunun və Quba rayonu Əlik bələdiyyəsinin sədri X3 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(067)-22/2021 saylı qətnaməsindən cavabdeh Salmanov Şahin Mövsüm oğlunun apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(067)-22/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı cavabdeh Salmanov Şahin Mövsüm oğluna qarşı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ləğv olunmaqla müvəqqəti istifadə hüququna dair əsassız qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmasına dair iddiası təmin edilmiş, Salmanov Şahin Mövsüm oğlunun adına verilmiş torpaqdan müvəqqəti istifadəyə dair 19 avqust 2004-cü il tarixli, JN 5403 saylı (kod ********) şəhadətnamənin ləğv edilməsi, Quba rayonu Əlik bələdiyyəsi ərazisindəki 80 hektar torpaq sahəsinin Salmanov Şahin Mövsüm oğlunun adına qeydə alınmasına dair müvəqqəti istifadə hüququna dair qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Salmanov Şahin Mövsüm oğlunun adına olan torpaqdan müvəqqəti istifadə hüququna dair JN-5403 nömrəli, kodu 30305018 olan şəhadətnamənin etibarsız olması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Əlik bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixli qərarı ilə ona “Qəmbə” adlanan yerdən 9 hektar boş sahə 15 il müddətinə icarəyə verilmişdir. 2016-cı ildə Salmanov Şahin Mövsüm oğlu Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində Quba rayonu Əlik bələdiyyəsinə və ona qarşı iddia qaldıraraq bələdiyyənin qərarı ilə özünə ayrılmış 80 hektar örüş sahəsinin ona icarəyə verilmiş 9 hektar torpaq sahəsi ilə üst-üstə düşməsini bildirmiş və 14 sentyabr 2006-cı il tarixli qərarın ləğv olunmasını xahiş etmiş, məhkəmənin 30 aprel 2018ci il tarixli qərarı ilə iddia təmin olunmuşdur. Məhkəmənin həmin qərarında iddianın təmin olunmasına əsas kimi iddiaçı Şahin Salmanovun adına olan torpaqdan müvəqqəti istifadəyə dair JN-5403 saylı şəhadətnamə olması və həmin şəhadətnaməyə əsasən Quba rayonu Əlik bələdiyyəsinin 3 aprel 2003-cü il tarixli qərarı ilə ona 80 hektar örüş ərazisinin 15 il müddətinə icarəyə verilməsi göstərilmişdir. Onun tərəfindən apellyasiya şikayəti verilməsi üçün Şahin Salmanovun adına olan JN 5403 saylı şəhadətnamə və şəhadətnamənin verilməsinə əsas olan sənədlər öyrənilərkən sənədlərin qanunsuz və saxta olması açıq aşkar görünmüşdür. Belə ki, həmin şəhadətnamədə 09 avqust 2004-cü ildə verildiyi göstərilmişdir. Şahin Salmanova torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2003-cü il tarixli, 03 saylı müqavilənin axırıncı abzasından görünür ki, müqavilə Quba rayon Torpaq şöbəsində 25 iyul 2013-cü ildə 192 nömrə ilə qeydiyyata alınmışdır. İcarə müqaviləsi Torpaq şöbəsində 25 iyul 2013-cü ildə qeydiyyata alındığı halda, 9 il əvvəl, yəni 09 avqust 2004-cü il tarixli şəhadətnamə verilə bilməzdi. Halbuki bələdiyyə sənədləri Torpaq şöbəsində qeydiyyata alındıqdan sonra sənədləşmə aparılaraq şəhadətnamə və ya digər qeydiyyat sənədi verilməlidir. Bu faktın özü həmin şəhadətnamənin qanunsuz olmasını təsdiq edən təkzibedilməz sübutdur. Lakin müqavilə və digər sənədlər saxta olduğundan Şahin Salmanov reyestr xidmətinə müraciət etməmiş və 25 iyul 2013-cü ildə Quba rayon Torpaq şöbəsində qeydiyyata aldıraraq əvvəlki ilə, yəni 09 avqust 2004-cü il tarixə şəhadətnamə əldə etmişdir. Şahin Salmanovda torpaq sahəsinin icarə müddətinin guya 15 illik olması barədə saxta bələdiyyə müqaviləsinin 2-ci variantı da vardır ki, bu variantda müqavilənin axırıncı abzasında müqavilənin Quba rayon Torpaq şöbəsində qeydiyyata alındığı 2013-cü il 2003 rəqəminə, müqavilənin 2.3 bəndində isə 10 il 15 il rəqəminə düzəliş edilmişdir. Həmin vaxt bələdiyyənin sədri olmuş X6 və müavini X9 2003-cü ilin aprel ayında Şahin Salmanova 10 il müddətinə 80 hektar örüş sahəsinin icarəyə verildiyini və 2013-cü ildə icarə müddətinin başa çatdığını, icarə müddəti 15 il göstərilən sənədlər və onların adından edilmiş imzaların saxta olduğunu bildirmişlər. Əmrah Əmrahov həmçinin bildirmişdir ki, 2013-cü ildə Şahin Salmanov ona müraciət edərək torpaq sahəsinin 10 illik icarə müddəti bitdiyi üçün 15 illik sənəd almaq istədiyini bildirmiş, o da Şahin Salmanova artıq bələdiyyədə işləmədiyini demiş, sonradan məlum olmuşdur ki, Şahin Salmanov 15 illik saxta sənədlər əldə etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Quba rayonu Əlik bələdiyyəsi ərazisindəki 80 hektar torpaq sahəsinin Salmanov Şahin Mövsüm oğlunun adına qeydə alınmış müvəqqəti istifadə hüququna dair əsassız qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması, Salmanov Şahin Mövsüm oğlunun adına verilmiş torpaqdan müvəqqəti istifadəyə dair 19 avqust 2004-cü il tarixli, JN 5403 saylı (kod ********) şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Şahin Salmanovun adına olan torpaqdan müvəqqəti istifadə hüququna dair JN- 5403 nömrəli şəhadətnamənin ləğv olunmaqla müvəqqəti istifadə hüququna dair əsassız qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmasına dair əvvəlki iddiadan əlavə həmçinin Quba rayonu Əlik bələdiyyəsi adından Şahin Salmanovla bağlanmış 15 illik 29 aprel 2003-cü il tarixli, 03 saylı icarə müqaviləsinin də ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(067)-22/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Salmanov Şahin Mövsüm oğluna və qeyrisinə qarşı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia ərizəsinin Quba rayonu Əlik bələdiyyəsi adından Şahin Salmanovla bağlanmış 15 illik 29 aprel 2003-cü il tarixli, 03 saylı icarə müqaviləsinin ləğv olunmasına dair hissəsi üzrə icraata xitam verilmiş, iddiaçıya qeyd olunan iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanuna müvafiq olaraq Quba rayonu Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli, 4 saylı qərarına əsasən və torpaqdan müvəqqəti istifadə hüququna dair JN 5403 saylı, 30305018 kodlu şəhadətnaməyə əsasən 80 ha torpaq sahəsini icarəyə almışdır. Torpaq sahəsini aldığı vaxtdan iddiaçının iddia qaldırdığı vaxta qədər çox uzun müddət keçmiş, ötən müddət ərzində hər hansı fiziki şəxs və ya hüquqi şəxs tərəfindən bununla əlaqədar ona qarşı hər hansı iddia qaldırılmamışdır. İddiaçının iddia ərizəsindən də görünür ki, ona özünün göstərdiyi kimi bələdiyyənin 14.09.2006-cı il tarixli qərarı ilə 15 il müddətinə 09 ha boş sahə icarəyə verilmişdir. Əgər 2006-cı ildən özünün göstərdiyi kimi hüquqları pozulmuşdursa, İddiaçı qanunda nəzərdə tutulmuş müddətdə və qaydada ona qarşı ehtimal olunan hüququnun bərpası barədə iddia qaldıra bilərdi. Bu səbəbdən də məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı rəsmi ərizə təqdim etmiş və qətnamədə də bu barədə göstərilir. Qətnamədə həmin vaxt bələdiyyə sədri işləmiş X1 və X2 ifadələrinə istinad olunaraq göstərilir ki, guya torpaq sahəsi ona 15 illik deyil, 10 il müddətinə icarəyə verilmişdir və hətta imzaların guya onlar tərəfindən icra olunmaması barədə ekspert rəyinə də istinad olunur. Əvvala, 1999-2004-cü ilə kimi bələdiyyə sədrinin müavini, 2004-2009-cu illərdə isə bələdiyyə sədri işləmiş X7 onun icarəsində olan torpaq sahəsinin 09 hektarını qanunsuz olaraq bu iş üzrə İddiaçı satmışdır. Məhz bu səbəbdən də işdə şahid qismində onun əleyhinə ifadə vermişdir. X6 ifadəsində göstərmişdir ki, 2003-cü ildə 80 ha torpaq sahəsini cavabdehə 10 il müddətinə icarəyə vermiş, 15 illik icarə müqaviləsinə onun tərəfindən imza edilməmişdir, işdən çıxarkən möhürü icra hakimiyyətinə təhvil vermişdir. Halbuki eskpert rəyindən də görünür ki, Qüdrət Abdullayev və Əmrah Əmrahov yazılarının qarşısındakı imzalar X6 tərəfindən icra olunmuşdur. Ona ayrılmış 80 ha torpaq sahəsi bələdiyyənin qanuni sənədləri əsasında ayrılmasaydı, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləgv edilmiş DT və XK-nin Quba rayon şöbəsinin müdiri tərəfindən imzalanmaz və möhürlə təsdiqlənməz, bundan sonra isə ona torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilməzdi. Daşınmaz Əmlakın Kadastı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Əlik bələdiyyəsinə ünvanladığı 17.08.2018-ci il tarixli, **********21 saylı məktubunda göstərilir ki, onun adına işlənmiş “Torpaqdan müvəqqəti istifadə hüququ”na dair JN-5403 saylı, 30305018 kodlu şəhadətnamə mövcud elektron məlumat bazasında qeydə alınmışdır. Bu fakt torpaq sahəsinin qanuni əsaslarla ayrılmasını tam təsdiq edir. Quba rayonu Əlik bələdiyyəsinin 30 mart 2018-ci il tarixli, 03 nömrəli qərarı ilə ona 15 il müddətinə icarəyə verilmiş 80 ha torpaq sahəsinin icarə müddəti eyni müddətə, eyni şərtlərlə uzadılmışdır. İclasda iştirak etmiş bələdiyyə üzvlərindən 8 nəfərin hamısı qərarın lehinə səs vermiş, iclasda bir nəfər bələdiyyə üzvü iştirak etməmişdir. Quba rayonu Əlik bələdiyyəsinin 30 mart 2018-ci il tarixli, 03 nömrəli qərarı bir daha təsdiq edir ki, həmin bələdiyyənin 03 aprel 2003-cü il tarixli, 4 saylı qərarı ilə ona 15 il müddətinə 80 ha torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır, qərar hazırda da qüvvədədir. Bu halda Quba rayonu Əlik bələdiyyəsi ərazisindəki 80 ha torpaq sahəsinin onun adına qeydə alınmasına dair müvəqqəti istifadə hüququna dair qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuzdur. Məhkəmə qətnamədə tamamilə əsassız olaraq göstərir ki, guya iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Halbuki ümümi iddia müddəti olan 10 illik iddia müddəti çoxdan keçmişdir. Məhkəmə İddiaçı ona qarşı hazırki iddianı qaldırmağa subyektiv hüququnun olubolmamasını da aydınlaşdırmamışdır. Belə çıxır ki, istənilən şəxs, subyektiv hüququ olduolmadı, digər şəxsə qarşı iddia qaldıra və uzun-uzadı məhkəmə çəkişmələrinə cəlb edilə bilər. Bunun qarşısının alınması üçün Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı mövcuddur. Qeyd olunan qərarda ifadə olunmuş hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının iddia qaldırmağa subyektiv hüququ olması qəbul edilsə belə, məhkəmə yalnız iddianı qismən, yəni torpaq sahələrinin kəsişdiyi və ya üst-üstə düşdüyü hissədə təmin edə bilərdi. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Salmanov Şahin Mövsüm oğlu məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Quba rayonu Əlik bələdiyyəsinin sədri X8 məhkəmə iclasında apellyasiya şikayətinin həllini məhkəmə kollegiasının mülahizəsinə buraxdığını göstərdi. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməldir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan JN 5403 saylı, kodu 30305018 olan, 09 avqust 2004-cü il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətindən görünür ki, Quba rayon Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli, 04 saylı qərarı ilə 80,0 hektar torpaq sahəsi Salmanov Şahin Mövsüm oğluna icarəyə verilmişdir. İş materiallarından görünür ki, Quba rayonu Əlik bələdiyyəsi şurası 80,0 hektar torpaq sahəsinin 10 il müddətinə Salmanov Şahin Mövsüm oğluna icarəyə verilməsi barədə 03 aprel 2003-cü il tarixli, 04 saylı qərar qəbul etmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2003cü il tarixli, 03 nömrəli müqavilənin surətindən görünür ki, Quba rayonu Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli 04 saylı qərarı əsasında Ağqayadan 100 metr aşağı hissədən 80,0 hektar torpaq sahəsi 15 il müddətinə Salmanov Şahin Mövsüm oğlunun icarəsinə verilmişdir. İş materiallarından görünür ki, Quba rayonu Əlik bələdiyyəsi şurası 9,0 hektar torpaq sahəsinin 15 il müddətinə İddiaçı icarəyə verilməsi barədə 14 sentyabr 2006-ci il tarixli, 16 saylı qərar qəbul etmişdir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2-1(85)-23/2018 saylı qərarının surətindən görünür ki, Salmanov Şahin Mövsüm oğlunun Quba rayonu Əlik bələdiyyəsinə qarşı İddiaçı üçüncü şəxs olmaqla bələdiyyə qərarının ləğvinə dair iddiası təmin edilmiş, Quba rayonu Əlik bələdiyyəsinin 14 sentyabr 2006-ci il tarixli, 16 saylı qərarı ləğv edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.07.2021-ci il tarixli, 2-1(105)-2/2021 saylı qərardadının surətindən görünür ki, Salmanov Şahin Mövsüm oğlunun Quba rayonu Əlik bələdiyyəsinə qarşı İddiaçı üçüncü şəxs olmaqla bələdiyyə qərarının ləğvinə dair iddiası üzrə icraat İddiaçı cavabdeh Salmanov Şahin Mövsüm oğluna qarşı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ləğv olunmaqla müvəqqəti istifadə hüququna dair əsassız qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması tələbinə dair iddiası üzrə Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(067)-22/2021 saylı qətnaməsi qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. İş üzrə keçirilmiş ekspertizanın 12322/12323 saylı, 07 iyun 2019-cu il tarixli rəyindən görünür ki, 29 aprel 2019-cu il tarixli, 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surəti çoxaldıcı elektrofotoqrafik çap qurğuda çap edilmişdir. 29 aprel 2019-cu il tarixli, 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 2-ci və 2.1-ci bəndindəki “15 (on beş il)” əlyazılarda düzəlişlər müəyyən edilmişdir. 29 aprel 2019-cu il tarixli, 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə kserosurət olduğu üçün həmin müqavilənin 2-ci və 2.1-ci bəndindəki “15 (on beş il)” əlyazılarda olan düzəlişlərin hansı üsulla aparıldığı, həmin yazıların yerində hansı ilkin yazıların olduğunu, həmçinin müqavilənin sonuncu vərəqindəki “2003” əlyazılarda düzəlişlərin aparılıb-aparılmadığını müəyyən etmək mümkün olmamışdır. Müqavilənin 2-ci və 2.1-ci bəndindəki “15 (on beş il)” əlyazıları və həmin müqavilənin sonuncu vərəqindəki “2003” əlyazılarının icra müddətini müəyyən etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş ekspertizanın 21372 saylı, 9 oktyabr 2019-cu il tarixli rəyindən görünür ki, 29 aprel 2003-cü il tarixli, 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 2.1 və 2.3-cü bəndlərində olan “15” əlyazma rəqəmlərindən “5” rəqəminin yerində əvvəlcə “0” rəqəmi olub, sonradan üzərinə ağardıcı boya çəkilərək indiki rəqəm icra edilmişdir. 29 aprel 2019-cu il tarixli, 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin sonuncu səhifəsində olan “2003” əlyazma rəqəmlərindən ikinci “0” rəqəminin yerinə ağardıcı boya çəkilərək indiki rəqəm icra edilmişdir. Düzəlişlər yerli və intensiv olduğu üçün ilkin rəqəmi müəyyən etmək mümkün olmamışdır. 29 aprel 2019-cu il tarixli, 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin sonuncu səhifəsindəki “İcarəyəverən” tərəfindən qrafasındakı Əlik bələdiyyəsinin möhür əksi hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 21250 saylı, 17 oktyabr 2019-ci il tarixli rəyindən görünür ki, Quba rayon Əlik bələdiyyəsinin 3 aprel 2003-cü il tarixli, 4 saylı qərarından çıxarışın aşağı hissəsində “İclasın sədri” qrafasında “Q.Abdullayev” yazılarının önündəki imza; 29 aprel 2003-cü il tarixli aktın aşağı hissəsində “2” və “3” rəqəmlərinin qarşılarında “Q.Abdullayev” və “Ə.Əmrahov” yazılarının önlərindəki imzalar ABDULLAYEV QÜDRƏT AĞAJAN oğlu tərəfindən icra olunmuşdur. 29 aprel 2003-cü il tarixli, 3 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 2-ci vərəqəsində “Tərəflərin imzası” hissəsində “İcarəyəverən” qrafasında “Abdullayev Y.A.” yazılarının önündəki imza-X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Quba rayon Əlik bələdiyyəsinin 3 aprel 2003-cü il tarixli, 4 saylı qərarından çıxarışın aşağı hissəsində “Katibi” qrafasında “Ə.Əmrahov” yazılarının önündəki imza-X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. “Torpaq islahatı haqqında” qanunun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyə orqanlarına təhvil verir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. İş materiallarından, iddia ərizəsindən görünür ki, İddiaçı iddia tələbləri torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ləğv olunması, torpaqdan müvəqqəti istifadə hüququna dair əsassız qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması və Quba rayon Əlik bələdiyyəsi ilə Salmanov Şahin Mövsüm oğlu arasında bağlanmış 29 aprel 2003-cü il tarixli, 03 saylı icarə müqaviləsinin ləğv olunması barədədir. İşdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(067)- 22/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Salmanov Şahin Mövsüm oğluna və qeyrisinə qarşı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia ərizəsinin Quba rayon Əlik bələdiyyəsi adından Şahin Salmanovla bağlanmış 15 illik 29 aprel 2003-cü il tarixli, 03 saylı icarə müqaviləsinin ləğv olunmasına dair hissəsi üzrə icraata xitam verilmiş, iddiaçıya qeyd olunan iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin icarə müqaviləsinin ləğv olunmasına dair hissəsi üzrə icraata xitam verərkən həmin tələbə ümumi məhkəmələrdə baxılmalı olmamasına istinad etmiş, tərəflər həmin qərardadı mübahisələndirməmişlər. İş materiallarından görünür ki, iddiaçı Ərəbov X5 Şahin Mövsüm oğlunun adına olan torpaqdan müvəqqəti istifadə hüququna dair kodu 30305018 olan JN-5403 nömrəli şəhadətnamənin ləğvini tələb edir. Həmin şəhadətnamə torpaq sahəsinin Salmanov Şahin Mövsüm oğluna icarəyə verilməsi barədə Quba rayon Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli, 04 saylı qərarı əsasında verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaqdan müvəqqəti istifadə hüququna dair kodu 30305018 olan JN-5403 nömrəli şəhadətnamənin verilməsi üçün əsas olan sənəd, yəni Quba rayon Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli, 04 saylı qərarı qüvvədə olduğu halda, həmin şəhadətnamənin ləğv edilməsi, Quba rayon Əlik bələdiyyəsi ərazisindəki 80 hektar torpaq sahəsinin Salmanov Şahin Mövsüm oğlunun adına qeydə alınmasına dair müvəqqəti istifadə hüququna dair qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, eləcə də işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməldir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Salmanov Şahin Mövsüm oğlunun apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(067)-22/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Salmanov Şahin Mövsüm oğluna və qeyrisinə qarşı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ləğv olunmaqla müvəqqəti istifadə hüququna dair əsassız qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmasına dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3082/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3082/2021
09.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver