Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3085/2021 12.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı Sumqayıt İH Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülk iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2320/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2320/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 53-cü otağından çıxarılması qət edilmişdir. (hakim Ə.Ələkbərov) Cavabdeh1 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2320/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı AR Sumqayıt İH Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 53cü otağında yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 53-cü otağından əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 53-cü otağından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt mehmanxanası 1962-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin MKTİB-nin balansına verilmişdir. Sözügedən mehmanxana 1988-ci ildə məlum hadisələrlə əlaqədar məcburi köçkünlər tərəfindən zəbt edilmiş və 2019-cu ilədək yaşayış sahəsi kimi istifadə edilmişdir. 2019-cu ildə isə onlar 12ci mikrorayon ərazisində yaşayış binası tikilərək oraya köçürülmüşlər. 2015-ci ildə Cavabdeh1 dediyinə görə sözügedən mehmanxananın 53-cü otağını Səidə adlı şəxsdən alaraq orada yaşamağa başlamış və hal-hazırda da orada 3 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Məsələ ilə əlaqədar Cavabdeh1 MKTİB-nə dəvət olunmuş sözügedən otaqda qanunsuz məskunlaşdığı nəzərinə çatdırılaraq zəbt etdiyi yaşayış sahəsini boşaltması tələb olunmuşdur. Lakin Cavabdeh1 53 saylı otağı boşaltmaqdan imtina etmişdir. Ona görə də iddianın təmin edilməsi dairqətnamə çıxarılması xahiş olunur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, 2015-ci ildə dəyərini ödəməklə mübahisəli mənzili Səidə adlı qadından almışlar və o vaxtdan da orada yaşayırlar. Başqa yaşayış yerləri də yoxdur. Ona görə də apelyasiya şikayəti təmin olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə etdiyini, otağı pul verib aldığını, başqa yaşayış yerinin olmadığını, digər yaşayış yeri ilə təmin edildiyi təqdirdə otağı könüllü boşaldacağını bildirdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini qəbul etmədiklərini bildirib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, mehmanxana 1962-ci ildən Sumqayıt ŞİH-in balansındadır. Mehmanxana hazırda boşaldılmış, yalnız 3 ailə qalmışdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə göstərilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 2 saylı Mənzil Kommunal Sahəsinin aktından görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində yerləşən 104/66 saylı bina Sumqayıt şəhər mehmanxanası, Dağlıq Qarabağda baş vermiş hadisələrlə əlaqədar erməni işğalçıları tərəfindən öz torpağından qovulmuş vətəndaşlarımız 1993-cü ildən həmin mehmanxanada məskunlaşmışlar. 2019-2020-ci illərdə orada yaşayan köçkünlər yeni yaşayış binalarına köçürülmüşdür. Ancaq həmin binanın 53-cü otağında yaşayan Cavabdeh1 özünün bildirdiyinə görə 2015-ci ildən göstərilən otaqda yaşayır, lakin onun həmin otağı tutmaq üçün elə bir sənədi yoxdur. Onun üçün həmin otağın boşaldılması üçün xəbərdarlıq edilməsinə baxmayaraq otağı boşaltmaqdan imtina etmişdir. Yenə işdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 28.01.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Səməd Vurğun 104 ünvanında yerləşən Sumqayıt Mehmanxanası binası 1962-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalı Birliyinin balansındadır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2320/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 53-cü otağı cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh1 və ailə üzvləri həmin ünvanda özbaşına məskunlaşaraq yaşayırlar. Cavabdeh1 həmin otağın boşaldılması üçün xəbərdarlıq edilməsinə baxmayaraq otağı boşaltmaqdan imtina etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mənzil Məcəlləsinin 8-ci maddəsinin ümumi məzmununa görə mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Məcəllənin 13.5-ci maddəsinə görə isə mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir. Qeyd edildiyi kimi cavabdehlərin zəbt edib yaşadığı otaq Sumqayıt mehmanxanasının tərkib hissəsidir. Cavabdeh və onun ailə üzvlərinin həmin otağa hüquqlarının yaranması üçün istinad olunan normalardan da göründüyü kimi heç bir qanuni əsas yoxdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 158.1.2 və 158.4-cü maddələrinə görə mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi, qanunvericiliyə görə əmlakdan istifadə hüququ da mülkiyyət hüququ kimi əmlak hüquqları sayılır və bu hüquq istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Cavabdehlərin çıxarılması tələb edilən Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 53-cü otağı iddiaçının qanuni istifadəsindədir. Mülkiyyət hüququ və bu hüquqla yanaşı, əmlakdan istifadə hüququ da qanunverciliyə görə əmlak hüquqları sayıldığı və qanunla qorunduğu üçün iddiaçının istifadəsində olan yataqxanadan cavabdehlərin çıxarılmasını tələb etmək hüququ vardır. Bu baxımdan, iddianı təmin edən məhkəmənin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmuşdur. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2320/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Telman Məmmədov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-3085/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3085/2021
12.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver