Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-31/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X11 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh, JN- 389F, kod-30319018 nömrəli şəhadətnamə ilə təsdiq olunmuş mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsindən çıxarılması və həmin ərazidə qeyri-qanuni şəkildə apardığı əsaslı tikillərin cavabdehin hesabına sökülməsi və ərazinin abadlaşdırılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Quba rayonunun İ Nügədı kəndində Azərbaycan Respublikası, Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-cı ıl tarixli 06 saylı qərarı ilə ona və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair JN-389F, kod-30319018 nömrəli şəhadətnamə ona təqdim olunmuşdur. Cavabdeh, Cavabdeh ona məxsus həmin torpaq sahəsinin bir hissəsindən onun icazəsi olmadan istifadə edərək əsaslı tikinti aparmişdir. Bir kənddə yaşadıqları, el qınağını nəzərə alaraq ona cavabdehə bu mübahisənin öz aralarında həll olunması üçün dəfələrlə müraciət etmiş, gözləmə mövqeyi tutmuşdur. Amma onun humanistliyindən istifadə edən cavabdeh onunla heç cür razılaşmamış, torpaq sahəsindən çıxmamış və ona – “bu torpaq mənə məxsusdur və sənə 1 qarış yerdə güzəşt edən deyiləm” deyərək cavab vermişdir. Cavabdeh hal-hazırda da ona məxsus torpaq sahəsindən qanunsuz istifadə edir. Hətta bu torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Beləliklə o, öz mülkiyyətində olan əmlakına istədiyi kimi sahiblik və ondan istifadə edə bilmir. Belə ki, ona məxsus olan torpaq sahəsinin giriş hissəsini bağlayaraq öz həyətyanı torpağına girməyə məhdudiyyət yaratmışdır və o, neçə illərdir həmin yerə digər qonşuların həyətlərinə keçməklə daxıl olur.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh JN-389F, kod-30319018 nömrəli şəhadətnamə ilə İddiaçı məxsus olan 0.10 ha torpaq sahəsindən çıxarılması, iş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın Cavabdeh alınaraq X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Rahim Həsənov)
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Torpağa Mülkiyyət Hüququna dair JN-389F, kod 30319018 saylı şəhadətnamə ilə İddiaçı məxsus 0.10 ha torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilmişdir. xx.xx.2017-ci il tarixli, 22365 nömrəli rəyində əsasən, Torpağa Mülkiyyət Hüququna dair JN-389F, kod 30319018 saylı Şəhadətnamə ilə İddiaçı məxsus 0.10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki olaraq istifadə olunduğu, Cavabdeh zəbt etdiyi torpaq sahəsinə aid mülkiyyət hüququnun olmadığı müəyyən olunmuşdur.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə istinad edərək iddianı təmin etmişdir
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin ləğv edib iddianın təmin edilməməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia düzgün araşdırılmamış, birinci instansiya məhkəməsi işə düzgün baxmamışdır. Belə ki, iddiaçının iddia etdiyi Torpağa Mülkiyyət Hüququna dair JN-389F Kod 30319018 nömrəli şəhadətnamə əslində etibarsızdır. Ona görə ki, şəhadətnaməyə əsasən göstərilən torpaq sahəsi atasına məxsus olmuş, həmin torpaq sahəsi üzərinə fərdi yaşayış evləri vardır ki, həmin evdə atasının köhnə evi və təzə tikilmiş evi vardır. Həmin torpaq sahəsinin onlara məxsus olmasına dair Quba rayon Dövlət Arxivindən çıxarışlar vardır. Necə ola bilər ki, Torpağa Mülkiyyət Hüququna dair JN-389F Kod 30319018 nömrəli şəhadətnamə əsasən 0,10 ha torpaq sahəsindən çıxsın, ancaq həmin torpaq sahəsi üzərində yerləşən ev atasının adına olsun və orada qalsın. İddiaçı heç vaxt bu torpaq sahəsində yaşamamış, həmin torpaq sahəsinə gedib-gəlməmişdir. Həmin torpaq sahəsində valideynləri və qardaşları yaşamışdır. Bu vəziyyət nəzərə alınsa onlara məxsus şəhadətnaməyə əsasən onlar da qonşunun torpaq sahəsinə və evə iddia etməlidir. Aqrar İslahat aparılan zaman atası və özü orada yaşamışdır. İddiaçı orada yaşamamışdır. Beləliklə iş yenidən araşdırılmalı, onlara məxsus şəhadətnamə ilə torpaq sahəsinin koordonatları müəyyən edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, ekspertizanın rəyi olmadan mübahisənin düzgün həlli qeyr-mümkündür. Bu səbəbdən iş üzrə təkrarən ekspertizanın təyin edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh nümayəndəsi X9 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddia düzgün araşdırılmamış, birinci instansiya məhkəməsi işə düzgün baxmamışdır. Belə ki, iddiaçının iddia etdiyi Torpağa Mülkiyyət Hüququna dair JN-389F Kod 30319018 nömrəli şəhadətnamə əslində etibarsızdır. Ona görə ki, şəhadətnaməyə əsasən göstərilən torpaq sahəsi onun atasına məxsus olmuş, həmin torpaq sahəsi üzərinə fərdi yaşayış evləri vardır ki, həmin evdə atasının köhnə evi və təzə tikilmiş evi vardır. Həmin torpaq sahəsinin onlara məxsus olmasına dair Quba rayon Dövlət Arxivindən çıxarışlar vardır. Torpağa Mülkiyyət Hüququna dair JN-389F Kod 30319018 saylı şəhadətnaməyə əsasən onun 0,10 ha torpaq sahəsindən çıxması göstərilib, lakin həmin torpaq sahəsi üzərində yerləşən ev atasının adınadır. İddiaçı heç vaxt bu torpaq sahəsində yaşamamış, həmin torpaq sahəsinə gedibgəlməmişdir. Həmin torpaq sahəsində onun valideynləri və qardaşları yaşamışdır. Aqrar İslahat aparılan zaman atası və o, orada yaşamışlar. İddiaçı orada yaşamamışdır. Beləliklə iş yenidən araşdırılmalı, onlara məxsus şəhadətnamə ilə torpaq sahəsinin koordonatları müəyyən edilməlidir.
12. Məhkəmə kollegiyasın iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda bildirir ki, iddiaçının tələb etdiyi yer cavabdehin uzun illər ərzində tikdiyi evin yerləşdiyi ərazidir, ev köhnə tikilidir, qeydiyyat şəhadətnaməsi var. Mütəxəssis mütləq rəy verməlidir.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, yaşadığı Quba rayonunun İ Nügədı kəndində Azərbaycan Respublikası, Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-cı il tarixli, 06 saylı qərarı ilə ona və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair JN- 389F, kod-30319018 nömrəli şəhadətnamə ona təqdim olunmuşdur. Cavabdeh ona məxsus həmin torpaq sahəsinin bir hissəsindən icazəsi olmadan istifadə edərək əsaslı tikinti aparmışdır. Bir kənddə yaşamaları, el qınağını nəzərə alaraq cavabdehə bu mübahisənin öz aralarında həll olunması üçün dəfələrlə müraciət etmiş, gözləmə mövqeyi tutmuşdur. Amma onun humanistliyindən istifadə edən cavabdeh heç cür razılaşmamış, torpaq sahəsindən çıxmamış və torpağın ona məxsus olmasını bildirmişdir. Cavabdeh halhazırda da ona məxsus torpaq sahəsindən qanunsuz istifadə edir. Hətta bu torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Beləliklə o, öz mülkiyyətində olan əmlakına istədiyi kimi sahiblik və ondan istifadə edə bilmir. Belə ki, cavabdehin ona məxsus olan torpaq sahəsinin giriş hissəsini bağlayaraq öz həyətyanı torpağına girməyə məhdudiyyət yaratmışdır və o, neçə illərdir həmin yerə digər qonşuların həyətlərinə keçməklə daxil olur. Heç kimin evini sökülməsini istəmir. Ona “Kamaz” markalı maşının keçə biləcəyi qədər yer verilsin. Razılığa gələr. Evin yanında ikinci darvaza qoyulub. Cavabdeh əvvəlki vəziyyəti bərpa etsin. Yolunun eni 4 metr, uzunluğu isə həmin yoldan torpağına çatana qədər 25-30 metrdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı vəkili Vəkil2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
16. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Kovensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. 3-cü hissəsinəəsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
19. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarıı dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan:
22. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə JN-389F, kod 30319018 saylı Şəhadətnamə tərtib edilərək 0.10 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir.
23. İş materiallarında olan Quba rayonu, İ Nügədi Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh mərhum atası X6 adına JN-388F saylı şəhadətnaməyə əsasən 0.20 ha həyətyanı torpaq sahəsi var və xx.xx.2017-ci il tarixə vergi borcu yoxdur.
24. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, X7 (Cavabdeh atası) və X1 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə JN-388F, kod 30319018 saylı Şəhadətnamə tərtib edilərək 0.20 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir.
25. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin Tikinti-Texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2017-ci il tarixli, 22365 saylı rəyindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu, elektron baza məlumatlarına əsasən Cavabdeh hal-hazırda istifadə etdiyi həyətyanı torpaq sahəsinin 0.10 ha hissəsinin JN- 389F saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətində olduğu və JN-388F saylı şəhadətnamə ilə Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hal-hazıda istifadə etdiyi həyətyanının cənubunda yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikililərin X2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.
26. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Torpağa Mülkiyyət Hüququna dair JN-389F, kod 30319018 saylı şəhadətnamə ilə İddiaçı məxsus 0.10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz zəbt edilmişdir. xx.xx.2017-ci il tarixli, 22365 nömrəli rəyinə əsasən, Torpağa Mülkiyyət Hüququna dair JN-389F, kod 30319018 saylı Şəhadətnamə ilə İddiaçı məxsus 0.10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki olaraq istifadə olunduğu, Cavabdeh zəbt etdiyi torpaq sahəsinə aid mülkiyyət hüququnun olmadığı müəyyən olunmuşdur.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, mübahisənin həll üçün iş üzrə məhkəmə tikinti-tenxiki ekspertizası təyin edilmişdir.
28. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, kameral araşdırma zamanı məlum olmuşdur ki, mübahisəli torpaq sahəsiu ilə elektron baza məlumatlarında olan xəritələr və Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı fərmanı ilə təsdiq edilmiş torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələri arasında uyğunsuzluq olduğundan mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün deyildir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin dəfələrlə müraciət edilməsinə baxmayaraq rəy verilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş ekspertiza rəyini sübut kimi qəbul edərək ona istinad olunmasını məqsəmüvafiq hesab edir. 30 Buna baxmayaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy alınmışdır.
31. İşə əlavə edilmiş ekspert rəyində müəyyən edilir ki, Cavabdeh hal-hazırda istifadə etdiyi həyatyanı torpaq sahəsinin 0.10 ha hissəsinin JN-389F saylı şəhadətnamə ilə X2 mülkiyyətində olan torpaq sahəsidir və Cavabdeh tərəfindən inşa edilmiş tikililərin X2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşir.
32. Bununla da müəyyən edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin 0,10 ha hissəsi cavabdeh tərəfindən zəbt edildiyindən cavabdeh həmin hissədə boşaldılmalıdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində alınmış ekspert rəyinə münasibətdə bildirir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir.
34. Bundan başqa məhkəmə kollegiyası cavabdehin qeyd etdiyi iddiaçıya məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-389F Kod 30319018 nömrəli şəhadətnamənin etibarsız olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, qeyd edilən şəhadətnamə hazırda qüvvəsindədir, hər hansı qaydada mübahisələndirilməmiş və ləğv edilməmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan ekspertiza xərcinin də cavabdehdən tutulması qanunvericiliyə uyğundur.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsinin iddiaçıya deyil, ona məxsus olduğunu bildirsə də bu, yuxarıda qeyd olunan sənədlərlə təkzib olunur. Apellyant apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, onun dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
39. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır.
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.