Məhkəmə qərarları › İş №2(105)-3117/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3117/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3117/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin pozulması və pul tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(029)-636/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı 14.04.2018-ci il tarixli beh müqaviləsinin tələblərinin pozulması ilə bağlı cavabdehin hərəkət və ya hərəkətsizliyinin qanunsuz hesab edilməsi və 3000 manat pulun tutulması barədə iddia ərizəsi ilə 15 aprel 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin üzərinə 09.07.2021-ci il tarixli məhkəmə ştampı vurulmuşdur. Qusar Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(029)-636/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakim İ.Məmmədov) Qərardaddan narazı qalan İddiaçı ondan şikayət verərək ləğv edilməsini, iddia ərizəsinin isə icraata qəbul edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(029)-636/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : İddiaçı şikayətini bununla əsaslandırmışdır ki, onun iddia ərizəsi məhkəməyə 15.04.2021-ci ildə göndərilmiş, onun geri qaytarılması barədə qərardad isə 12.07.2021-ci il tarixdə qəbul edilmiş, beləliklə də MPM-nin 151-ci maddəsinin tələbləri pozulmuşdur. İddia ərizəsinin geri qaytarılmasının əsasları da bəlli deyildir. Onun iddia ərizəsi MPM-nin tələblərinə uyğun tərtib edildiyindən qərardad ləğv edilməli, ərizə icraata götürülərək baxılmalıdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, poçt zərfləri müxtəlif səbəblərdən geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(029)-636/2021 saylı qərardadı ləğv edilməli və hazırkı mübahisəyə baxılması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, hazırki iddia ərizəsi həqiqətən də, iddiaçı tərəfindən 14 aprel 2021-ci il tarixdə rabitə orqanına verilmiş və o, 19 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia ərizəsindən isə görünür ki, onun üzərinə daxilolma ştampına 09.07.2021-ci il tarixi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, cavabdeh tərəfə təqdim edilməsi üçün iddia ərizəsinə əlavə olunmuş sənədlərin surətləri müvafiq sayda əlavə olunmamış, həmçinin həmin sənədlərin surətləri lazımi qaydada təsdiq olunmamışdır. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir və MPM-nin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Məhkəmənin gəldiyi bu nəticə əsassızdır. Belə ki, AR MPM-nin 151.3-cü maddəsinə görə məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 10 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı hazırkı iddia ərizəsi məhkəməyə 19.04.2021-ci il tarixdə daxil olmuşdur və AR MPM-nin 151.3-cü maddəsinə görə məhkəmə tərəfindən 29.04.2021-ci il tarixədək hər hansı bir əsasla geri qaytarılmamışdırsa, ərizə həmin tarixdən qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin daxil olmasından təqribən 2 ay 20 gün sonra onu 152.1.1-ci maddəsinə əsasən geri qaytarması əsassızdır və bu zaman məhkəmə MPM-nin 151.3-cü maddəsinin tələblərini nəzərə almamışdır. İddia ərizəsinin bu formada geri qaytarılması iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Halbuki, MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi isə aradan kifayət qədər zaman keçdikdən sonra İddiaçı iddia ərizəsinin MPM-nin 149-cu maddəsinə uyğun olmaması səbəbindən geri qaytarmaqla əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(029)-636/2021 saylı qərardadı ləğv edilməli və hazırkı mübahisəyə baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Qusar Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(029)-636/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin pozulması və pul tələbinə dair mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar