Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3119/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Ağayev Rəşadət Əhməd oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsi” tələbinə dair mülki iş üzrə Şamaxı rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(074)-774/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim N.Ə.İsmayılov) İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin 24.09.2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən evin məcburi qaydada açıq hərracdan satışa çıxarılaraq əldə olunmuş vəsaitin yarısı məbləğinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. O, 11 iyun 2021-ci il tarixində paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsinə dair iddia tələbi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə iddia ərizəsini oxumadan, işin mahiyyətini araşdırmadan iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etmişdir. İş materillarından aşkar görünür ki, o, əvvəllər eyni iddia tələbi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş və iddia tələbi təmin edilmiş, lakin sonradan cavabdehin apelyasiya şikayəti nəticəsində Sumqayıt Apelyasiya Məhkəməsində müəyyən edilmiş oldu ki, iddia tələbi üzrə ardıcıllıq pozulmuşdur. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2627/2020 saylı, 01.12.2020-ci il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulduğu kimi o, əvvəlcə cavabdeh tərəfindən ona kompensasiya ödənilməsi barədə iddia qaldırmalı və əgər cavabdeh onu qane edən məbləğdə kompensasiyanı ödəməkdən imtina edərsə, bundan sonra paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi tələbi üzrə iddia ilə yenidən məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd olunan qanuni və əsaslı tövsiyyəsini qəbul edərək iddiadan imtina etmiş və bu əsasla da Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2627/2020 saylı, 01.12.2020-ci il tarixli qərardadı ilə həmin iş üzrə Şamaxı Rayon Məhkəməsinin 22.06.2020-ci il tarixli, 2(074)- 252/2020 saylı qətnaməsi ləğv edilib, iş üzrə icraata xitam verilmişdir. İddia ardıcıllığına uyğun olaraq o, «paylı mülkiyyətin qalan iştirakçısı tərəfindən kompensasiyanın ödənilməsi tələbi üzrə iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Bu iddia tələbi üzrə mübahisəli evin məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış dəyərinin yarısını (21000 manat pul) Cavabdeh tərəfindən ona kompensasiya kimi ödəməsini istəmiş, lakin cavabdeh onunla razılaşmamışdır. Ona görə də Şamaxı Rayon Məhkəməsi 2(074)-398/2021 saylı, 29.04.2021-ci il tarixli qətnamə ilə iddia tələbini təmin etməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)- 398/2021, saylı 29.04.2021-ci il tarixli qətnaməsində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsi, 220.3-cü maddəsi, 220.6-cı maddəsi və Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 04.04.2014-cü il tarixli qərarı əsasında o, mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib bölünməsi barədə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Lakin, birinci instansiya məhkəməsi həm iddianın mahiyyətini, həm də iddia ardıcıllığını nəzərə almadan Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsini hazırkı mübahisəyə tətbiq etmişdir. Ona görə də şikayətinin təmin olunmasını və iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-774/2021, saylı 18.06.2021-ci il tarixli qərardadının ləğv edilərək “paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsinə dair” iddia ərizəsinin icraata qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmaqla məhkəmə qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili İ.H.Məmiyev şikayətin dəlillərini qəbul etməyərək məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirərək şikayətin təmin edilmədən, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tədbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosesual Məcəlləsi: Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 395. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququ 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək. Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Maddə 402. Kassasiya şikayəti vermə hüququ Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(105)-2627/2020 saylı qətnaməsindən göründüyü kimi, bundan əvvəl də İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin 22.06.2021-cil il tarixli, 2(074)-252/2020 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılan zaman isə İddiaçı iddia tələbindən imtina etmiş və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı hazırkı iddia tələbi əvvəlki iddia tələbi ilə eynilik təşkil edir və eyni tələb üzrə iddiaçı iddiadan imtina etdiyindən icraata xitam verilmişdir. Belə olan halda iddia ərizəsinin qəbulundan MPM-nin 153.2.2-ci və 153.5-ci maddələrinə əsasən imtina olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməyərək prosessual qanunverciliyin tətbiqində səhvə yol vermişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsinə dair” iddiasının əsasını payın naturada ayrılmasının mümkün olmaması səbəbindən evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsi təşkil etmişdir. Sonrada isə apelyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının özü ərizə yazaraq kompensasiya barədə məhkəmədə iddia qaldırmaqla cavabdeh tərəfindən kompensasiya ödənilməsini istəyəcəyini və cavabdehin imtina edəcəyi təqdirdə yenidən paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsinə dair iddia ilə məhkəməyə müraciət edəcəyini bildirdiyindən yuxarıda göstərilən əsasla qaldırmış olduğu iddiasından imtina etmişdir. Lakin, hazırda İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsinə dair” iddiasına dair 11.06.2021-ci il tarixli iddia ərizəsində iddianın əsası kimi həm payın naturada ayrılmasının mümkün olmaması, eyni zamanda paylı mülkiyyətin qalan iştirakçısı tərəfindən konpensasiyanın ödənilməsinin mümkünsüz olması səbəbindən evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsi təşkil etdiyindən artıq hazırkı iddia tələbi ilə əvvəlki iddia tələbini eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə kimi qəbul etmək olmaz. Başqa sözlə desək, hər iki iddia üzrə tərəflər və iddianın predmeti eyni olsa da, iddia tələbinin əsası fərqli olduğundan məhkəmə iddia tələbi üzrə işə mahiyyəti üzrə baxmaqla müvafiq məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il tarixli qərarında vurğulanıb ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, MPM-nin 153.2.2 və 153.5-ci maddəsinin hazırkı iddia tələbinə tətbiq etməkdə səhv nəticəyə gəlməklə mülki-prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə 18 iyun 2021-ci il tarixli, 2(074)-774/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3119/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3119/2021
16.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver