Məhkəmə qərarları › İş №2(105)-3127/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3127/2021

13.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3127/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Zaur İkram oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 11 fevral 2016-ci il tarixli, 2(031)-125/2016-001 nömrəli qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 11 fevral 2016-ci il tarixli qətnaməsi ilə (hakim T.Qurbanov) ərizənin təmin edilməsi, uzun müddət faktiki mülkiyyətində və istifadəsində olan Şabran rayonu Gəndob kəndində yerləşən 2140 kv.m.torpaq sahəsinə Ərizəçi mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması qət edilmişdir. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək uzun müddət faktiki mülkiyyətində və istifadəsində olan Şabran rayonu Gəndob kəndində yerləşən 2140 kv.m.torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, valideynləri Gəndab kəndində dövlət tərəfindən verilmiş evdə yaşamışlar, atası sağlığında ikən yaşadıqları evi və evin yerləşdiyi 2540 kv.m. torpaq sahəsindən 400 kv.m. uzun müddət müəllimə işləyən bacısı Maraqlı şəxs2 adına keçirmişdir. Hazırda isə istifadələrində olan torpaq sahəsindən 2140 kv.m. torpaq sahəsinə sənəd alınması mümkün olmamışdır. Atası 1997-ci ildə vəfat etdikdən sonra həmin torpaq sahəsi onun faktiki mülkiyyətinə keçmişdir, uzun müddətdir həmin torpaq sahəsi hasara alınmışdır, bağ salınmışdır, heç kimin həmin torpaq sahəsinə onun istifadəsində və faktiki mülkiyyətində olmasına etirazı yoxdur. Uzun müddət istifadəsində və faktiki mülkiyyətində olan torpaq sahəsinə dair mülkiyyət sənədi olmadığına görə həmin torpaq sahəsinə dair sərəncam verə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 Şabran Rayon Məhkəməsinin 11 fevral 2016-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın baxılmamış saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, işə obyektiv, tam və hərtərəfli baxmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Ərizəçi apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və ərizəçinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 11 fevral 2016-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 noyabr 2013-cü il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini iş üzrə toplanmış sübutlarla faktın təsdiq edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, Ərizəçi Şabran rayonu Gəndob kəndində yerləşən 2140 kv.m.torpaq sahəsinin atasının ölümündən sonra onun faktiki istifadəsində olduğunu əsas gətirərək, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlarına toxunulan şəxs mülkiyyət hüququ ilə bağlı məsələyə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olması ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 306.4. maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Ərizənin baxılmamış saxlanılmasının əsaslarını nəzərədə tutuan Mülki Prosessual Məcəlləsinin 19-cu fəslinin 259.0.10. maddəsinə görə hüquq əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 11 fevral 2016-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respulbikası Mülki Prosessual Məcəlləsinin 260.4. maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 259.0.10, 306.4, 384.0.4, 391, 402-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 11 fevral 2016-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar