Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-313/2022 06.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(034)-311/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(034)-311/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) Ərizəçi əmək münasibətlərində olma faktının müəyyən olunmasına dair mülki iş üzrə ərizə təmin edilmiş, Ərizəçi 1971-ci ildən 1986-cı ilə kimi “Bakı fəhləsi” kolxozunda fəhlə, 1986-cı ildən 1994-cü ilə kimi Zəngilan rayon material texniki təchizat və maşın istehsalat birliyində “KAMAZ 5410” markalı maşında sürücü vəzifəsində işləməsi faktının müəyyən olunması qət edilmiş, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 1971-ci ildən 1986-cı ilə kimi “Bakı fəhləsi” kolxozunda fəhlə, 1986-cı ildən 1994-cü ilə kimi Zəngilan rayon material texniki təchizat və maşın istehsalat birliyində “KAMAZ 5410” markalı maşında sürücü işləməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci ildə Zəngilan rayonunun Beşdəli kəndində anadan olmuşdur. Məlum hadisələr nəticəsində Zəngilan rayonu işğal olunduğu üçün məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır. Əmək münasibətlərinə məktəbi qurtaran kimi, 1971-ci ildən başlamışdır. 1971-ci ildən 1986-cı ilə kimi o, Zəngilan rayonunda “Bakı fəhləsi” kolxozunda fəhlə, 1986cı ildən 1994-cü ilə kimi Zəngilan rayon material texniki təchizat və maşın istehsalat birliyində KAMAZ 5410 markalı maşında sürücü işləmişdir. Ona əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Zəngilan rayon şöbəsinin pensiya təyin edən komissiyasına ərizə ilə müraciət etmiş, ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyunun 1-dək hər ay 6 ay artırılır. Lakin o, Zəngilan rayonundan məcburi köçkün olduğu üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-cı il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 10 oktyabr 2007-ci il tarixdə Dövlət qeydiyyatına alınmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü bəndinə müvafiq olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edilənlər nəzərə alınmaqla məhkəmədən sosial sığorta stajının olması barədə qətnamə təqdim edildiyi təqdirdə əmək pensiyası hüququna yenidən baxıla biləcəyi bildirilmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsində müəyyən olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd edilən qanunvericilik normasının məzmunundan məlum olur ki, məhkəmələr tərəfindən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi zamanı iki şərt, yəni ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edilə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədənkənar qaydada əldə etməyin mümkün olmaması nəzərdə tutulur. İşin faktiki hallarından müəyyən olunur ki, şahid X5 Ərizəçi onunla birlikdə “Zəngilan rayon material texniki təchizat və maşın istehsalat birliyi”ndə işlədiyini ifadəsində qeyd etməsinə baxmayaraq, ərizəçi ilə birlikdə işləməsini təsdiq edən sübutu (məsələn, əmək kitabçası) yoxdur. Digər şahid X8 da ərizəçi ilə “Zəngilan rayon maddi texniki təschizat və maşın istehsalat birliyi”ndə işlədiyini bildirsə də, həmin idarədə onunla birlikdə işləməsini sübut edəcək sənəd təqdim edə bilməmişdir. Həmçinin şahid qismində dindirilmiş X4 ifadəsində ərizəçinin “Bakı fəhləsi” kolxozunda işlədiyini bildirmişdir. Lakin iş üzrə dindirilmiş şahidin əmək kitabçasından məlum olur ki, o, 01.12.1972-ci il tarixdən 07.07.1978-ci il tarixədək “Kalinin” adına sovxozda, 18.08.1978-ci il tarixdən 10.01.1982-ci il tarixədək isə “Nizami” adına üzümçülük sovxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İstinad olunan əmək kitabçasından açıq-aydın görünür ki, ərizəçinin iddia etdiyi dövrlərdə, yəni 1971-1986-cı illər ərzində onlar bir kolxozda işləməmişlər. Həmin dövrdə şahidin və ərizəçinin iş verləri tamamilə fərqli olmuşdur. Göründüyü kimi, hər üç şahid ərizəçi ilə birgə işlədiklərini öz ifadələrində göstərsələr də, həqiqətən birgə işləmələrini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə tərəfindən bu hallar qətnamədə qeyd olunsa da, qərar qəbul edilərkən göstərilən hallar nəzərə alınmamış, əsassız olaraq ərizəçinin işləməsi faktı müəyyən olunmuşdur. Bundan başqa, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Lakin, hazırki iş üzrə ərizəçinin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsini tələb etdiyi müddət 23 ildir. Beləliklə, iş materiallarına əsasən ərizəçinin işləməsi faktını təsdiq edən yuxarıda qeyd olunan qanunvericiliklə nəzərdə tutulmuş hallar, sənədlər və materiallar mövcud olmadığından qətnamə ləğv olunmalı və ərizə təmin edilməməlidir. Maraqlı şəxs apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Ərizəçi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, iş materiallarında olan əmək kitabçası adlı sənəd, əslində əmək kitabçası deyildir, həmin vaxt birliyin direktorunun tapşırığı ilə bu sənəd ona verilmişdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 31.05.2020-ci il tarixli, **********3 nömrəli məktubdan görünür ki, pensiya təyin edilməsi barədə ərizəsinə cavab olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa görə 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyunun 1-dək hər ay 6 ay artırılır. Lakin o, Zəngilan rayonundan məcburi köçkün olduğu üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-cı il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 10 oktyabr 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü bəndinə müvafiq olaraq əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmədən sosial sığorta stajının olması barədə qətnamə təqdim edildiyi təqdirdə, əmək pensiyasına yenidən baxıla biləcəyi bildirilmişdir. İş materiallarında olan Zəngilan rayon Dövlət Arxiv İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 08 saylı, 14.04.2021-ci il tarixli məktubdan görünür ki, Zəngilan rayonu 1993cü ilin oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edildiyindən Zəngilan rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal zonasında qalmışdır. Rayonun heç bir idarə və müəssisələri, o, cümlədən “Bakı fəhləsi” kolxozunun, eləcə də “Material texniki təchizat maşın” İB-nin sənədləri arxivə daxil olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ərizəçini tanıyır, Zəngilan rayonunda qonşu olmuşlar. O, ərizəçi ilə birlikdə qarajda “Kamaz” sürücüsü işləmişdir. İdarənin adı əvvəl KTS, sonradan isə avtokalon olmuşdur. Onun əmək kitabçası yoxdur. O, ərizəçi ilə birlikdə maşın gətirmiş, hər ikisində “Kamaz” priçepi olmuşdur. “Kamaz” maşınlarını özləri aldıqları üçün sonradan özəlləşdirərək satmışlar. Onlar təxminən 1981-ci ildən birlikdə işləməyə başlamışlar, hansı ayda başladıqlarını isə dəqiq bilmir. Ərizəçi ondan əvvəl işləməyə başlamış, o, isə sonradan işə gəlmişdir. Qaçqın düşdükləri üçün əmək kitabçaları rayonda qalmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyr. Belə ki, onlar birlikdə böyümüş, ibtidai və orta məktəbi birlikdə oxumuşlar. Zəngilanda “Kamaz” priçepti gətirib sürmüşlər. İşlədikləri idarənin adı həmin vaxtlar Zəngilan rayon “Material texniki təchizat və maşın istehsalat birliyi”, yəni KTS, sonradan isə avtokalon olmuşdur. Rayonda yalnış üç nəfərdə “Kamaz” avtomobili olmuşdur, biri ərizəçi, digər şahid və onda. Zəngilanda “Bakı fəhləsi” kolxozu olmuşdur. Rayon işğal olunanda əmək kitabçaları işğal zonasında galmışdır. Ərizəçinin kolxozda işləməsi barədə isə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, ərizəçi onun kəndlisidir. Ərizəçi onun işçisi olmaqla Zəngilanda “Bakı fəhləsi” kolxozunda 1971-ci ildən 1986-cı ilə kimi fəhlə işləmişdir. O, özü kolxozda baş aqronom işləmiş, eyni zamanda bütün kolxozlara təhkim olunmuşdur. Kolxozda sədr, direktor vəzifələrində işləmişdir. Zəngilan rayonu işğal olunduğu üçün bütün sənədlər orada qalmış və heç bir işçinin sənədləri bura gəlib çatmamışdır. Zəngilanda 36 kolxoz olmuş və onların hamısına o nəzarət etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən məhkəmə araşdırması zamanı Ərizəçi 1971-ci ildən 1986-cı ilə kimi “Bakı fəhləsi” kolxozunda fəhlə, 1986-cı ildən 1994-cü ilə kimi Zəngilan rayon material texniki təchizat və maşın istehsalat birliyində “KAMAZ 5410” markalı maşında sürücü vəzifəsində işləməsinin müəyyən olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayıbsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən edilə bilər; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi şərtləri ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyəti olan faktlar olması və ərizəçinin həmin hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasıdır. “Əmək pensiyaları haqqında” qanunun 21.1.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə görə sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. “Sosial sığorta haqqında” qanunun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaolunanlar-xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Həmin Qaydaların 3.2.2-ci bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, iş stajı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası” barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tələb edilən faktın təsdiqi ilə bağlı təqdim edilmiş sübutlara prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; İstinad edilən prosessual hüquq normasından göründüyü kimi, işdə iştirak edən şəxslərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda, məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqin tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Birinci instansiya məhkəməsi Ərizəçi ərizəsində qeyd etdiyi yerdə işləməsi faktını müəyyən edərkən şahid ifadələrinə istinad etsə də, şahidlərin özlərinin bu məlumatların birbaşa daşıyıcıları olub-olmamasına, yəni həmin şəxslərin Ərizəçi işlədiyi ehtimal olunan yerdə çalışmalarının onlara məxsus əmək kitabçalarında qeydlərlə təsdiq edilməməsinə qiymət vermədiyindən, bu ifadələrdə əks olunmuş məlumatların işin müəyyən edilmiş halı kimi qiymətləndirilməsi prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri baxımından yolverilməzdir. Digər tərəfdən, iş materiallarında olan hərbi biletin surətindən görünür ki, Ərizəçi 29 noyabr 1974-cü ildən 10 dekabr 1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Belə olan halda, həmin dövrdə də Ərizəçi “Bakı fəhləsi” kolxozunda fəhlə işləməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi oğlunun 1971-ci ildən 1986-cı ilə kimi “Bakı fəhləsi” kolxozunda fəhlə, 1986-cı ildən 1994-cü ilə kimi Zəngilan rayon material texniki təchizat və maşın istehsalat birliyində “KAMAZ 5410” markalı maşında sürücü vəzifəsində işləməsi faktı məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunmadığından ərizənin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(034)-311/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi əmək münasibətlərində olma faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-313/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-313/2022
06.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver